Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5294/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(011)-2853/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə borc hesablanmışdır. 2.İddiaçı həmin aktlar üzrə borcun qanunsuz hesablanmasını bildirərək, borcun silinməsini xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 4.354,56 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Qeyd edilən yaşayış evi iddiaçıya məxsusdur və həmin evə Cavabdeh İB tərəfindən qaz xətti çəkilmiş və iddiaçı ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən iddiaçıya məxsus ünvanda mexaniki tipli sayğac quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən evdə guya kənar xətdən istifadə edilməsi ilə bağlı müxtəlif aylarda cərimələr yazılıb. Bunalrdan iddiaçının məlumatı olmayıb. Qaz idarəsinə yaxınlaşdıqda həmin aktları və şəkilləri tələb etsə də iddiaçıya aktlar təqdim edilmiş, şəkilləri verməmişlər. İddiaçı təklif etmişdir ki, komissiya təşkil edilsin və evə baxış keçirilsin, lakin cavabdeh razı olmayaraq iddiaçıya məhkəməyə müraciət edə biləcəyini bildirmişlər. Məlum olmuşdur ki, iddiaçıya 4.354,56 manat cərimə yazılmışdır. 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş edərək, iddianın məzmununa uyğun izahat vermişdir. O, məhkəmə araşdırması zamanı verdiyi izahatında 2022-ci ilin noyabr ayında bir ay müddətinə qaz sayğacından kənar qeyri-qanuni qazdan istifadə etdiyini bildirmişdir. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 iyun 2023-cü il tarixli, 2(011)-2853/2023 saylı qətnaməsi ilə (hakim-Aygün Həsənova) iddia tələbi qismən təmin edilərək, İddiaçı Cavabdehnə 300 (üç yüz) manat məbləğində borcunun olmasının müəyyən edilməsi, qalan 4.054,56 (dörd min əlli dörd manat əlli altı qəpik) manat məbləğində borcun Cavabdeh tərəfindən iddiaçıya aid **********00000 saylı abunə kodundan silinməsi, Cavabdehndən 60.54 (altmış manat əlli dörd qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. 7.İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, İddiaçı yaşadığı evə baxış zamanı qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. 8.İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent qazdan istifadəyə görə 2013-cü ilin avqust ayından 2022-ci ilin iyun ayına qədər heç bir ödəniş etməmişdir. 2022-ci ilin noyabr ayına isə abonentin 4.354,56 manat borcu mövcuddur. 9.Məhkəmə qeyd etmişdir ki, iddiaçı özünə məxsus ünvanda müəyyən müddət sayğacsız qazdan istifadə etmişdir. Bu isə ona dəlalət edir ki, o, istifadə etdiyi qazın dəyərini ödəməmişdir. 10.Məhkəmə hesab etmişdir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. 11.Məhkəmə cavabdehin tələb etdiyi cərimə borcuna dair hissəyə qiymət verərək hesab etmişdir ki, iddiaçıdan tələb edilən məbləğ yüksək bir məbləğdir. Belə ki, cavabdeh təşkilat tərəfindən cərimənin hansı hesablama qaydaları ilə aparılmasına dair heç bir hesablama düsturuna rast gəlinməmiş, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Nə qədər ki, iddiaçının kənar xətti hansı müddət ərzində istifadə etməsini dəqiq müəyyən etmək mümkün deyil, Cavabdeh İB-nin əməkdaşlarının da hər ay yoxlanış həyata keçirmək, bu mümkün olmadıqda isə hər 3 aydan bir yoxlanış etmək vəzifəsidir, məhkəmə iddiaçıya məxsus ünvanda kənar xətdən istifadənin vaxtını 3 ay həddində müəyyən edərək və həmin ünvandakı qazdan istifadə cihazlarını nəzərə alaraq cərimənin 300 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Odur ki, iddiaçının cavabdehə 300 manat borcu olması müəyyən edilməli, qalan 4.054,56 manat məbləğində borc silinməlidir. 12.Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdehnə 300 manat məbləğində borcunun olması müəyyən edilməli, qalan 4.054,56 manat məbləğində borc Cavabdeh tərəfindən iddiaçıya aid **********00000 saylı abunə kodundan silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 13.Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, cavabdehdən 59,23 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 6.5-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 119.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Həmin aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq cavabdehin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qazxəttinə qoşulma mövcuddur. Cavabdeh tərəfindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim eedilən sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Cavabdeh İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbuletmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçılmazdır. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və cavabdeh tərəfindən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin, hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 18.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 19.Maddə 21.Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 20.Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 21.Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 22.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 23.Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 24.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 25.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 26.Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 27.Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri yaşıyırlar. 28.Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 29.Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 30.Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 31.Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyiqazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 32.Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli vəaktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 33.“Qazdan istifadə Qaydaları”na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasənistehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 34.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 384.0.3.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(011)-2853/2023 saylı qətnaməsi dəyişdirilməlidir. 39.Kollegiya qeyd edir ki, məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. 40.Lakin, kollegiya birinci instansiya məhkəməsinin iddiaçıya məxsus ünvanda kənar xətdən istifadənin vaxtının 3 ay həddində müəyyən edilərək, həmin ünvandakı qazdan istifadə cihazlarını nəzərə alaraq cərimənin 300 manat həddində müəyyən edilməsi və ilə bağlı mövqeyi ilə razılaşmır. 41.Belə ki, iş materiallarında olan abonentin saldosundan (quraşdırılma tarixi xx.xx.2022, nömrəsi **********926) görünür ki, abonent qazdan istifadəyə görə 2013-cü ilin avqust ayından 2022-ci ilin iyun aya qədər heç bir ödəniş etməmiş, qazdan istifadə həcmi müəyyən edilməmişdir. 2022-ci ilin noyabr ayına isə abonentin 4.354,56 manat borcu mövcuddur. 42.Daha dəqiq olarsa, 2013-cü ilin avqust ayından 2013-cü ilin dekabr ayınadək, 2022-ci ilin yanvar ayından isə 2022-ci ilin iyun ayınadək, eyni zamanda, 2014-cü ildən 2021-ci ilədək olan dövr üçün istifadə olunmuş qaz həcmi və iddiaçı tərəfindən istifadə edilmiş qaza görə edilmiş hər hansı bir ödəniş müəyyən edilmir. 43.Göründüyü kimi abonent saldosuna əsasən iddiaçı tərəfindən ümumilikdə 8 il, 11 ay müddətində istifadə etdiyi qaza görə edilmiş ödənişlərin məbləği müəyyən edilmədiyi halda qaz xəttindən kənar istifadə vaxtının 3 ay həddində müəyyən edilərək cərimənin 300 manat məbləğində müəyyən edilməsi əsassız olmuşdur. 44.Məhkəmə kollegiyası qeyd edir ki, 2013-cü ilin avqust ayından 2013-cü ilin dekabr ayınadək (5 ay), 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayınadək (6ay), eyni zamanda, 2014-cü ildən 2021-ci ilədək (8 il) olan dövr üçün iddiaçı tərəfindən istifadə edilmiş qaza görə yaramış borc məbləğini, həmçinin iddiaçı tərəfindən edilmiş ödənişləri abonent saldosuna əsasən müəyyən etmək mümkün olmadığından, iddiaçı tərəfindən əvvəlki illərin, həmçinin əvvəlki illərin eyni aylarında istifadə edilmiş qaza görə etdiyi ödənişlər əsas götürülərək, ümumi hesablanmış borc məbləğindən bu qaydada hesablanmış ödənişlər çıxılmalıdır. 45.Abonent saldosundan görünür ki, iddiaçı tərəfindən 2011-ci il üzrə qazdan istifadəyə görə illik 165 manat ödəniş edilmişdir. 46.Buna görə də kollegiya hesab edir ki, iddiaçı tərəfindən 2011-cü il üzrə illik 165 manat məbləğində ödəniş edilməsi nəzərə alınmaqla, analoji hesablama qaydasında 2014-cü ildən 2021-cü ilədək olan 8 illik dövr üçün müəyyən edilə bilinməyən qazdan istifadəyə görə ödəniş məbləği 1320 manat (8x165=1320) miqdarında müəyyən edilməlidir. 47.Əvvəlki illərin eyni ayları üzrə edilmiş ödənişləri əsas götürməklə abonent saldosundan müəyyən edilə bilinməyən qazdan istifadəyə görə ödənişin məbləğinin hesablanması qaydasını məqsədəmüvafiq və ədalətli hesab edən məhkəmə kollegiyası qeyd edir ki, 2013-cü ilin avqust ayından 2013-cü ilin dekabr ayınadək (5 ay) olan dövr üçün edilmiş ödənişlərin müəyyən edilməsi üçün 2011-ci ilin həmin ayları üzrə edilmiş ödənişlərdən istifadə edilməlidir. 48.Belə olan halda 2013-cü ilin avqust ayından 2013-cü ilin dekabr ayınadək (5 ay) olan dövr üçün, 2011-ci ilin avqust ayından 2011-ci ilin dekabr ayınadək olan dövr üçün qazdan istifadəyə görə ödənilmiş 65 manat əsas götürülərək, həmin dövr üçün iddiaçının 65 manat ödəniş etdiyi, eyni zamanda 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayınadək (6ay) olan dövr üçün də 2011-ci ilin yanvar ayından 2011-ci ilin iyun ayınadək qazdan istifadəyə görə ödənilmiş 85 manat əsas götürülərək, iddiaçı tərəfindən həmin dövr üçün 85 manat ödəniş miqdarı müəyyən edilməlidir. 49.Beləliklə, əvvəlki illərin və həmin illərin eyni ayları üzrə edilmiş ödənişlər nəzərə alınmaqla abonent saldosundan müəyyən edilə bilinməyən ödənişin məbləği qeyd olunan qaydada hesablandıqda 2013-cü ilin avqust ayından 2013-cü ilin dekabr ayınadək-5 ay üçün 65 manat, 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayınadək- 6 ay üçün 85 manat, 2014-cü ildən 2021ci ilədək olan 8 illik dövr üçün isə 1320 manat olmaqla ümumilikdə 1470 manat (1320+65+85=1470) məbləğində qazdan istifadəyə görə ödənişin müəyyən edilməsini məhkəmə kollegiyası ədalətli hesab edir. 50.Belə ki, hər iki tərəf həmin dövr üçün iddiaçı tərəfindən hansı həcmdə qazdan istifadə edilməsi, istifadə edilmiş qaza görə hər hansı ödənişin edilib-edilməməsi və ya ümumiyətlə qazdan istifadə edilməmişdirsə bununla və qeyd olunan hallarla bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. 51.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(011)-2853/2023 saylı qətnaməsi iddianın qismən təmin edilən hissəsində dəyişdirilməli, iddiaçının borcu 1470 manat müəyyən edilməklə, qalan 2884,56 manat məbləğində borc (4354,56-1470=2884,56) Cavabdeh tərəfindən iddiaçıya aid **********00000 saylı abunə kodundan silinməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 52.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(011)-432/2023 saylı qətnaməsi iddianın qismən təmin edilən hissəsində dəyişdirilsin. İddiaçı Cavabdehnə 1470 (min dörd yüz yetmiş) manat məbləğində borcunun olması müəyyən edilsin, qalan 2884,56 (iki min səkkiz yüz səksən dörd manat əlli altı qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən iddiaçıya aid **********00000 saylı abunə kodundan silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5294/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5294/2023
13.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver