Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5306/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 Tabdıq oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Məmmədəliyev Cavabdeh2 və Cavabdeh3 Tabdıq oğluna qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlak bölgüsü və bərabər paylı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)-110/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 Tabdıq oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Məmmədəliyev Cavabdeh2 və Cavabdeh3 Tabdıq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Çiləgir kəndində sahəsi 0,09 ha olan, Qusar rayonu Ləzə kəndində sahəsi 0,19 ha olan və Qusar rayonu Çiləgir kəndində sahəsi 0,10 ha olan torpaq sahələrinin açıq hərracda satılmasına dair 17 oktyabr 2019-cu il tarixdə Cavabdeh1 MMC tərəfindən həyata keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, həmin torpaq sahələrinin bərabər şəkildə onunla cavabdeh Məmmədəliyev Lətif Cavabdeh2 oğlu arasında bölünməsi və həmin əmlaklar üzərində bərabər paylı mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 oktyabr 1992-ci ildə cavabdeh Məmmədəliyev Cavabdeh2 ilə nikaha daxil olmuş və Xətai Rayon Məhkəmisinin 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikaha xitam verilmişdir. Qusar rayonu Çiləgir kəndində sahəsi 0,09 ha olan və Qusar rayonu Ləzə kəndində sahəsi 0,19 ha olan torpaq sahələri 2014-cü ildə, Qusar rayonu Çiləgir kəndində sahəsi 0,10 ha olan torpaq sahəsi isə 2017-ci ildə Cavabdeh2 Məmmədəliyevin mülkiyyətinə keçmişdir. Cavabdeh1 MMC tərəfindən həmin torpaq sahələrinin açıq hərracda satışı həyata keçirilmiş və 17 oktyabr 2019-cu il tarixli 122 saylı hərracın yekunları barədə protokollara və müqavilələrə əsasən Cavabdeh3 Tapdıq oğlu tərəfindən əldə edilmişdir. Hesab edir ki, hərrac qanunsuz keçirildiyindən, onun nəticəsi də etibarsız hesab edilməlidir. Belə ki, hərrac keçirilərkən həmin torpaq sahələrinin birgə nikah dövründə əldə olunmuş ümumi birgə əmlak olması nəzərə alınmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)- 110/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı, Qusar rayonu Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahələrinə İddiaçı və Məmmədəliyev Cavabdeh2 hər birinin ½ hissədə payı müəyyən edilərək həmin əmlaklar üzərində bərabər paylı mülkiyyət hüquqlarının tanınması; Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin, Qusar rayonu Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinin açıq hərracdan satılmasına dair Cavabdeh1 MMC-nin 17.10.2019-cu il tarixli 120 saylı, 121 saylı və 122 saylı hərracın yekunları haqqında protokolların və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 Tabdıq oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh3 Tabdıq oğlunun apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh2 Məmmədəliyev iddiaçının keçmiş əridir. Onunla Cavabdeh2 Məmmədəliyev arasında 15.03.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, Cavabdeh2 Məmmədəliyevə 57500 ABŞ dolları məbləğində borc vermişdir. Həmin borcun məhkəmə qaydasında tutulmasına dair qətnamə mövcuddur. İddiaçı ilə borclu H.Məmmədəliyev borc müqaviləsi bağlanan zaman nikahda olmuşlar. Sözügedən torpaq sahəsini Cavabdeh2 Məmmədəliyev 14.07.2017-ci il tarixdə onu aldadaraq borca aldığı pulun əvəzində əldə etmişdir. Qətnamə onun hüquqlarını və qanunvericiliyin tələblərini pozmaqla qəbul edimişdir. Cavabdeh1 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı bu iddianı qaldırmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.07.2017-ci il tarixli 2(011)-6630/2017 saylı icra vərəqəsi üzrə pul tələbinin birgə nikah dövründə əldə edilmiş əmlaka yönəldilməsindən yayınmağa çalışmışdır. Hərrac qanunun tələblərinə uyğun keçirilmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında apellyator Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, ona olan borcun Cavabdeh2 Məmmədəliyev tərəfindən ödənilmədiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, keçmiş ərinin Cavabdeh3 aldığı borc pulun əvəzində sonuncuya Bakı şəhərində 2 mənzil verilmişdir. Buna görə də apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)-110/2021 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, Məmmədəliyev Cavabdeh2 ilə X2 arasında 24.10.1992-ci il tarixdə nikah bağlanmış, Qusar rayonu Çiləgir kəndində sahəsi 0,10 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Məmmədəliyev Cavabdeh2 adına 14.07.2017-ci il tarixdə, Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Məmmədəliyev Cavabdeh2 adına 15.01.2014-cü il tarixdə, Qusar rayonu Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Məmmədəliyev Cavabdeh2 adına 17.01.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin torpaq sahələri Cavabdeh2 Məmmədəliyevin və İddiaçı birgə nikah dövründə əldə etdiyi əmlaklardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.07.2017-ci il tarixli 2(011)-6630/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh2 Məmmədəliyevdən 57500 ABŞ dolları məbləğində pulun Cavabdeh3 xeyrinə tutulması qərara alınmışdır. Qətnamə 21.06.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Məmmədəliyevin mülkiyyətində olan qeyd edilən torpaq sahələrinin üzərinə həbs qoyulmuş, borcun ödənilməsi həmin əmlaklara yönəldilmişdir. Hərracın dayandırılması barədə 06.12.2019-cu il tarixdə hərrac təşkilatına müraciətlər edilmişdir. Xətai Rayon Məhkəməsinin 26.11.2019-cu il tarixli 2(011)-8579⁄2019 saylı qərardadı ilə həmin torpaq sahələrinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdeh1 MMC (hazırda "xxxx" MMC) tərəfindən Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin, Qusar rayonu Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələrinə dair Cavabdeh1 MMC-nin 17.10.2019-cu il tarixli 120 saylı, 121 saylı və 122 saylı protokollarına və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrə əsasən həmin torpaq sahələri Cavabdeh3 Tabdıq oğlu tərəfindən əldə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.10.2018-ci il tarixli 2(011)-5696/2018 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Məmmədəliyev Cavabdeh2 arasında nikah pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 225.6-ci maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 224-cü maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə uyğun olaraq hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2021-ci il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Məhkəmə kollegiyası qeyd edir ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı, Qusar rayonu Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahələri İddiaçı və Məmmədəliyev Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş ümumi əmlakları olduğundan və hərrac qanunvericiliyin tələblərinə zidd keçirildiyindən iddia tələbi əsaslıdır. Cavabdehin bildirdiyi kimi alınan borcun ümumi borc olması öz təsdiqini tapmamışdır. Hətta bu birgə borc hesab edilmiş olsa belə, onların bölgüsü kreditor qarşısında birgə borclu olmasını aradan qaldırmır. Qanunverici ümumi mülkiyyətdə olan əmlaka tutmanın yönəldilməsi üçün ayrıca qayda müəyyən etmişdir. Apellyasiya şikayətləri formal mülahizələrə əsaslanır və heç bir dəlilə söykənmədiyindən təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətlərin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehər Cavabdeh1 MMC-nin və Cavabdeh3 Tabdıq oğlunun apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)- 110/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh3 Tabdıq oğlunun apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5306/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5306/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver