Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5311/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı “İddiaçı Lizinq Şirkəti” QSC-nin (hazırda “xxxxxxxxxxxx” MMC) nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı “İddiaçı Lizinq Şirkəti” QSC-nin (hazırda “xxxxxxxxxxxx” MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı Lizinq Şirkəti” QSC, onunla bağlanmış xx.xx.2010-cu il tarixli, 948/5xx-xx/2010 saylı daxili maliyyə lizinq müqaviləsinə xx.xx.2012-ci il tarixli öhdəliyin ötürülməsi haqqında və xx.xx.2015-ci il tarixli restrukturizasiya haqqında razılaşmalara xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyan üzrə müştərək qaydada 1259,81 ABŞ dollar əsas məbləğdən gecikmə, 840 ABŞ dolları faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 145 manatın cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh2, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı qeyd edir ki, lizinq obyekti olan avtomobil xx.xx.2016-cı il tarixdə Cavabdeh1 tərəfindən iddiaçıya təhvil verilmişdir. Qanunvericilik bu halı, yəni lizinq obyektinin qayatrılmasını lizinq müqaviləsinə xitam verilməsi ilə şərtləndirmişdir. Belə olan halda, iddiaçının zaminə qarşı iddia irəli sürməsi müddəti ötmüş olur ki, məhkəmə bunu nəzərə almamışdır. Həmçinin, lizinq obyektinin lizinq verənə qaytarılması nəticəsində müqaviləyə xitam verilməsinin baş tutmasına baxmayaraq, iddiaçı hazırkı tələblə müqaviləyə xitam verilməsini xahiş edir və məhkəmə də onun xahişini təmin edir. Əgər müqaviləyə yalnız məhkəmə qətnaməsi ilə xitam verilmiş hesab olunursa, o zaman həmin tarixədək avtomobil harada, kimdə və hansı əsaslarla olmuşdur. Məhkəmə tərəfindən həmçinin, avtomobil təhvil verilərkən onun həmin ana olan dəyəri ilə qalıq borc arasındakı fərq müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası ərazisində alqı-satqı manatla aparıldığı üçün lizinq obyektinin dəyəri manatla ölçülməlidir. Lizinq şirkətinin manatla əldə etdiyi əmlakı digər valyuta ilə lizinqə vermək, yəni vəsaiti konvertasiya etmək hüququ yoxdur. Belə ki, qanunvericiliyə görə, valyuta mübadiləsini yalnız banklar apara bilər, bank fəaliyyəti isə xüsusi lisenziya tələb edir. İddiaçı şirkət isə belə lisenziyaya malik deyil. Göstərilənlərə əsasən, Cavabdeh2 ona qarşı iddia müddətinin keçməsinə, eyni zamanda digər Cavabdeh1 qarşı isə iddianın təməlini təşkil edən sənədlərin hüquqi qüvvəsinin olmamasına istinad edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Suala cavab olaraq isə bildirdi ki, zaminlik müqaviləsi Cavabdeh1la bağlanmış lizinq müqaviləsindən bir ay əvvəl bağlanmışdır. Ona görə ki, zamin və lizinq alan qardaş olduqlarından onun məsələdən əvvəlcədən xəbəri olmuşdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, qətnaməni Cavabdeh2 mübahisələndirdiyi hissədə ona münasibətdə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Məhkəmə kollegiyası, iclas iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, “İddiaçı Lizinq Şirkəti” QSC ilə Rüstəm Rüstəmov arasında bağlanmış xx.xx.2010-cu il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən, QSC, buraxılış ili 2007-ci il olan, **-AL-*** dövlət qeydiyyat nişanlı, “AUDİ Q7” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu müəyyən haqq müqabilində R.Rüstəmovun müvəqqəti sahiblik və istifadəsinə vermiş, sonuncu isə bu müqavilədə müəyyənləşdirilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və lizinq ödənişlərini mütəmadi olaraq lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. QSC, Rüstəm Rüstəmov və Şahin Quliyev arasında bağlanmış daxili maliyyə lizinq müqaviləsinə xx.xx.2011-ci il tarixli öhdəliyin ötürülməsi haqqında razılaşmaya əsasən, Ş.Quliyev, R.Rüstəmovun 55.000 ABŞ dolları qalıq borcunu 48 ay müddətinə illik 21% dərəcəsi ilə ödəməyi öz öhdəsinə götürmüşdür. QSC, Şahin Quliyev və Cavabdeh1 arasında bağlanmış daxili maliyyə lizinq müqaviləsinə xx.xx.2012-ci il tarixli öhdəliyin ötürülməsi haqqında razılaşmaya əsasən isə, Cavabdeh1 Ş.Quliyevin 32.121 ABŞ dolları qalıq borcunu 48 ay müddətinə illik 21% dərəcəsi ilə ödəməyi öz öhdəsinə götürmüş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Eyni zamanda, Cavabdeh2, xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 daxili maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Daxili maliyyə lizinq müqaviləsinə xx.xx.2015-ci il tarixli restrukturizasiya haqqında razılaşmaya əsasən Cavabdeh1 qalıq borcu illik 21% olmaqla, 36 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. “İddiaçı Lizinq Şirkəti” QSC-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, daxili lizinq müqaviləsinə əsasən, Cavabdeh1 QSC-yə xx.xx.2016-cı il tarixə əsas məbləğdən gecikmə 1259,81 ABŞ dolları, lizinq mükafatı kimi 840 ABŞ dolları borcu vardır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 15482 saylı rəyinə əsasən isə, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, xx.xx.2010-cu il tarixli NVD 948/5xx-xx/2010 saylı daxili lizinq müqaviləsi, xx.xx.2012-ci il tarixli lizinq ödənişləri cədvəli, xx.xx.2015-ci il tarixli restrukturizasiya haqqında əlavə razılaşma şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2016-cı il tarixə banka olan borcu ümumilikdə 7941,51 ABŞ dolları olmaqla, əsas borc üzrə 7335,43 ABŞ dolları, faiz borcu üzrə 397,95 ABŞ dolları təşkil edir. Qeyd olunanlar, iddia ərizəsi, tərəflərin izahatları, xx.xx.2010-cu il tarixli NVD 948/5xx-xx/2010 saylı daxili maliyyə lizinq müqaviləsi, xx.xx.2011-ci il tarixli və xx.xx.2012ci il tarixli öhdəliyin götürülməsi haqqında razılaşmalar, xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsi, xx.xx.2015-ci il tarixli restrukturizasiya haqqında razılaşma, xx.xx.2017-ci il tarixli maliyyə arayışı, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 15482 saylı rəyi və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, Cavabdeh1 lizinq ödənişlərini vaxtlı-vaxtında icra etməyərək öhdəliyini pozduğunu və lizinq obyektinin xx.xx.2016-ci il tarixdə geri qaytarıldığını bildirərək, onunla bağlanmış xx.xx.2012-ci il tarixli öhdəliyin götürülməsi haqqında və xx.xx.2015-ci il tarixli restrukturizasiya haqqında razılaşmalara xitam verilməsini və tələblə göstərilən məbləğlərdə borcun ondan və zamin Cavabdeh2 müştərək qaydada tutulmasını tələb edir. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı, cavabdeh olan zamindən kredit borcunun tutulmamasını tələb etməkdə haqlı deyil. Belə ki, iddiaçı “İddiaçı Lizinq Şirkəti” QSC, Seymur Hüserynova qarşı tələbini onun zamin olması barədə qeyd edilən zaminlik müqaviləsinə əsaslanmaqla irəli sürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, tərəflərin arzu edilən hüquqi nəticə əmələ gətirmək üçün bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Zaminlik də kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və onlar arasındakı hüquqi əlaqənin yeganə əsasıdır. Bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də odur ki, zamin qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Əvvəla, zaminlik, səbəbə bağlı bir hüquqi əməliyyat olub, etibarlılığı söykəndiyi hüquqi səbəbin (əsas öhdəliyin) keçərli olmasından asılıdır. Zaminlik, şəxsi təminat vermə məqsədinə uyğun olaraq, ancaq zamin durula bilən, yəni hüquqən tanınan və müəyyən olan bir əsas öhdəlik olduqda yaranır, varlığını davam etdirir və əsas öhdəliyin aradan qalxmağı ilə birlikdə bitir (MM, maddə 477.0.1). Bundan əlavə, zaminlik müqaviləsinin keçərli (etibarlı) olması üçün onun yazılı şəkildə bağlanması (MM, maddə 471), tərtib edilən müqavilədə kreditorun və əsas borclunun adı, əsas öhdəliyin məzmunu, həcmi və hüquqi səbəbinin aydın şəkildə göstərilməsi (yaxud müəyyən edilə bilən olması) vacibdir. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarı). Bu hallar, zaminlik müqaviləsinin etibarlı olması (hüquq və öhdəlik əmələ gətirməsi) üçün zəruri olan mühüm şərtlərdir. Başqa sözlə, həmin şərtlər əks olunmadan tərtib edilmiş zaminlik müqaviləsi etibarsız olmaqla, onun tərəfləri üçün haqq və öhdəlik yarada bilməz. Mülki Məcəllənin 472.2-ci maddəsi də, zaminin borclu ilə birgə daşıdığı məsuliyyətin həcmi üçün faiz dərəcəsini xüsusi olaraq nəzərdə tutmuşdur. Həmin maddəyə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdəməsuliyyət daşıyır. Müqavilənin etibarlı olması (arzu edilən hüquqi nəticəni yaratması) üçün tərəflərin zəruri olan mühüm şərtlər barədə razılığa gəlmələri Mülki Məcəllənin 405.1-ci maddəsində açıqca təsbit olunmuşdur. Həmin maddəyə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, bəzi müqavilələrin (o cümlədən zaminlik müqaviləsinin) yazılı bağlanması və orada mühüm şərtlərin əks olunması əqdin forma şərtidir və bu şərtə əməl edilməməsi onun etibarsız olması nəticəsini yaradır (MM, maddə 329, 337.1, 405). Baxılan işdən isə görünür ki, zaminlik müqaviləsi onunla təminat verilən əsas öhdəliyə dair razılaşmanın tarixindən bir ay əvvəl bağlanmışdır. Belə ki, Cavabdeh1la daxili maliyyə lizinq müqaviləsinə əsasən öhdəliyin ötürülməsi haqqında razılaşma xx.xx.2012-ci il tarixdə bağlanmışdır. Cavabdeh2 isə xx.xx.2012-ci il tarixdə tərtiblənmiş zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 daxili maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Yəni hüquqi müstəvidə mövcud olmayan bir öhdəliklə bağlı zaminlik müəyyənləşdirilmişdir. Digər tərəfdən, sözügedən zaminlik müqaviləsində qeyd olunmuşdur ki, zamin Cavabdeh1 948/5xx-xx/2010 saylı daxili maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyi təqdirdə həmin müqavilədə qeyd olunmuş öhdəliklərin tamamilə icrasını öz üzərinə götürür. Faizlərin, dəbbə pulunun, sığorta haqqlarının, məhkəmə xərclərinin və lizinq alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində lizinq verənə dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin lizinq verən qarşısında lizinq alanla eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, zaminlik müqaviləsində təminat verilən əsas borcun məbləği, müddəti və ona tətbiq olunan faiz dərəcəsi dəqiq olaraq göstərilməmişdir. Eyni zamanda, “İddiaçı Lizinq Şirkəti” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli restukturizasiya razılaşmada qalıq borcu illik 21% olmaqla, 36 ay müddətində ödənilməsi şərtləşdirilsə də, əsas öhdəliyin bu həcmi barədə zamin məlumatlandırılmamış, konkretləşdirilmiş məbləğ zaminlə razılaşdırılmamışdır. Bu hallar isə ona dəlalət edir ki, tərəflər arsında bağlanmış zaminlik müqaviləsində onların təminat vermək istədikləri əsas öhdəliyin həcmi dəqiq və aydın olmamışdır. Belə olan halda, Kollegiya, yuxarıdakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, sözügedən zaminlik müqaviləsi etibarsızdır. Etibarsız müqavilə isə hüquqi nəticələrə səbəb olmadığına görə (MM, maddə 337.4) tərəflər üçün hüquq və öhdəlik yaratmır. Başqa sözlə, iddiaçının həmin müqaviləyə istinad etməklə Cavabdeh2 borcun qaytarılmasını tələb etmək haqqı, onun isə borcu ödəmək öhdəliyi yoxdur. Odur ki, iddia həmin cavabdehə aid hissədə əsassızdır. Kollegiya qeyd olunanların apellyatora aid hissədə iddianın rədd olunması üçün kifayət etdiyini və prosessual qənaət prinsipini nəzərə alaraq, apellyasiya şikayətinin digər dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv olunmalı, iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2238/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı “İddiaçı Lizinq Şirkəti” QSC-nin (hazırda “xxxxxxxxxxxx” MMC) “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyan üzrə müştərək qaydada 1259,81 ABŞ dollar əsas məbləğdən gecikmə, 840 ABŞ dolları faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması” barədə iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5311/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5311/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver