Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5297/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2025-ci tarixli, e-2(007)-1539/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh Firudun oğlu arasında bağlanmış 29 avqust 2019-cu il tarixli BXK5729789 nömrəli borc müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh Firudun oğlunun sahibliyinə və istifadəsinə 368 manat dəyərində məişət avadanlığı verilmişdir, ilkin ödəniş olaraq 20 manat ödəmiş, 348 manat borcu qalmışdır.
2. İddiaçı MMC ilə Cavabdeh Firudun oğlu arasında bağlanmış 29 avqust 2019-cu il tarixli BXK5729789 nömrəli girov müqaviləsinə əsasən “Samsung A10 SM-A105 Black” markalı mobil telefon girov qoyulmuşdur.
3. İddiaçı MMC ilə Cavabdeh Firudun oğlu arasında bağlanmış 27 may 2019-cu il BXK5729333 nömrəli borc müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh Firudun oğlunun sahibliyinə və istifadəsinə 510 manat dəyərində məişət avadanlığı verilmişdir, ilkin ödəniş olaraq 150 manat ödəmiş, 360 manat borcu qalmışdır.
4. İddiaçı MMC ilə Cavabdeh Firudun oğlu arasında bağlanmış 27 may 2019-cu il BXK5729333 nömrəli girov müqaviləsinə əsasən “Samsung A20 SMA205 Blue” əmlakı girov qoyulmuşdur.
5. İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Firudun oğlunun 29 avqust 2019-cu il tarixli, BXK5729789 nömrəli müqavilə üzrə 348 manat, 27 may 2019-cu il BXK5729333 nömrəli müqavilə üzrə ödənilməmiş 360 manat, ümumilikdə 708 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 29 avqust 2019-cu il tarixli, BXK5729789 saylı borc müqaviləsinə əsasən 348 manat əsas borc, 27 may 2019cu il tarixli, BXK5729333 saylı borc müqaviləsinə əsasən 360 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 738 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
7. İddia işin yuxarıda göstərilən halları ilə əsaslandırılmışdır.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2025-ci tarixli, e-2(007)- 1539/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək Cavabdeh 27 may 2019-cu il tarixli, BXK5729333 nömrəli borc müqaviləsinə əsasən 360 manat əsas borc, 29 avqust 2019-cu il tarixli, BXK5729789 nömrəli borc müqaviləsinə əsasən 348 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
9. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269, 385, 386, 425, 427, 442, 443, 448, 567, 600-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətlərinin dəlillərinə görə müqavilə 29 avqust 2019-cu il tarixdə 12 ay müddətinə, yəni, 1 il müddətinə bağlanmışdır. Müqavilənin müddəti 29 avqust 2020ci il tarixdə bitmişdir. İddiaçıya AR Mülki Məcəlləsinin 372.2-ci maadəsinin tələbləri ilə mübahisənin həlli üçün müqavilənin müddəti birdikdən sonra 3 il iddia müddəti hüququ olduğu halda hüquqi şəxs olaraq heç bir iddia tədbiri görməmiş, müddəti ötürdükdən sonra məhkəməyə iddia ilə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə 05 mart 2025-ci il tarixdə verilmişdir, o, isə müddətin ötürülməsi barədə ərizəni 19 mart 2025-ci il tarixdə məhkəmənin elektron kabinetinə yerləşdirsə də, məhkəmə ərizəyə heç bir münasibət bildirməmişdir. BXK5729333 saylı müqavilə üzrə iddia müddəti 27 may 2023-cü il tarixdə, BXK5729789 müqavilə üzrə iddia müddəti isə 29 avqust 2023-cü il tarixdə bitmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.
19. Apellyasiya şikayətinin dəlillərinə əsasən apellyator tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Lakin məhkəmə həmin ərizəyə baxmamış, qətnamə çıxarılarkən də ərizəyə hüquqi mövqe bildirməmişdir.
20. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilmişdir. Lakin şikayətdə qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən yekun nəticəyə gəlinərkən həmin ərizəyə münasibət bildirilməyərək prosessual normaların pozuntusuna yol verilmişdir.
21. 27 may 2019-cu il tarixli müqavilənin icra müddəti 27 may 2020-ci il tarixdə, 29 avqust 2019-cu il tarixli müqavilənin isə icra müddəti 19 avqust 2020-ci il tarixdə bitir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Belə olan halda 27 may 2019-cu il tarixli müqavilə üzrə iddia müddəti 27 may 2023-cü ildə, 29 avqust 2022-ci il tarixli müqavilə üzrə isə iddia müddəti 29 avqust 2023-cü il tarixdə bitir. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 05 mart 2025-ci il tarixdə müraciət etmiş, yəni, iddia müddəti ötürülmüşdür.
22. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2025-ci tarixli, e-2(007)-1539/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2025-ci tarixli, e-2(007)-1539/2025 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.