Məhkəmə qərarları › İş №2(103)-534/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-534/2024

04.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-534/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4709/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X1 adına ünvan 1 ünvanına quraşdırılmış qaz sayğacı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13 dekabr 2022-ci il tarixli ******* saylı aktla dövlət yoxlamasına göndərilməsi səbəbi ilə çıxarılmışdır.

2. İstehlakçı İddiaçı barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan zavod qurğuşun plombunun yuvası sınıqdır.

3. Abonent kodu **********20000 olan istehlakçı İddiaçı adına Bakı şəhəri, ünvan 2 ünvanına tərtib edilmiş abonent saldosunda 2023-cü ilin yanvar ayı üçün 10679.04 manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdehnə qarşı istehlakçı hüquqlarının müdafiəsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsindəki 46 nömrəli evinə (abonent kodu: **********20000 olan) əsassız hesablanmış 10679,04 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, ünvan 1 ünvanı qazla təmin edilmiş, istifadə edilən sərfiyyata uyğun qazın dəyərini ödəmişdir. Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Aktda iddiaçının sayğacın plastmas qapağını zədələdiyi bildirilmiş və buna görə iddiaçıdan dəymiş ziyan tələb edilmişdir. Həmin akt əsasında iddiaçıya 10679,04 manat borc yazılmışdır və həmin borcun ödənilməsi ondan tələb edilmişdir. Sayğaca dəymiş ziyana görə bu qədər borcun yazılması ağlabatan deyildir. Cavabdeh təşkilat tərəfindən hesablanmış borc iddiaçının abonent koduna əsassız olaraq işlənmişdir. Qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Küçədə quraşdılmış qaz sayğacına kimin müdaxilə etməsindən hər hansı məlumatı yoxdur.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4709/2023 saylı, 29 avqust 2023cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia tələbinin təmin edilərək Bakı şəhəri, ünvan 3 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********20000) hesablanmış 10679.04 (on min altı yüz yetmiş doqquz manat dörd qəpik) manat məbləğində borcun silinməsi; Cavabdehndən 122.04 (yüz iyirmi iki manat, dörd qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, akt qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. İddiaçının abonent hesabına borcun hesablanmasına dair əsas həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Bununla yanaşı, laborator baxış zamanı, qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır. Həmçinin, cavabdeh tərəf keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Beləliklə, cavabdeh tərtib olunmuş akta əsasən iddiaçıdan pul (dəymiş ziyan) tələb etsə də, iddiaçının həmin aktlda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, cavabdeh təşkilat tərtib olunmuş aktda göstərilən pozuntulara görə iddiaçının təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 10679.04 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcu tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə hesablanmış 10679.04 manat məbləğində borc silinməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

14. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:

Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2(25 iyun 2023-cü ilədək olan redaksiya). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Bənd 6.5(25 iyun 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

23. Mülki işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında Cavabdeh nümayəndəsi bildirdi ki, hesablanan borc iddiaçının 2010-cu və 2011-ci illərdə az ödəniş etməsi ilə bağlı olmuşdur.

24. Cavabdeh məhkəməyə ünvanladığı məlumatda da göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən 10 679 manat 0.4 qəpik borcun yaranma səbəbləri araşdırılmamışdır. İş materiallarında mövcud olan abonent saldosunu araşdıraraq belə qənaətə gəlmək olar ki, İddiaçı 2012-ci ildə 454.50, 2013-cü ildə 272.80, 2014-cü ildə 446.50, 2015-ci ildə 587.40, 2016-cı ildə 442.30, 2017-ci ildə 258, 2018-ci ildə 464, 2019cu ildə 756.20, 2020-ci ildə 424.60, 2021-ci ildə 288.20, 2022-ci ildə 797.75 manat ödəniş etməyinə baxmayaraq 2010-cu ildə cəmi 15 manat, 2011-ci ildə isə cəmi 62 manat ödəniş həyata keçirmişdir. Yuxarıda illər üzrə araşdırılan ödəniş intizamsızlığı bunu deməyə əsas verir ki, istehlakçı təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir. Bunu əsas tutaraq apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.

25. Cavabdeh məhkəməyə ünvanladığı məlumatda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etdi ki, həqiqətin müəyyən edilməsi məqsədilə mülki iş üzrə mütəxəssis (ekspert) rəyi alınmalı və rəyin verilməsi Energetika Nazirliyinin Enerji X3 həvalə olunmalıdır. Çünki, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan zavod qurğuşun plombunun yuvası sınıq olmasına görə iddiaçıya hesablanan borcun həqiqiliyi məhz həmin qurum tərəfindən müəyyən edilməli idi.

26. Belə ki, İddiaçı məxsus ünvan 1 (abonent kodu **********20000) ünvanında olmuş qaz sayğacının üzərində hər hansı bir iz(lər) (qaynaq yeri, deşik, kəsik, qanunsuz qoşulmaya xarakterik digər izlər və.s) mövcud olduğu təqdirdə, bu izlərin hansı fiziki təsirin (müdaxilənin) nəticəsində yaranması; qaz sayğacının hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan zavod qurğuşun plombunun yuvasının sınıq olmasına görə iddiaçıya hesablanan borcun məbləğinin: Cavabdeh məlumatları nəzərə alınmaqla həqiqi və düzgün olub-olmaması; Cavabdeh məlumatları nəzərə alınmaqla, yəni 2022-ci il də daxil olmaqla hər il ağlabatan məbləğdə ödəniş edildiyi halda, silinməsi tələb edilən borc hansı qaydada və nəyə əsasən hesablandığı; borcun məbləği yaxud ümumiyyətlə itirilmiş qazın dəyəri Nazirlər Kabinetinin yaxud Tarif Şurasının müəyyən etdiyi qaydalara uyğun hesablanmaqla nə qədər təşkil etməsinin müəyyən edilməsi bu sahədə xüsusi biliyə malik Energetika Nazirliyinin Enerji X2 ixtisaslaşmış mütəxəssisi(ekspert) tərəfindən müəyyən edilə bilərdi.

27. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-114/2024 saylı, 24 yanvar 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46 (Abonent kodu: **********20000) ünvanında istismarda olmuş G-6 markalı 609740 nömrəli mexaniki qaz sayğacına baxış keçirilməsi üçün Agentliyin Bakı filialı tərəfindən "Azəriqaz" İB-yə məktub ünvanlanmışdır. "Azəriqaz" İB-nin 16 yanvar 2024-cü il tarixli 14-2-2/2-223/2024 nömrəli cavab məktubunda G-6 markalı 609740 nömrəli qaz sayğacının balansdan silinərək utilizasiyaya göndərildiyi üçün texniki baxışın keçirilməsinin mümkün olmadığı qeyd olunmuşdur. İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46 (Abonent kodu: **********20000) ünvanında istismarda olmuş G-6 markalı 609740 nömrəli mexaniki qaz sayğacı "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində dövlət yoxlamasına göndərilməsi üçün digər sayğacla əvəzlənmiş, bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli akt tərtib olunmuşdur. Çıxarılaraq dövlət yoxlamasına göndərilmiş G-6 markalı 609740 nömrəli mexaniki qaz sayğacı "Azəriqaz" İB-nin laboratoriyasında yoxlanılmış, "Qaz sayğacının yoxlanılması barədə" tərtib olunmuş xx.xx.2023-cü ii tarixli 29/1710- İ 04972-1 nömrəli aktda "Sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının üzərinə vurulan zavod qurğuşun plombunun yuvası sınıqdır, sayğacın daxilində əzik, cızıq izləri aşkar edildi, xətalar normadan artıqdır, sayğac istismara yararsızdır, qaz itkisi, müdaxilə" qeyd olunmuşdur. G-6 markalı 609740 nömrəli qaz sayğacına müdaxiləyə dair akt əsasında "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qaz qurğularının maksimal saatlıq qaz sərfiyyatına görə sutkalıq 24 saat və hesabat müddəti 360 gün götürülməklə 88992 m3 həcmində, 10679,04 manat məbləğində dəymiş ziyan hesablanmış və 2023- cü ilin yanvar ayında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46 (Abonent kodu: **********20000) ünvanında yaşayan İddiaçı abonent hesabına daxil edilmişdir. "Azəriqaz" İB-nin qərardadda göstərilən məlumatları nəzərə alınmaqla İddiaçı abonent hesabına daxil edilmiş 10679,04 manat borc məbləğinin həqiqi və düzgün olması toplanmış materialların araşdırılması zamanı öz təsdiqini tapmamışdır. 2023-cü ilin iyul ayınadək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Həmin dövrdə və hal-hazırda qüvvədə olan "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46 (Abonent kodu: **********20000) ünvanında 2010-cu ilin aprel ayından 13 dekabr 2022-ci il tarixinədək dövr ərzində G-6 markalı 609740 nömrəli mexaniki qaz sayğacı istismarda olmuşdur. Abonentin saldosundan görünür ki, 2018, 2019, 2020, 2021 və 2022-ci ilin 13 dekabr tarixinədək (əvəzlənənə qədər) dövr üzrə ay ərzində birdəfə olmaqla "Azəriqaz" İBnin əməkdaşı tərəfindən G-6 markalı 609740 nömrəli mexaniki qaz sayğacına baxış keçirilərək sayğacın göstəricisi götürülmüş, göstərici kompüter bazasına daxil edilmiş və əvvəlki göstəriciyə əsasən aylıq qaz sərfi müəyyən olunmuşdur. Buna görə də Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46 (Abonent kodu: **********20000) ünvanında istismarda olmuş G-6 markalı 609740 nömrəli mexaniki qaz sayğacına abonent tərəfindən müdaxilə edilməsi sübuta yetirilmədən 360 gün müddətinə dəymiş ziyan hesablanması "Qazdan istifadə Qaydaları"nın tələblərinə ziddir. Qeyd olunduğu kimi, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydalarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan istehlakçı tərəfindən sayğaca müdaxilə faktı sübuta yetirilərsə analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 2 ədəd PQ-2 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3 (2 x 0,6 m3=1,2 m3), 3 ədəd PQ-3 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 2,7 m3 (3 x 0,9 m3 =2,7 m3), 2 ədəd qənaətli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 m 3 (2x1,5 m3=3,0 m3), 2 ədəd 24 kw-luq Kombi tipli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 2,6 m3 (2 x 2,6 m3 = 5,2 m3), 3 ay istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: - 2 ədəd PQ-2 məişət tipli qaz plitəsi üçün - 2 x 0,6 m 3 x 6 saat x 90 gün = 648 m3; - 3 ədəd PQ-3 məişət tipli qaz plıtəsi üçün - 3 x 0,9 m 3 x 6 saat x 90 gün = 1458 m3; - 2 ədəd qənaətli su qızdırıcısı üçün - 2 x 1,5 m3 x 6 saat x 90 gün = 1620 m3; - 2 ədəd 24 kv-lıq Kombi tipli su qızdırıcısı üçün - 2 x 2,6 m 3 x 12 saat x 90 gün = 5616 m3; Ümumilikdə dəymiş ziyanın həcmi 648 m3 + 1458 m 3 + 1620 m 3 + 5616 m 3 = 9342 m3 təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3-dək hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 9342 m 3 qaz həcminin 1200 m3-i 0,12 manat (1200 x 0,12 = 144 manat), 1300 m3-i 0,20 manat (1300 x 0,20 = 260 manat), qalan 6842 m3-i isə 0,25 manat (6842 x 0,25 = 1710,50 manat) olmasını nəzərə alaraq cəmi 144 + 260 + 1710,50 = 2114,50 manat məbləğində vurulmuş zərər müəyyən edilə bilər.

28. Beləliklə, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-114/2024 saylı, 24 yanvar 2024-cü il tarixli rəyi ilə təsdiq olunur ki, qaz sayğacının balansdan silinərək utilizasiyaya göndərildiyi üçün mütəxəssis(ekspert) tərəfindən ona texniki baxışın keçirilməsi mümkün olmamışdır. Demək ki, Cavabdeh məhkəməyə ünvanladığı məlumatında birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən borcun yaranma səbəbləri araşdırılmadığını göstərsə də apellyasiya baxışı zamanı abonent hesabına daxil edilmiş 10679,04 manat borc məbləğinin həqiqi və düzgün olması mütəxəssis(ekspert) tərəfindən toplanmış materialların araşdırılması zamanı öz təsdiqini tapmamışdır.

29. Həqiqətən 2023-cü ilin iyul ayınadək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Həmin dövrdə və hal-hazırda qüvvədə olan "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Demək ki, iddiaçıya məxsus qaz sayğacı küçədə yerlşdiyindən fiziki şəxs olan iddiaçının adına olan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcı olan cavabdeh daşıyırdı. Hətta bu belə olmasaydı belə, yenə də qaz sayğacının hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan zavod qurğuşun plombunun yuvasının sınıq olmasına görə iddiaçının məsuliyyəti müəyyən edilməlidir. Çünki, mexaniki qaz sayğacına abonent tərəfindən müdaxilə edilməsi sübuta yetirilmədən 360 gün müddətinə dəymiş ziyan hesablanması "Qazdan istifadə Qaydaları"nın tələblərinə ziddir. 30.Cavabdeh məhkəməyə ünvanladığı məlumatından, işdən və rəydən də görünür ki, 2018, 2019, 2020, 2021 və 2022-ci ilin 13 dekabr tarixinədək (sayğac əvəzlənənə qədər) dövr üzrə ay ərzində birdəfə olmaqla cavabdeh qurumun əməkdaşı tərəfindən G-6 markalı 609740 nömrəli mexaniki qaz sayğacına baxış keçirilərək sayğacın göstəricisi götürülmüş, göstərici kompüter bazasına daxil edilmiş və əvvəlki göstəriciyə əsasən aylıq qaz sərfi müəyyən olunmuşdur. Cavabdehin mövqeyindən belə çıxır ki, iddiaçı tərəfindən qeyd olunan sayğac quraşdırılmamışdan əvvəl, yəni 2010 və 2011-ci ildə qaz istehlakına görə az vəsait ödəməsi, onun düşüncəsinə görə 2023-cü ilin yanvar ayında bir akt əsasında qeyd olunan məbləğdə borc hesablanması üçün əsas olmalıdır. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də, cavabdeh tərəf bu cür dəlillərdən istifadə edərkən onun nə dərəcədə mötəbər olmasına və hansısa sübutlarla təsdiq olunduğuna dair də ciddi arqumentlər gətirməli idi. 31.Apellyasiya instansiyası məhkəməsi də razılaşır ki, istehlakçı tərəfindən sayğaca müdaxilə faktı sübuta yetirilərsə analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5- 1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 2 ədəd PQ-2 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3 (2 x 0,6 m3=1,2 m3), 3 ədəd PQ-3 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 2,7 m3 (3 x 0,9 m3 =2,7 m3), 2 ədəd qənaətli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 m 3 (2x1,5 m3=3,0 m3), 2 ədəd 24 kw-luq Kombi tipli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 2,6 m3 (2 x 2,6 m3 = 5,2 m3), 3 ay istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması iş üzrə verilmiş rəydə göstərilən qaydada aparıla bilər. Lakin istehlakçı olan iddiaçı tərəfindən ilk növbədə sayğaca müdaxilə faktı sübuta yetirilməlidir ki, bundan sonra analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq hesablama aparılsın. Demək ki, iddiaçının sayğaca müdaxilə etmə faktı sübuta yetirilməlidir. Bu halı, sübutetmə yükü isə, həm “Qazdan istifadə Qaydaları”na, həm də mülki prosessual qanunvericiliyin tələbinə əsasən cavabdehin üzərinə düşür. Ancaq cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə apellyasiya baxışında alınmış yuxarıda qeyd olunan rəylə də iddianın əsaslı olduğu təsdiq olundu.

32. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

33. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4709/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4709/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar