Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5292/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənzilin təhvil verilməsi və.s ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Könül Seyidələkbər qızı Əhmədovanın katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Sücayət oğlunun, Cavabdeh MMC-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(011)-1922/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh MMC arasında 22 aprel 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyətininin 443 saylı, xx.xx.2015-ci il tarixli, Sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilir. Cavabdeh MMC tərəfindən X5 adına xx.xx.2019-cu il tarixli müqavilə ilə verilmiş E blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.m təşkil edən 129 saylı mənzil ləğv edilir və Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra yaşayış sahəsinin İddiaçı Şamil oğluna “Kooperativ” “Payçı”ya (sahəsin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürür. 2.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X3 Ekspertiza Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 31159 saylı rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181ci məhəllədə yaşayış binaları (Bina A-5) üzrə rəyin 9-cu bölməsi nəzərə alınmaqla, tikinti layihəsi razılaşdırılır. Ekologiya bölməsi üzrə müvafiq sənədlər təqdim olunduqdan sonra tikinti layihəsinə yenidən münasibət bildiriləcəkdir. 3.Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, Tİ-06/22 saylı obyektin tikintisinə icazəyə əsasən Cavabdeh MMC-yə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yaşayış binasının tikintisinə icazə verilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən 120 saylı yaşayış sahəsinin İddiaçı təhvil verilməsi və mənzilin təmirinə şərait yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı, 23 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli binanı MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilənin 1.1-ci maddəsinə əsasən, Cavabdeh MMC tərəfindən X6 adına 18 aprel 2019-cu il tarixli müqavilə ilə verilmiş E blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən 120 saylı mənzil ləğv edilir və Bakı şəhəri, Xocalı Prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın E blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən 120 saylı yaşayış sahəsinin İddiaçı təhvil verilməsinə dair öhdəlik götürülür. Cavabdeh MMC tərərfindən tərtib edilmiş 22 aprel 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri Xocalı Prospekti, 1181-ci məhəllədə tikiləcək binanın “E” blokunun 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.metr olan yaşayış sahəsi İddiaçı məxsusdur və mənzilin dəyəri tam ödənilmişdir. Maliyyə arayışı Cavabdeh MMC-nin direktoru X8 tərəfindən imzalanmış və cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Lakin Cavabdeh MMC tərəfindən bu günə qədər mənzil İddiaçı təhvil verilməmişdir. X1 ilə əlaqə saxlanılsa da danışıqlar bir nəticə verməmiş, Əliyev Qabil hər dəfə möhlət istəsə də 3 ildir ki mənzil iddiaçıya təhvil verilməmişdir. İddiaçı 09 yanvar 2023-cü il tarixində Cavabdeh MMC-yə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlayaraq "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən 120 saylı yaşayış sahəsinin İddiaçı təhvil verilməsi və mənzilin təmirinə şərait yaradılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin Cavabdeh MMC tərəfindən heç bir cavab verilməmiş və mənzil təhvil verilməmişdir. Tərəflər arasında imzalanmış müqavilə hər iki tərəf üçün öhdəlikləri müəyyən edir. Belə ki, müqavilə ilə İddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyərinin kooperativə ödənilməsi, Cavabdeh MMC tərəfindən isə payçıya müvafiq yaşayış sahəsinin təhvil verilməsi öhdəliyi yaranır. 6.Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilədən irəli gələn Cavabdeh MMC-nin öhdəliyi nəzərə alınaraq həmin müqavilədə qeyd olunmuş Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E bloku əvəzinə A5 blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən mənzilin təhvil verilməsi, bu mümkün olmadıqda isə sözügedən ünvanda yerləşən yüksək mərtəbəli binanın A5 blokunda 3 otaqdan, 80 kv.metrdən artıq olan (artıq kvadrat metrin dəyəri 22 aprel 2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 1.200 manatdan hesablanmaqla) hər kvadrat metrin dəyəri ödənilməklə mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Cavabdehin nümayəndəsi X8 30 may 2023-cü il tarixdə məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda qeyd olunduğu kimi iddiaçı iddia ərizəsində qeyd olunan mənzilə görə cavabdeh şirkətə heç bir ödəniş etməmişdir. Hazırda mənzilin yerləşdiyi binanın təməl qoyma işləri gedir. Müqavilədə qeyd olunduğu kimi şirkət mənzili yerləşdiyi bina tikildikdən və dövlət komissiyasına təhvil verildikdən sonra sifrişçiyə mənzili təhvil verir. Hazırda mənzilin iddiaçıya təhvil verilməsi mümkün deyildir. 8.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 08 iyun 2023-cü il tarixli, 2(011)-1922/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Həsənova Aygün) iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilədən irəli gələn Cavabdeh MMC-nin öhdəliyi nəzərə alınaraq həmin müqavilədə qeyd olunmuş Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E bloku əvəzinə A5 blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən mənzilin iddiaçıya təhvil verilməsi, bu mümkün olmadıqda isə sözügedən ünvanda yerləşən yüksək mərtəbəli binanın A5 blokunda 3 otaqdan, 80 kv.metrdən artıq olan mənzilin (artıq kvadrat metrin dəyəri 22 aprel 2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 1.200 manatdan hesablanmaqla) İddiaçı təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. 9.Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. 10.Podrat müqaviləsinə verilən anlayışdan da görünür ki, bu müqavilə kansensual müqavilədir, tərəflər sifarişin qəbul edilməsi və muzd barədə razlığa gəldikləri andan müqavilə bağlanmış sayılır. 11.İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə Cavabdeh MMC yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri göstərilməklə, 22 aprel 2019-cu il tarixdə bağlanmış müqavilədə göstərilən mənzilin tikilərək iddiaçıya təhvil verilməsi barədə razılığa gəlməklə, yazılı formada podrat müqaviləsi bağlamışlar. Mənzilin tikintisinə görə muzd da, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə uyğun olaraq tam şəkildə ödənilmişdir. Cavabdehin nümayəndəsi X8 təqdim etdiyi etiraz ərizəsində qeyd etsə belə ki, mənzilin dəyəri iddiaçı tərəfindən ödənilməmişdir, o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bunun əksi olaraq iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, iddiaçı həmin mənzilin dəyərini tam olaraq ödəmişdir. 12.Beləliklə, iddiaçı ilə Cavabdeh MMC müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldiklərindən müqavilə bağlanmış sayılır. 13.İşin halları ilə müəyyən edilir ki, iddiaçı öhdəliyini yerinə yetirərək müqavilənin bağlandığı gün görüləcək işin dəyərini (tikiləcək mənzilin dəyərini) tam ödəməklə nüqavilə üzrə öhdəliyini yerini yetirsə də, Cavabdeh MMC mənzili iddiaçıya təhvil verməməklə öhdəliyini pozmuşdur.Bunun açıqlaması olaraq qeyd etmişdir ki, müqavilə bağlanan zaman E blokunun tikintisi nəzərdə tutulmuş, lakin daha sonra sənədləşmə zamanı E blokunun yerində A5 blokunun tikilməsi qərara alınmışdır. İddiaçı cavabdehə aralarında bağlanan müqaviləyə dəyişiklik etməsi və E blokunu A5 bloku ilə əvəz etməsini təklif etsə də, cavabdeh bunun üçün əlavə ödəniş tələb etdiyindən rəsmiləşdirmə həyata keçirilməmişdir. 14.Məhkəmə qeyd etmişdir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir. 15.Nə qədər ki, tərəflər arasında müqavilə bağlanıb və cavabdeh inşa edəcəyi binadan iddiaçıya mənzil verməyi öhdəsinə götürüb, E blokunun yerində A5 blokunun tikilməsi özlüyündə Cavabdeh MMC-ni iddiaçı ilə bağlanmış müqavilənin icrası öhdəliyindən azad etmir. Çünki Cavabdeh MMC göstərilən ünvanda yüksək mərtəbəli binaların tikintisi ilə məşğuldur. Bu zaman cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək iddiaçını inşa etdiyi binalarda, eyni şərtlərlə, başqa mənzillə təmin edə bilərdi. Çünki əvvəldə də qeyd edildiyi kimi, müqavilə üzrə tərəflərinin öhdəliyini vicdanla yerinə yetirməsi təkcə konket müqavilə şərtləri ilə məhdudlaşmır, həm də Mülki Məcəllənin müvafiq tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. 16.Beləliklə, məhkəmə qeyd etmişdir ki, cavabdeh öhdəliklərini icra etməli və A5 blokundan müqavilədə nəzərdə tutulmuş, 3 otaqdan, 80 kv.metrdən ibarət, 20-ci mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verməlidir. 17.Məhkəmə araşdırması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilmiş plan-sxemdən müəyyən olunur ki, A5 blokunda 20-ci mərtəbədə yerləşən 80 kv.metrdən ibarət mənzilin tikintisi nəzərdə tutulmayıb. İstinad olunan hal hazırkı qətnamənin icrası zamanı çətinliklər yarada bilər. 18.Qanunvericiliyin tələblərinə əsasən məhkəmə çıxardığı qətnamənin icra üsulunu da müəyyən edə bilər. Çıxarılmış qərarın icrasını qeyri-mümkün edən halların aradan qaldırılması üçün məhkəmə qətnamənin icra üsulunu da müəyyən etməyi zəruri hesab edir. Məhkəmənin icraatında olan hazırkı iş üzrə iddia tələbinin ikinci hissəsi, yəni “sözügedən ünvanda yerləşən yüksək mərtəbəli binanın A5 blokunda 3 otaqdan, 80 kv.metrdən artıq olan (artıq kvadrat metrin dəyəri 22 aprel 2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 1.200 manatdan hesablanmaqla) hər kvadrat metrin dəyəri ödənilməklə mənzilin İddiaçı təhvil verilməsi” hissəsi məhz qətnamənin icra üsuluna aiddir. Nə qədər ki, məhkəmə hesab edir ki, cavabdeh olan MTK iddiaçı ilə müqavilə bağlayarkən müqavilə şərtlərinə uyğun olaraq mənzil təhvil verməyi öhdəsinə götürmüşdür, o, öz öhdəliklərini vicdanla icra etməlidir. Plana əsasən 80 kv.metrdən ibarət 3 otaqlı mənzilin tikintisinin nəzərdə tutulmaması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxara bilməz. Odur ki, məhkəmə hesab edir ki, əgər iddiaçıya binanın tikintisi başa çatdıqdan sonra (hazırda binanın kotlovanı qazılıb, tikinti işlərinə başlanılmışdır) müqavilə üzrə nəzərdə tutulan mənzili təhvil vermək mümkün olmayacaqsa, A5 blokunda, 20-ci mərtəbədə yerləşən 3 otaqdan ibarət 80 kv.metrlik mənzil təhvil verilməlidir. Bu mümkün olmayacağı təqdirdə iddiaçıya sahəsi 80 kv.metrdən artıq olan, 3 otaqdan ibarət digər mənzil təhvil verilməli, bunun müqabilində hər kvadrat metrə görə müqavilədə nəzərdə tutulmuş 1.200 manat məbləğində vəsait iddiaçıdan alınıb cavabdehə verilməlidir. 19.Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. 20.İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. 21.Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 405, 425.1, 442, 443.1, 752.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 119.1, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. a) Apellyasiya şikayətinin dəlilləri 23.Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı tərəfindən müqavilədə qeyd olunan mənzilin dəyəri cavabdehə ödənilməmişdir. Bunu, iddiaçı özü də, iş materiallarına əlavə olunmuş cinayət işinin başlanılmasının rədd edilməsinə dair olan qərarda olan ifadəsində bildirmişdir. Məhkəm qeyd olunan maddi hüquq normasına istinad etsə də, cavabdehlə iddiaçı arasında olan 22 aprel 2019-cu il tarixli müqavilənin 1.1-ci bəndinə qeyd olunmuş, binanın tikintisi başa çatdırıldıqdan sonra mənzil təhvil verilməsini nəzərə almamışdır. Məhkəmə, qanunvericiliyin tələblərinə əsasən çıxardığı qətnamənin icra üsulunu da müəyyən edə bilməsinə əsaslanaraq, məhkəmənin icraatında olan hazırkı iş üzrə iddia tələbinin ikinci hissəsi, yəni “sözügedən ünvanda yerləşən yüksək mərtəbəli binanın A5 blokunda 3 otaqdan, 80 kv.metrdən artıq olan (artıq kvadrat metrin dəyəri 22 aprel 2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 1.200 manatdan hesablanmaqla) hər kvadrat metrin dəyəri ödənilməklə mənzilin İddiaçı təhvil verilməsi” hissəsi məhz qətnamənin icra üsuluna aid olmasını hesab etmişdir. Lakin məhkəmə, qətnamənin icra üsulunu müəyyən edərkən nədənsə, mübahisə predmeti olan mənzilin yerləşdiyi binanın tikilibtikilməməsi və tərəflər arsında olan müqavilədə mübahisə predmeti olan mənzilin yerləşdiyi bina tikildikdən sonrə mübahisə predmeti olan mənzilin iddiaçıya təhvil verilməli olmasını nəzərə almamışdır. Həmçinin məhkəmə, 3 otaqlı mənzil verilməsi öhdəliyini qomaqla yanlış qərar vermişdir. Yenə də tərəflər arasında olan müqaviləyə nəzər yetirdikdə məlum olur ki, həmin müqavilədə 3 otaqlı mənzildən söhbət getmir. İddiaçı ilk əvvəl iddia tələbində 22 aprel 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E blokunun 20-ci mərtəbəsində olan və ümumi sahəsi 80 kv.m olan 120 saylı yaşayış sahəsinin ona təhvil verilməsini xahiş etsə də, sonradan, işi məhkəmə baxışında iddia tələbini dəyişərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E blokunun əvəzinə A 5 blokunda 3 otaqdan ibarət 80 kv.m-dən artıq olan (artıq kv.m dəyəri 22 aprel 2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 1200 manatdan hesablanmaqla) hər kv.m dəyəri ödənilməklə iddiaçıya təhvil verilməsi məhkəmədən xahiş etmişdir. Belə ki, elektron məhkmə sistemində olan iş materiallarına nəzər yetirdikdə, iddiaçının AR MPMnin 53-cü maddəsinə əsasən verdiyi ərizənin xx.xx.2023-cü il tarixdə təqdim olunduğunu görə bilirik. Həmin tarixdə isə məhkəmə baxış iclası keçirilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini birinci instasniya məhkəməsnin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv edilməsini və apellyasiya şikayətini təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinin pozulması halı olmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X3 Ekspertiza Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 31159 saylı rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yaşayış binaları (Bina A-5) üzrə rəyin 9cu blməsi nəzərə alınmaqla, tikinti layihəsi razılaşdırılır. Ekologiya bölməsi üzrə müvafiq sənədlər təqdim olunduqdan sonra tikinti layihəsinə yenidən münasibət bildiriləcəkdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, Tİ-06/22 saylı obyektin tikintisinə icazəyə əsasən Cavabdeh MMC-yə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yaşayış binasının tikintisinə icazə verilmişdir. Hal-hazırda qarşı tərəf də təsdiq edə bilər ki, Cavabdeh MMC tərəfindən binanın tikintisi gedir və ikinci mərtəbənin tikintisi həyata keçirilir. Müqavilənin 1.1 və 2.1ci bəndinin “b” yarımbəndində tikinti başa çatdıqdan sonra 20-ci mərtəbədən 80 kv.m mənzilin verilməsi nəzərdə tutulmuşdur. “E” blokunun yerində “A5” bloku tikilir. Müqavilədə 3 otaqlı mənzildən söhbət getmir. Hətta nəzərdə tutulub ki, tikinti başa çatdıqdan sonra sahə dəqiqləşdirilir və qarşılıqlı hesablaşmalarda nəzərə alınır. Hazırda binanın tikintisi başa çatmamış onların üzərinə belə bir öhdəlik qoyulması müqavilə şərtlərinə zidd olmaqla, qanunvericiliyin tələbinin pozulmasıdır.
27. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Sücayət oğlu apellyasiya şikayətini qəbul etmədilər, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdilər ki, həqiqətən göstərilən fotoşəkildə olan tikili A5 blokuna aiddir. Binanın həqiqətən 2-ci mərtəbəsi tikilir. Lakin onlar öz iddialarını əsaslı hesab edirlər və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 29.Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradəifadəsidir. 30.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 31.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 32.Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 33.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 34.Maddə 404.1.Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 35.Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 36.Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 37.Maddə 442.1.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 38.Maddə 452.2.Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 39.Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 40.Maddə 762.3.Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 41.Maddə 765.Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 42.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 44.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 45.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 47.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalıdır. 49.Kollegiya ilk olaraq qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. 50.Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 51.Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 52.Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. 53.Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 54.Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. 55.Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. 56.Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında 22 aprel 2019-cu il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri İcra Hakimiyyətininin 443 saylı, xx.xx.2015-ci il tarixli, Sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilir. Cavabdeh MMC tərəfindən X5 adına xx.xx.2019-cu il tarixli müqavilə ilə verilmiş E blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.m təşkil edən 129 saylı mənzil ləğv edilir və Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra yaşayış sahəsinin İddiaçı Şamil oğluna “Kooperativ” “Payçı”ya (sahəsin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürür. 57.Mənzilin tikintisinə görə muzd da, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə uyğun olaraq tam şəkildə ödənilmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından göründüyü kimi tam olaraq ödənilmişdir. 58.Həmin müqavilənin 2.1-ci bəndinin “b” yarımbəndinən əsasən kooperativ öhdəsinə götürmüşdür ki, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın E blokunda 20-ci mərtəbədə yerləşən və ümumi sahəsi 80 kv.m təşkil edən yaşayış sahəsini “Payçı”ya təhvil verməyi, tikinti başa çatdıqdan sonra sahə dəqiqləşdirilir və qarşılıqlı hesablaşmalarda nəzərə alınır. 59.Kollegiya qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya mənzil verilməsi nəzərdə tutulan “E” bloku, “A5” bloku kimi adlandırılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X3 Ekspertiza Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 31159 saylı rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yaşayış binaları (Bina A-5) üzrə rəyin 9-cu blməsi nəzərə alınmaqla, tikinti layihəsi razılaşdırılır. Həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, Tİ-06/22 saylı obyektin tikintisinə icazəyə əsasən Cavabdeh MMCyə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yaşayış binasının tikintisinə icazə verilmişdir. Hal-hazırda isə binanın 2-ci mərtəbəsinin tikintisi başa çatmaq üzrədir. 60.Tərəflərin iradəsini ifadə edən müqavilə şərtlərində nəzərdə tutulmuşdur ki, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq mənzilin “Payçı”ya təhvil verilməsi, tikinti başa çatdıqdan sonra sahənin dəqiqləşdirilməsi və qarşılıqlı hesablaşmalarda nəzərə alınacaqdır. 61.İddiaçı podrat müqaviləsi üzrə cavabdeh tərəfin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə istinad etsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, əksinə iddiaçının da özünün etiraf etdiyi kimi, 20 mərtəbəli binanın 2-ci mərtəbəsinin tikintisi tamamlanmaq üzrədir. 62.Həmçinin, cavabdeh tərəfindən iddiaçıya verilməli olan mənzilin başqa şəxslə müqavilə bağlanması halı da müəyyən olunmamışdır. 63.Əksinə müqavilə şərtlərinə görə mənzilin tikinti başa çatdıqdan sonra verilməsi nəzərdə tutulmuşdur. Hətta müqavilədə tərəflər razılaşmışlar ki, tikinti başa çatdıqdan sonra sahənin dəqiqləşdirilməsi və qarşılıqlı hesablaşmalarda nəzərə alınacaqdır. 64.Kollegiya hesab edir ki, cavabdeh tərəfindən öhdəlik müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirildiyindən (binanın tikintisi hal-hazırda davam edir) bununla da, cavabdeh tərəfindən podrat müqaviləsi üzrə öhdəliyin pozulması halı müəyyən olunmadığından, binanın tikintisi başa çatmamış, cavabdehin üzərinə mənzilin təhvil verilməsi öhdəliyinin qoyulması müqavilə şərtlərinə ziddir. 65.Göründüyü kimi, cavabdeh tərəfindən podrat müqaviləsinin qüsurla icra edilməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. 66.Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən gələcəkdə podrat müqaviləsi qüsurla icra edilərsə, iddiaçı cavabdehə qarşı MM-nin 765-ci maddəsinə əsasən tələb irəli sürmək hüququna malikdir. 67.Qeyd olunanlara əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, iddianın təmin olunmaması qənaətinə gəlir. 68.Həmçinin iddia rədd olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir 69.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(011)-1922/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.