Məhkəmə qərarları › İş №2(103)-5321/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5321/2023

15.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5321/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, Ərizəçi “bağ sahəsinə dair orderin X2 məxsus olması faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizədə xahiş olunub ki, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 878 nömrəli bağ sahəsinə dair Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 31 nömrəli orderin ərizəçinin mərhum əri X2 məxsus olması faktı müəyyən edilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, ərizə təmin olunsun, həmin fakt müəyyən edilsin. İşdə iştirak etməyən cəlb edilməyən Maraqlı şəxs2 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. O, apellyasiya icraatı zamanı iş üzrə maraqlı şəxs kimi tanınmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Ərizəçinin əri X1 adı müxtəlif sənədlərdə “Rafiq” və “Rafik” kimi, ata adı isə “Eyyub” və “Əyyub” kimi göstərilib. Orderdə onun adı “X3” kimi göstərilib. Ona görə də ərizəçi orderin ərinə məxsus olması faktının müəyyən edilməsi xahiş edib. Orderin həmin şəxsə məxsus olması faktı birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilib və qətnamədə lazımi qaydada əsaslandırılıb. Bu nəticə Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin göstərişinə uyğundur. Həmin maddədən görünür ki, məhkəmə belə faktı müəyyən edə bilər. Apellyasiya şikayətində bildirilib ki, Ərizəçi şikayətçinin ana nənəsi, mərhum X4 isə ana babasıdır. Şikayətçi orderin babasına məxsus olmasını inkar etmir, lakin bildirir ki, vərəsəlik barədə mübahisə var, ərizəçi faktın müəyyən edilməsi barədə qətnamədən istifadə edərək torpaq sahəsini ələ keçirib, torpaq sahəsinə dair mərhum X1 adına reyestr çıxarışı alıb, sonra öz adına vərəsəlik şəhadətnaməsi alıb, daha sonra isə torpaq sahəsini bağışlama yolu ilə öz qızının adına keçirib. Məhkəmə qeyd edir ki, həmin qətnamə ilə vərəsəlik mübahisəsi həll edilməyib, sənədin şəxsə məxsus olması faktı müəyyən edilib. Bu faktın həqiqiliyini isə apellyasiya şikayəti vermiş şəxs də etiraf edir. Fakt müəyyən edildikdən sonra həmin fakta əsasən əldə edilmiş sənədlər (vərəsəlik şəhadətnaməsi və s.) və bağlanmış əqdlər (torpağın özgəninkiləşdirilməsi əqdi və s.) iddia verilməklə mübahisələndirilə bilər. Vərəsəliklə bağlı mübahisənin olması isə hazırkı iş üzrə icraata xitam verilməsinə və ya ərizənin baxılmamış saxlanılmasına əsas deyil. Mülki-Prosessual Məcəllənin 259.0.10 və 306.4-cü maddələrinə görə, belə işlərə baxılarkən hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. Həmin maddələrdə “hüquq haqqında mübahisə” deyildikdə ərizəçinin müəyyən edilməsi xahiş etdiyi fakta aid olan hüquq haqqında mübahisə nəzərdə tutulur. Hazırkı işdə sənədin şəxsə məxsus olması faktına aid olan hüquq haqqında mübahisə yoxdur. Beləliklə, məhkəmə Mülki-Prosessual Məcəllənin 307.2.5-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar