Məhkəmə qərarları › İş №2(103)-5312/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5312/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5312/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1 və nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh1 MMC-nin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı “pul tələbinə dair”, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və İddiaçı1 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2020ci il tarixli 2(005)-961/2020 saylı qətnaməsindən İddiaçı1 və Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən 25 mart 2019-cu il tarixli A-12/19 və A-13/19 saylı maliyyə arayışları və müqavilələr üzrə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 104 nömrəli mənzil və həmin binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 107 nömrəli mənzilə görə ödənilən 125000 manat məbləğində vəsaitin və əlavə olaraq öhdəliyin vaxtında icra edilməməsinə görə 24000 manat miqdarında vəsaitin tutularaq onun xeyrinə ödənilməsi, ödəniləcək məbləğin göstərilən mənzillərin məcburi qaydada hərraca çıxarılıb satılaraq ödənilməsi yolu ilə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 104 nömrəli mənzilə dair bağlanan 25 mart 2019-cu il tarixli 12/19 saylı müqavilənin və Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 107 nömrəli mənzilə dair bağlanan 25 mart 2019-cu il tarixli 13/19 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, 25 mart 2019-cu il tarixdə Nərimanov rayonunda Cavabdeh1 MMC-nin ofisində Cəmiyyətin direktoru Cavabdeh2 onunla 12/19 saylı müqavilə imzalamış, müqaviləyə əsasən Cəmiyyət İcraçı olaraq Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 104 nömrəli mənzilin bütün tikinti quraşdırma işlərinin görülməsini, o isə Sifarişçi olaraq mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Birinci müqaviləyə əsasən mənzilin qiyməti 128782 manat olmuş, 25 mart 2019-cu il tarixli maliyyə arayışına əsasən həmin mənzil üçün 128782 manat tərəfindən tam şəkildə ödənilmişdir. Həmin gün yenə Cəmiyyətin ofisində Cəmiyyətin direktoru onunla digər – 13/19 saylı müqavilə bağlamış, müqaviləyə əsasən Cəmiyyət İcraçı olaraq Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 107 nömrəli mənzilin bütün tikinti quraşdırma işlərinin görülməsini, o isə Sifarişçi olaraq mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşlər. İkinci müqaviləyə əsasən mənzilin qiyməti 128782 manat olmuş, 25 mart 2019-cu il tarixli maliyyə arayışına əsasən həmin mənzil üçün 128782 manat tərəfindən tam şəkildə ödənilmişdir. Müqavilələr 2 nüsxədə tərtib edilmiş və möhürlənərək bir nüsxəsi ona verilmişdir. Müqavilə bağlanarkən və maliyyə arayışları tərtib edilərkən ödənişlər Şirkətin Şahin adlı əməkdaşına nəğd pul şəklində ödənilmişdir. Bina tikilib qurtarsa da (son təmir-tamamlama işləri gedir) cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmir, mənzilləri təmir etmir, açarları ona vermir, faiz borcunu da ödəmir. Bundan başqa 25 mart 2019-cu il tarixdə 125000 manat 6 aylıq borc Cavabdeh2 verildiyi halda, sonuncu həmin borc üzrə də öhdəliyini ödəmir. Belə ki, 6 ayın faiz məbləği olan 4000 manat aylıq olaraq x 6 ay = cəmi 24000 manat ona cavabdeh tərəfindən ödənilməmişdir. Pretenziya məktubu ilə cavabdehə müraciət edərək mənzillərin və borcun ona verilməsini tələb etsə də, cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15 yanvar 2019-cu il tarixdə 05/19 nömrəli müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 107 nömrəli mənzili 128782 manat məbləği və 15 yanvar 2019-cu il tarixdə 06/19 nömrəli müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 104 nömrəli mənzili 128782 manat məbləği qarşısında almışdır. Ailəvi səbəblərdən dolayı ona təcili olaraq pul lazım olmuşdur. Həmin vaxt ona cavabdeh İddiaçı1 qismən faizə pul verdiyini bildirmişlər. Bundan sonra qərara gəlmişdir ki, ondan 100000 manat məbləğində faizə borc pul alsın. Bu zaman İddiaçı1 ona ona bildirmişdir ki, 100000 manat məbləğində pulu 125000 manat geri qaytarmaqla vermək imkanındadır, lakin həmin məbləğin müəyyən təminat müqabilində verilməsi şərtdir. İddiaçı1 ona 100000 qarşılığında verdiyi pulun elə əvvəlcədən 10000 manat məbləğində olan hissəsini faiz kimi götürmüş və ona 90000 manat məbləğində pulu faizlə borca vermişdir. İddiaçı1 verilən pulun əvəzində təminat istədiyinə görə 15 yanvar tarixindən 05/19 və 06/19 saylı müqavilələr əsasında aldığı mənzilləri girov qoymuşdur. Buna görə də Cavabdeh1 MMC ilə cavabdehin arasında veriləcək pulun müqabili olaraq girov əvəzində müvəqqəti olaraq cavabdehin adına keçirilməsinə etiraz etməmişdir. Həmin borcun təminatı kimi formal olaraq alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Həmin borc müqaviləsinin və borcun təminatı kimi girov müqaviləsi real məqsədli əqdlə deyil, formal olaraq alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Bu fakt isə öz təsdiqini onun 25 mart 2019-cu il tarixdə Cavabdeh1 MMC-nin direktoruna ünvanladığı yazılı ərizə ilə tapır. Məhz buna görə də sənədləşmələrdə də 90000 manat məbləğində pul vəsaitini faizləri ilə birlikdə göstərməklə ümumilikdə olan məbləğini formal olaraq 125000 manat olmaqla qeyd etmişdir, lakin faktiki olaraq yalnızca 90000 manat məbləğində pul vəsaiti borc götürülmüşdür. İddiaçı1 Cəmiyyətin direktoruna ünvanlanan yazılı ərizəsində qeyd olunur ki, pullar ödənildikdən sonra həmin mənzillərin geri qaytarılmasını öz öhdəsinə götürür. Borc aldığı vaxtdan o, mütəmadi olaraq aralarındakı razılaşdırılmış formaya uyğun olaraq borc pul vəsaitini geri qaytarmış, bu aylar ərzində ümumilikdə 30000 manat məbləğində vəsaiti geri qaytarmışdır. Lakin cavabdeh əlavə olaraq guya faiz məbləğinə hesablanmış olan şişirdilmiş məbləğlərdə pullar tələb etdiyi üçün onun mənzillərini geri onun adına sənədləşdirməkdən və ona verməkdən qətiyyətlə və insafsızca imtina edir, baxmayaraq ki, aralarındakı razılaşmaya uyğun olaraq o, pul vəsaitini davamlı olaraq geri ödəmiş və ödəməyə də davam edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2606/2020 saylı 24.08.2020-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və İddiaçı1 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi və borcun qaytarılması tələbinə dair” 2(005)-961/2020 saylı mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(005)- 961/2020 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 125000 manat məbləğində pulun ilkin iddia üzrə İddiaçı1 xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddianın təmin edilməsi, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 saylı məhəllədə inşa edilən yaşayış binasının B blokunun 15-ci mərtəbəsində, ümumi sahəsi 135,6 kv.m olan 3 otaqlı, 104 saylı mənzilə dair 25 mart 2019-cu il tarixdə bağlanmış A-12/19 nömrəli və Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 saylı məhəllədə inşa edilən yaşayış binasının B blokunun 16-cı mərtəbəsində, ümumi sahəsi 135,6 kv.m olan 3 otaqlı, 107 saylı mənzilə dair 25 mart 2019-cu il tarixdə bağlanmış A-13/19 nömrəli müqavilələrin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı1 və Cavabdeh1 MMC apelyasiya şikayəti vermişdir. İddiaçı1 apelyasiya şikayətində qətnamənin birləşdirilmiş iş üzrə iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və həmin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində işin halları sadalanmaqla göstərilmişdir ki, İddiaçı2 iddiasında göstərilənlər ona məhkəmə icraatı zamanı məlum olmuşdur, onun ilə sonuncu arasında hər hansı formada razılaşma və ya müqavilə olmamış, borc pul verməmişdir. İddiaçı2 ilə MMC arasında həmin mənzillərə dair olan müqavilələrdən məlumatı olmamışdır, belə hesab edir ki, həmin müqavilələr sonradan hazırlanmışdır. Cavabdeh1 MMC-nin apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və ilkin iddia üzrə tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, X2 MMC-də təmir tikinti işləri aparmış, bunun qarşılığında MMC ona 15 yanvar 2019-cu il tarixdə 05/19 nömrəli müqavilə əsasında 107 nömrəli mənzili və 15 yanvar 2019-cu il tarixdə 06/19 nömrəli müqavilə əsasında 104 nömrəli mənzili vermişdir. Bundan sonra X2 MMC-yə müraciət edərək, ailəvi səbəblərdən dolayı ona təcili olaraq pul lazım olduğunu, həmin vaxt ona cavabdeh İddiaçı1 qismən faizə 100000 manat pul verməyə hazır olduğunu bildirmiş, bununla əlaqədar olaraq, İddiaçı1 verilən pulun əvəzində təminat istədiyinə görə 15 yanvar tarixindən 05/19 və 06/19 saylı müqavilələr əsasında aldığı mənzilləri girov qoymuşdur. Buna görə də MMC ilə cavabdehin arasında veriləcək pulun müqabili olaraq girov əvəzində müvəqqəti olaraq cavabdehin adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmin borcun təminatı kimi formal olaraq alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Həmin borc müqaviləsinin və borcun təminatı kimi girov müqaviləsi real məqsədli əqdlə deyil, formal olaraq alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Bu fakt isə öz təsdiqini onun 25 mart 2019-cu il tarixdə MMC-nin direktoruna ünvanladığı yazılı ərizə ilə tapır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili öz apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, mənzilləri tələb edir, mənzillər verdiyi pul məbləğinin təminatı olaraq girov qoyulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh MMC-nin nümayəndəsivəkili MMC-nin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış İddiaçı2 məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı2 ilə Cavabdeh1 MMC-nin arasında 15 yanvar 2019cu il tarixdə bağlanmış 05/19 nömrəli müqavilədən görünür ki, Cəmiyyət İcraçı olaraq Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 107 nömrəli mənzilin bütün tikinti quraşdırma işlərinin görülməsini, İddiaçı2 isə Sifarişçi olaraq mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Müqaviləyə əsasən mənzilin qiyməti 128782 manatdır. 15 yanvar 2019-cu il tarixli 05/19 saylı müqaviləyə Əlavənin surətindən görünür ki, müqavilə üzrə mənzilin ümumi dəyəri 128782 manat, ilkin pay ödənişi 128782 manatdır. Mənzil üzrə qalıq pay borcu qalmamışdır. İş materiallarında olan İddiaçı2 ilə Cavabdeh1 MMC-nin arasında 15 yanvar 2019cu il tarixdə bağlanmış 06/19 nömrəli müqavilədən görünür ki, Cəmiyyət İcraçı olaraq Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 104 nömrəli mənzilin bütün tikinti quraşdırma işlərinin görülməsini, İddiaçı2 isə Sifarişçi olaraq mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Müqaviləyə əsasən mənzilin qiyməti 128782 manatdır. 15 yanvar 2019-cu il tarixli 06/19 saylı müqaviləyə Əlavənin surətindən görünür ki, müqavilə üzrə mənzilin ümumi dəyəri 128782 manat, ilkin pay ödənişi 128782 manatdır. Mənzil üzrə qalıq pay borcu qalmamışdır. İş materiallarında olan İddiaçı1 ilə Cavabdeh1 MMC-nin arasında 25 mart 2019-cu il tarixdə bağlanmış 12/19 nömrəli müqavilədən görünür ki, Cəmiyyət İcraçı olaraq Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 104 nömrəli mənzilin bütün tikinti quraşdırma işlərinin görülməsini, İddiaçı1 isə Sifarişçi olaraq mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Müqaviləyə əsasən mənzilin qiyməti 128782 manatdır. Cavabdeh1 MMC tərəfindən 25 mart 2019-cu il tarixdə verilmiş A-12/19 nömrəli Maliyyə Arayışından görünür ki, İddiaçı1 12/19 saylı 25 mart 2019-cu il tarixli müqaviləyə əsasən 104 saylı mənzilə görə 128 782 manat məbləğində pul ödəmişdir. Hal-hazırda İddiaçı1 heç bir borcu yoxdur. İş materiallarında olan İddiaçı1 ilə Cavabdeh1 MMC-nin arasında 25 mart 2019-cu il tarixdə bağlanmış 13/19 nömrəli müqavilədən görünür ki, Cəmiyyət İcraçı olaraq Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 107 nömrəli mənzilin bütün tikinti quraşdırma işlərinin görülməsini, İddiaçı1 isə Sifarişçi olaraq mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Müqaviləyə əsasən mənzilin qiyməti 128782 manatdır. Cavabdeh1 MMC tərəfindən 25 mart 2019-cu il tarixdə verilmiş A-13/19 nömrəli Maliyyə Arayışından görünür ki, İddiaçı1 13/19 saylı 25 mart 2019-cu il tarixli müqaviləyə əsasən 107 saylı mənzilə görə 128782 manat məbləğində pul ödəmişdir. Hal-hazırda İddiaçı1 heç bir borcu yoxdur. İş materiallarında olan İddiaçı1 tərəfindən 25 mart 2019-cu il tarixdə Cavabdeh1 MMC-ə ünvanlanmış Ərizədən görünür ki, Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində inşa etdiyi 17 mərtəbəli yaşayış binasında yerləşən 104 və 107 saylı mənzillər 125000 manat (1 USD=1,70 manat) məbləğində verdiyi borcun müqabilində onun adına qeydiyyata alınmışdır. Verdiyi 125000 manat borc 6 ay müddətində geri qaytarıldıqdan sonra həmin mənzillər Cəmiyyətə geri qaytarılacaq. Əks halda mənzillər tam onun ixtiyarına keçəcək. İş materiallarında olan Bakı şəhəri BPİ-nin Nərimanov Rayon Polis İdarəsi Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 23 dekabr 2019-cu il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarından görünür ki, İddiaçı1 İddiaçı2 və Cavabdeh1 MMC-nin rəhbərliyinə qarşı ünvanladığı ərizələr üzrə cinayət işinin başlanması rədd edilmişdir. Səbəb kimi mübahisənin mülki xarakterli olması göstərilmişdir. İş materiallarında olan İddiaçı2 tərəfindən Cavabdeh1 MMC-ə ünvanlanmış 25 mart 2019-cu il tarixli Ərizənin surətindən görünür ki, o, Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində inşa etdiyi 17 mərtəbəli yaşayış binasında yerləşən 104 və 107 saylı mənzillərin alınacaq pul müqabilində girov əvəzində müvəqqəti olaraq İddiaçı1 adına keçirilməsinə etiraz etmir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən 25 mart 2019-cu il tarixdə verilmiş A-01/19 nömrəli Arayışın surətindən görünür ki, Arayış verilir İddiaçı1 ondan ötrü ki, 25 mart 2019-cu il tarixli 12/19 saylı müqaviləyə əsasən 104 saylı və 25 mart 2019-cu il tarixli 13/19 saylı müqaviləyə əsasən 107 saylı mənzillərin müqabilində onun Cavabdeh1 MMC-ə borc verdiyi 125000 manat məbləğ əsasında verilmiş A-13/19 saylı 25 mart 2019cu il tarixli və A-12/19 saylı 25 mart 2019-cu il tarixli tam maliyyə arayışları 6 ay müddətində həmin borc qaytarıldıqdan sonra etibarsız sayılır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 25 mart 2019-cu il tarixdə Cavabdeh1 MMC-yə 125000 manat məbləğində pul vəsaitini 6 ay müddətində qaytarmaq şərti ilə borc kimi vermiş, sonuncu 15 yanvar 2019-cu il tarixdə Cavabdeh1 MMC-dən aldığı 104 və 107 nömrəli mənzilləri həmin borc məbləğinin qaytarılmasına zəmanət kimi girov qoymuş və tərəflərin, o cümlədən Cavabdeh1 MMC-nin iştirakı ilə müvafiq sənədləşmə işi aparılmışdır. Mübahisə tərəfləri İddiaçı1 ilə İddiaçı2 arasında 25 mart 2019-cu il tarixdə Cavabdeh1 MMC-nin tikdiyi yaşayış binasının 104 və 107 saylı mənzillərinin İddiaçı1 adına rəsmiləşməsi barədə bağladıqları müqavilələrin əslində mənzilin alınması ilə bağlı olmadığını bildirmişlər. MMC tərəfindən verilmiş 25.03.2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı1 MMC-yə borc verdiyi 125000 manat məbləğ əsasında verilmiş maliyyə arayışları 6 ay müddətində həmin borc qaytarıldıqdan sonra etibarsız sayılır. İddiaçı2 MMC-yə ünvanladığı ərizədə mənzillərin alınacaq pul müqabilində girov əvəzində müvəqqəti olaraq İddiaçı1 adına keçirilməsinə etiraz etmədiyini göstərmişdir. Göründüyü kimi, İddiaçı1 tərəfindən 125000 manat pul MMC-yə borc verilmiş, bunun təminatı olaraq İddiaçı2 məxsus 104 və 107 saylı mənzillər girov əvəzində müvəqqəti olaraq İddiaçı1 adına keçirilmişdir. MMC tərəfindən pulun alındığı və qaytarılmadığı müəyyən edildiyindən həmin pul vəsaitinin qaytarılması barədə iddiaçının tələbi qanuni və əsaslıdır. MMC apelyasiya şikayətində İddiaçı2 verilmiş pul vəsaitinin MMC-yə aidiyyəti olmadığını qeyd etsə də, tərəfindən verilmiş arayışda birbaşa MMC-yə borc verildiyi göstərilməklə, həmin borc məbləğinin əslində Cəmiyyətin ehtiyacı olduğu üçün alındığını dolayı yolla etiraf etmişdir. Odur ki, Kollegiya hesab edir ki, məhkəmə həmin hissədə iddianı təmin edərək Cavabdeh1 MMC-dən 125000 manat məbləğində pulun İddiaçı1 xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında 25 mart 2019-cu il tarixdə bağlanmış A-12/19 saylı və A-13/19 saylı müqavilələr başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır və etibarsız əqddir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Lakin işə baxan məhkəmələr N.Əsədovanın iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi formal tələblərə əməl edilməklə bağlanmış, ərizəçinin mənzilində qeydiyyatda olan ailə üzvləri mənzilin satılmasına razılıq ifadə edən yazılı ərizələri imzalamış və həmin ərizələr notariat orqanı tərəfindən təsdiq edilmişdir. Halbuki, mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin məcburetmə nəticəsində bağlanması səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqdin məcburetmə nəticəsində bağlanıbbağlanmaması məsələsinə hüquqi qiymət verilməmişdir.» Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbinə görə isə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, İddiaçı1 ilə Cavabdeh1 MMC-nin arasında mənzillərin alqı-satqına dair 25 mart 2019-cu il tarixdə bağlanmış 12/19 və 13/19 nömrəli müqavilələr əslində həmin mənzillərin alqı-satqı məqsədi ilə bağlanmamış, tərəflər arasında olan borc münasibətlərinin təminatı olaraq formal olaraq bağlanmışdır, buna görə də, həmin əqdlər yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmin əqdlər tərəflər verilmiş borc məbləğinin təminatı kimi bağlamışlar, hazırda iddiaçı Aygün Abbasovanın tələbi əsasında, həmin pulun MMCdən tutulması qənaətinə gəlinmişdir. Kollegiya onu da qeyd edir ki, hər iki mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, tərəflərin həmin əqdləri bağlayarkən əslində nəzərdə tutduqları ipoteka əqdinə aid olan qaydaların tətbiq edilməsi də mümkün deyildir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı1 və Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-961/2020 saylı iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar