Məhkəmə qərarları › İş №2(103)-53/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-53/2021

27.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-53/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qəbul etdiyi 2(007)-687/2016 saylı 21 iyul 2016-cı il tarixli qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə 27 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında aparılmış özbaşına tikililərin cavabdehin hesabına sökülməsi və vurulmuş mənəvi zərərin əvəzi qismində 30000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi 1 1/18 saylı ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur, hazırda məcburi köçkün kimi qeydiyyatda olmaqla, ailə üvləri ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh yaşadığı ünvan 2 evin bir hissəsi ona məxsus evin divarının bir hissəsi ilə bitişikdir. 2015-ci ilin avqust ayının əvvəllərindən etibarən cavabdeh müvafiq icra hakimiyyəti orqanlarını qanunla müəyyən edilmiş qaydada məlumatlandırmadan, tikintiyə icazə almadan qanunsuz olaraq birini daşla, digərini isə metal konstruksiyalarından istifadə etməklə yaşadığı evin, onun evi ilə bitişik olan ortaq üzərində, əlavə iki otaq tikməyə başlamışdır. Əlavə mərtəbənin tikilməsi, ona məxsus evin, cavabdehin yaşadığı evin dam örtüyünə tərəf açılan pəncərənin qarşısını tamamilə kəsmişdir. Bu isə öz növbəsində ona məxsus evin havalandırmasının və təbii işıqlandırmasının qarşısını almışdır. Cavabdeh ümumi, ortaq divarın üzərində əlavə tikinti işlərini tikinti-texniki qaydaları pozmaqla həyata keçirmişdir ki, bu da onun yaşadığı evin hər an sökülüb yararsız hala düşməsinə səbəb ola bilər. Belə ki, ona məxsus ev təxminən 50 il bundan əvvəl tikilmiş və 1995-ci ildən hal-hazıradək 75 faiz qəzalı vəziyyətdədir. Evin konstruksiyasını möhkəmlətmək üçün cavabdehdən əlavə dayaqlar qoymasını xahiş etsə də, cavabdeh buna razı olmamış, cavabdehdən qanunsuz əməllərini, özbaşına tikdiyi tikililəri dayandırmağı tələb etsə də, sonuncu ona məhəl qoymamışdır. Onun aidiyyəti dövlət orqanlarına, o cümlədən hüquq mühafizə orqanlarına dəfələrlə etdiyi şikayətlərə baxmayaraq bunun heç bir nəticəsi olmamışdır. Şikayət etdiyi bütün orqanlar cavabdeh tərəfindən aparılmış əlavə tikililərin qanunsuz olduğunu təsdiq edərək, cavabdehdən qanunsuz tikintinin dayandırılmasını tələb etmişlər. Polis isə cavabdehin qanunsuz hərəkətləri barədə qanunla nəzərdə tutulmuş qaydada tədbir əvəzinə ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. O, iki dəfə ürəyin işemik xəstəliyi və miokard infarktı diaqnozları ilə ağır xəstəlik keçirmiş, habelə ailəsində iki nəfər də xəstə adam vardır. Özbaşına tikililər nəticəsində evinin normal havalandılırılmaması və işıqlandırılmaması isə onun və ailə üzvlərinin səhhətinə zərər yetirmiş, tikinti işləri başlayandan mənəvi sarsıntılar keçirmiş, müalicəsinin intensivliyi artmışdır. Cavabdehin tikdiyi tikililər səbəbindən, qəzalı vəziyyətdə olan evi təhlükəli həddə çatmış, onun, ərinin həyat və səhhəti üçün real təhlükə yaranmış, bununla da cavabdeh öz qanunsuz hərəkətləri ilə ona 30.000 manat məbləğində mənəvi zərər vurmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-687/2016 saylı 21 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən ünvan 2 ünvanda İddiaçı yaşadığı evə bitişik yerləşən evin bir hissəsinin üzərində 25 kvadrat metr sahədə aparılmış özbaşına tikilinin Cavabdeh hesabına sökülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin dəyişdirilərək iddia tələbinin ona vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 30000 manat alınmasına dair hissədə təmin edilməsi, cavabdehin əməlində cinayət əməlləri mövcud olduğundan onun barəsində xüsusi qərardadın çıxarılması xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, hazırda yaşadığı ünvan 2 evdə 2004-cü il tarixdən ailə üzvləri ilə birlikdə Zəngilan rayonundan məcburi köçkün kimi məskunlaşmışlar. İddiaçının qeyd etdiyi evə köçəndə hələ həmin yaşayış sahəsi ikimərtəbədən ibarət olmaqla qanunsuz tikili olmuşdur. 2015-ci ilin avqust ayının əvvəllərindən yaşadığı evin üzərində əlavə mərtəbə deyil, sadəcə olaraq təmir etdirmişdir. Belə ki, yaşadıqları həmin ev yararsız və yaşamaq üçün şəraitsiz olduğundan o, həmin evin dam örtüyünü dəyişərək təmin işləri aparmışdır. Bu faktı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan bütün qonşular da təsdiq edə bilər. Yaşadıqları tikililər çoxdan inşa edilmiş və uzun illərdir ki, mövcud olmuşdur. Bu müddət ərzində iddiaçı həmin tikililərin onun hüquqlarını pozmasını mübahisələndirməmişdir. Sadəcə olaraq iddiaçı ilə münasibətləri pozulduqdan sonra, sonuncu qərəzli şəkildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçıya məxsus evin pəncərəsinin onun yaşadığı evin həyətyanı torpaq sahəsinə asma, çardağının onun üçün təhlükə yaratmasına, qaz borularının onun həyətindən keçməsinə baxmayaraq o, iddiaçıya qarşı qərəzli olmamışdır. İddiaçı iddia ərizəsində, guya özbaşına tikilidən mənəvi sarsıntı keçirdiyini bildirsə də, o, yaşadığı evə köçdüyü vaxtdan hal-hazıradək, iddiaçı öz evində yaşamamış, evi ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə kirayəyə vermişdir. Kirayəçilər normal həyat tərzi sürmədikləri, səs-küy, dava-dalaş saldıqları üçün onunla və qonşularla mübahisələri olmuşdur. Bu səbəbdən də iddiaçı ilə münasibətləri pozulmuş, son zamanlar isə bütün qonşular narazı olduqlarına görə iddiaçı evini kirayə verə bilməmiş, hal-hazırda 11/18 saylı evin qapısı bağldır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1744/2017 saylı 09.08.017-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-687/2016 saylı 21 iyul 2016-cı il tarixli qətnamənin ləğv edilərək iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-9303/17 saylı 14.12.2017-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1744/2017 saylı 09.08.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-9303/17 saylı 14.12.2017-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi 3735 saylı 19 iyun 2017-ci il tarixli ekspert rəyinin mübahisəli ünvanda yerli baxış keçirilmədən və tikililərin faktiki vəziyyəti, o cümlədən, tikinti işlərinin bir hissəsinin tərəflərə məxsus evlərin ortaq divarı üzərində aparılıb-aparılmamasının tədqiq edilmədən tərtib olunmasına, ekspert rəyində göstərilənlərin mübahisəli tikinti işlərinə dair müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib olunmuş sənədlərdə qeyd olunanlarla ziddiyyət təşkil etməsinə dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə əlavə və ya təkrar ekspertiza təyin edilmədən cavabdehin tikililərinin iddiaçının tikilisinə təhlükə törətməməsi, evin dam örtüyünün İddiaçı məxsus evin havalanmasını və işıqlanmasını pozmaması kimi səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman cavabdeh tərəfin apardığı tikililərin qanuna zidd olması səbəbi ilə AZ seriyalı 171875 saylı 23 avqust 2015ci il tarixli inzibati xəta haqqında protokolun tərtib edilməsinə və bununla da, cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsinin təsdiq olunmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya qaydasında baxmış məhkəmə iş üzrə keçirilmiş ekspert rəyi ilə cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin iddiaçının hər hansı hüquq və manfelərinin pozmasını müəyyən edilməməsinə istinad edərək 2(103)-2681/2018 saylı 21.06.2018-ci il tarixli qətnamə ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-687/2016 saylı 21 iyul 2016-cı il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6811/2019 saylı 23.10.2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2681/2018 saylı 21.06.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə məhkəməyə göndərilməsi qərara alınmışdır. Bu baxımdan hazırki işə apellyasiya qaydasında son olaraq yenidən baxılması 27.10.2021-ci il tarixə təyin edilmiş, lakin həmin tarixdə keçirilən məhkəmə iclasında 3-cü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə 3-cü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsini və öz apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci intsansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsini, cavabdehin əməlində cinayət əməlləri mövcud olduğundan onun barəsində xüsusi qərardadın çıxarılmasını, cavabdehin apellyasiya şikayətinə isə etiraz edərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh öz apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci intsansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək/, iddiaçının iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı 128818 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 1/18 saylı ev İddiaçı xüsusi mülkiyyəti kimi 20.02.1998-ci il tarixdə qeydiyyatan keçmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 yanvar 2016-cı il tarixli 331 saylı arayışından görünür ki, Cavabdeh, X12 əğlu və X3 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi 11 evdə 17 iyun 2004-cü ildən məcburi köçkün kimi məskunlaşıblar. İddiaçı yuxarı instansiyalara ünvanladığı müraciətlərinin icrasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami rayon Polis idarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru Şamil Həsənovun arayışından görünür ki, ünvan 3 ünvanında Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsi İcra nümayəndəliyinin aidiyyatı əməkdaşları ilə birlikdə müvafiq yoxlama aparılmış, X6 tərəfindən yaşadığı evin üstündə ikinci mərtəbədə bir otaqlı tikinti işlərinin aparılması, tikinti işlərinin aparılmasına dair müvafiq sənədlərinin olmaması müəyyən edilmişdir. M.G.Abbasova aidiyyatı qurumlardan icazə sənədlərini alması və tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. İddiaçı 22 avqust 2015-ci il tarixli 088-702 H-3115 saylı təkrar müraciəti əsasında qeyd olunan ünvanda təkrarən müvafiq yoxlama aparılmış, M.G.Abbasovun icazəsiz olaraq tikinti işlərini davam etdirdiyi müəyyən edilmişdir. İddiaçı yuxarı instansiyalara təkrarən ünvanladığı müraciətləri üzrə qeyd olunan ünvana yenidən baxış keçirilmiş, M.G.Abbasovun artıq tikinti işlərini bitirdiyi, yeni inşa etdiyi otağın tam təmir edildiyi, ailə üzvlərinin həmin otaqda yaşadığı müəyyən edilmişdir. Tikinti işləri başa çatdığından, həmçinin həmin ünvanda yaşayış olduğundan müvafiq tədbir görmək mümkün olmamışdır. İddiaçı qeyd olunan xüsusatlarla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti qurumlara müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 17 sentyabr 2015ci il tarixli məktubundan görünür ki, İddiaçınm müraciətinə əsasən Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşlarının keçirdiyi baxış zamanı M.G.Abbasov tərəfindən aparıldığı müəyyənləşdirilmiş qanunsuz inşaat işlərinin dərhal dayandırılması tələb edilmiş və ona rəsmi xəbərdarlıq təqdim olunmuşdur. M.G.Abbasov həmin xəbərdarlığa məhəl qoymayaraq inşaat işlərini davam etdirdiyi üçün nümayəndəlik tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə 21 avqust 2015-ci il tarixli 03/117 saylı məktub göndərilmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 17 avqust 2015-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, M.G.Abbasov qeyri-qanuni apardığı tikinti işlərini tikintiyə hüquq erici sənədlər əldə edənə qədər dayandırması, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin İddiaçı ünvanladığı 07 sentyabr 2015-ci il tarixli məktubundan görünür ki, X4 özbaşına tikinti işlərinə başladığı andan həmin ünvan nümayəndəliyin əməkdaşları tərəfindən nəzarətdə saxlanılmış və ona xəbərdarlıq edilmişdir. Lakin M.G.Abbasov edilən xəbərdarlıqlara baxmayaraq gecə saatlarında özbaşına tikinti işlərini davam etdirmişdir. Bu barədə M.G.Abbasova təkrar olaraq yazılı xəbərdarlıq edilmiş və Bakı şəhər Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə özbaşına aparılan tikinti işlərinin qarşısının qanuna müvafiq alınması üçün tədbir görülməsi barədə rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2015-ci il tarixli məktubdan görünür ki, əvvəllər özbaşına inşa edilmiş evlərin yerləşdiyi ərazidə, ünvan 2 ünvanda yaşayan Cavabdeh bir müddət öncə İddiaçı yaşadığı evə bitişik yerləşən evin bir hissəsinin üzərində 25 kvadrat metr sahədə əlavə mərtəbənin özbaşına tikintisini apardığı müəyyən edilmişdir. 23 avqust 2015-ci il tarixli, AZ seriyalı, 171875 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh ünvan 2 ünvanda qanunsuz tikinti işləri apardığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 149.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmiş, 23 avqust 2015-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizasının 19 iyun 2017-ci il tarixli 3735 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd edilənləri, o cümlədən mülki iş materiallarında olan və əlavə olaraq təqdim olunmuş sənədləri, eləcə də baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, ünvan 6 ünvanında Cavabdeh yaşadığı fərdi yaşayış evinin üzərində ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin İddiaçı mülkiyyətində olan Keşlə qəsəbəsi Zakir küçəsindəki 11/8 saylı evin (qərardadda 11/18 saylı ev kimi göstərilmişdir) ortaq divarının üzərində deyil, cavabdehə məxsus öz evi üzərində inşa olunduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı əldə olunmuş məlumatları və mülki iş materiallarındakı Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Tikinti Müfəttişliyinin əməkdaşlarının və “Azərdövlətlahiyə” Baş Dövlət Lahiyə İnstitutunun texniki şöbəsinin əməkdaşının tərtib etdiyi 29 oktyabr 2015-ci il tarixli aktının göstəricilrini nəzərə alaraq, cavandehin yaşadığı evin üzərində inşa olunmuş mübahisəli tikililərin iddiaçının fərdi yaşayış evinə hər hansı bir təsir etməsi faktı müəyyən edilmədi. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən inşa olunmuş mübahisəli tikililərin iddiaçının yaşayış evinə düşən təbii işığın və hava axının qarşısının alınması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X7 izahatında bildirmişdir ki, Cavabdeh onun baldızıdır. İddiaçı isə baldızı Xatirənin yaşadığı evdə təmir işlər gördüyü müddət ərzində qiyabi tanımışdır. Belə ki, Xatirənin ailə üzvləri yaşadığı ev şəraitsiz və yaşamağa yararsız olmuşdur. Habelə evin dam örtüyü bərbad vəziyyətdə olğundan, hər dəfə yağış yağdıqda, yağış suları evə dolmuşdur. Buna görə də Xatirə yaşadığı evi təmir etdirmək və dam örtüyünü dəyişdirmək məcburiyyətində qalaraq təmir işləri aparmışdır, onun isə təmir işlərinin görülməsində müəyyən təcrübəsi olduğundan, bir qohum kimi köməklik etmişdir. Xatirə yaşadığı evdə heç bir əlavə tikili işləri aparmamış, yalnız evin köhnə dam örtüyü yenisi ilə əvəzlənmiş və təmir işləri görülmüşdür. Dam örtüyünün yenisi ilə əvəzlənməsi nəticəsində evin hündürlüyü təxminən 2 metr artmışdır. Şahid qismində ifadə vermiş X10 izahatında bildirmişdir ki, o, 23 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşayır. Cavabdeh və İddiaçı onunla qonşuluqda yaşayırlar və sonuncuları bir qonşu kimi tanıyır. Lakin uzun müddətdir ki, Nailə öz evini müxtəlif şəxslərə kirayəyə verir, özü isə ona məlum olmayan ünvanda yaşayır. Nailənin xarakteri və əsassız tələbləri bütün qonşuların narazılığına səbəb olmuşdur. Buna baxmayaraq o, konkret olaraq Nailə ilə Xatirənin arasında hər hansı bir mübahisənin olduğunun şahidi olmamışdır. Xatirə yaşadığı evdə əlavə tikili aparmamış, yalnız təmir işləri gördürmüşdür, Xatirə evinin hasarını hördürmüş, qapı və pəncərəni dəyişmiş və evin köhnə dam örtüyünü yenisi ilə əvəz etmişdir. Xatirənin ailə üzvləri ilə bir-birlərinin evinə gediş-gəlişləri olmadığına, sözügedən evdə olmamışdır. Lakin hər gün işə gedib-gələrkən Xatirənin ailəsi ilə yaşadığı evin yanından keçdiyindən görülmüş təmir işlərinin şahidi olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə ünvan 1 ünvanında, cavabdeh tərəfindən İddiaçı yaşadığı evə bitişik yerləşən evin bir hissəsinin üzərində 25 kv.m metr sahədə aparılmış tikinti işlərinin müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti norma və qaydalarının ciddi surətdə pozulmaqla özbaşına tikilinin inşa edilməsinə, bu halın cavabdehin özünün, ailə üzvlərinin, iddiaçının və onun ailə üzvlərinin sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratmasına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Qeyd olunmalıdır ki, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 6811/2019 saylı 23.10.2018-ci il tarixli qərarında göstərilmişdi ki, cavabdeh tərəfindən inşa edilmiş tikintinin özbaşına tikinti sayılması, həmin tikintinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla aparılması, eləcə də həmin tikintinin saxlanılmasının bilavasitə qonşuluqda yaşayan iddiaçının hüququnu və qanunla qorunan mənafeyini pozması, onun və ailə üzvlərinin həyatı və sağlamlıqları üçün hər zaman təhlükə yaratması, işə əlavə edilmiş çoxsaylı yazılı sübutlarla, o cümlədən şahid ifadələri ilə inkar edilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin sübutlara hüquqi qiymət vermədən, həmin sübutları işə əlavə edilmiş ekspert rəyləri ilə müqayisəli şəkildə tədqiq edib, yoxlayıb, qiymətləndirmədən, yalnız ekspert rəylərini əsas tutub iddia tələblərini rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə təkrarən apellyasiya baxışı zamanı mübahisəli evin yerində müayinəsi keçirilmiş və bu zaman iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11/18 saylı fərdi yaşayış evinin mübahisələndirilən 14.4 kv.m. olan 3 və 4 saylı otaqlarının pəncərəsi qarşısında açıq sahənin olduğu və cavabdehin tikilisinin mübahisəli pəncərədən 60 sm. aralıda olduğu, eləcə də cavabdehin mübahisələndirilən tikilisinin 2-ci mərtəbədə yerləşdiyi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1195/2019 saylı 06.02.2019-cu il tarixli qərardadı ilə cavabdeh tərəfindən inşa edilmiş tikilinin tikinti norma və qaydalarına riayət edilməklə tikilib-tikilmədiyi, həmin tikilinin təbii fəlakət (zəlzələ, torpaq sürüşməsi, qar uçqunu, fırtına, sel və s.) zamanı iddiaçının tikilisi üçün təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 23.01.2020-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin 14600 saylı 02.12.2019-cu il tarixli eksert rəyi əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin tikinti norma və qaydalarına riayət edilməklə tikilib-tikilməməsinə dair iş materiallarında məlumatlandırma icraatına dair hər hansı bir sənəd aşkar edilməmişdir. Həmçinin həmin tikilinin təbii fəlakət (zəlzələ, torpaq sürüşməsi, qar uçqunu, fırtına, sel və s.) zamanı iddiaçının tikilisi üçün təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin müvafiq mütəxəssis rəyi təqdim edilmədiyindən və qoyulmuş sualın tikinti-texniki ekspertin həll etdiyi məsələlər dairəsində olmadığından həmin sual üzrə tədqiqat aparılmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6811/2019 saylı 23.10.2018-ci il tarixli qərarında olan göstərişlərin apellyasiya instansiya məhkəməsi üçün məcburiliyi baxımından cavabdeh tərəfindən inşa edilmiş tikilinin təbii fəlakət (zəlzələ, torpaq sürüşməsi, qar uçqunu, fırtına, sel və s.) zamanı iddiaçının tikilisi üçün təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi zəruridir. Bu məqsədlə məhkəmənin 04.03.2020-ci il tarixli qərardadı ilə Fövqaləda Hallar Nazirliyinin müvafiq qurumu cəlb edilməklə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 04.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin 17.05.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11 ünvanında cavabdeh tərəfindən inşa edilmiş tikili sol və arxa tərəfdən qonşu yaşayış evlərinə bitişik olması, iddiaçının yaşayış evinin sağ tərəfdə, təqribən 40-50 sm cavabdehin evindən aralıda yerləşməsi, təbii fəlakət (zəlzələ, torpaq sürüşməsi, qar uçqunu, fırtına, sel və s.) zamanı ilk növbədə zərərin bitişik evlərə dəyməli olduğu, iddiaçının evinə zərər dəyməsi ehtimalının çox kiçik həcmdə olacağı ehtimal qeyd edilmişdir. 23.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin 10/1433 saylı 27.08.2021 il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11 ünvanında cavabdeh tərəfindən inşa edilmiş tikili təbii fəlakət (zəlzələ, torpaq sürüşməsi, qar uçqunu, fırtına, sel və s.) zamanı ilk növbədə zərərin bitişik evlərə dəyməli olduğu, iddiaçının evinə zərər dəyməsi ehtimalının çox kiçik həcmdə olacağı ehtimal qeyd edilmişdir. Ekspert rəyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin “Azərinşaatlayihə” DBLKTİ-nin mütəxəssis Abbas Rzayevin tərtib etdiyi mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində iddiaçının mənzilinin havalandırılmamasının, işıqlanmamasının məhz cavabdeh tərəfindən inşa edilmiş tikili səbəbindən olması, eləcə də cavabdehin hərəkətləri nəticəsində iddiaçının hər hansı hüquqlarının pozulması halının mövcud olmadığı müəyyən edildi. Bu hal iş materiallarında olan mütəxəsis və ekspert rəyləri ilə də öz təsdiqini tapır. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübut etmə yükü iddia edən şəxsin üzərinə düşsə də, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hüquqlarını pozması barədə hər hansı mötəbər sübutu nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmiş, bununla da sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Kollegiya onu da nəzərə alır ki, İddiaçı Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi” barədə tələbi əsassız olub, təmin edilməməli olduğundan həmin tələbə əlavə olaraq verilmiş "mənəvi zərərin ödənilməsi” barədə tələb də rədd edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iddia rədd edilməlidir. Belə olan halda iddiaçıdan işin apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin mütəxəssis rəyinin dəyəri olaraq 200 manat məbləğində vəsait tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, ekspertiza xərclərinin dəyəri olaraq 100 manat vəsait tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1, 385.1.2-ci maddələr). Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-687/2016 saylı 21 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 200 manat vəsait tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, ekspertiza xərci olaraq 100 manat vəsait tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Həmid Həmidov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar