Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-53/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6293/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 a, mənzil 1 saylı ünvanında İddiaçı-nə məxsus rabitə kabelinin üstündə cavabdeh tərəfindən tikilmiş qeyriqanuni tikilinin sökülməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6293/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməs ilə iddia tələbi təmin edilmiş, ünvan 2 saylı ünvanında yerləşən İddiaçı-nə məxsus rabitə kabelinin üstündə Cavabdeh tərəfindən tikilmiş qeyri-qanuni tikililərin sökülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun xüsusu mülkiyyətində olan mənzili 5 mərtəbəli binada yerləşsə də, hakim əsassız olaraq AR MM nin 180-cı maddəsinə istinad etməkla öz qanunsuz və ədalətsiz qətnaməsini pərdələmək məqsədi güdmüşdür. Göstərilən maddədə yalnız torpaq sahəsində aparılan tikintilərlə bagiı qanunun norması öz əksini tapmışdır. Onun mülkiyyətində olan mənzilində yerləşən pəncələrəsinin üstündən aparılan rabitə xətlərinin yerinin dəyişdirilməsi ilə bagiı ədalətli qərar vermək əvəzində, hakim hansısa qanunsuz tikilini qətnamədə şəhr etmişdir. Həmin qətnamədə hakim onun mülkiyyət hüquqları pozaraq mülkiyyətində olan mənzilimin qorunması üçün yağışın qarşısını almaq məqsədi ilə pəncərəmin üstündə quraşdırdığı 2 ədəd şiferə qanunsuz tikinti kimi qiymət vermişdir. Baxmayaraq ki, “İddiaçı-Ulduz Telekom” MMC onun mülkiyyətində olan mənzilinin bayır tərəfindən onun razılığı olmadan çəkilmiş kabelin yerini dəyişməliydi, lakin, ədalətsiz qətnaməni qəbul etdirməyə nail olmaqla mülkiyyət hüquqlarını pozmaqda davam edirlər. Baxmayaraq ki, kabelin yerini dəyişdirilməsi üçün məhkəmə baxışı zamanı, “İddiaçı- Ulduz Telekom” MMC-nin hüquqşünası hakimin qarşısında ondan 300 manat onlara pul ödəməsini tələb etmişdir. Hakim tərəflərin barışığı, işin sülh yolu ilə həllində maraqlı olmamışdır,barışıq üçün heç bir təklif etməmişdir. Baxmayaraq ki, AR MPM-nin 52.4-cü maddəsində göstəilir ki, məhkəmə prosesinin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bagiı məlumat və barışıq sazişi təkliflər verməyə haqlıdır. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, İnqilab küçəsi, 107a saylı evin 16,2 yaşayış sahəsindən ibarət 1 otaqlı, 1 saylı mənzili Cavabdeh adına qeydiyyatdan keçmişdir. xx.xx.2017-ci il tarixli, rabitə xəttinin pozuntuları haqqında aktdan müəyyən olunur ki, xx.xx.2017-ci il tarixində H.Əliyev 107a küçəsində yerləşən “Gözəllik salonu”nun qabaq hissəsində (girəcəkdə) dam örtüyü tikilərkən İddiaçı-yə məxsus 2 ədəd TPP kabeli (50x2, 20x2) tikilən damın altında qalmışdır. İddiaçı-nin Cavabdeh ünvanlanmış xx.xx.2017-ci il tarixli, AR/358 saylı məktubundan müəyyən olunur ki, binanın fasad hissəsində yerləşən kabellərin üstünün açılması və rabitə kabellərinə maneəsiz giriş üçün şərait yaradılması xahiş edilmiş, əks halda tikilinin sökülməsi üçün aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Zahidə İsmayılvanın İddiaçı-nə ünvanladığı xx.xx.2017- ci il tarixli məktubundan müəyyən olunur ki, qeyd olunan ərazidə tərəfimindən heç bir tikinti işləri aparılmamış, yalnız salona yağan yağışın və küləyin qarşısını almaqdan ötrü müvəqqəti örtük quraşdırılmışdır. Bütün bunlara baxmayaraq mənzilimin bayır divarının fasad hissəsində yerləşən rabitə kabellərinə rabitə xidmətlərinin maneəsiz göstərilməsi üçün hər cür şərait yaratmağa hazırıq. Eyni zamanda yüksək səviyyəli maneəsiz xidmət göstərilməsini təmin etmək, həmçinin binada yaşayan sakinlərin onlara məxsus xüsusi mənzillərdən maneəsiz istifadə etmələri və rabitə kabellərinə maneəsiz girişi üçün xahiş edilir ki, rabitə kabellərinin yerinin dəyişdirilərək maneəsiz yerdə quraşdırılmasını təmin etsinlər. Bunun üçün qeyd olunan ərazidə hər cür şərait vardır. İstənilən vaxt bu şəraitdən istifadə edərək xəttlərinizi daha əlverişli sahəyə köçürülməsi üçün onlara bütün imkan yaradılacaqdır. Bundan məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza tədtitqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 922 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, AK. Həsən Əliyev küçəsu ev 107a, 1 saylı mənzilin altından keçən İddiaçı-yə məxsus rabitə kabellərinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rabitə Nazirliyi LAK “Azərrabitəlayihə BTRİB-in 6139 saylı işçi layihəsinə uyğun olaraq çəkildiyi müəyyən edilmişdir. 107a saylı binanın yaxınlığında İddiaçı-yə məxsus rabitə kabellərinin baxış quyusunun yerləşdiyi nəzərə alaraq tədqiq olunan qeyri-yaşayış tikilisinin altında qalan rabitə kabellərinin yerinin dəyişdirilərək, başqa tərəfdən çəkilməsi və ya yerinin dəyişdirilməsi xüsusi növ işlərə aid olduğundan, həmin kabellərin yerinin dəyişdirilməsinə tələb olunan xərclər bu növ işləri yerinə yetirən anoloji şirkətlərin (təşkilatların) müvafiq mütəxəssisləri tərəfindən smeta sənədləri tərtib edilməklə müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd olunan Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı Qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydalan”nm 1.2 bəndindən göründüyü kimi, bu Qaydalar telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mülkiyyət formasından, fəaliyyət yerindən asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Həmin Qaydaların 1.3-cü bəndinə görə, telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operator və provayderləri ümumi istifadədə və istismarda olan telekommunikasiya vasitə və qurğularının qorunmasını bu Qaydalara uyğun həyata keçirirlər. Həmin Qaydaların 1.4-cü bəndinə görə, telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına aşağıdakılar aid edilir; yeraltı, hava və sualtı kabel rabitə xətləri; məftilli rabitə xətləri; radiorele xətləri və stansiyaları; yerüstü peyk stansiyaları; GSM, CDMA və digər müasir standartlı mobil şəbəkələrin stansiyaları; kabel xətlərinin yerüstü və yeraltı qurğuları, xidmət olunmayan gücləndirici məntəqə (bundan sonra - XQGM), kabel köşkləri və şkafları, yeraltı kabel xətlərini göstərən nişanlayıcı dirəklər və s.; telekommunikasiya xidmətlərinin göstərilməsi üçün istifadə edilən bina, qüllə və digər mühəndis-texniki qurğular. Həmin Qaydaların 2 bəndindən göründüyü kimi, 2.1. telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinin qarşısını almaq məqsədilə aşağıdakı mühafizə zonaları müəyyən edilir: 2.1.1. yeraltı kabel və məftilli hava xətləri üçün yan naqillərə və kabellərə paralel olaraq hər iki tərəfə 2 metr məsafədə torpaq sahəsi (fəza nəzərə alınmaqla); 2.1.2. kabel rabitə xidmətlərində yeraltı və yerüstü xidmət olunmayan gücləndirici və regenerasiya məntəqələrinin divarlarının xaricindən ən azı 3 metr və torpaqlanma dövrəsindən ən azı 2 metr məsafədə torpaq sahəsi; 2.1.3. dənizaltı kabel rabitə xətləri boyunca suyun üst səthindən onun dibinə qədər olan məsafədə, paralel müstəvilər arasında, kənar kabeldən hər tərəfə 0,25 mil (460 metr) su sahəsi; 2.1.4. çay, göl, su hövzələri və kanallarından keçən kabel rabitə xətlərindən hər iki tərəfə 100 metr məsafədə su sahəsi; 2.1.5. daş, çınqıl və s. tikinti materialları götürülən çaylardan keçən yeraltı rabitə kabelindən çayın mənbəyi istiqamətində 100 metr, mənsəbi istiqamətində 300 metr məsafə; 2.1.6. meşə massivlərindən və yaşıllıqlardan keçən yeraltı kabel rabitə xətləri üçün keçid mühafizə zonası kabellərin hər iki tərəfindən paralel olaraq ən azı 2 metr məsafədə torpaq sahəsi, hava xətləri üçün isə yan naqillərə paralel olaraq hər iki tərəfdən ən azı 3 metr məsafədə torpaq sahəsi; 2.1.7. qüllələrin (H>30 m), dayaqların (H<30 m) və parabolik antenaların, hündürlüyünün 20% ölçüsü də əlavə olunmaqla, mühafizə zonası; 2.1.8. peyk stansiyasının yerləşdiyi yerdən 1,5-2 km radiusda mühafizə zonası; 2.1.9. radiorele avadanlıqlarının istismarı üçün tələb olunan birbaşa görünüş təmin edilməklə, radiorele xəttindən 6-10 metr radiusda mühafizə zonası; 2.1.10. izolyasiyası olmayan fider xətləri üçün fider xətlərində olan gərginlik və güc nəzərə alınmaqla, 80-100 metr mühafizə zonası. Həmin Qaydaların 5.1-cü bəndinə görə, telekommunikasiya operatorlarının texniki işçiləri həmin operatorlara məxsus telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarına 24 saat ərzində maneəsiz daxil olmaq və təmir işləri aparmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Respublikanın bütün məhkəmələrinə göndərdiyi 8-2/2015 saylı xx.xx.2015 tarixli məktubunda qeyd edilir ki, “Mülki Məcəllənin 180.4-cü maddəsində tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən Bakı şəhəri, H.Əliyev 107a küçəsində yerləşən “Gözəllik salonu”-nun qabaq hissəsində dam örtüyü tikilərkən İddiaçı-nə məxsus 1 ədəd TPP 50x2 və 1 ədəd TPP 20x2 tipli rabitə kabellərinin dam örtüyünün altında qalmışdır. Qeyd olunan tikili iddiaçının ona məxsus telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarına maneəsiz daxil olmaq və təmir işləri aparmaq imkanlarının məhdudlaşdırmışdır. Belə olan halda birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinin tələbləri iddiaçının mülkiyyətində olan ümumi əmlaka deyil, qanunvericiliyin tələbləri pozulmaqla ona məxsus əmlakın qabaq hissəsində quraşdırlmış qurğuya münasibətdə tədbiq edilir. Bundan başqa iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qətnaməni cavabdehə xx.xx.2017-cicil tarixli məktubla göndərmişdir ki, burada da, qanunvericiliyin tələblərinin pozulması müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdehin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6293/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-53/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-53/2020
26.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver