Məhkəmə qərarları › İş №2(103)-5335/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5335/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5335/2023 30.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddia tələbi iş üzrə (Açar sözlər: borc) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2977/2023 nömrəli iş üzrə 25 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış KG-073/2019 saylı nisyə alqı-satqı müqaviləsinə görə İddiaçı MMC müqaviləyə əsasən Əlavə 1-də göstərilmiş əşyanı (bir ədəd Dyanmic markalı su təmizləyici sistemi) nisə satışını həyata keçirərək, malı Alıcıya satmağı, Alıcı isə malın qiymətini ilkin ödəniş olaraq 200 manat, qalan məbləği isə 3 ay müddətinə Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə su təmizləyizi sistemi alıcının ünvanı ünvan 1mizləyici sistemin tam işlək vəziyyətə olması alıcının iştirakı ilə yoxlanılmış, alıcı təhvil-təslim zamanı su təmizləyici sistemini tam işlək və qüsursuz vəziyyətdə təhvil almasını təsdiq etmişdir.

2. İş materiallarına olan 17 mart 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ödəməli olduğu 1690 manat borc məbləğində 885 manat ödəmiş və cavabdehin 805 manat əsas borcu və 64,2 manat cərimə borcu qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı borc tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli KG-073/2019 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 805 manat əsas, 64,2 manat cərimə olmaqla, ümumilikdə 869,2 manat borcun və 30,4 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2977/2023 nömrəli iş üzrə 25 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia təmin edilmiş, Cavabdeh 805 manat əsas, 64,2 manat cərimə borcu olmaqla, ümumilikdə 869,2 (səkkiz yüz altmış doqquz manat iyirmi qəpik) manat məbləğində pul və 30,4 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1 və 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının məhkəmə iclasında iştirakı a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianı rədd edəsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsi üzrə işə sadələşdirilmiş icraat qaydasında baxılmışdır və ümumiyyətlə cavabdehin ona qarşı belə bir iddianın məhkəmədə baxılmasından xəbəri olmamışdır. Məhkəmə mülki iş barədə cavabdehi qanunla müəyyən edilmiş qaydada xəbərdar etməmişdir. İddiaçı ilə cavabdeh arasında mübahisəli alğı-satqı müqaviləsi xx.xx.2019-cu ildə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı su filtirini cavabdehin evinə quraşdırmalı, cavabdeh cədvəl üzrə müəyyənləşdirilmiş pul vəsaitini onlara ödəməli idi. İlk ödəniş xx.xx.2020-ci il tarixində baş tutmuşdur. Pulu ödərkən cavabdeh onlardan pulun ödənilməsi barədə qəbz və ya kassa çeki tələb etmişdir. Lakin onlar bildirmişlər ki, hal-hazırda çekləri mövcud deyildir və digər ödəniş aparılarkən hər iki ödənişin qəbzini təqdim edəcəklər. İkinci ödənişin vaxtı, yəni xx.xx.2020-ci ildə iddiaçı şirkətin başqa bir işçisi zəng vuraraq ödənişin aparılmasını xahiş etmişdir. Yenidən onlara öz tələbini demiş və qeyd etmişdir ki, əgər onun qəbzləri verilməsə onlara pul ödəməyəcək. Mart ayının 2-3-ü bir neçə dəfə iddiaçı şirkətin ayrı-ayrı əməkdaşları zəng vuraraq ödənişin həyata keçirilməsini xahiş etsələr də, o yenə də öz şərtini onlara bildirmişdir. Bundan sonra yəni 2020-ci ilin mart ayının 10-dan sonra onlar cavabdehə zəng vurmamış və pulu tələb etməmişlər. Cədvəl üzrə son ödəniş tarixi 30 mart 2020-ci il müəyyən edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq iddiaçı ondan müqavilə üzrə pul tələbini yalnız 30 mart 2023cü il tarixinədək tələb edə bilərdi. Beləliklə, iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı müqavilə üzrə pul tələbinə dair iddiası iddia müddətinin ötürülməsinə görə təmin edilə bilməz. Birinci instansiya məhkəməsində iddia barəsində xəbəri olsaydı, iddia müddətinin keçməsi ilə bağlı müvafiq ərizə məhkəməyə təqdim edərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının məhkəmə iclasında iştirakı

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

10. Maddə 385 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

11. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

12. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

13. Maddə 462.1 dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

14. Maddə 463.1 dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır;

15. Maddə 465.2 əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər;

16. Maddə 567 alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Maddə 600.1 alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;

18. Maddə 600.4 əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;

19. Maddə 601.1 əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2977/2023 nömrəli iş üzrə 25 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.

29. İş materiallarında olan 17 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabeh Cavabdeh İddiaçı MMC qarşısında ödənilməmiş 805 manat əsas borc və 64.2 manat cərimə borcu mövcuddur.

30. Belə olan halda birinci instansiya məhkəməsi Cavabdeh 805 manat əsas borcuun tutularaq İddiaçınə ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh X3 64,2 manat cərimə borcunun İddiaçı xeyrinə tutulması hissəsində də düzgün nəticəyə gəlmişdir.

33. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

34. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində məhkəmədə onun barəsində mülki işin olmasından məlumatı olmadığını və məhkəmə tərəfindən məlumatlandırılmadığını qeyd etsə də, iş materiallarına olan (iş vərəqəsi 10) xəbərnamədən görünür ki, birinci instansiya məhkəməsi cavabdehin ünvanına məhkəmə bildirişi göndərmiş və cavabdeh həmin bildirişi 06 iyun 2023-cü il tarixdə imza etməklə qəbul etmişdir.

35. Kollegiya cavabdehin apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlilinə münasibətdə aşağıdakıları qeyd edir:

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

37. Hazırkı işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019cu il tarixdə isyə alqı-satqı müqaviləsi bağlanmış və alıcı 3 ay müddətinə müqavilə üzrə malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə sonuncu ödəniş tarixi 30 mart 2020-ci il nəzərdə tutulmuşdur. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 22 may 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

38. Kollegiya qeyd edir ki, iddiaçı müqavilə üzrə 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etsə də, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddia müddətini tətbiqi barədə ərizə ilə müraciət olunmamış, həmçinin apellyasiya şikayətində iddiaçı tərəfində iddia müddətinin ötürülməsinə toxunmuş olsa da, bu barədə ayrıcı ərizə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

39. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən qeyd edilən formada ayrıca ərizə təqdim olunmuş olsa belə, apellyasiya icraatı zamanı iddia müddətinin tətbiq edilməsi hazıkı işin halları baxımından istisna olunacaqdı. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinin tələbi baxımıdan yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. Məhkəmənin yuxarıda qeyd edilən mövqeyindən göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsində məhkəmə icraatından məlumatlı olmuş, yəni iddia müddətini tətbiqi barədə ərizə ilə müraciət etmək hüququnun olmasına baxmayaraq bu hüququndan istifadə etməmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

42. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2977/2023 nömrəli iş üzrə 25 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar