Məhkəmə qərarları › İş №2(103)-5313/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5313/2020

10.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5313/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İlk iddia üzrə iddiaçının nümayəndəsi X3, ilk iddia üzrə cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı “xxxx” MTK-nın Cavabdeh qarşı “kommunal xidmət haqları üzrə borc” tələbinə dair ilk, iddiaçı Cavabdeh “xxxx” MTK-ya qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən “xxxx” MTK və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MTK Cavabdeh qarşı “kommunal xidmət haqları üzrə borc” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” MTK-nın xeyrinə kommunal xərclərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” MTK-ya qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “xxxx” MTK-ya xx.xx.2018-ci il tarixə ödənilmiş 6965 manat vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaların təmin olunmaması qət edilmişdir. xx.xx.2019-cu il tarixdə ilkin iddia üzrə iddiaçı “xxxx” MTK apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməklə, ilkin iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi aydınlaşdırmamışdır ki, kommunal xidmət haqları üzrə borc tələbinə dair iddianın həlli üçün iş materiallarında olan “xxxx” MTK-nın üzvlərinin ümumi yığıncaq iclasının xx xxxxxx 2014-cü il tarixli, 03 nömrəli protokolun “xxxx” MTK-nın möhürü ilə təsdiq olunmuş surəti kifayət idi. Belə ki, həmin iclasda “xxxx” MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərindən istifadələrində olan mənzillər üçün xx xxxxxx 2015-ci il tarixdən 6cı mərtəbəyə qədər 1 kv.m. üçün 0,50 manat, 6-cı mərtəbədən yuxarıda yaşayan sakinlərdən 1 kv.m. üçün 0,60 manat məbləğində pulun yığılması qərara alınmışdır. Məhkəmə ilk iddia tələblərinə təqdim edilmiş xx xxxxxx 2014-cü il tarixli, 03 nömrəli protokolun məzmununda göstərilənlərə əsasən hüquqi qiymət verməli olduğu halda, hazırkı işə heç bir aidiyyatı olmayan “xxxx” MTK-nın Nizamnaməsinin və tərəflər arasında münasibətlərin yaranmasının hüquqi əsasını təşkil edən Kooperativ mənzil tikinti haqqında xx xxxxxx 2010-cu il tarixli, 151 saylı müqavilənin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini tələb etmişdir. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, “xxxx” MTK-nın Nizamnaməsinin hazırkı işə heç bir aidiyyatı yoxdur, həmçinin də Kooperativ mənzil tikinti haqqında xx xxxxxx 2010-cu il tarixli, 151 saylı müqavilənin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini qarşılıqlı iddia verən Cavabdeh tələb etməli idi. Əgər qarşılıqlı iddiaçı öz mənzilinə aid olan müqaviləni təqdim etməmişdirsə, məhkəmə onun iddia ərizəsini ümumiyyətlə icraata götürməli deyildi. Kommunal xidmət haqları üzrə borcla bağlı hazırkı iddia artıq 1 ildən çoxdur ki, məhkəmənin icraatında olmaqla işə mahiyyəti üzrə baxılması qəsdən süründürüldü. Yalnız müvafiq instansiyalara rəsmi müraciət və şikayətlərdən sonra işə baxılması başlanılmış və yuxarıda göstərilən qaydada ilkin iddiaya münasibətdə məhkəməyə yaraşmayan qaydada kobud pozuntularla müşayiət olunan qətnamə qəbul edilmişdir. Məhkəmə nəzərə almamış və ya almaq istəməmişdir ki, ilkin iddia üzrə cavabdeh Bakı şəhəri, Xətai prosrekti 40a ünvanda “xxxx” MTK-nın inşa etdiyi yaşayış binasında İİ giriş, 15-ci mərtəbə, 4 otaqlı, 187. kv.m. sahəsi olan 100 saylı mənzil xx.xx.2010-cu il tarixli 151 saylı “Kooperativ mənzil tikinti haqqında müqavilə”yə əsasən mənzili aldıqdan sonra “xxxx” MTK-nın üzvlərinin ümumi yığıncaq iclasının xx xxxxxx 2014-cü il tarixli, 03 nömrəli protokoluna uyğun ödənişlər aparmış, sonuncu dəfə isə 2017ci ilin dekabr ayının 15-də 112,20 manat ödəniş apardıqdan sonra ödənişləri dayandırmışdır. İşin bu halını həmçinin Cavabdeh qarşılıqlı iddiasında da etiraf edilmişdir. Belə ki, o iddiasında tərəfindən 2018-ci ilin may ayına kimi kommunal xidmət haqları ödənilməsini təsdiq etmişdir. Göründüyü kimi, məhkəmə kommunal xidmət haqlarına dair mütəmadi ödənişlər aparmaqla cavabdehin buna dair MTK qarşısında öhdəliklərin daşıyıcı olmasını təsdiq etsə də, son aylarda bu öhdəliklərinə vicdanla yanaşmaması MTK-nın gəlirlərinə öz mənfi təsirini göstərməsi və göstərməkdə də davam etməsini nəzərə almayaraq işin bu halına diqqət yetirməmiş, hüquqi qiymət verməmişdir. xx.xx.2020-ci il tarixdə ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsi, həmin qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla “xxxx” Mənzil Tikinti Kooperativi arasında kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar hər hansı müqavilə bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Lakin, indiki halda görünən budur ki, ilk iddia üzrə iddiçı “xxxx” MTK kommunal xidmətlərin göstərilməsi və kommunal xidmətin haqqının ödənilməsinə dair onunla heç bir müqavilə bağlamamışdır, sadəcə olaraq kommunal xidmət haqqı adı altında özbaşına pul yığmaqla məşğuldur, bu yolla onu aldadaraq “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2000ci il tarixli 40 nömrəli qərarında və həmin qərara 1 və 2 nömrəli əlavələrdə göstərilən tariflərdən dəfələrlə artıq məbləğdə pul vəsaiti almışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin nümayəndələri X1 və X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İlk iddia tələbi üzrə iddiaçı kommunal xidmət haqlarının ödənilməsini tələb edir. İddia tələbinin əsası kimi “xxxx” MTK-nın üzvlərinin xx.xx.2014-cü il tarixli ümumi yığıncağının 03 saylı protokoluna istinad edir. İş materiallarında olan “xxxx” MTK-nın üzvlərinin ümumi yığıncaq iclasının xx xxxxxx 2014-cü il tarixli, 03 nömrəli protokolun “xxxx” MTK-nın möhürü ilə təsdiq olunmuş surətindən görünür ki, həmin iclasda “xxxx” MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərindən istifadələrində olan mənzillər üçün xx xxxxxx 2015-ci il tarixdən 6cı mərtəbəyə qədər 1 kv.m. üçün 0,50 manat, 6-cı mərtəbədən yuxarıda yaşayan sakinlərdən 1 kv.m. üçün 0,60 manat məbləğində pulun yığılması qərara alınmışdır. Mülki Məcəllənin 111.2-ci maddəsinə əsasən, kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Mənzil Məcəlləsinin 111-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin nizamnaməsində kooperativin adı, onun olduğu yer, fəaliyyət predmeti və məqsədləri haqqında, kooperativə üzv olmaq qaydası, kooperativdən çıxmaq və pay haqqının, digər haqların qaytarılması qaydası haqqında, daxilolma və pay haqlarının miqdarı, onların tərkibi və ödənilməsi qaydası haqqında, pay haqlarının ödənilməsi üzrə öhdəliklərin pozulmasına görə məsuliyyət haqqında, kooperativin idarəetmə orqanları və onların səlahiyyətləri, qərar qəbul etməsi, o cümlədən barəsində qərarların sadə və ya üçdə iki səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında, kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında, kooperativin yenidən təşkili və ləğv edilməsi qaydası haqqında məlumatlar göstərilməlidir. Mülki Məcəllənin 111.7-ci maddəsinə əsasən, kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Mülki Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Qanunvericiliyə əsasən, kommunal xidmətlərin məbləğini müəyyən etmək səlahiyyəti məhz çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına məxsusdur. Qanunun mənasına görə xidmətlərin məbləği ya ümumi yığıncağın özü tərəfindən müəyyən edilməli, yaxud da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun hesablanmalıdır. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır və binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. İxtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı ümumi yığıncaqda müəyyən edilir. Əgər yığıncaqda həmin haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilməzsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Mülkiyyətçilər sözügedən haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə ümumi yığıncağın səlahiyyətli olub-olmamasının müəyyən edilməsi üçün “xxxx” MTK-nın Nizamnaməsinin və tərəflər arasında münasibətlərin yaranmasının hüquqi əsasını təşkil edən Kooperativ mənzil tikinti haqqında xx xxxxxx 2010-cu il tarixli, 151 saylı müqavilənin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunması üçün ilk iddia üzrə iddiaçıya şərait yaratsa da (qeyd olunan məsələ xx xxxxx 2019-cu il tarixli məhkəmə iclasında müzakirə olunmuşdur), həmin sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası da həmçinin qeyd edir ki, apellyasiya icraatı zamanı da ilk iddia tələbi üzrə iddiaçı tərəfindən “xxxx” MTK-nın nizamnaməsi təqdim edilməmişdir. Bundan başqa iş materialarında tərəflər arasında bağlanmış yalnız “Kooperativ Mənzil Tikinti Haqqında” 151 saylı xx.xx.2010-cu il tarixli müqavilənin surəti mövcuddur ki, həmin müqavilə mübahisə predmedi olan mənzilin ilk iddia tələbi üzrə Cavabdeh mülkiyyətinə verilməsi ilə bağlıdır. Həmin müqavilədə kommunal xidmətlərə görə ödəniləcək məbləğlər barədə hər hansı müddəa qeyd edilməmişdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından isə görünür ki, mənzil tikinti kooperativi üzvlərinin kommunal xidmətlərə görə ödəniş haqqlarının müəyyən edilməsi kooperativ üzvlərinin üzumu yığıncağı tərəfindən həyata keçirilir. Bunun üçün isə payçıların (mənzil mülkiyyətçilərinin) yarıdan çoxunun iştirakı ilə keçirilən ümumi yığıncağın qərarı zəruridir. xx.xx.2014-cü il tarixli ümumi yığıncağın protokolundan görünür ki, qərar 16 nəfər tərəfindən imzalanmışdır. Apellyasiya baxışı zamanı ilk iddia tələbi üzrə iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli ümumi yığıncağın protokolu təqdim edilmişdir ki, həmin protokol isə 40 nəfər tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası tərəfindən isə MTK-nın payçılarının sayı müəyyən edilmir. İlk iddia tələbi üzrə Cavabdeh ilə MTK arasında kommunal xidmətlərin ödənilməsinə dair hər hansı müqavilə də yoxdur. Belə olan halda səlahiyyətli olub-olmaması müəyyən edilməyən protokollara əsasən müəyyən edilən məbləğlərə əsasən ilk iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur və birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı qarşılıqlı iddia tələbi əsassız olduğundan birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməməklə də əsaslı nəticəyə gəlmişdir. Beləliklə birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 111.2, 111.7. Mənzil Məcəlləsinin 111, 137.9, 141.1, 142.1-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, ilk iddia üzrə iddiaçı “xxxx” MTK-nın ilk iddia üzrə Cavabdeh qarşı kommunal xidmət haqları üzrə borc tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MTK-ya qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar