Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-531/2024 06.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Açar sözlər:(Borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) X7 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(011)-225/2023 saylı qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə İddiaçı arasında İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən evə dair daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. 2.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 30 oktyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3.X6 adına olan **********01710 saylı abonent saldosından görünür ki, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən evə görə oktyabr 2021-ci il üçün 4961 kub.m qaz sərfiyyatı üzrə 1240,25 manat, noyabr 2021-ci il üçün 19198 kub.m qaz sərfiyyatı üzrə 4799,50 manat, dekabr 2021-ci il üçün 25315 kub.m qaz sərfiyyatı üzrə 6328,75 manat, yanvar 2022-ci il üçün 17325 kub.m qaz sərfiyyatı üzrə 1618,08 manat borc qeyd olunmuşdur.
4. 31 yanvar 2022-ci il tarixli akta əsasən Cavabdeh İB-nin Təmir tikinti idarəsinin nümayəndələri tərəfindən qaz sayğacı Dövlət yoxlamasından keçirilməsi məqsədi ilə açıldığına görə sərf olunan təbii qazın həcmi normativə uyğun olaraq 3841kub.m olmaqla 960,25 manat müəyyən edilmişdir. 5.İş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, X2 (keçmiş mülkiyyətçi) 2022-ci il yanvar ayı üçün 16418,25 manat borcu vardır.
a)Birinci instansiya məhkəməsində icraat
6.İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********01710) qazdan istifadəyə görə əsassız olaraq hesablanmış 14000 manat və tərtib olunmuş akt üzrə hesablanmış 960 manat 25 qəpik, ümumi 14960 manat 25 qəpik məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə o, X4 İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, ümumi sahəsi 376,7 kv.m olan fərdi yaşayış evini AN-1 № ******* saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən almışdır. Həmin evə xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. Lakin göstərilənlərə baxmayaraq Cavabdeh ilə qazın təchiz edilməsi barədə müqavilə dəyişdirilməmiş (Abonent kodu: **********01710) və hazırda evin keçmiş sahibi X6 adınadır. Ancaq həmin evdən 2020-ci ilin dekabr ayından faktiki olaraq özü və ailə üzvləri istifadə edirlər. Cavabdeh tərəfindən tərtib olunan **********01710 nömrəli abonent kodunun saldosunda 2022-ci ilin yanvar ayının sonuna 16418,25 manat borc göstərilmişdir. O, hesab edir ki, həmin borc əsassız olaraq qeyd edilmişdir. Belə ki, qeyd edilən abonentin saldosunun “sərfin məbləği” qrafasından görünür ki, 2020-ci ilin dekabr ayında 1148,90 manat, 2021-ci ilin yanvar ayında 402,80 manat, fevral ayında 687,40 manat, mart ayında 773,20 manat, aprel ayında 187,20 manat, may ayında 196,40 manat, iyun ayında 75,80 manat, iyul ayında 126,50 manat, avqust ayında 130,75 manat, sentyabr ayında 39,50 manat, ümumi 3768,45 manat dəyərində qaz istifadə edilmişdir. Yəni 10 ay ərzində (o cümlədən 3 qış ayı - 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar, fevral) qeyd edilən evdə 3768,45 manatlıq qaz istifadə edilmiş və 2021-ci ilin oktyabr ayının əvvəlinə Cavabdeh qarşısında borc cəmi 39,50 manat təşkil etmişdir. Lakin sonradan 2021-ci ilin oktyabr ayında 1240,25 manat, noyabr ayında 4799,50 manat, dekabr ayında 6328,75 manat, 2022-ci ilin yanvar ayında 1618,08 manat və yeni tarifə keçidlə 1531,90 manat dəyərində qazın istifadə edildiyi göstərilmişdir. Həmçinin akt tərtib edilərək 960,25 manat cərimə borcu hesablanmışdır. Ümumi olaraq saldoda 2022-ci ilin yanvar ayının sonuna 16418,25 manat borc göstərilmişdir. Hədsiz çox şişirdilmiş bir rəqəm. Qeyd edilən borcun necə hesablanması, hansı əsasla yaranması və göstərilməsi məlum deyil. Saldodan görünür ki, 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar, fevral aylarında orta hesabla təxminən 746 manat dəyərində qaz istifadə edilmişdir. Ancaq 2021-ci ilin noyabr, dekabr və 2022-ci ilin yanvar aylarında orta hesabla təxminən 4122 manat dəyərində qaz istifadə edilmişdir. Abonentin saldosuna baxarkən məlum olur ki, qeyd edilən vaxtlarda cihazlarda eyni olmuşdur. Belə çıxır ki, həmin evdə eyni cihazlarla, eyni mövsümdə az qala 6 dəfə çox qaz istifadə edilmişdir. Bundan başqa saldodan görünür ki, akt əsasında 960,25 manat cərimə yazılmışdır. Bu aktdan məlumatları yoxdur, akt onlara təqdim edilməmiş, hansı əsasla cərimə tətbiq edilməsi məlum deyildir. 8.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 sentyabr 2023-cü il tarixli, 2(011)-225/2023 saylı qətnaməsi ilə (sədrlik edən-İlahə Abbasova) iddia təmin edilərək, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, ümumi sahəsi 376,7 kv.m olan fərdi yaşayış evi ilə bağlı qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********01710 olan) hesablanmış 14960,25 manat məbləğində borcu silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir. 9.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2036 nömrəli, 02 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İsmayıllı rayonu, Zeyvə kəndində İddiaçı məxsus fərdi yaşayış evinə ekspertin və tərəflərin iştirakı ilə baxış keçirilən zaman təbii qazın verilişi Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğacsız olaraq birbaşa qoşulmaqla təmin edildiyinə görə, eksperiment aparılaraq fərdi yaşayış evində və həyətyanı sahədə yerləşən qazanxanada quraşdırılmış qaz cihazlarını işə qoşub konkret olaraq onların saatlıq təbii qazın sərfiyyatını müəyyən etmək mümkün olmadı. Fərdi yaşayış evinin qazanxanasında quraşdırılmış qazan tipli su qızdırıcısının üzərində olan texniki göstəriciləri tablosunda qazanın gücünün 232 KW olduğunu nəzərə aldıqda, 232 KW-ı m3 /saata çevirdikdə, 232 KW=21.991 m3 /saat alınır. Bununla da, nəzəri olaraq hesabladıqda qazan tipli su qızdırıcısı işlədikdə yuvarlaq olaraq 22 m3 təbii qazın sərf etdiyi müəyyən edilir. Qazan tipli su qızdırıcısının saatlıq qaz sərfi 22 m3 /saat olduğunu və 02 ədəd PQ-2 tipli qaz plitəsinin, onlardan hər birinin saatlıq qaz sərfinin 0.4 m3 /saat olduğunu nəzərə aldıqda, İsmayıllı rayonu, Zeyvə kəndində İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən qazanxanada quraşdırılmış qazan tipli su qızdırıcısının və fərdi yaşayış evində quraşdırılmış 02 ədəd PQ-2 tipli qaz plitəsinin işlək vəziyyətində həmin fərdi yaşayış evində saatlıq təbii qazın sərfiyyatı 0.4x2+22=22.8 m3 /saat təşkil edir. Tərəflərin iştirakı ilə fərdi yaşayış evinə baxış keçirilən zaman qərardadda göstərilən 01 ədəd “AQV-80” markalı su qızdırıcısı aşkar edilmədiyinə və vəsatətdə istənilən qaz cihazlarının texniki pasportları təqdim edilmədiyinə görə, həmin qaz cihazının saatlıq qaz sərfiyyatının hesablanması ilə bağlı tədqiqatın aparılması mümkün olmadı. Fərdi yaşayış evində istifadə edilmiş “AQV-80” markalı su qızdırıcısının saatlıq qaz sərfiyyatının müəyyən edilməsi üçün onun texniki pasportu təqdim edildikdən və fərdi yaşayış evində quraşdırılmış 02 ədəd PQ-2 tipli qaz plitəsinin, “AQV-80” markalı su qızdırıcısının, eləcə də həyətyanı sahədə yerləşən qazanxanada quraşdırılmış qazan tipli su qızdırıcısının gündəlik istifadə rejimini müəyyən edildikdən sonra, konkret olaraq qərardadda göstərilən aylarda fərdi yaşayış evində istifadə edilmiş təbii qazın sərfiyyatı müəyyən edilə bilər. 10.Məhkəmə iddianın təmin edilməsi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2022-ci il tarixli, ******* saylı aktın surətində “sayğacda minimal sərfiyyatda xəta normaya uyğun deyil və təbii qaz itkisi yaranmışdır” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 2074.59 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 310/2036 nömrəli, 02 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İsmayıllı rayonu, Zeyvə kəndində İddiaçı məxsus fərdi yaşayış evinə ekspertin və tərəflərin iştirakı ilə baxış keçirilən zaman təbii qazın verilişi Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğacsız olaraq birbaşa qoşulmaqla təmin edildiyinə görə, eksperiment aparılaraq fərdi yaşayış evində və həyətyanı sahədə yerləşən qazanxanada quraşdırılmış qaz cihazlarını işə qoşub konkret olaraq onların saatlıq təbii qazın sərfiyyatını müəyyən etmək mümkün olmadı. Fərdi yaşayış evinin qazanxanasında quraşdırılmış qazan tipli su qızdırıcısının üzərində olan texniki göstəriciləri tablosunda qazanın gücünün 232 KW olduğunu nəzərə aldıqda, 232 KW-ı m3 /saata çevirdikdə, 232 KW=21.991 m3 /saat alınır. Bununla da, nəzəri olaraq hesabladıqda qazan tipli su qızdırıcısı işlədikdə yuvarlaq olaraq 22 m3 təbii qazın sərf etdiyi müəyyən edilir. Qazan tipli su qızdırıcısının saatlıq qaz sərfi 22 m3 /saat olduğunu və 02 ədəd PQ-2 tipli qaz plitəsinin, onlardan hər birinin saatlıq qaz sərfinin 0.4 m3 /saat olduğunu nəzərə aldıqda, İsmayıllı rayonu, Zeyvə kəndində İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən qazanxanada quraşdırılmış qazan tipli su qızdırıcısının və fərdi yaşayış evində quraşdırılmış 02 ədəd PQ-2 tipli qaz plitəsinin işlək vəziyyətində həmin fərdi yaşayış evində saatlıq təbii qazın sərfiyyatı 0.4x2+22=22.8 m3 /saat təşkil edir. Tərəflərin iştirakı ilə fərdi yaşayış evinə baxış keçirilən zaman qərardadda göstərilən 01 ədəd “AQV-80” markalı su qızdırıcısı aşkar edilmədiyinə və vəsatətdə istənilən qaz cihazlarının texniki pasportları təqdim edilmədiyinə görə, həmin qaz cihazının saatlıq qaz sərfiyyatının hesablanması ilə bağlı tədqiqatın aparılması mümkün olmadı. Fərdi yaşayış evində istifadə edilmiş “AQV-80” markalı su qızdırıcısının saatlıq qaz sərfiyyatının müəyyən edilməsi üçün onun texniki pasportu təqdim edildikdən və fərdi yaşayış evində quraşdırılmış 02 ədəd PQ-2 tipli qaz plitəsinin, “AQV-80” markalı su qızdırıcısının, eləcə də həyətyanı sahədə yerləşən qazanxanada quraşdırılmış qazan tipli su qızdırıcısının gündəlik istifadə rejimini müəyyən edildikdən sonra, konkret olaraq qərardadda göstərilən aylarda fərdi yaşayış evində istifadə edilmiş təbii qazın sərfiyyatı müəyyən edilə bilər. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3 və 18-ci; “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 81, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12.Qətnamədən iddiaçı Cavabdeh İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, İddiaçı iddia tələbinin təmin edilməməsinə və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi ünvan üzrə onun abonent bazasından çıxarılmış abonent saldosuna baxdıqda açıq aydın görünür ki, iddiaçı aylar üzrə istifadə etdiyi təbii qazın dəyərini tam ödəməmişdir. Belə ki, həmin ünvanda təbii qazdan mütəmadi istifadəyə 2020-ci ilin dekabr ayından başlamışdır. Həmin ay iddiaçı 1148,90 qəpik dəyərində təbii qazdan istifadə etməsinə baxmayaraq cəmi 346 manat məbləğində ödəniş etmişdir. 2021-ci ilin 12 ayı ərzində iddiaçının mənzilində ümumilikdə 14988,05 manat dəyərində təbii qazdan istifadə edilmiş, lakin bunun qarşılığında cəmi 3739,45 manat ödəniş edilmişdir. Elə təkcə 2021-ci il ərzində iddiaçının mənzilində istifadə edilmiş təbii qaza görə 11248,06 manat borcu yaranmışdır. Bundan başqa 2022-ci ilin yanvar ayında mənzildə 1618,08 manat məbləğində təbii qazdan istifadə edilmiş, lakin heç bir ödəniş edilməmişdir. Həmin ay iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, mənzilə təbii qazın verilişi sayğacsız, normativə uyğun aparılmışdır. 2022-ci ilin yanvar ayında iddiaçının hesabına 1618,08 manat məbləğində sayğac hesabı ilə, 960,25 manat isə sayğacsız istifadəyə görə hesabat aparılmışdır. 2022-ci ilin fevral ayında isə tam sayğacsız hesabat aparılaraq iddiaçıya 420 manat məbləğində sərfiyyat hesablanmışdır. 2022-ci ilin aprel ayında iddiaçıya sayğacsız istifadəyə görə 915 manat məbləğində hesabat aparılmışdır. İddiaçı mənzilindən açılmış qaz sayğacı açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmiş, sayğaca heç bir müdaxilə edilmədiyindən ona görə heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır. İddiaçı Cavabdeh Ağsu X10 İdarəsinin İsmayıllı Xidmət Sahəsinə borclu olduğu məbləğ onun mənzilində istifadə edilmiş təbii qazın real dəyəridir və iddiaçının özü tərəfindən ödənilməlidir. İddiaçı mənzilində istifadə edilmiş təbii qazın dəyərini aylıq olaraq tam ödəmədiyi **********01710 nömrəli abonent saldosundan da görünür. İstehlakçı hazırkı vəziyyətdə ona aylıq hesablanmış qaz sərfinin dəyərini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçı hazırda mübahisələndirdiyi aylıq sərfiyyat üzrə aparılmış hesabata əsasən hesablanmış borcu ödəməmiş və birinci instansiya məhkəməsi qeyd olunan məqamdan sadə bir araşdırmaya ehtiyac duymadığından yayınmışdır.Təqdim edilmiş sənədlər, etiraz, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğinin yalnız dəyəri ödənilməmiş aylıq sərfiyyata əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühim əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15.Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçıya oktyabr 2021-yanvar 2022-ci illər üzrə borc sayğac göstəricilərinə əsasən yazılmışdır. Həmin müddətlər üzrə borc cəmi 13986,58 manat təşkil edir. 31 yanvar 2022-ci il tarixli akta əsasən Cavabdeh İB-nin Təmir tikinti idarəsinin nümayəndələri tərəfindən qaz sayğacı Dövlət yoxlamasından keçirilməsi məqsədi ilə açıldığına görə sərf olunan təbii qazın həcmi normativə uyğun olaraq 3841 kub.m olmaqla 960,25 manat müəyyən edilmişdir. 16.İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası: 17.Maddə 72.Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 18.Madə 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 19.Maddə 18.İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: -18.0.1.İstehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik,ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini. 20.Maddə 26.İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymişmənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 21.Maddə 11.6.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın:
22. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
23. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
24. xx.xx.2023-cü il tarixədək qüvvədə olan 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
25. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
26. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: -3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; -3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək;
27. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
28. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
29. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Maddə 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 32.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 33.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 34.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 35.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. 39.Belə ki, iş materialları ilə müəyyən olunur ki, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən ev 09 oktyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında X9 tərəfindən İddiaçı satılmış, sonuncu xx.xx.2020-ci il tarixdən həmin evin mülkiyyətçisidir. Qeyd olunan evin sahəsi 376,70 kv.m olmaqla xüsusi mülkiyyətdədir. Evin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir. 40.Kollegiya qeyd edir ki, hazırda həmin evin mülkiyyətçisi İddiaçı evdən 2020-ci ilin dekabr ayından faktiki olaraq özü və ailə üzvlərinin istifadə etdiyini, hesablanmış borcun şişirdildiyini, hansı əsasla və hesablama qaydası ilə hesablanmasının məlum olmamasını bildirərək borcun silinməsini xahiş edir. 41.İddiaçı iddia tələbində oktyabr 2021-yanvar 2022-ci illər üzrə qaz sərfiyyatının düzgün qeyd olunmadığını, onun orta hesabla 4122 manat qaz istifadə etməsinə, həmçinin akt üzrə ona 960,25 manat borcun düzgün yazılmadığına istinad etmişdir. 42.Cavabdeh tərəf isə həmin sərfiyyatın sayğac göstəricilərinə əsasən aparılmasını, sayğacın yoxlamadan keçirilməsini, sayğacda mexaniki hissənin işlək vəziyyətdə olmasını, ciddi qüsurların olmadığını bildirmişdir. 43.X6 adına olan **********01710 saylı abonent saldosından görünür ki, İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən evə görə oktyabr 2021-ci il üçün 4961 kub.m qaz sərfiyyatı üzrə 1240,25 manat, noyabr 2021-ci il üçün 19198 kub.m qaz sərfiyyatı üzrə 4799,50 manat, dekabr 2021-ci il üçün 25315 kub.m qaz sərfiyyatı üzrə 6328,75 manat, yanvar 2022-ci il üçün 17325 kub.m qaz sərfiyyatı üzrə 1618,08 manat, cəmi 13986,58 manat borc qeyd olunmuşdur.
44. 31 yanvar 2022-ci il tarixli akta əsasən Cavabdeh İB-nin Təmir tikinti idarəsinin nümayəndələri tərəfindən qaz sayğacı Dövlət yoxlamasından keçirilməsi məqsədi ilə açıldığına görə sərf olunan təbii qazın həcmi normativə uyğun olaraq 3841kub.m olmaqla 960,25 manat müəyyən edilmişdir. 45.Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, X2 (keçmiş mülkiyyətçi) adına olan 2022-ci il yanvar ayı üçün 16418,25 manat borcu vardır. 46.Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə kompleks məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü tarixli, № 9/464-10/536 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir: Məhkəmə tikinti-texniki ekspertizası üzrə. 1.İddiaçı məxsus İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən yaşayış evində olan 01 ədəd su qızdırıcı qazanın 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayında, ümumilikdə 123 gün ərzində saatlıq qaz sərfiyyatı 22 m3 olmaqla gündəlik 18 saat iş rejimində onun qaz sərfiyyatı 48708 m3 müəyyən edilir. 2.İddiaçı məxsus İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən yaşayış evində olan 02 ədəd PQ-4 tipli qaz plitəsinin 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayında, ümumilikdə 123 gün ərzində saatlıq qaz sərfiyyatı 0,8 m3 olmaqla gündəlik 04 saat iş rejimində onun qaz sərfiyyatı 393,6 m3 müəyyən edilir.
3. İddiaçı məxsus İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən yaşayış evində olan “AVQ-80” tipli su qızdırıcısının texniki parametrləri barədə internetdə axtarış verdikdə bu tipli su qızdırıcısının saatlıq qaz sərfiyyatı 8,7 m3 olması müəyyən edilir. Belə olan halda, göstərilən ünvanda olan “AVQ-80” tipli su qızdırıcısının 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayında, ümumilikdə 123 gün ərzində saatlıq qaz sərfiyyatı 8,7 m3 olmaqla gündəlik 18-saat iş-rejimində onun qaz sərfiyyatı 19261,8 m3 müəyyən edilir. Məhkəmə mühasibatlıq ekspertizası üzrə: 1.İddiaçı məxsus İsmayıllı rayonu, Zeyvə kənində yerləşən fərdi yaşayış evində olan 1 ədəd su qızdırıcı qazanının saatlıq 22 kub.m qaz sərfiyyatı nəzərə alınmaqla, 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı üzrə gündəlik 18 saat rejim müəyyən edilməklə məhkəmə mühəndis-texniki ekspertizasının nəticəsinə əsasən istifadə olunmuş qazın ölçüsü 48708 m3 və istifadə olunmuş sərfiyyata görə yaranmış borc 9645,6 manat məbləğində müəyyən edilir, o cümlədən: -1200 m3 x 0,12 = 144 manat; -(48708 m3 - 1200 m3) x 0,20 = 9501,6 manat. 2.İddiaçı məxsus İsmayıllı rayonu, Zeyvə kənində yerləşən fərdi yaşayış evində olan 2 ədəd PQ-2 tipli qaz plitəsinin saatlıq 0,8 kub.m qaz sərfiyyatı nəzərə alınmaqla, 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı üzrə gündəlik 4 saat rejim müəyyən edilməklə, məhkəmə mühəndis-texniki ekspertizasının nəticəsinə əsasən istifadə olunmuş qazın ölçüsü 393,6 m3 və istifadə olunmuş sərfiyyata görə yaranmış borc 47,23 manat məbləğində müəyyən edilir, o cümlədən: - 393,6 m3 x 0,12 = 47,23 manat; 3.İddiaçı məxsus İsmayıllı rayonu, Zeyvə kənində yerləşən fərdi yaşayış evində olan 1 ədəd AVQ- 80 tipli su qızdırıcısının saatlıq qaz sərfiyyatına əsasən 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı üzrə gündəlik 18 saat rejim müəyyən edilməklə, məhkəmə mühəndis-texniki ekspertizasının nəticəsinə əsasən istifadə olunmuş qazın ölçüsü 19261,8 m3 və istifadə olunmuş sərfiyyata görə yaranmış borc 3756,36 manat məbləğində müəyyən edilir, o cümlədən: -1200 m3 x 0,12 = 144 manat; -(19261,8 m3 - 1200 m3) x 0,20 = 3612,36 manat. 47.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və məhkəməmühasibatlıq ekspertizalarının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və məhkəməmühasibatlıq ekspertizalarının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. 48.Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. 49.Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). 50.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təbii qazdan istifadə nəticəsində cavabdeh tərəfindən hesablanmış borc məbləğinin necə hesablanması, hansı əsasla yaranması və göstərilməsi məlum olmadığını qeyd etsə də, ekspert rəyi əsasında borcun hesablanması aparılmışdır. 51.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən maddi və prosessual hüququ normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, buna görə də qətnamə ləğv edilərək, işdə olan sübutlar əsasənda yeni qətnamə qəbul edilməlidir 52.Belə ki, ekspert tədqiqatına əsasən İddiaçı məxsus İsmayıllı rayonu, Zeyvə kənində yerləşən fərdi yaşayış evində olan 1 ədəd su qızdırıcı qazanının saatlıq 22 kub.m qaz sərfiyyatı 18 saat iş rejimində, 2 ədəd PQ-2 tipli qaz plitəsinin saatlıq 0,8 kub.m qaz sərfiyyatı 04 saat iş rejimində nəzərə alınmaqla, 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı üzrə müəyyən edilməklə iddiaçı tərəfindən istifadə edilmiş qaz sərfiyyatına görə yaramış borc məbləği ilə bağlı hesablama nəzərə alınmalıdır. 53.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilərkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2036 nömrəli, 02 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan evdə AVQ-80 tipli su qızdırıcısının olması müəyyən olunmamış, cavabdeh tərəf həqiqətən iddiaçının həmin avadanlıqdan istifadə etməsi ilə bağlı sübutları təqdim etməmişdir. Buna görə də, kollegiya AVQ-80 tipli su qızdırıcısının nəzərə alınmaması qənaətinə gəlir. 54.Apellyasiya mərhələsində əldə edilmiş ekspert rəyindən göründüyü kimi İddiaçı məxsus İsmayıllı rayonu, Zeyvə kənində yerləşən fərdi yaşayış evində olan 1 ədəd su qızdırıcı qazanının saatlıq 22 kub.m qaz sərfiyyatı, gündəlik 18 saat rejimdə 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı üzrə qazdan istifadəyə görə yaranmış borc 9645,6 manat müəyyən olunur. Həmçinin 2 ədəd PQ-2 tipli qaz plitəsinin saatlıq 0,8 kub.m qaz sərfiyyatı, gündəlik 04 saat rejimdə 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı üzrə qazdan istifadəyə görə yaranmış borc 47,23 manat müəyyən olunur. Belə olan halda cəmi borc 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı üzrə 9692,83 manat müəyyən olunur. 55.Saldoya əsasən 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı üzrə cəmi borc məbləği 13986,58 manat müəyyən olunur. 56.Kollegiya hesab edir ki, 2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayları üzrə 13986,58-9692,83=4293,75 manat borc silinməlidir. 57.Həmçinin iş materiallarından olan 31 yanvar 2022-ci il tarixli akta əsasən iddiaçının hesabına 960,25 manat cərimə hesablanmışdır. Kollegiya qeyd edir ki, həmin akt iddiaçının iştirakı ilə tərtib edilməmiş və həmçinin həmin akt ona təqdim edilməmişdir. Bundan əlavə yanvar ayı üzrə iddiaçıya borc hesablandığından, 960,25 manat cərimənin yazılması əsaslı deyildir. Buna görə də, iddia 960,25 manat borcun silinməsi hissəsində əsaslı olduğundan təmin olunmalıdır. 58.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməli 4293,75 manat artıq hesablanmış məbləğ və 31 yanvar 2022-ci il tarixli akta əsasən hesablanmış 960,25 manat cərimə iddiaçının abonent hesabından silinməlidir. 59.Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(011)-225/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnaə qəbul edilməli, iddia qismən təmin edilməli, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, ümumi sahəsi 376,7 kv.m olan fərdi yaşayış evi ilə bağlı qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********01710 olan) hesablanmış 4293,75 manat məbləğində borc və 960,25 manat məbləğində cərimə silinməlidir. 60.Kollegiya hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 202 manatın 70 manatı cavabdehdən, 132 manatı iddiaçıdan tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 61.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(011)-225/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, ümumi sahəsi 376,7 kv.m olan fərdi yaşayış evi ilə bağlı qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********01710 olan) hesablanmış 4293,75 (dörd min iki yüz doxsan üç manat yetmiş beş qəpik) manat məbləğində borc və 960,25 (doqquz yüz altmış manat iyirmi beş qəpik) manat cərimə silinsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 202 (iki yüz iki) manatın 132 (yüz otuz iki) manatı İddiaçı, 70 (yetmiş) manatı Cavabdeh İB-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov