Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5333/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3245/2023 nömrəli, 26 iyul 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* №-li Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, istehlakçı X2 məxsus yaşayış sahəsində olan ******* sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombları kəsilmişdir.
2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 12690 m³-dur.
3. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə Akta əsasən müəyyən olunur ki, tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi qaz paylayıcı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun quraşdırılan qaz sayğacı kimi müəyyən edilmişdir.
4. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-79-1 nömrəli akta əsasən müəyyən edilir ki, ******* sayğac istismara yararsızdır.
5. İş materiallarında olan abonentin saldosuna əsasən müəyyən edilir ki, 12690 m³ saldo və 1555,2 manat borc mövcuddur.
6. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Akta əsasən müəyyən edilir ki, ******* nömrəli sayğac istismar müddətinin bitməsi əsası ilə çıxarılmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azəriqaz İB tərəfindən qanunsuz olaraq ona hesablanmış abonent saldosunda göstərilən 1555,2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3245/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddianın təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış abonent saldosunda göstərilən 1555,2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc məbləği qanunsuz hesab edilməklə silinməsi vəzifəsinin Cavabdeh İB-yə həvalə edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və İddiaçıCavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyərək səhv hüquqi nəticəyə gələrək itirilmiş qazın dəyərinin silinməsini qət etmişdir. Belə ki,1-ci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi borcun silinməsi hissəsində əsaslıdır. İş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt, xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə və s. sübutlara nəzər yetirilsə, hamısı iddia tələbinin əsassız olmasını göstərir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi iş materiallarını səthi araşdırmış, cavabdehin ətraflı etirazı, geniş iş materiallarına istinadən verdiyi izahata göz yummuş və bununla da səhv nəticəyə gələrək borcun silinməsinə dair qətnamə çıxarmışdır. İddiaçı öz tələbinin nə dərəcədə əsaslı olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçının öz tələbində iş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş rəsmi sənədlərə istinad edilmişdir ki, bu da iddia ərizəsinin birbaşa rədd edilməsi üçün əsasdır. Lakin, 1-ci instansiya məhkəməsi iddiaçı tərəfindən haqlı olması ilə bağlı hər hansı bir sübutun onun tərəfindən verilməməsinə baxmayaraq iddiaçının uydurma izahatı əsasında səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş yazılı sübutlar isə birbaşa iddia tələbinin rədd edilməsi üçün əsaslardır. İddiaçıya aid olan **********00020 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun
15. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
16. 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
17. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
18. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3245/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, iş materiallarından göründüyü kimi, ******* nömrəli sayğac xx.xx.2022-ci il tarixdə istismar müddətinin bitməsi əsası ilə cavabdeh təşkilatın əməkdaşları tərəfindən çıxarılmışdır. Təxminən 5 (beş) ay sonra xx.xx.2023-cü il tarixdə istehlakçı X2 məxsus yaşayış sahəsində olan ******* sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomblarının istehlakçı tərəfindən kəsilməsi qənaətinə gəlinmişdir
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən sayğac cavabdehin məsul əməkdaşları tərəfindən təhvil alınan zaman sayğaca hər hansı müdaxilə olması halı müəyyən edilməmiş, bu barədə hər hansı akt tərtib edilməmişdir. Bir neçə ay sonra istehlakçı İddiaçı müayinədə iştirakını təmin etmədən labaratoriya müayinəsi zamanı əsassız olaraq sayğaca müdaxilə edilməsi qənaətinə gəlinmişdir.
29. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbi baxımından iş üzrə qoruyucu qapağına vurulan zavod qurğuşun plomblarının kəsilməsi və buna görə qaz itkisinin yaranması iddiaçının müdaxiləsi nəticəsində baş verməsi cavabdeh tərəfindən sübuta yetirilmir.
30. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz.
31. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyin tələbi baxımından borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırkı iş üzrə iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır.
32. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, itirilmiş qazın dəyərinə görə hesablanmış 1555,2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinməlidir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
34. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3245/2023 nömrəli, 26 iyul 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.