Məhkəmə qərarları › İş №2(103)-5309/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5309/2025

13.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5309/2025 13.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə və İcra Hakimiyyətinin Qala ərazi nümayəndəliyi) qarşı “zəbt olunmuş ərazidə qanunsuz” tikilinin cavabdehin hesabına sökülməsi, süni yaradılmış maneələrin aradan qaldırılması və ərazidə əvvəlki vəziyyətin bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 18 iyun 2025-ci il tarixli e-2(003)-1283/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0277 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bu hal, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunmuşdur. Hazırda İddiaçının xüsusi mülkiyyətində olan əmlakına giriş-çıxış və əmlakdan sərbəst istifadə və sahiblik imkanları bərpa edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən sahəsi 0,0277 ha torpaq sahəsinə gediş-gəliş yolu olan dalan yolunda cavabdehlər tərəfindən qanunsuz olaraq aparılmış tikintinin onların öz hesabına sökülməsi, dalan yolunun iddiaçının torpaq sahəsi ilə olan sərhədində cavabdehlər tərəfindən süni maneə olaraq əkilən ağacların cavabdehlərin hesabına götürülməsi və onlar tərəfindən yaradılan bu kimi digər maneələrin aradan qaldırılması, dalan yolundan iddiaçının istifadəsinə cavabdehlər tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması və həmin dalan yolunun iddiaçının əsas yola çıxışını təmin edən ümumi istifadədə olan yol kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,0277 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və bununla bağlı qeyd Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda **********40 nömrə ilə aparılmışdır (reyestrdən çıxarış əlavə olunur). Həmin əmlakın idarə edilməsi və lazımi işlərin görülməsi (tikinti, təmir işləri və s.) məqsədilə iddiaçı öz yaxın qohumu X5 müvafiq etibarnamə vermiş və orada işlərin görülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edirlər ki, iddiaçıya məxsus torpaq sahəsi qonşunun həyətindən alındığından həmin torpaq sahəsindən yeganə çıxış yolu olaraq hazırda cavabdehlər X7 və Cavabdeh2 tərəfindən zəbt edilmiş dalan yolu vardır ki, həmin dalan yoluna da qapının açılmasına cavabdehlər imkan vermirlər. Bu azmış kimi cavabdehlər daha da irəli gedərək qeyd olunan ünvanın qarşısı ilə keçən qaz xəttinin yerinin dəyişdirilməsi və qaz sayğacının quraşdırılmasına imkan verməmişlər. Daha sonra cavabdehlər dalanın sonunda yerləşən darvazalarını yerindən çıxarmış, bir tərəfi iddiaçıya məxsus əmlaka aid divarda olmaqla dalanın tam girişində qanunsuz olaraq sütunlar tikmiş və dalanın sonunda olan darvazanın yerini dəyişdirərək həmin sütunlara yerləşdirmişlər və bununla da həmin dalan yoluna girişi, digər bir ifadə ilə iddiaçının öz mülkiyyətinə daxil olmağın yeganə yolunu da kəsmişlər. Bu qanunsuz hərəkətləri ilə cavabdehlər nəinki iddiaçının ona məxsus əmlaka giriş üçün qapı açmasına imkan verməmiş, artıq həm də həmin əmlakın divarına belə yaxınlaşmaya imkan vermirlər. Hazırda iddiaçı heç bir şəkildə özünün xüsusi mülkiyyətində olan əraziyə daxil ola bilmir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin divarının dibində sıravi şəkildə şam ağacları əkmişlər ki, bu da əlavə süni maneə olaraq sonradan yaradılmışdır (fotoşəkillər əlavə olunur). Məsələ burasındadır ki, cavabdeh X7 həmin dalanın onların mülkiyyətində olduğunu və iddiaçıya məxsus divarın onun tərəfindən tikildiyini iddia edir və bu səbəbdən də həmin yerdə iddiaçı tərəfindən hərhansı işlərin görülməsinə imkan verməyəcəyini bildirir. Qeyd olunanlar Xəzər RPİ-nin 1ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elgün Zülfüqarov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda göstərilmişdir (qərarın surəti əlavə olunur). Belə ki, cavabdeh Ramin Məmmədov araşdırma üzrə verdiyi izahatında iddiaçının nümayəndəsi olan Murad Kosayevə ona məxsus torpaq sahəsinə və onun tərəfindən tikilmiş hasarı uçurdaraq giriş qapısı tikdirməyə icazə verməyəcəyini bildirdiyini göstərmişdir. Qeyd olunduğu kimi, cavabdehlərin, xüsusən də cavabdeh X4 qanunsuz hərəkətləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilmiş və müvafiq araşdırma aparılmış, mübahisənin mülki xarakterli mübahisə olunması qənaətinə gəlinərək Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elgün Zülfüqarov tərəfindən adıçəkilən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Hesab edir ki, cavabdehlər heç bir əsas və sübut olmadan dalanın onlara məxsus olduğunu iddia edir, qanunsuz olaraq oranı zəbt edərək girişinə darvaza qoyur, bu hərəkətləri ilə iddiaçının mülkiyyətinə sahiblik və istifadə imkanlarından məhrum edirlər. Bu hal qəbul edilməzdir, iddiaçının xüsusi mülkiyyətində olan əmlakına giriş-çıxış və əmlakdan sərbəst istifadə və sahiblik imkanları bərpa edilməlidir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən sahəsi 0,0277 ha torpaq sahəsinə gediş-gəliş yolu olan dalan cavabdehlər tərəfindən qanunsuz olaraq aparılmış tikintinin onların öz hesabına sökülməsi, dalan yolunun iddiaçının torpaq sahəsi ilə olan sərhədində cavabdehlər tərəfindən süni maneə olaraq əkilən ağacların cavabdehlərin hesabına götürülməsi və onlar tərəfindən yaradılan bu kimi digər maneələrin aradan qaldırılması, dalan yolundan iddiaçının istifadəsinə cavabdehlər tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması və maneələr aradan qaldırılmaqla həmin dalan yoluna iddiçının həmin dalan yoluna çıxışının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 18 iyun 2025-ci il tarixli e-2(003)- 1283/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən sahəsi 0,0277 ha torpaq sahəsinə gediş-gəliş yolu olan dalan Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq aparılmış tikinti onların öz hesabına sökülməsi, dalan yolunun İddiaçı torpaq sahəsi ilə olan sərhədində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən əkilən ağacların darvazanın yerinə düşən hissəsində cavabdehlərin hesabına götürülməsi və onlar tərəfindən yaradılan bu kimi digər maneələrin aradan qaldırılması, dalan yolundan İddiaçı istifadəsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması və maneələr aradan qaldırılmaqla İddiaçı həmin dalan yoluna çıxışı təmin edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbindən və təqdim olunmuş sübutlardan aydın olur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışı təmin edən dalan yoluna süni maneələr yaradılmış, o cümlədən həmin dalanın girişində qanunsuz tikinti işləri aparılmış, darvaza köçürülmüş, habelə iddiaçının torpağına giriş hissəsində ağaclar əkilərək faktiki zəbt və maneələr həyata keçirilmişdir. Bu hərəkətlər nəticəsində iddiaçının mülkiyyətinə sərbəst daxil olmaq hüququ pozulmuş, onun əmlakdan istifadə və sərəncam vermə hüquqları əngəllənmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən dalan yolunun girişində mişar daşından dayaqlar inşa edilmiş, əvvəlki dəmir darvaza yerindən çıxarılaraq yeni yerdə yerləşdirilmiş, bu da dalanın faktiki bölünməsi və bir hissəsinin zəbt olunması ilə nəticələnmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin X11 ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli aktı və xx.xx.2025-ci il tarixli yerində baxış protokolu ilə bu hallar təsbit edilmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin X11 ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli aktında və xx.xx.2025-ci il tarixli yerində baxış protokolunda bu hallar təsbit olunmuş, cavabdehlərə dalanın əvvəlki vəziyyətinə qaytarılması barədə tövsiyə və xəbərdarlıq olunmuş, lakin indiyədək bu göstərişlər yerinə yetirilməmişdir. Həmin aktlardan göründüyü kimi, cavabdehlər tərəfindən 0.008 ha torpaq sahəsi zəbt olunmuş, bu sahənin zəbt olunması nəticəsində dalan yolu faktiki olaraq bölünərək, bir hissəsi cavabdehlərin fərdi istifadəsinə yönləndirilmişdir. Zəbt olunmuş torpaq sahəsinə dair cavabdehlər tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Bu hal, Torpaq Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə zidd olmaqla, qanunsuz torpaq istifadəçiliyi və icazəsiz tikinti hesab olunur. İş materialları və icra hakimiyyəti orqanlarının mövqeyindən də göründüyü kimi, iddiaçının mülkiyyətinə alternativ çıxış imkanı mövcud deyil, yeganə real çıxış məhz mübahisəli dalan yolu vasitəsilə mümkündür. Həmçinin cavabdehlərin iddiaçının torpaq sahəsinə qaz xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması üçün lazımi texniki işlərin görülməsinə də maneçilik törətdiyi, bu isə iddiaçının mülkiyyətində olan əmlakdan normal istifadə hüququnun pozulmasına səbəb olduğu sübut edilmişdir. Eyni zamanda, cavabdehlərin iddiaçının torpaq sahəsi ilə sərhəddə olan dalan yolunda ağaclar əkərək süni formada əlavə maneələr yaratması mülki hüquq münasibətləri kontekstində mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cavabdehlər tərəfindən bir sıra şam ağacları əkilmiş, lakin onların hamısı deyil, yalnız darvazanın əvvəlki yerində olan hissədə əkilmiş ağaclar iddiaçının əmlakına fiziki çıxış imkanlarını faktiki olaraq əngəlləmişdir. Bu səbəbdən, yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə bilavasitə maneə yaradan ağacların-yəni darvazanın qoyulacaq yerinə düşən hissədə yerləşən ağacların cavabdehlərin hesabına götürülməsi məqsədə müvafiq hesab edilməlidir. Qalan ağacların yerində saxlanılması, onların funksional və hüquqi baxımdan mülkiyyət hüququnun həyata keçirilməsinə əngəl törətmədiyindən, mümkün və hüquqi baxımdan məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, cavabdehlərin hərəkətləri qanunsuzdur, iddiaçının mülkiyyət hüququ pozulmuşdur və bu hüququn bərpası üçün iddianın təmin olunması qanuna uyğundur. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən dalan yolu mülkiyyətində olan torpaq sahəsi ilə birlikdə onlara məxsus olub, sahibliyindədir. 40 ildir ki həmin dalandan sərbəst istifadə edir və bu günə qədər həmin sahədən istifadəyə heç kim tərəfindən maneə törədilməyib. Yaşadıqları torpaq sahəsinə mülkiyyət hüququ qanuni sənədlərlə təsdiq olunur. Həmin torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bu fakt 12 fevral 2023-cü il tarixli 4Ə/1-31 saylı alqı-satqı müqaviləsi və “Torpağın mülkiyyətə verilməsinə dair” 00304016 kodlu Şəhadətnamə ilə təsdiq olunur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi qəbul etdiyi əsassız qətnamə ilə mülkiyyət hüquqlarının açıq-aşkar qəsd etmişdir. Həmçinin İddiaçı həmin ərazidən heç bir keçidi olmayıb. Həmin dalan ərazisi tərəflərindən abadlaşdırılmışdır. Hətta iddiaçıya məxsus divar da tərəflərindən tikilmiş, rənglənmişdir. Bu dalan yoluna ən keyfiyyətli məhsullardan istifadə etməklə asfalt belə çəkilmişdir. Bütün bu abadlaşdırma işləri yüksək xərclər əsasında həyata keçirilib. Qətnamədə qeyd olunmuşdur ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin divarının dibində şam ağacları əkməklə süni maneələr yaratmışlar. Əsl həqiqətdə isə həmin divar cavabdehlər tərəfindən tikilmiş və şam ağacları da dalan yolunu daha da gözəlləşdirmək və xoş bir görüntü yaratmaq üçün əkilmişdir. Çünki cavabdehlər öz istifadələrində olan ərazilərin abad və gözəl görünməsinə xüsusi diqqət yetirirlər. Həmin dalan yolunda onlara məxsus çirkli su anbarı da mövcuddur. Həmin su anbarı onun pul vəsaiti hesabına onların sahibliyində olan dalan yolunda tikilmişdir. Mübahisələndirilən ərazi həmişə onların istifadəsində olub. Qətnamədə X11 ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən inşa edilmiş darvazanın yerinə qaytarılması barədə xəbərdarlığın edildiyi qeyd edilsə də, onlara belə bir xəbərdarlıq edilməmişdir. Əksinə bu əraziyə baxış keçirmək üçün gələn hər kəs həmin dalan yolunun da onlara məxsus olduğunu bir daha təsdiq etmişdir. İddiaçı Bəhəddin qızı özünə məxsus torpaq sahəsini alarkən darvazanın onun alacağı torpaq sahəsinin qarşısında olduğunu görmüşdür. Lakin bu fakt onun üçün heç bir problem təşkil etməmiş və etirazını bildirməmişdir. Birdən birə belə bir iddia ilə məhkəmədə çıxış etməsi çox maraqlıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi bu faktları hərtərəfli araşdırmadan və nəzərə almadan iddiaçının xeyrinə qətnamə qəbul etmiş və onlara məxsus dalan yolundan istifadə hüquqlarına maneçilik törətmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 152.3-cü maddəsinə əsasən, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Torpaq Məcəlləsi: 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli çıxarışın sürətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının X11 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaşlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən 5-ci Qala küçəsində yaşadıqları fərdi yaşayış evinə quraşdırılmış mövcud dəmir darvazanın yerini dəyişərək 0.008 ha torpaq sahəsini öz həyətyanı torpaq sahəsinə qatmışdılar. Vətəndaşların qanunsuz əməlləri barədə tərəflərindən xx.xx.2024-cü il tarixində akt tərtib olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. İş materiallarında olan sözügedən aktın sürətindən görünür ki, X11 ərazi dairəsi üzrə nümayəndəsi Cəlil Mirzəyev, X11 ərazi dairəsi üzrə nümyəndəliyinin müavini Həmzə Mustafayev və X11 ərazi dairəsi üzrə nümyəndəliyinin baş məsləhətçisi Azər Zeynalov və sahə inspektoru Pərviz Aslanov bu aktı tərtib etmişlər ondan ötəri ki, yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı Qala qəsəbəsi, 5-ci Qala küçəsində (39T 425557E 4481078ƏN koordinatlarında) Cavabdeh2 və onun oğlu Cavabdeh1 tərəfindən yaşadıqları fərdi yaşayış evinə quraşdırılmış mövcud darvazanın yerini dəyişməklə 0.008 ha torpaq sahəsini öz həyətyanı torpaq sahəsinə qatmışlar. Araşdırma zamanı vətəndaş tərəfindən 0.008 ha torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədlər təqdim etmədiyindən, zəbt etdiyi torpaq sahəsində quraşdırdığı darvazanın əvvəlki yerinə qaytarılması vətəndaşa tövsiyyə edilmiş və həmçinin tikintini davam etdirəcəyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada barəsində daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli yerli müayinə protokolundan görünür ki, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının X11 ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi X2 bildirmişdir ki, mübahisəli torpaq sahəsi dalandır. Cavabdehlərin darvazaları əvvəllər özlərinə məxsus torpaq sahəsində yerləşmişdir. Hazırda həmin darvazanın yerləşdiyi mişar daşından olan dayaqları qalmışdır. Bu hal müşahidə olunur. Cavabdehlər darvazalarının yerini dəyişdirərək dalanı ortada iki hissəyə ayıraraq bir hissəsini zəbt etmişlər. Dalanın bir hissəsinin cavabdehlər tərəfindən zəbt olunması onlar tərəfindən əvvəllər müəyyən edilmiş və bu barədə müvafiq aktda tərtib edilmişdir. Həmçinin onlar tərəfindən inşa edilmiş yeni darvazanın yerinə qaytarılması və zəbt edilmiş dalanın əvvəlki vəziyyətinə qaytarılması barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Lakın hal-hazıradək cavabdehlər tərəfindən hər hansı bir tədbir görülməmişdir. Beləliklə iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0277 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı bildirir ki, cavabdehlər heç bir əsas və sübut olmadan dalanın onlara məxsus olduğunu iddia edir, qanunsuz olaraq oranı zəbt edərək girişinə darvaza qoyur, bu hərəkətləri ilə iddiaçının mülkiyyətinə sahiblik və istifadə imkanlarından məhrum edirlər. Bu hal qəbul edilməzdir, iddiaçının xüsusi mülkiyyətində olan əmlakına giriş-çıxış və əmlakdan sərbəst istifadə və sahiblik imkanları bərpa edilməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, əvvəla şikayət müəllifi torpaq sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsini göstərsə də, iş materiallarından görünür ki, apellyasiya şikayətini Cavabdeh2 verməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışı təmin edən dalan yoluna süni maneələr yaradılmış, o cümlədən həmin dalanın girişində qanunsuz tikinti işləri aparılmış, darvaza köçürülmüş, habelə iddiaçının torpağına giriş hissəsində ağaclar əkilərək faktiki zəbt və maneələr həyata keçirilmişdir. Bu hərəkətlər nəticəsində iddiaçının mülkiyyətinə sərbəst daxil olmaq hüququ pozulmuş, onun əmlakdan istifadə və sərəncam vermə hüquqları əngəllənmişdir. Belə ki, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehlər tərəfindən dalan yolunun girişində mişar daşından dayaqlar inşa edilmiş, əvvəlki dəmir darvaza yerindən çıxarılaraq yeni yerdə yerləşdirilmiş, bu da dalanın faktiki bölünməsi və bir hissəsinin zəbt olunması ilə nəticələnmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin X11 ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli aktı və xx.xx.2025-ci il tarixli yerində baxış protokolu ilə bu hallar təsbit edilmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin X11 ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli aktında və xx.xx.2025-ci il tarixli yerində baxış protokolunda bu hallar təsbit olunmuş, cavabdehlərə dalanın əvvəlki vəziyyətinə qaytarılması barədə tövsiyə və xəbərdarlıq olunmuş, lakin indiyədək bu göstərişlər yerinə yetirilməmişdir. Bununla yanaşı həmin aktlardan göründüyü kimi, cavabdehlər tərəfindən 0.008 ha torpaq sahəsi zəbt olunmuş, bu sahənin zəbt olunması nəticəsində dalan yolu faktiki olaraq bölünərək, bir hissəsi cavabdehlərin fərdi istifadəsinə yönləndirilmişdir. Zəbt olunmuş torpaq sahəsinə dair cavabdehlər tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Bu hal, Torpaq Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə zidd olmaqla, qanunsuz torpaq istifadəçiliyi və icazəsiz tikinti hesab olunur. Digər tərəfdən iş materiallarından da göründüyü kimi, iddiaçının mülkiyyətinə alternativ çıxış imkanı mövcud deyil, yeganə real çıxış məhz mübahisəli dalan yolu vasitəsilə mümkündür. Həmçinin cavabdehlər tərəfindən bir sıra şam ağacları əkilmiş, lakin onların hamısı deyil, yalnız darvazanın əvvəlki yerində olan hissədə əkilmiş ağaclar iddiaçının əmlakına fiziki çıxış imkanlarını faktiki olaraq əngəlləmişdir. Apellyasiya şikayətində isə cavabdeh tərəf mübahisələndirilən dalan yolunun mülkiyyətində olan torpaq sahəsi ilə birlikdə onlara məxsus olmasını bildirsə də, bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Əksinə işin araşdırılmış halları ilə dalan yolunun mülkiyyətində olan torpaq sahəsi ilə birlikdə cavabdeh tərəfə məxsus olması təsdiqini tapmamışdır. Bundan başqa cavabdeh apellyasiya şikayətində 12 fevral 2023-cü il tarixli 4Ə/1- 31 saylı alqı-satqı müqaviləsi və “Torpağın mülkiyyətə verilməsinə dair” 00304016 kodlu Şəhadətnaməyə istinad etsə də, həmin sənədlər məhz iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinə aid olmamışdır. Göründüyü kimi cavabdehlərin hərəkətləri qanunsuz olmuş və iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsində düzgün nəticəyə gəlmişdir. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 18 iyun 2025-ci il tarixli e-2(003)- 1283/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar