Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5319/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəşad Məhəmməd oğlu Həsənovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Elmir İlqar oğlu Murquzovun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehna qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Cavabdeh” İstehsalat Birliyi tərəfindən ona əsassız hesablanmış 1476 manat sayğaca müdaxilə etdiyi üçün və 230 manat yeni qoyulmuş sayğacın pulu olmaqla, cəmi 1706 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "Cavabdeh” İstehsalat Birliyi tərəfindən ona əsassız hesablanmış 1476 manat borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)- 647/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, qeyd edilən ünvana Cavabdeh QSC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, həmin vaxt evdə yaşayış olmuş və evdə yaşayan sakin, M.Salayev sayğaca baxış keçirilməsində şəxsən iştirak etmişdir. Həmin vaxt sayğaca müdaxilə olduğu müəyyən edilmiş, evdə yaşayan M.Salayev həmin aktın doğruluğunu imzalamışdır. Bu zaman həmin şəxs müdaxilənin onlar tərəfindən baş verməsini inkar etməmiş, aktda bununla bağlı hər hansı irad və ya qeyd etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən ev ona məxsus olsa da, özü Lerik rayonunda yaşayır. Binə qəsəbəsində olan həmin mənzil isə onun qızının ailəsinin istifadəsindədir. Sayğacın sökülməsi ilə bağlı aktı da onun kürəkəni M.Salayev imzalamışdır. O, rayonda yaşadığından, həmin aktın tərtib edilməsində və ziyanın hesablanmasında iştirak etməmişdir. . Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tərəflərlə təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlamasından keçirilməsi üçün göndərilmişdir. Sayğac dövlət yoxlamasından keçirildikdən sonra, ona müdaxilə edilməsi müəyyən edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1476 manat (7380 m3 x 0,20 manat = 1476 manat) məbləğində borc dəyəri iddiaçıdan tələb edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2018–ci il tarixli MSK–29/1710-00335 nömrəli aktın surətindən görünür ki, 1302AZ**********92zavod nömrəli qaz sayğacının çıxış plastmas borusu deşilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. İş üzrə iddiaçının yaşadığı evin qaz ilə təchizatın hesablaşmasını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Bunun üçün evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməlidir. Hazırkı işin materiallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçıya məxsus olan evdən onun özü deyil, yaxın qohumları yaşamaqla istifadə edirlər. Həmin evdə quraşdırılmış sayğaca Cavabdeh QSC-nin nümayəndələri tərəfindən baxış keçirilməsində iddiaçının qızının əri olan M.Salayev iştirak etmiş və aktın doğruluğunu, yəni sayğaca müdaxilə baş verməsini imzası ilə təsdiq etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin ünvandakı qaz sayğacına orada yaşayan sakinlər tərəfindən müdaxilə olunması sübut edilmiş hesab edilməlidir. Bu səbəbdən də, iddiaçı Cavabdeh QSC tərəfindən sayğaca qanunsuz müdaxilə nəticəsində dəymiş zərərin hesablanması qanuni olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən aktın qəbul edilməsi üçün əsas olmuş hallar sübuta yetirilmiş hesab edilməlidir. Ona görə də, iddiaçıdan tələb olunan məbləğdə borcu tam olaraq silməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlməmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, dəymiş zərərin hesablanması zamanı iddiaçı təşkilat tərəfindən səhvə yol verilmiş və zərər düzgün hesablanmamışdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxx 2018-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilədən” görünür ki, İddiaçı evində yalnız PQ-4 tipli qaz qurğusu quraşdırılmışdır. Amma dəymiş ziyanın hesablanması ilə bağlı tərtib edilmiş aktdan görünür ki, həmin ünvanda guya QSSQ (qeyri standart su qızdırıcısı) və qaz sobasından da istifadə edildiyi müəyyən edilmişdir və zərər hesablanarkən bu qaz cihazları da nəzərə alınmışdır. Qeyd edilən qaz cihazlarının cavabdehə məxsus ünvanda mövcud olması iş materialları ilə sübuta yetirilmədiyindən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, dəymiş ziyanın hesablanması yalnız bir ədəd PQ-4 tipli qaz cihazı üzrə aparılmalıdır. Tərtib edilmiş aktdan görünür ki, abonentin ünvanında quraşdırılmış PQ-4 tipli qaz qurğusuna əsasən 1,2x6x95=684m3, yəni 136,8 (684 m3 x 0,20 manat = 136,8 manat) manat borc mövcuddur. Azərbaycan Respublikası Dövlət X4 xx xxxx 2011-ci il tarixli 11 saylı “İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 1-ci bəndindən görünür ki, “İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” təsdiq edilmişdir. Həmin «Qaydaların» 1-ci və 2-ci bəndlərinə görə, təbii qazın alqı-satqı müqaviləsi olmadan özbaşına qaz xəttinə qoşulma aşkar olunduqda, həmçinin layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin bərpasının hesablanması Qaydaları tətbiq olunur. Qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması qaydalarının 1-ci və 2-ci hallarında istehlakçı tərəfindən bu hallara uyğun gələn X3nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən və təzyiqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində (Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə iddia müddəti 3 ilə bərabərdir) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşmahesabına ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, PQ-4 tipli qaz qurğusuna əsasən hesablanmış 136,8 manat məbləğində borc iddiaçıdan tutularaq cavabdehin xeyrinə ödənilməli, qalan 1339,20 manat (6696 m3 x 0,20 manat = 1339,20 manat) hesablanmış borc isə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-647/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii X3nın pozulmasına görə abonent kodu **********00350 olan sayğaca hesablanmış 1476,00 manat borcun 1339,20 (bir min üç yüz otuz doqquz manat iyirmi qəpik) manat hissəsi silinsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5319/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5319/2020
06.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver