Məhkəmə qərarları › İş №2(103)-5333/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5333/2021

08.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5333/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “özbaşına inşa edilmiş eyvanın sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağacanov X5 Çingiz Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 07.02.2012-ci il tarixli çıxarış əsasında mülkiyyətində olduğunu, həmin əmlakın arxasında, yəni ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olan cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə məhəl qoyulmadan, ara məsafəsi, təhlükəsizlik qaydaları və digər məsələlərlə əlaqədar imperativ tələblərə riayət edilmədən inşa edilmiş eyvanın qeyri-yaşayış sahəsinin düz üstündə - demək olar ki, dam örtüyünə bitişik olmaqla hüquqlarını pozduğunu, sözügedən eyvana görə əmlakının dam örtüyünü təmir edə, yaxud dəyişə bilmədiyini, bu halın həm də əmlakının dəyərini xeyli itirməsinə səbəb olduğunu irəli sürmüş, buna görə də ünvan 2 ünvanında yerləşən evin mülkiyyətçisi tərəfindən inşa edilmiş açıq eyvanın cavabdehin hesabına, onun mülkiyyətində olan daşınmaz əmlaka ziyan vurulmadan sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iddiaçıdan ekspertiza tədqiqatının dəyərinə görə 150 manatın Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, cavabdehin evinin balkonunun texniki pasportdakı göstəricilərə uyğun olmadığını nəzərə almadığını, qanunvericiliyi düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil şikayətin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə mübahisəsi gedən eyvanın özbaşına olmadığını, əmlakı əldə edərkən həmin eyvanın mövcud olduğunu və texniki pasportda əks edildiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən edilmiş və mübahisələndirilməyən halına görə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 20.12.2011-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı icarəyə verilmiş, 29.12.2011-ci il tarixdə onunla alqı-satqı müqaviləsi bağlanaraq əmlak 07.02.2012-ci il tarixdə onun mülkiyyətinə verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 23.09.1992-ci il tarixdən X2 məxsus olmuş, 13.01.1996-cı il tarixdə o, həmin evin 1/6 hissəsini oğlu Cavabdeh bağışlamış, evin 1/6 hissəsi 25.05.2006-cı il tarixli çıxarış əsasında Cavabdeh mülkiyyətinə verilmiş, 21.08.2006-cı il tarixdə o, həmin hissəni qohumu X1 (Cavabdeh Elşad Mənsimovun bacısının əri olduğu müəyyənləşdirilmişdir), 02.04.2010-cu il tarixdə əmlak Elşad Mənsimovun adına rəsmiləşdirilmiş, 02.07.2019-cu il tarixdə həmin əmlak Cavabdeh bağışlanmış və 17.07.2019-cu il tarixdə onun adına müvafiq çıxarış verilmişdir. Tərəflər mübahisələndirmirlər ki, Cavabdeh mülkiyyətindəki evin eyvanı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin üzərində yerləşir və həmin eyvan evə dair 12.05.2009-cu il tarixdə tərtib edilmiş texniki pasportda öz əksini tapmışdır; İddiaçı iddiasına görə isə, eyvan qanunsuz inşa edilməklə öz əmlakından istifadədə ona maneələr yaratmaqdadır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın (Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin) 12 oktyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli eyvan tikilisinin planlı yerləşməsi 12.05.2009-cu il tarixli texniki pasporta uyğun olmaqla yanaşı, onun ölçüləri pasportda göstərilən ölçülərdən fərqlidir (texniki pasporta əsasən eyvanın uzunluğu 7,1 metr, eni 5,4 metr göstərilmiş, lakin faktiki olaraq tikilinin eni 7,0 metr, uzunluğu 7,6 metr təşkil edir) və İddiaçı məxsus yaşayış evinin tikililərində yaranmış qüsurlar, o cümlədən evin dam hissəsinin istifadəyə yararsız vəziyyətə düşdüyü, eləcə də mübahisəli eyvan tikilisinin birbaşa 9C saylı evin dam hissəsinin üstündə yerləşdiyini nəzərə alındığında, həmin eyvan tikilisi 9C saylı evin dam hissəsinin təmir olunmasına maneə yarada bilər. Apellyasiya baxışı zamanı tərəflər sözügedən rəydə göstərilən xüsusatları mübahisələndirməmiş, eyni zamanda eyvanın müvafiq hissədə sökülməsinin mümkün olduğunu bildirmişlər. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə dəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Kollegiya hesab edir ki, İddiaçı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə qismən uzlaşmaqdadır; belə ki, yuxarıda da göstərildiyi kimi, apellyasiya baxışı zamanı cavabdehə məxsus evin eyvanının bir hissəsinin müvafiq icazə sənədlərinin olmadığı və həmin eyvanın iddiaçının öz əmlakından istifadəsində maneələr yaratdığı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin eyvanının texniki pasportda əksini tapmış ölçülərdən artıq olan hissələri onun hesabına sökülməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi cavabdehdən alınaraq ona ödənilməli, ekspert tədqiqatının dəyəri isə tərəflərdən tutularaq müvafiq hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2021 saylı iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “özbaşına inşa edilmiş eyvanın sökülməsi” tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin eyvanı uzunluq hissəsindən 0,5 metr, en hissəsindən 1,6 metr olmaqla həmin ünvandakı 9C saylı qeyri-yaşayış sahəsinə ziyan vurulmadan Cavabdeh hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi kimi 31,40 (otuz bir manat qırx qəpik) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin; ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın 75 (yetmiş) manatı İddiaçı, 75 (yetmiş) manatı Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X3, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar