Məhkəmə qərarları › İş №2(103)-5291/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5291/2022

02.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5291/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Xumar Afət qızı Mərdanovanın sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə1, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhər 16 saylı Dövlət Notarit kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi, miras əmlakda payının tanınması, yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-772/2022 saylı, 06 may 2022-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhər 16 saylı Dövlət Notarit kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (iddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən cavabdeh qismində cəlb edilmişdilər) iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının vərəsəlik hüququnun tanınması, 16 saylı Dövlət Notarit kontoru tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 2V-İ/96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin Cavabdeh1 aid hissədə etibarsız hesab edilməsi, onun adına verilmiş xx.xx.2004-cü il tarixli Çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi, həmin hissədə miras əmlak olan oğlu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının 1/3 payının tanınması, bu barədə yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və dövlət reyestrindən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixdə ölmüş X9 vərəsəlik işində aydın olur ki, Cavabdeh1 və X5 digər vərəsə olan iddiaçını aldadaraq, güya heç bir vərəsəlik işi açılmayacaq və əmlak X9 adında qalacaq, onun adını gizlədərək və saxta arayışlar əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (sonradan – miras əmlak) yaşayış evinə bərabər paylarda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini əldə etmiş və bundan sonra adlarına müvafiq olaraq çıxarış almışdılar. X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu zaman iddiaçı məlumat əldə etmişdir ki, əmlak tam olaraq atasının adında olmayıb, paylı mülkiyyətlə digər cavabdehə məxsusdur. Bundan sonra iddiaçı X2 payına münasibətdə vərəsəlik işi açdırmışdır. Həmin hissədə pay hüququ tanınmışdır. Cavabdeh1 miras əmlakın 1/3 payına vərəsəlik hüququ vardı. İddiaçı atası öldüyü gündən həmin əmlakda yaşamış və xəstəliyi ilə əlaqədar son zamanlarda xarici ölkəyə getmişdir. İddiaçı və cavabdehdən başqa digər vərəsə də olduğundan hər birinin 1/3 payı var. Cavabdeh1 tərəfindən iddia ərizəsinə etiraz verərək, bildirmişdir ki, iddiaçı 2000-ci ildə Azərbaycan Respublikasını tərk etmiş, Rusiya Federasiyasının Stavropol vilayətinə köçmüş, həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. Hesab edir ki, 1964-cü il tarixdə qəbul edilmiş Mülki Məcəllənin müddəalarına və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən iddia rədd edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-772/2022 saylı, 06 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mülkün ilkin sahibi olmuş X9 qanun üzrə birinci dərəcəli vərəsəsidir. Mülk sahibi xx.xx.1997-ci ildə vəfat etdikdən sonra anası X5 tək qalmış və iddiaçı onun yanına gələrək bir müddət orada yaşamağa başlamışdır. Eyni zamanda iddiaçının övladı X6 həmin ərazidə yerləşən məktəbdə təhsil almışdır. Həmin dövrdə sağ olmuş X5 və onun digər övladı, hal-hazırkı Cavabdeh1 iddiaçını aldadaraq onu həmin evə qeydiyyata salmamış və sonralar yəni xx.xx.2004-cü il tarixli, 2V-1/96 reyestr nörməli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə əmlaka paylarını tanıtdırmışlar. Halbuki iddiaçı atasının ölümündün sonra orada yaşamaqla əmlaka sahiblik etməyə başlamış və faktiki olaraq əmlakı qəbul etmişdir. Bu iş üzrə Şahid kimi dindirilmiş iddiaçının və cavabdehin qardaşının ifadəsi ilə təsdiq olunur. İddiaçının cavabdeh və anası tərəfindən aldadılması hal-hazırkı mübahisə ilə də təsdiq olunur. Belə ki, iddiaçı və cavabdeh bacı-qardaşdırlar. İki doğma şəxs arasında hal-hazırda əmlakla bağlı mübahisə gedirsə deməli cavabdehin bu niyyəti həmişə mövcud olmuşdur. Bu faktın sübut olunmasına ehtiyac yoxdur. Görünən birbaşa aksiomadır. İddiaçı anası X5 xx.xx.2021-ci il tarixində vəfat etdikdən sonra atasından qalan əmlaka pay almaq istədikdə belə bir aldadılmağa məruz qaldığını bilmişdir. Məhkəmə iddiaçının əmlakı faktiki olaraq qəbul etmədiyini bildirərək qeyd edilən maddi normaların pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Halbuki iddiaçı: Əmlakın ilkin mülkiyyətçisi-atasının ölümündən sonra həmin əmlakda yaşamış və övladını həmin ərazidə məktəbə qoymuşdur. Bu fakt mövcud məhkəmə mübahisəsi zamanı hər iki mübahisə tərəfinin qardaşı olan şahidin ifadəsi ilə təsdiq olunmuşdur. Qanun üzrə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bakı şəhəri 16 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2004-cü il tarixli, 2V-1/96 reyestr nörməli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təsdiq edilərkən iddiaçının vərəsə olması faktı araşdırılmamışdır. Bu fakt araşdırılmadan təsdiq edilən şəhadətnamə etibarsızdır. Məhkəmə bu normalara istinad etməyərək şəhadətnamənin etibarlılığını tanımış və bununlada qeyd edilən maddənin pozulması ilə nəticələnən qətnamə qəbuletmişdir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı əmlakı nə faktiki nə də notariat orqanına ərizə verməklə qəbul etmişdir. Halbuki həmin nəticəyə gəlmək üçün əsas mövcud deyildir. Belə ki, iddiaçı atasının qanun üzrə birinci dərəcəli vərəsəsidir. Atası xx.xx.1997-ci ildə vəfat etmiş və iddiaçı həmin əmlaka bu tarixdən etibarən faktiki sahiblik etməyə başlamışdır. Bu iş üzrə Şahid kimi dindirilmiş şəxsin ifadəsi ilə də təsdiq olunmuşdur. Məhkəmə qeyd edilən halları araşdırmadan yalnış nəticəyə gəlmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiaysının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 və iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, İddiaçı, Cavabdeh1 və şahid Cavabdeh1 qardaş-bacıdılar, onların anaları X5 və ataları X10r. X14 xx.xx.1997-ci il tarixdə ölmüşdür. X9 adına mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2000-ci il tarixdə (ölümündən sonra, 1958-1959cu illərdə verilmiş hüquq müəyyənedici sənədlər əsasında) Bakı şəhəri İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsi tərəfindən 008487 №-li Qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2004-cü il tarixdə Əsədova Qalina və Cavabdeh1 Bakı şəhər 16 saylı Dövlət Notarit kontoruna ərizə ilə müraciət edərək xx.xx.1997-ci il tarixdə ölmüş X1 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdilər. Notariat işi qovluğunda olan Bakı şəhəri Sabunçu rayon İH başçısının Bakıxanov qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 145 №-li, xx.xx.2004-cü il tarixli Arayışa (forma 2) əsasən miras əmlakda yalnız Əsədova Qalina və Cavabdeh1 qeydiyyatda olmuşdular. Əsədova Qalina və Cavabdeh1 adına bərabər paylarla miras əmlaka dair xx.xx.2004-cü il tarixdə 2V-İ/96 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Adıçəkilən vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında miras əmlak xx.xx.2004-cü il tarixində Əsədova Qalina və Cavabdeh1 adına bərabər paylarla qeydiyyatdan keçmiş və hazırda onarın mülkiyyətindədir (FM seriyalı 025831 №-li xx.xx.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsi ). Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı miras əmlaka faktiki sahiblik və ya faktiki idarə etməyini sübut edə bilməmişdir. Belə ki, hətta məhkəmə iddiaçının miras əmlaka atasının ölümündən sonra köçməsini real fakt kimi qəbul etsə belə, iddiaçı tərəfin izahatına əsasən iddiaçının o evə yalnız anası tək qalmasın deyə köçmüşdür, idarə və sahiblik etməyə deyil. İddiaçı atasının ölümündən sonra notariat kontoruna müraciət etməmişdir. Anası tərəfindən aldadıldığına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edildiyi kimi, miras əmlak mülkiyyət hüququ üzrə iddiaçının atasının adına onun ölümündən bir neçə il sonra keçmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, X14 xx.xx.1997-ci il tarixdə ölən zaman iddiaçının anası tərəfindən əmlakı öz adına keçirtməsi barədə aldadıldığı ağlabatan deyil, çünki qeyd edildiyi kimi, miras əmlak o zaman mülkiyyət hüququ üzrə ölənin adında olmamışdır. Bundan başqa, iddiaçı bilməliydi ki, miras əmlakın bir nəfər vərəsənin adına keçməsi üçün digərlərin imtinası lazımdı. Lakin iddiaçı belə bir imtinanı rəsmiləşdirməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı hətta miras əmlaka atasının ölümündən sonra sahiblik və idarə etməyə başlamış olsa belə, hazırki iddianı qaldırmaq üçün iddia qaldırıldığı günə qədər sahiblik və idarə etmə davam etməliydir. İddiaçı isə hazırda başqa ölkənin vətəndaşıdır, Azərbaycan Respublikasını uzun illərdir tərk edib. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X14 31 dekabr 1997-ci il tarixdə vəfat etdiyindən, ilk növbədə hazırki mübahisəyə miras əmlakın açıldığı zaman Azərbaycan Respublikası ərazisində qüvvədə olan mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. «Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş (01 noyabr 1997-ci il tarixədək olan dəyişikliklərlə) Azərbaycan SSR Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə əsasən qanun üzrə və vəsiyyət üzrə vərəsə, miras açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. İş materialları ilə iddiaçının miras əmlaka faktiki sahiblik və ya idarə etməyi sübut edilməmişdir. İddiaçı tərəfin gətirdiyi dəlillərinin yeganə sübutu şahid ifadəsi olsa da, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahid Zöhrab Əsədov iddiaçının miras əmlakı faktiki olaraq qəbul etməyi və ya idarə etməyi məzmununda ifadə verməmişdir. Əksinə, şahid ifadəsində qeyd etmişdir ki, o 1997-ci ildə Bakıda başqa mənzildə yaşayırdı və atası öləndən sonra bacısı onlara köçmüşdür. Bu ona dəlalət edir ki, iddiaçı Natəvan Əliyeva qardaşı Zöhrab Əsədovun (şahidin) evində yaşayıb. Göründüyü kimi, şahid Natəvan Əliyevanın miras əmlakı faktiki qəbul etməsini qeyd etməmişdir. Bu ifadəni təkzib edən, yəni Natəvan Əliyeva tərəfindən miras əmlakı faktiki qəbul etməsi, yaxud həmin evdə yaşaması barədə digər sübut təqdim edilməmişdir. Kollegiya xüsusilə vurğulayır ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Kollegiya hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməməsi (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün hər hansı əsas məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçının atası öldükdən sonra cavabdeh anası ilə birlikdə 2004-cü ildə notariusa müraciət etmişlər. Notariat işinə əlavə olunmuş Forma-2 nömrəli arayışdan görünür ki, vərəsəlik işi açılarkən mübahisəli evdə X5 və Cavabdeh1 qeydiyyatda olmuşdurlar. Bundan sonra X5 və Cavabdeh1 müvafiq olaraq ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi anası Natəvan Əliyevanın atası rəhmətə getdikdən sonra mübahisəli mənzildə yaşaması və qeydiyyatda olmasını bildirmişdir. Lakin, iş materialları ilə Natəvan Əliyevanın mübahisəli evdə yaşaması, yaxud həmin evdə qeydiyyatda olması sübut edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə edilmiş sorğuya cavablardan məlum olur ki, xx.xx.1957-ci il təvəllüdlü X7 2011-ci ildən mübahisəli evə, yəni ünvan 2 ünvanına qeydiyyata düşmüşdür. Həmin vaxtadək isə ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Kollegiya qeyd olunanlara əsasən, həmçinin qeyd edir ki, X4 2011-ci ildə ünvan 2 ünvanına qeydiyyata düşərkən həmin evin mülkiyyətçisi barədə xəbərdar olmaması inandırıcı deyil. Göstərilən xüsusatlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair əsas müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı bu hissədə rədd etməklə düzgün nəticəyə gəlmiş, həmçinin şəhadətnamə etibarsız hesab edilmədiyindən həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə də gəldiyi mövqe işin hallarına uyğun olmuşdur. Belə olan halda, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya həmçinin hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-772/2022 saylı, 06 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar