Məhkəmə qərarları › İş №2(103)-5325/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5325/2023

18.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5325/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Hazırkı iş üzrə Xəzər RM-nin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, iş üzrə Xəzər RM-nin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti geri qaytarılsın. İddiaçı şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda müəyyən edilmiş müddəti ötürüb, müddətin bərpası üçün ərizə (vəsatət) verməyib. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamə xx.xx.2023-cü ildə iddiaçıya rəsmi qaydada verilib (iş v. 30, qəbz). Bununla da apellyasiya şikayəti verilməsi üçün qanunda müəyyən edilmiş 1 aylıq müddətin axımı başlayıb. İddiaçı qətnamədən 2 dəfə apellyasiya şikayəti verib. 1-ci apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş 1 aylıq müddətin daxilində verilib. Lakin həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilib. Qeyrimümkünlüyün əsası kimi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmiş forma və məzmunda tərtib edilmədiyi göstərilib. Qərardad xx.xx.2023-cü ildə iddiaçıya məxsus elektron kabinetə yerləşdirilib və iddiaçı qərardaddan şikayət verməyib. 2-ci apellyasiya şikayəti xx.xx.2023-cü ildə, yəni qanunla müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra verilib, müddətin bərpası barədə ərizə (vəsatət) isə verilməyib. Xəzər RM müddətin keçməsinə əsaslanaraq apellyasiya şikayətinin qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərardad qəbul edib. İddiaçı həmin qərardaddan verdiyi şikayəti onunla əsaslandırıb ki, 1-ci apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin qərardadında 10 gün ərzində şikayət vermək hüququ göstərilib, qərardadı aldıqdan sonra 10 gün ərzində apellyasiya şikayətindəki prosessual pozuntuları aradan qaldıraraq xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti verib, ona görə də hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddətini ötürməyib. Bununla bağlı məhkəmə qeyd edir ki, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımı qətnamənin rəsmi qaydada verildiyi təqvim tarixindən sonrakı gün başayır və növbəti ayın müvafiq günündə qurtarır. Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadın qəbul edilməsi həmin müddətin axımının dayanmasına və ya müddətin yenidən hesablanmasına səbəb olmur. Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə (qaytarılmasına) əsas olmuş prosessual pozuntular aradan qaldırıldıqdan sonra apellyasiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər (MPM, maddə 363.4). Bu maddədə “ümumi qayda” deyiləndə apellyasiya şikayəti verilməsi müddətinə əməl edilməsi də nəzərdə tutulur. Əgər prosessual pozuntular aradan qaldırılanadək 1 aylıq müddət üzrlü səbəbdən keçibsə, yenidən apellyasiya şikayəti verən şəxs müddətin bərpası barədə vəsatət verə bilər. Belə vəsatət olmadan məhkəmə öz təşəbbüsü ilə müddəti bərpa edə bilməz. 1-ci apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin qərardadında qeyd edilmiş 10 günlük şikayətvermə müddəti qətnamədən yenidən apellyasiya şikayəti verilməsi müddəti deyil, bu müddət həmin qərardaddın özündən kassasiya şikayəti verilməsi müddətidir. Apellyasiya və kassasiya şikayəti verilməsi müddətləri ayrı-ayrı prosessual müddətlərdir. İddiaçı isə yanlış olaraq belə zənn edir ki, əgər o, həmin qərardadı aldıqdan sonra 10 günün daxilində yenidən apellyasiya şikayəti veribsə, apellyasiya şikayəti verilməsi müddəti ötürülməmiş hesab olunur. Beləliklə, iddiaçı yenidən apellyasiya şikayəti verərkən apellyasiya şikayəti verilməsi üçün qanunda müəyyən edilmiş 1 aylıq müddət keçmişdir. MPM-in 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. O cümlədən MPM-in 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Ona görə də Xəzər RM düzgün olaraq apellyasiya şikayətinin qaytrılmasını qərara alıb, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar