Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5340/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndələri X3 və X4, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-52/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikintinin dayandırılması və tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ona məxsus evin üstündə (damında) özbaşına tikili aparmasını dayandıraraq, həmin özbaşına tikilinin Cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə salınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən həyət evi atası X5 məxsus olub. Atası həmin mənzili 1956-cı ildə tikmişdir. Atası 1985-ci ildə rəhmətə getmişdir. 2008-ci ildə anası rəhmətə gedəndən sonra, atasına məxsus olan ev onların arasında faktiki olaraq bölünmüşdür. Hazırda Cavabdeh ona məxsus olan evin üstündə (damında) özbaşına tikinti aparır. Onların evi qəza vəziyyətindədir, uçmaq təhlükəsi altındadır. Cavabdeh özbaşına tikinti aparmaqla evlərini tamamilə yararsız vəziyyətə salır. Cavabdeh ona məxsus evin üstündə apardığı qanunsuz tikilini dayandırması barədə bir neçə dəfə xəbərdar etsə də cavabdeh qanunsuz hərəkətlərinə son qoymamışdır. Cavabdehin qanunsuz tikili aparması barədə Xəzər Rayon İcra Hakimiyyətinə, Qəsəbə sovetinə, polis idarəsinə etdiyi şikayətlər heç bir nəticə vermir. Cavabdeh qanunsuz tikiliyə son qoymur, tikilini davam etdirir və artıq tikinti başa çatmaq üzrədir. İşə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılarkən İddiaçı nümayəndələri X6 və X7 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üstündə (damında) Cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-52/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üstündə (damında) Cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 52/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur. Qətnaməyə əsasən, onun AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci, AR-nın MM-nin 152, 157-ci, AR Konstitusiyasının 13, 29-cu maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. İki mərtəbəli evin birinci mərtəbəsində iddiaçı olan əmisi ailəsi ilə, ikinci mərtəbəsində isə o, atası, anası və ailəsi ilə birlikdə yaşayır. Valideynləri ağır xəstədirlər, aşağı düşüb çıxmaq onlar üçün əlavə problemdir, bu baxımdan özünə məxsus ikinci mərtəbədə şərait qurur, müəyyən yenidənqurma işləri aparmaq istəyir, iddiaçı isə ona mane olur. İddiaçının faktiki istifadə etdiyi evlə onun evinin giriş-çıxışı tam ayrıdır və iddiaçıya heç bir maneçiliyi yoxdur. Məhkəmə işə baxarkən də bu faktlar öz təsdiqini tapmışdır. İstər yerli baxış zamanı, istərsə də mütəxəssislər və ekspertlər evə baxış keçirərkən gəldikləri ümumi nəticə ondan ibarət olmuşdur ki, apardığı tikintinin birinci mərtəbəyə heç bir ciddi fəsadı yoxdur. Lakin, iddiaçıların hay-küyü nəticəsdində hamı bir növ onları razı salmaq məqsədilə məsələyə loyal yanaşırlar. Lakin hesab edir ki, ümumiyyətlə iddiaçının belə bir iddia verməyə subyektiv hüququ yoxdur. Ev iddiaçının mlkiyyətində deyil, iddiaçı daimi yaşadığı və faktiki istifadəsində olan iki mərtəbəli evin birinci mərtəbəsində yaşayır, o isə ikinci mərtəbədən ona heç bir müdaxilə etmir. O, tikintini tam başa çatdırmış, apardığı tikinti Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd deyil, həm də apardığı tikinti əsaslı tikinti deyil və fərdi yaşayış evinin öz istifadəsində olan hissəsində tikilmiş evin əvvəlki texniki göstəricilərindən kənara çıxmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-52/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-52/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndələri X7 və X6 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-52/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh heç bir icazə sənədi olmadan, tikinti norma və qaydalarını pozmaqla, dəfələrlə edilmiş xəbərdarlıqlara və cərimə olunmasına baxmayaraq, iddiaçıya məxsus evin damında əlavə tikili tikməklə evin yararsız vəziyyətə düşməsinə şərait yaradır, bununla da iddiaçı öz evindən sərbəst istifadə imkanından məhrum olmuşdur. Odur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üstündə (damında) Cavabdeh tərəfindən tikilmiş özbaşına tikili cavabdehin hesabına sökülməlidir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndələrinin və cavabdehin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinə ünvanlanmış 37/34- 08325 saylı, 06 dekabr 2019-cu il tarixli məktubun surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan vətəndaş X1 məxsus fərdi yaşayış evinin damının üzərində vətəndaş Cavabdeh qanunsuz tikinti işləri aparılması barədə agentliyə 05.11.2019-cu il tarixli müraciətinə Agentlikdə baxılmışdır. Mütəxəssislər tərəfindən mənzilə baxış keçirərkən qanunsuz tikintinin və mənzilin divarlarında çatların yaranması aşkarlanmışdır. Gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısının alınması və təhlükəsizliyinin təmin edilməsi üçün müraciət məktubu Xəzər Rayon İcra Hakimiyyətinə göndərilmişdir.(İ.v. 32) İş materiallarında olan, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Müavininin M-359-151 saylı, 24 dekabr 2019-cu il tarixli məktubunun surətindən görünür ki, rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən yerində baxış keçirilmiş və vətəndaş Cavabdeh tərəfindən Şəhərsalma və tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikinti işlərinin aparılması müəyyən edilmişdir. Vətəndaş Cavabdeh tikinti işlərinin aparılmaması barədə xəbərdarlıq olunmasına baxmayaraq, o, tikinti işləri apardığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən cərimə olunmuşdur. Qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi vətəndaşa tövsiyyə olunmuşdur.(İ.v. 33) İş materiallarında olan, 01 dekabr 2020-ci il tarixli Yerli baxış protokolundan görünür ki, Xəzər Rayon Məhkəməsi tərəfindən 01 dekabr 2020-ci il tarixdə iddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə ünvan 1 ünvanına yerli baxış keçirilmiş, müəyyən olunmuşdur ki, İddiaçı məxsus evin giriş hissəsindəki şüşəbənd tikilişində və həyətə tərəf olan yardımçı tikililərdə tavan və divarların üzərində suvaq və boya qatları qopub tökülmüşdür. Cavabdeh məxsus yaşayış evinə keçirilən yerli baxış zamanı həmin evin ikinci mərtəbədə yerləşdiyi, həmin evin giriş hissəsində əlavə tikili inşa edildiyi, həmin tikilinin iddiaçıya məxsus yaşayış evinin həyətə tərəf olan hissəsindəki yardımçı tikililərin üzərində, damda yerləşməklə, divarlarının kərpiclə hörülməsi, üstünün şiferlə örtülməsi, tikilinin alt hissəsinin betondan inşa edilərək bir tərəfinin pilləkən marşının üstünə, digər tərəfinin isə iddiaçıya məxsus yardımçı tikilinin divarının üstündə oturduğu, bundan əlavə zirzəminin divarlarında çoxlu sayda çatlar olduğu müəyyən olunmuşdur.(İ.v. 91) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3071 nömrəli, 29 iyun 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindan gərünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinin ikinci mərtəbəsində Cavabdeh tərəfindən inşa edilməkdə olan tikilinin inşa edilməsinə dair müvafiq icazə sənədləri olmadığından, həmin tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanlar ilə razılaşdırılması Qaydaları”na riayət olunmadığı müəyyən edilir. Lakin həmin tikilinin İddiaçı məxsus evin qəza vəziyyətinə düşməsinə, yararsız hala salınmasına və ya bu kimi hər hansı zərər vurulmasına səbəb olub-olmaması tikinti ekspertinin səlahiyyətinə aid olmayıb, həmin ev üzrə aidiyyatı təşkilat tərəfindən müvafiq müayinə-tədqiqat işləri aparılmaqla müəyyən edilə bilər.(İ.v. 56 - 59) Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq; ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3. istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanlar ilə razılaşdırılması Qaydaları”ndan görünür ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yer üzərində yerləşdirilməsi təklifinə yerli icra hakimiyyətinin memarlıq tikinti xidməti tərəfindən baxılmalı və nəticəsi yerli icra hakimiyyəti rəhbərliyinə bildirilməlidir. Yeni obyektlərin yerləşdirilməsi ilə əlaqədar hazırlanan memarlıqplanlaşdırma həlli (sxem və cizgi şəklində) təsdiq olunmuş şəhərsalma sənədlərində dəyişikliklər edilməsini tələb etdiyi hallarda o, yerli icra hakimiyyətinin memarlıq-tikinti xidməti ilə razılaşdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli evlər tərəflərin xüsusi mülkiyyətində olmasa da, onlar həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz qanuni sahibliyində olan evin yararsız vəziyyətə düşməsinə səbəb olan tikilinin sökülməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməsi və yaşayış hüquqlarının pozulmasına səbəb olan məhkəmə aktı qəbul etməsi, məhkəmənin həmin mövqeyinin qanunsuz və əsassız olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-52/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-52/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5340/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5340/2021
08.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver