Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5331/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(011)-3419/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq sadələşdirilmiş icraat qaydasında bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 mart 2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın hesablanma mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafının zədəli olması müəyyən edilmişdir.
2. İtirilmiş təbii qazın dəyərinin hesablanması barədə 30 mart 2018-ci il tarixli hesabatdan görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 9720 m3 sərfiyyat hesablanmışdır.
3. **********00000 kod üzrə iddiaçıya məxsus abonentin saldosundan görünür ki, abonentin 2018-ci ilin mart ayı üzrə cədvəlin “qalıq və aktlar” qrafasında 1944 manat borcu olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona əsassız hesablanmış 1944 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Ərazi üzrə qaza baxan nümayəndə tərəfindən ona bildirilmişdir ki, 1944 manat borcu var və ona akt yazılmışdır. Bakı Regional Qazın Satışı Departamentinə müraciət etdikdə ona bildirdilər ki, sayğaca müdaxilə etdiyinə görə 1944 manat cərimə yazılıb və bu pulu ödəməlidir. O, cərimənin səbəbini soruşduqda bildirdilər ki, mənzildə quraşdırılan sayğac 25 dekabr 2017-ci ildə əvəz edilərkən çıxardılmış sayğac laboratoriyaya göndərilmiş və rəyə əsasən müdaxilə edilməsi bildirilmişdir. Qeyd edir ki, mənzilində quraşdırılan qaz sayğacına tərəfindən və ya başqa şəxs tərəfindən heç bir müdaxilə edilməyib. Akt tərtib edilərkən onun iştirakı təmin edilməyib. Cavabdeh İB tərəfindən ona 000708 nömrəli akt və hesabat ona təqdim edilmişdir. Aktdakı hesabatda 180 gün hesabat aparıldığı qeyd edilmişdir. Tərəfindən təbii qazdan qanunsuz istifadə hallarına yol verilməmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(011)- 3419/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Qətnamənin əsaslarına görə, məhkəmə hesab etmişdir ki, sayğaca müdaxilə ilə bağlı iddiaçının məsuliyyət daşıdığı hallarla bağlı cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən və borcun sayğacın düzgün işləmədiyi dövrə görə tələb olunduğuna görə iddia təmin edilərək 1944 manat məbləğində borc silinməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası “Qazdan istifadə qaydalarının” 4.6, 4.7, 4.8, 4.9, “Qaz təchizatı haqqında” Qanunun 13, Mülki Məcəlləsinin 448.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.
10. Şikayətin dəlillərinə görə, iddiaçının təbii qazdan qanunsuz olaraq istifadə etməsi yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
16. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
19. Cavabdeh apellyasiya şikayətində qeyri-qanuni qoşulma faktının akt ilə rəsmiləşdirildiyini qeyd etsə də, nəzərə alınmalıdır ki, sözügedən akt iddiaçı tərəfindən imzalanmamış, aktın hazırlanmasına hal şahidləri cəlb edilməmiş, akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Yəni, aktın tərtibində qanunvericiliyin tələblərinə riayət edilməmişdir.
20. Həmçinin, iddiaçı “Qazdan istifadə Qaydaları”nın 6.5 və 6.7-ci bəndlərinin tələblərinə əməl etməyərək, qaz xəttinə qanunsuz qoşulma aşkar edilən kimi qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmamış, dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbir görməmişdir.
21. Belə olan halda, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə riayət edilmədən birtərəfli qaydada tərtib edilmiş aktlar mötəbər sübut kimi qəbul edilə bilməz.
22. Bu da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
23. Şikayətin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına sözügedən faktları təsdiq edən hər hansı fotoşəkil əlavə edilməmişdir.
24. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(011)-3419/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(011)-3419/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev