Məhkəmə qərarları › İş №2(103)-5320/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5320/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5320/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı Məmmədov Ömər Ceyhun oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı X2 qarşı “pul tələbi, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1399/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. “Satıcı” İddiaçı ilə “Alıcİ” Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinə əsasən, “Range Rover sport” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil alıcının mülkiyyətinə keçmişdir. Müqavilə üzrə avtomobilin alqı-satqı qiyməti 50000 manat müəyyən edilmişdir. Avtomobilə BB 162798 nömrəli şəhadətnamə, **-UL-*** qeydiyyat nişanlı nömrə verilmişdir. Cavabdeh avtomobili alıb istifadə etdikdən bir müddət sonra iddiaçıya zəng edib bəyənmədiyini və geri qaytarmaq istədiyini bildirmişdir.

2. “Satıcı” Cavabdeh1 ilə “Alıcı” "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinə əsasən, “Range Rover sport” minik markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobil alıcının mülkiyyətinə keçmişdir. Müqavilə üzrə avtomobilin alqı-satqı qiyməti 200.000 manat müəyyən edilmişdir.

3. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan və iş materiallarında olan Aktlardan görünür ki, İddiaçı tərəfindən “Range Rover sport” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 50000 ABŞ dollarının bir hissəsi kimi 10000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh1 və Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı X2 qarşı “pul tələbi, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 17.000 (on yeddi min) manat əsas, əlavə 5 faiz hesablanmaqla 850 (səkkiz yüz əlli) manat pul, 2.000 (iki min) manat əldən çıxmış fayda, 5.000 (beş min) manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumu, ümumilikdə cəmi 25.010 (iyirmi beş min on) manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını, cavabdeh Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı polis leytenantı X1 özbaşınalıq edərək onu qanunsuz saxlanılmaya və təzyiqlərə məruz qoyaraq, qanunazidd hərəkətlər və hərəkətsizliklər edərək ondan 10.000 (on min) ABŞ dolları pul tələb edərək aldığına görə barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndəriməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, Cavabdeh1 10.000 (on min) ABŞ dolları (indiki məzənnə ilə 17.000 (on yeddi min) manat) məbləğində vəsaitin ödəniləcək günün məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, əlavə 5 faiz hesablanmaqla 850 (səkkiz yüz əlli) manat pul, 2.000 (iki min) manat əldən çıxmış fayda, 5.000 (beş min) manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumu, ümumilikdə cəmi 25.010 (iyirmi beş min on) manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılması, cavabdeh Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı polis leytenantı X1 özbaşınalıq edərək onu qanunsuz saxlanılmaya və təzyiqlərə məruz qoyaraq, qanunazidd hərəkətlər və hərəkətsizliklər edərək ondan 10.000 (on min) ABŞ dolları pul tələb edərək aldığına görə barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndəriməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh1 10 noyabr 2021-ci il tarixdə ondan “Range Rover sport” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili rəsmi qaydada alqı-satqı yolu ilə almışdır. Avtomobilə BB 162798 nömrəli şəhadətnamə, **-UL-*** qeydiyyat nişanlı nömrə verilmişdir. Cavabdeh avtomobili alıb istifadə etdikdən bir müddət sonra zəng edib bəyənmədiyini və geri qaytarmaq istədiyini bildirərək müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 “Range Roveri’in başqa bir modelini seçib özü üçün almışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində Cavabdeh1 onu polislə hədələyərək 59.500 ABŞ dolları məbləğində pulunu qaytarmağı tələb etməyə başlamışdır. Həmin an yeni avtomobil aldığından və digər obyektiv səbəblərə görə pulu qaytara bilməmişdir. Cavabdeh1 qanunsuz və əsassız tələbindən imtina etmişdir. Ona görə ki, avtomobili ondan alanda yoxlatdıraraq almış, heç bir narazılığı olmadığını bildirmişdir. 11 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami RPİnin 23-cü PB-dən zəng edilərək polis bölməsinə dəvət edilmiş və orada məlum olmuşdur ki, Cavabdeh1 onu cinayətkar kimi qələmə vermiş, guya ki, maşın barədə dolğun məlumat verməmişdir. Cavabdeh1 polis bölməsinə gələrək hay-küy salmağa başlamış və onun həbsini tələb etmişdir. Edilən təzyiq nəticəsində onu Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBdə qanunsuz olaraq axşam saatlarınadək saxlamışlar. Əlacsız qalıb polis bölməsindən yaxınları ilə əlaqə saxlamış və 10.000 (on min) ABŞ dolları məbləğində pul qohumları tərəfindən Polis idarəsinə gətirilmişdir. Cavabdeh Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı polis leytenantı X4 öz əlyazması ilə 2 ədəd akt tərtib edərək 10.000 (on min) ABŞ dollarını ondan almışdır. “Range Rover” markalı avtomobilin geri qaytarılması və düzgün hesablaşmaq barədə qanuni tələbləri isə rədd edilmişdir. O, 10.000 ABŞ dolları məbləğində ziyana düşmüş və qanunsuzluqla qarşılaşmışdır. Məhkəmənin diqqətinə çaldırmışdır ki, mübahisənin əsl səbəbi Cavabdeh1 ondan aldığı “Range Rover sport” markalı avtomobili bəyənməməsi və “Range Rover”in başqa modelini alması olmuşdur. Polisə etdiyi şikayət ərizəsində tamam başqa xüsusatları qeyd etmişdir. Nə deməyindən asılı olmayaraq cavabdeh ona yuxarıda qeyd etdiyi maddi ziyanı vurmuş, əsassız varlanmışdır. Pulun qaytarılması ilə əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, vəsaitin qaytarılmasından imtina edilmişdir. Hesab edir ki, Cavabdeh1 10.000 (on min) ABŞ dolları, Milli valyuta ilə 17.000 (on yeddi min) manatı, əsas borca görə əlavə 5% hesablanmaqla, 850 (səkkiz yüz əlli) manat məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Cavabdeh onu aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə pulunu qaytarmamışdır. Tərəfindən iddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da Cavabdeh1 ödəməlidir. Bundan əlavə cavabdehin qanunazidd hərəkətləri əsəblərinə toxunmuş, sarsıntı və iztirab keçirmişdir. Dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlamışam, hər dəfə onun yalanlarını dinləmişdir. Polis bölməsi tərəfindən azadlığının məhdudlaşdırılması, təzyiqə məruz qalmağı, cavabdehin oradakı qanunsuz hərəkətləri, uzun müddətə həbs ediləcəyi barədə hədə-qorxular nəticəsində xəstəliyə düçar olmuşdur. Bu səbəbdən hesab edir ki, ona 5.000 manat mənəvi zərər də dəymişdir və Cavabdeh1 bu zərəri qarşılamalıdır. Cavabdeh1 xeyli müddət əsəbləri ilə oynamağı, narahatlıq yaratması, pulu müxtəlif bəhanələrlə qaytarmaması, onu dövlət orqanlarının qapısını döyməyə təhrik etməsi kimi hallar nəzərə alınmalıdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-1399/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın qismən təmin edilməsi, Cavabdeh1 tərəfindən 10.000 (on min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 160 (bir yüz altmış) manat məbləğində tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının məzmunundan və iş materiallarında olan Aktlardan görünür ki, İddiaçı tərəfindən “Range Rover sport” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 50.000 ABŞ dollarının bir hissəsi kimi 10.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 geri qaytarılmışdır.

9. Cavabdeh1 10.000 ABŞ dolları məbləğində pulu İddiaçı avtomobildə texniki nasazlıqlar olduğu üçün aldığını bildirsə də, bu hal iş materialları ilə təkzib olunur. Belə ki, xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlandığı zaman “Range Rover sport” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil AR DİN Baş Dövlət Yol Polisi İdarəsində texniki baxışdan keçirilmiş, DYP-nin xidməti qeydlərində bu barədə hər hansı bir hal göstərilməmişdir. Digər tərəfdən, Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 586-587-ci maddələrində nəzərdə tutulmuş hüquqlarından istifadə etməklə İddiaçı qarşı hər hansı iddia tələbi irəli sürməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 449.1560.1, 568.1, 598.1, 1091.1, 1091.2, 1092.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

11. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmaması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

13. Cavabdeh1 apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qanunsuz olaraq iddia tələbinin hüquqi əsası kimi əsassız varlanmaya istinad etmişdir ki, guya cavabdeh onun hesabına əsassız varlanmışdır. Əslində isə keyfiyyətsiz və çoxlu sayda qüsurları olan avtomobili ona dəyərindən xeyli artıq məbləğə satmaqla əsassız varlanan şəxs o, deyil, məhz iddiaçının özü olmuşdur. O, İddiaçı RANGE ROVER avtomobilini alan zaman alqı-satqı müqaviləsində 50000 manat göstərilsə də, əslində iddiaçıya 59.500 ABŞ doları verilmişdir. Buna baxmayaraq, məhkəmə sözügedən qətnaməni çxaran zaman işin bu halına da hər hansı bir əhəmiyyət verməmişdir. İddiaçı avtomobili satarkən avtomobildə heç bir problemin olmadığını söyləsə də o, yoxlatdırarkən avtomobilin sağ qabaq və arxa qapılarının dəyişdirildiyini, onun dayaq hissəsində olan hava yastıqlarının açıldığını və həmin yerə əski qoyulduğunu aşkar etmişdir, yəni, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş şərtlər pozulmaqla keyfiyyətsiz və tərəflər arasında razılaşdırılmış dəyərdən xeyli aşağı dəyərdə olan avtomobil təqdim edilmişdir və bu səbəbdən o, haqlı olaraq pulunu geri tələb etmişdir. Lakin məhkəmə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə müddəalarına hər hansı bir əhəmiyyət verməmiş, bununla da cavabdehin hüquqlarını kobud surətdə pozmuşdur. İş materialarında iddiaçının qeyd edilən məbləğdə pulu ona polisin hədə-qorxusu, təzyiqi, onu şantaj etməsi nəticəsində verməsini təsdiq edən hər hansı bir məlumat yoxdur. İddiaçı ona qarşı cinayət işinin açılmasından ehtiyat edərək özü ona təklif etmişdir ki, gəl sənə keyfiyyətsiz avtomobil verdiyimə görə kompensasiya şəklində 10000 ABŞ verim və sən də məndən şikayətçi olma. Həmin vaxt o, iddiaçının bu təklifi ilə razılaşmış və pulu aldıqdan sonra ondan hər hansı bir şikayətinin olmaması barədə ərizə vermiş, yalnız bundan sonra bu əsasla cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə sözügedən qətnaməni çıxaran zaman maddi və prosessual huquq normalarını kobud surətdə pozmuşdur. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. İddiaçı apelyasiya şikayətinə qarşı etiraz vermiş və etirazda apelyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 16.Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı X4 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə:

21. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

22. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

23. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

39. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin edilərək, Cavabdeh1 İddiaçı xeyrinə 10.000 (on min) ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır.

40. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər olan İddiaçı ilə Cavabdeh1 arasında yaranmış alqı-satqı müqaviləsindən irəli gələn mübahisəyə əsasən avtomobilin ilkin mülkiyyətçisi olan İddiaçı tərəfindən 10000 ABŞ dolları məbləğində pul vəsaiti hər hansı hüquqi əsas olmadan Cavabdeh1 geri qaytarılmış və Cavabdeh1 əsassız olaraq varlanmasına şərait yaratmışdır. Belə ki, aralarında mübahisə yarandıqdan sonra avtomobil İddiaçı geri qaytarılmadan, ondan avtomobilə görə ödənilmiş pulun qaytarılması tələb edilmişdir.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.

42. Belə ki, cavabdeh apelyasiya şikayətində İddiaçı RANGE ROVER avtomobilini alan zaman alqı-satqı müqaviləsində 50.000 manat göstərilsə də, əslində iddiaçıya 59.500 ABŞ doları verdiyini, avtomobili yoxlatdırarkən avtomobildə qüsurlar aşkar edildiyini, İddiaçı ona qarşı cinayət işinin açılmasından ehtiyat edərək özünün ona kompensasiya şəklində 10000 ABŞ dolları məbləğdə pul vəsaitinin verdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

43. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.

44. Belə ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən söhbət gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

46. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

47. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93).

48. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

49. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

50. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1399/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar