Məhkəmə qərarları › İş №2(103)-5315/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5315/2021

22.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5315/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktların ləğv edilməsi, əsassız hesablanmış borcların silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(006)-1633/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh «xxxx» İstehsalat Birliyinə (bundan sonra, cavabdeh) qarşı «aktların ləğv edilməsi, əsassız hesablanmış borcların silinməsi» tələbinə dair iddia ərizəsi (iddianın dəyişdirilmiş formasında) ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair cavabdeh «xxxx» ASC tərəfindən 11.10.2012-12.12.2019-cu il tarixləri arasında tərtib edilmiş aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış 1675,64 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, mənzil 124-də olan fərdi yaşayış evinə 12.12.2019-cu il tarixdə heç bir xəbərdarlıq olunmadan elektrik sayğacına «xxxx» ASC tərəfindən akt tərtib edilmişdir. Guya yoxlama zamanı müəyyən olunmuşdur ki, sayğacın alt qapaq möhüründə xəta mövcuddur. «xxxx» ASC-ə gedərək hər ay yoxlamalar zamanı belə bir irad bildirmədiyini və əvvəlki qaydada işıq sərfiyyatına görə ödəmələri eyni qaydada etmədiyini və onlar tərəfindən sayğaca müdaxilə edilmədiyini bildirsə də, işıq sayğacını sökərək aparmalarının onların və hal şahidinin iştirakları ilə sökülərək qablaşdırılmalı olduğunu bildirmiş və sayğacın küçədə yerləşdiyinə görə enerji istifadə qaydalarına əsasən abonent sayğaca görə heç bir məsuliyyət daşımadığını da nəzərlərinə çatdırmışlar. Akt tərtib edildikdə və sayğac yenisi ilə əvəz olunduqda o, və heç bir ailə üzvləri prosesdə iştirak etməmişdir. «xxxx» ASC tərəfindən 745,80 manat məbləğində əsassız cərimə edilmişdir. Sayğac Binəqədi rayon enerji təchizatı tərəfindən qoyulmuşdur və onun qüsurla işləməsində onun heç bir təqsiri yoxdur. Cavabdeh ona əsassız olaraq əlavə sərfiyyat hesablamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(006)- 1633/2020 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin olunmuş, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11.10.2012-ci il tarixdən 12.12.2019-cu il tarixədək tərtib edilmiş aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış 1675,64 manat məbləğində borcun **********00124 saylı abunə hesabından silinməsi qət olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, 12 dekabr 2019-cu il tarixdə abonent İddiaçı məxsus ünvan 1 ünvanına 2018-ci ilin avqust ayında quraşdırılmış elektrik sayğacına baxış keçirilməsi, baxış zamanı sayğacın SİP xəttində qüsur qüsur aşkar olunması, bu səbəbdən də 12 dekabr 2019-cu il tarixli akt tərtib olunması, həmin akta əsasən 745,80 manat əlavə sərfiyyat hesablanması, iddiaçıınn iddia etdiyi 11.10.2012-09.05.2020-ci illəri əhatə edən 929 manat pulun isə həmin dövr üzrə iddiaçı tərəifndən elektrik enerjisinin limitdən artıq istifadə olunması nəticəsində yaranması, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqlarının olmaması və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 09.11.2004cü il tarixli, 269 saylı qərarın surətindən görünür ki, Binəqədi rayonu, 9-cu mkr., C.Cabbarlı küçəsində əlavə edilmiş cizgiyə uyğun olaraq 100 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X2 mülkiyyətinə alqı-satqı yolu ilə ayrılmışdır (hər kv.m.üçün 20800 manat ödəmək şərti ilə). İşdə olan X2 adından İddiaçı verilmiş və Bakı şəhəri 43 saylı xüsusi notariat kontorunda təsdiq edilmiş 21.11.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 özünə məxsus Bakı şəhəri Binəqədi bələdiyyəsinin 09.11.2004-cü il tarixli, 269 nömrəli qərarına əsasən Bakı şəhəri Binəqədi bələdiyyəsi ərazisində fərdi yaşayış evin tikintisi üçün ayrılmış 100 kv.m. torpaq sahəsini və üzərində tikiləcək tikilini özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra üzərində sərəncam verməyi, satmağa, ipoteka (girov) qoymağa, bağışlamağı, dəyişməyi, pulu almağa, buna dair müqavilə imzalamağı, forma-2 almağı, kadastr planı, sxemi, çıxarışı almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyə və digər hərəkətləri etməyi İddiaçı 21.11.2092-ci il müddətinə etibarnamə vermişdir. İşdə olan ünvan 2 ünvan üzrə **********00124 saylı abunə haqqında arayışından görünür ki, 12 dekabr 2019-cu il tarixdə tərtib olunmuş akt əsasında 745,80 manat əlavə sərfiyyat hesablanmışdır. Həmçinin qeyd edilən abunə haqqında arayışdan görünür ki, 11.10.2012-ci il tarixdən 12.12.2019-cu il tarixədək (12 dekabr 2019-cu il tarixdə tərtib olunmuş akt və onun əsasında hesablanmış 745,80 manat daxil olmaqla) ümumilikdə 1675,64 manat məbləğində pul vəsaiti hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən göstərmişdir ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktlardır. Həmin aktlar isə qüsurlu olduğundan, onların tərtib edilməsinin əsaslarına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, qanuni hesab oluna bilməz. Bu səbəbdən də 11.10.2012-ci il tarixdən 12.12.2019-cu il tarixədək tərtib edilmiş aktlar əsasında hesablanmış borc (1675,64 manat) silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə qismən razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektrik və istilik enerjisi ilə təchizatın subyektləri dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və enerji istehlakçıları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra Qaydalar) 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı – müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Qaydaların 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Həmin Qaydaların 8.17-ci bəndində göstərilir ki, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.) uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yuxarıda qeyd edilən normanın pozulması üçün istehlakçının təqsirindən hesablaşma uçot cihazının zədələnməsi, uçot cihazlarının qoşulma sxemlərinin pozulması, uçot cihazlarından kənar özbaşına yükun qoşulması faktı aşkar olunmalıdır. Həmçinin, hüquq norması elektrik enerjisi istehlakçısının elektrik enerjisindən istifadə qaydalarının pozulmasında məsuliyyətini, aşkar olunmuş pozuntularda istehlakçının təqsiri olması ilə şərtləndirmişdir. Yəni baş vermiş pozuntuya görə o halda istehlakçı məsuliyyət daşıyır ki, pozuntu istehlakçının təqsirli hərəkətlərinin nəticəsi olaraq əmələ gəlsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İstehlakçının təqsirinin olmaması isə onun belə məsuliyyətə cəlb olunmasını istisna edir. Qaydaların 8.16 və 8.17-ci bəndlərinin tələblərindən göründüyü kimi, qüsurların yaranmasında istehlakçının təqsirli olub-olmamasının müəyyənləşdirilməsi yenidən hesablaşma aparılması üçün mühüm əhəmiyyət kəsb edir. Qaydaların 9.20-ci bəndində fors-major hadisələri, kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik verilişi xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və kabel verilişi xətlərinin mexaniki zədələnməsi və s. nəticəsində) baş vermiş qəzalarla əlaqədar istehlakçı dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır. Qaydaların 7.6-cı bəndinə əsasən hesablaşma elektrik sayğıcının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Qanunvericiliyin qeyd edilən normalarında göstərilən halların araşdırılması bilavasitə enejitəchizatı müəssisənin üzərinə düşür. Lakin, cavabdeh 12 dekabr 2019-cu il tarixli aktla bağlı iddiaçının təqsirli hərəkəti nəticəsində sayğaca müdaxilə olunması və müvafiq qüsurun yaranması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Göründüyü kimi delikt məsuliyyətini müəyyən edən normalar mülki hüquq pozuntusu üçün məsuliyyətin əsası kimi ziyanvuranın hüquqa və ya qanuna zidd hərəkəti və ziyanvuranan təqsirli olmasını əsas şərt kimi müəyyən etmişdir. Belə ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur və ilkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Cavabdeh məhz iddaçı tərəfindən ona aktda göstərilən miqdarda ziyan vurulduğunu sübut etməyə borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh tərəf 12 dekabr 2019-cu il tarixli aktda qeyd olunmuş pozuntunun iddiaçının təqsirli hərəkəti nəticəsində yaranmasını, bu sahədə sonuncunun hüquqa zidd davranışını və həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqənin olması sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bu səbəbdən də qətnamə qeyd edilən hissədə əsaslı və qanunidir. Birinci instansiya məhkəməsi 12 dekabr 2019-cu il tarixli aktı ləğv etməkdə və həmin akt əsasında hesablanmış 745,80 manat pul vəsaitini **********00124 saylı abunə hesabından silməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində həmçinin iddiaçının iddia qaldırmağa subyektiv hüquqlarının olmamasını göstərsə də, işdə olan sübutlardan görünür ki, sayğacın quraşdırıldığı daşınmaz əmlak üzərində sərəncam hüququ da daxil olmaqla, onun idarə edilməsi və s. səlahiyyətlərə dair əvvəlki sahib tərəfindən iddiaçıya müvafiq etibarnamə verilmişdir. Belə ki, işdə olan X2 adından İddiaçı verilmiş və Bakı şəhəri 43 saylı xüsusi notariat kontorunda təsdiq edilmiş 21.11.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 özünə məxsus Bakı şəhəri Binəqədi bələdiyyəsinin 09.11.2004-cü il tarixli, 269 nömrəli qərarına əsasən Bakı şəhəri Binəqədi bələdiyyəsi ərazisində fərdi yaşayış evin tikintisi üçün ayrılmış 100 kv.m. torpaq sahəsini və üzərində tikiləcək tikilini özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra üzərində sərəncam verməyi, satmağa, ipoteka (girov) qoymağa, bağışlamağı, dəyişməyi, pulu almağa, buna dair müqavilə imzalamağı, forma-2 almağı, kadastr planı, sxemi, çıxarışı almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyə və digər hərəkətləri etməyi İddiaçı 21.11.2092-ci il müddətinə etibarnamə vermişdir. Göründüyü kimi, iddiaçı hazırki iddianı irəli sürməkdə müvafiq subyektiv hüquqlara malikdir, bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianı qalan hissədə təmin etməkdə haqlı olmamış, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur (apellyasiya şikayətinin dəlilləri qeyd edilən hissədə əsaslıdır). Belə ki, məhkəmə ümumi formada, abunə haqqında arayışda öz əksini tapmış 11.10.2012-11.12.2019-cu il tarixləri arasında tərtib edilmiş aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış 929,84 manat pul vəsaitinin (yuxarıda qeyd edildiyi kimi 12.12.2019-cu il tarixli akt və onun əsasında hesablanmış 745,80 manat istisna olmaqla, 1675,64- 745,80=929,84) silinməsi nəticəsinə gəlsə də, həmin illər arası tərtib olunmuş aktların mahiyyətinin nədən ibarət olmasını, hansı əsaslarla tərtib olunmasını, uzun müddət keçməsinə baxmayaraq onların əvvəllər mübahisələndirilməməsini və s. işin digər diqqətəlayiq hallarını yoxlamamış, ümumiyyətlə həmin aktların iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamasını nəzərə almamışdır. Məhkəmə yalnız işdə olan abunə haqqında arayışa əsaslanmışdır. Halbuki, həmin arayışdan görünür ki, əvvəlki illərə dair mübahisələndirilən məbləğlər əsasən iddiaçının elektrik enerjisini limitdən artıq istifadəsi nəticəsində yaranmışdır. Birinci instansiya məhkəməsi isə limitdən artıq istifadə nəticəsində hesablanmış pul vəsaitinin nəyə görə əsassız və qanunsud olmasını qətnamədə ümumiyyətlə əsaslandırmamışdır. Həmçinin, məhkəmənin həmin illər arası tərtib olunmuş aktların qüsurlu olmasını necə və hansı sübuta əsasən müəyyən etməsi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Eyni zamanda iddiaçı da iddia tələbini dəyişdirən zamanı (ilkin iddia tələbi yalnız 12 dekabr 2019-cu il tarixli aktın ləğv olunması və onun əsasında hesablanmış 745,80 manat pul vəsaitinin silinməsi ilə bağlı olmuşdur) əvvəlki illərə dair aktların ləğv olunması və pul vəsaitinin silinməli olması istiqamətində tələbini əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, qətnamə həmin hissədə əsaslı və qanuni sayıla bilməz. Bu hal MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin qeyd edilən hissədə ləğvinə tam əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən, yəni 11.10.2012-ci il tarixdən 11.12.2019-cu il tarixədək tərtib edilmiş aktların ləğv edilməsi və onların əsasında hesablanmış 929,84 manat pul vəsaitinin **********00124 saylı abunə hesabından silinməsi hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin olunmamalı, qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktların ləğv edilməsi, əsassız hesablanmış borcların silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(006)-1633/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(006)- 1633/2020 saylı qətnaməsi qismən, yəni 11.10.2012-ci il tarixdən 11.12.2019-cu il tarixədək tərtib edilmiş aktların ləğv edilməsi və onların əsasında hesablanmış 929,84 (doqquz yüz iyirmi doqquz manat 84 qəpik) manat pul vəsaitinin **********00124 saylı abunə hesabından silinməsi hissədə ləğv olunsun, iddia həmin hissədə təmin olunmasın. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə (yəni, 12 dekabr 2019-cu il tarixli aktın ləğv olunması və həmin akt əsasında hesablanmış 745,80 manat pul vəsaitinin **********00124 saylı abunə hesabından silinməsi hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar