Məhkəmə qərarları › İş №2(103)-5338/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5338/2024

01.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5338/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi, borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2236/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra, cavabdeh) qarşı “aktın ləğv edilməsi, borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında aktın ləğv edilməsi və istifadə qaydalarının pozulmasına görə hesablanmış 2002,70 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 131, 43 saylı mənzilin müikiyyətçisidir. O, vaxtlı-vaxtında kommunal borclarını, o cümlədən işıq borcunu ödəyir. 2023-cü ilin dekabr ayının 06-a olan 249,17 manat borcu ödəmiş, lakin 2024-cü ilin yanvar ayında ona borc bildirişi gəlmiş və həmin borc xx.xx.2023-xx.xx.2024-cü il dövrü əhatə edərək 2093.34 manat təşkil etmişdir. O, bu barədə cavabdehə şifahi müraciət etmişdir ki, borcun yaranma səbəbini izah etsinlər. Ona sayğacın dəyişdirilməsindən sonra akt tərtib edildiyini və həmin məbləğin cərimə pulu kimi hesablandığını bildrimişlər. Aktın sürətini ona təqdim etmişlər, aktda güya sayğacın dövlət möhürü və alt qapaq möhürünun pozulması və hansısa mexanizmdə cızıq izlərin aşkar edilməsi göstərilmişdir. Nə sayğacın dəyişdirilməsində, nə də sayğaca baxış keçirilməsində iştirak etməmiş, ümumiyyətlə bu işlərdən xəbəri olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2236/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia qismən təmin olunaraq, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına (abonent kodu **********10043) əsassız hesablanmış 2002,7 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməmsi, cavabdehdən 40,02 manat pulun alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçı tərəfindən sayğaca qanunsuz müdaxilə halının müəyyən olunması, bu barədə aktın tərtib olunması, aktın qanuni olması, müdaxilə faktının aşkar olunması, nəticədə sayğacın yararsız vəziyyətə düşməsi, sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında akt-protokoldan görünür ki, sayğacın daxilinə baxış zamanı diskin və hesab mexanizminin üzərində cızıq izləri aşkar olunmuş, sayğac istismara yararsızdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 054879 nömrəli aktdan görünür ki, sayğaca baxış keçirərkən məlum olmuşdur ki, abanentə aid olan sayğac istismar dövrünü başa vurmuşdur. Sayğac obyektin daxilində quraşdırılmışdır. Sayğacın yenisi ilə əvəzlənməsi qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 273515 nömrədi aktdan görünür ki, ünvan üzrə sayğac dəyişdirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli akt-protokol №019361-dan görünür ki, 266713 dövlət möhürü və 283426 nömrəli alt qapaq möhürü pozulub, yoxlama zamanı aşkar edilən qüsurlar diskin və hesab mexanizminin üzərində cızıq izləri aşkar olundu, sayğac istismara yararsızdır. İşdə olan xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, xx.xx.2023-cü il tarixli 054879 №-li akta əsasən, 2003,43 manat borcun ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən silinməsi tələb olunan 2002,7 manat məbləğində borcun əsasını - enerjitəchizatı müəssisəsi (cavabdeh) tərəfindən akt əsasında abonentin (iddiaçının) abunə hesabına hesablanmış pul məbləğləri olduğundan, yaranmış borcun əsaslı olması halı barədə sübut etmə yükü cavabdehin üzərinə düşür. Həmin akta görə ümumilikdə 2002,7 manat məbləğində iddiaçının öhdəliyinin yaranmasının mötəbərliyini əks etdirən sübutlar məhkəməyə təqdim olunmadığından və həmin borcun yaranmasının əsaslı olması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra, Qaydalar) 1.3-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsaəsn bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Göründüyü kimi, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-ci bəndində göstərilir ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Yuxarıda qeyd edilən normanın pozulması üçün istehlakçının təqsirindən hesablaşma uçot cihazının zədələnməsi, uçot cihazlarının qoşulma sxemlərinin pozulması, sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma və s. bu kimi hallar aşkar olunmalıdır. Həmçinin, hüquq norması elektrik enerjisi istehlakçısının elektrik enerjisindən istifadə qaydalarının pozulmasında məsuliyyətini, aşkar olunmuş pozuntularda istehlakçının təqsiri olması ilə şərtləndirmişdir. Yəni baş vermiş pozuntuya görə o halda istehlakçı məsuliyyət daşıyır ki, pozuntu istehlakçının təqsirli hərəkətlərinin nəticəsi olaraq əmələ gəlsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qaydaların 8.16-cı və 8.17-ci bəndlərinin tələblərindən göründüyü kimi, qüsurların yaranmasında istehlakçının təqsirli olub-olmamasının müəyyənləşdirilməsi yenidən hesablaşma aparılması üçün mühüm əhəmiyyət kəsb edir. Qaydaların 9.20-ci bəndində fors-major hadisələri, kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik verilişi xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və kabel verilişi xətlərinin mexaniki zədələnməsi və s. nəticəsində) baş vermiş qəzalarla əlaqədar istehlakçı dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır. Qanunvericiliyin qeyd edilən normalarında göstərilən halların araşdırılması bilavasitə enejitəchizatı müəssisənin üzərinə düşür. Hazırkı halda isə, cavabdeh tərəfindən tərtib olunmuş akt birtərəfli olmaqla, iddiaçıya (və ya onun ailə üzvlərinə) təqdim olunmamış, istehlakçıya öz mülahizəsini bildirməyə imkan yaradılmamışdır. Həmçinin, lobarator baxış zamanı həmin qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı da təmin olunmamışdır. Qaydaların yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi, hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Cavabdeh isə qanunvericiliyin tələblərinə riayət edilməsi istiqamətində müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Səbail RETSİ Enerji Satış şöbəsində aparıcı mühəndis vəzifəsində işləyən X1 bildirmişdir ki, sayğaca baxış zamanı sayğacın mexaniki olması aşkar edilməklə istismar dövrünün başa vurması, sayğacın obyektin daxilində quraşdırılması müəyyən edilmiş, sayğaca baxış zamanı onun üzərində möhür mövcud olmuş, qeyri qanuni xətt aşkar edilməmiş, sayğac istismar müddəti bitdiyinə görə yenisi ilə əvəzlənmişdir. Sayğac yenisi ilə əvəz olunduqdan sonra mənzilin daxilindən çölünə çıxarılmışdır. Göründüyü kimi, araşdırmalar zamanı sayğacın məhz iddiaçının təqsiri hərəkətləri nəticəsində yararsız vəziyyətə düşməsi və istismara yararsız olması olması müəyyən olunmur. Cavabdeh bu istiqamətdə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda isə cavabdeh sayğaca müdaxilə olunması əsası ilə müvafiq pul vəsaiti hesablamaqda və onu tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1096-cı maddəsinin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Göründüyü kimi, delikt məsuliyyətini müəyyən edən normalar mülki hüquq pozuntusu üçün məsuliyyətin əsası kimi ziyanvuranın hüquqa və ya qanuna zidd hərəkəti və ziyanvuranan təqsirli olmasını əsas şərt kimi müəyyən etmişdir. Belə ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur və ilkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, qətnamə yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsinə əsas ola bilməz. Bu səbəbdən də şikayət təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (2002,7 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi, borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2236/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2236/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar