Məhkəmə qərarları › İş №2(103)-5321/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5321/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5321/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1412/2023 saylı, 08 avqust 2025-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1412/2023 saylı, 11 aprel 2023cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1412/2023 saylı, 16 iyul 2025-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin ona geri qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə1) şikayət verərək ləğv edilməsini və qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1412/2023 saylı, 08 avqust 2025-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməyə dair 16 iyul 2025-ci il tarixli, e-2(006)-1412/2023 saylı qərardadı ləğv edilmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(006)-1412/202 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qənaətində göstərmişdir ki, mübahisələndirilən məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iddiaçı məhkəmənin 11 aprel 2023-cü il tarixli, 2(006)- 1412/2023 nömrəli qətnaməsinə müvafiq olaraq eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 25 fevral 2025-ci il tarixli, 2- 1(118)- 322/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, bundan sonra iddiaçı sonuncu qərardaddan narazı qalaraq apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)- 412/2025 saylı qərardadına əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 25 fevral 2025-ci il tarixli, 2-1(118)-322/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yalnız bundan sonra iddiaçı hazırda mübahisələndirdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1412/2023 saylı qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki iş üzrə də iddiaçının qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti ötürməsi hər hansı üzrsüz səbəblərdən dolayı yox, məhz mübahisələndirilən məhkəmə qətnaməsi əsasında ona sığorta ödənişinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməli olmasının müəyyən edilməsi olmuşdur. Məhz buna görə də iddiaçı, tələbi rədd edildiyindən, sonradan Sumqayıt İnzibati Məhkəməsində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia qaldırsa da, uzun çəkən məhkəmə mübahisəsinin sonunda (2 il keçdikdən sonra) iddiaçının tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mümkün sayılmamış, iddiaçıya hazırki qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmək hüququnun olması izah edilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbinə dair məhkəmələr arasında müxtəlif fikir ayrılıqlarının olması iddiaçının hazırki məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddəti buraxmasına səbəb olmuşdur. Bu baxımdan, məhkəmə iddiaçının apellyasiya şikayətinin qətnamənin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq sonradan verilməklə müddəti ötürməsini üzrlü qəbul edərək hesab edir ki, hazırda ləğv edilməsi tələb edilən 16 iyul 2025-ci il tarixli qərardad əsasında iddiaçının prosessual müddətin bərpasına dair ərizəsindən imtina əsassız və qanunsuz olmuşdur. Odur ki, həmin qərardad ləğv edilməklə qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməli və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Həmin qərardaddan cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti şikayət verərək ləğv edilməsini və iddiaçının prosessual müddətin bərpası barədə ərizəsinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi e-2(006)-1412/2023 saylı, 19 avqust 2025ci il tarixli qərardadı ilə 08 avqust 2025-ci il tarixli qərardadındakı mövqeyini bir daha təkrarlayaraq şikayəti təmin etməmiş və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştiak edən şəxslər tərəfindən hər hnsı sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsi üçün kifayət etmir. Çünki işdən bəlli olur ki, apellyasiya şikayətini mülki-prosessual qanunvericiliyin tələb etdiyi müddətə verilməməsi birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi mübahisənin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının olması ilə əlaqədar iddiaçının iradəsindən asılı olmayan səbəbdən olmuşdur. Ona görə də müddətin ötürülməsinin üzrlü səbəbdən baş verdiyi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə apellyasiya instansiyası məhkəməsi də razılaşır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1412/2023 saylı, 08 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1412/2023 saylı, 08 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar