Məhkəmə qərarları › İş №2(103)-5345/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5345/2021

18.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5345/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqaviləyə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 mart 2021-ci il tarixli qətnamədən cavabdeh Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh Banka qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Bank arasında bağlanmış 27.05.2014cü il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında müqavilənin” faiz dərəcəsi ilə bağlı şərtinə cavabdeh Bank tərəfindən birtərəfli qaydada edilmiş qanunsuz dəyişikliyin etibarsız hesab edilməklə, əmanət üzrə faizlərin əvvəlki qaydada, yəni illik 20,6% dərəcə ilə hesablanması öhdəliyinin cavabdeh Bankın üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Bank arasında 27.05.2014-cü il tarixdə bağlanmış “Klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə” əsasən iddiaçı tərəfindən Banka 50.000 ABŞ dolları məbləğində pul 120 ay müddətinə illik 20,6 faiz dərəcəsi ilə əmanətə qoyulmuşdur. İddiaçı həmin müqaviləyə əsasən 13.04.2017-ci il tarixədək hesablanmış faiz gəlirini hər ay hesabından çıxarmışdır. Gələcəkdə qoyduğu əmanət üzrə daha böyük məbləğdə faiz gəlirinin yığılması üçün qeyd olunan tarixdən sonra hesabdan faiz çıxarmamışdır. Bu yaxınlarda iddiaçı mobil telefonuna yüklədiyi aplikasiyaya daxil olaraq, cavabdeh Bankda yığılmış faizləri üzrə gəlirlərinə baxanda faizlərin düzgün hesablanmadığını görmüşdür. Bunun səbəbini aydınlaşdırmaq üçün iddiaçı cavabdeh Bankil əlaqə saxlamış və Bank tərəfindən ona 28.11.2017-ci il tarixli bir məktub təqdim edərək, iddiaçının əmanəti üzrə faiz dərəcəsinin onun hər hansı bir formada razılığı olmadan 2 faizə endirildiyini bildirmişlər. İddiaçı buna etiraz etsə də, həmin məktubun guya ki, ona poçt vasitəsilə göndərildiyini bildirmişlər. poçt qəbzini təqdim etdikdə həmin qəbzdə məktubun iddiaçı tərəfindən alınması barədə hər hansı imza və ya qeydin olmadığını bildirdikdə, ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişlər. İddiaçının həmin Bankın başqa filiallarında da əmanətin olduğundan, qeyd olunan qanunsuzluğun həmin filiallarda da törədilib-törədilmədiyini müəyyən etmək üçün 14.10.2020-ci il tarixdə digər filiallara getmişdir. Cavabdeh Bankın Səbail filialından iddiaçıya arayış təqdim edərək həmin filialda olan 28.000 ABŞ dolları əmanətin üzrə illik faiz dərəcəsinin dəyişdirilmədən 12 faiz olaraq qaldığı bildirilmişdir. Bankın Qaradağ filialı Nəsimi filialı kimi qanunsuzluq və özbaşınalıq edərək həmin filialdakı iddiaçının əmanəti üzrə 12 faiz dərəcəni ona hər hansı məlumat vermədən 2 faizə endirilmişdir. Bunu hansı əsasla etdiklərini soruşsa da, iddiaçıya hər hansı bir sənəd və ya arayış təqdim olunmamışdır. Həmin gün Bankın Mərkəz filialındakı 50.000 ABŞ dolları üzrə 20,6 faiz olan əmanətinin faizinin də 2 faizə endirildiyi bildirilmiş və iddiaçıya Nəsimi filialı tərəfindən təqdim olunmuş məktubun eynisi Mərkəz filialı tərəfindən də təqdim olunmuşdur. Mərkəz filialı tərəfindən 14.10.2020-ci il tarixdə ona təqdim edilmiş məktubda da müqavilə şərtlərinin cavabdeh tərəfindən 28.11.2017-ci tarixdən birtərəfli qaydada dəyişdirildiyi və əmanətin illik faiz dərəcəsinin 2%-ə endirildiyi qeyd olunmuşdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.03.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Cavabdeh Bankın nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasına gəlməmiş və bunu səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh Bank ilə iddiaçı arasında bağlanmış 27.05.2014-cü il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilənin surətindən görünür ki, Bank əmanətçi olan iddiaçıdan 50.000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 120 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini iddiaçıya qaytarmağı və onun üçün illik 20,6% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə 27.05.2014-cü il tarixdən qüvvəyə minir, 28.05.2024-cü il tarixədək qüvvədədir. Bank tərəfindən iddiaçıya ünvanlanmış məktubun surətindən görünür ki, Bank onun maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi hadisəsinə istinad edərək 16.11.2017-ci il tarixindən müqaviləyə əsasən hazırkı faiz dərəcəsinin birtərəfli şəkildə illik 2 faizə azaldılmasını bildirmiş, 15.11.2017-ci il tarixinədək depozitə faizlərin həmin tarixdə olan yüksək dərəcələrlə hesablanacağını bildirmişdir. Hazırki iş üzrə tərəflər arasında mübahisə doğuran məsələ isə, Bankın "Klassik əmanət (depozit) hesabı haqqında müqavilənin” şərtlərini birtərəfli qaydada dəyişmək səlahiyyətinin olub-olmaması ilə bağlıdır. Rayon Məhkəməsi Bankın belə səlahiyyətini tanımayaraq mövqeyini onunla əsaslandırmışdır ki, Bank ölkədə devalvasiyanın baş verməsi və manatın ABŞ dolları qarşısında dəyərini xeyli itirməsi halını əksəriyyət ağlabatan mühakimə şəraitini əvvəlcədən görə bilməsə də onunla iddiaçı arasında bağlanmış həmin müqavilədə nəzərdə tutulmuş illik faiz dərəcəsini azalda bilməzdir. Məhkəmə Rayon Məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh Bankın müqavilənin müvafiq şərtini dəyişdirməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar tərəflər arasında ədalətli balans yaradılmasına xidmət etmir. Əksinə, cavabdeh Bank baş vermiş əhəmiyyətli dəyişiklik nəticəsində maliyyə itkisinin müqavilə tərəfi olan iddiaçının ziyanına həll edilməsinə səbəb olmuşdur. İddiaçının özünə məxsus pul vəsaitini ABŞ dolları Bankın depozit hesabına verməsi o demək deyil ki, devalvasiyanın baş verməsi ilə iddiaçı tərəf zərər çəkməmişdir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində cavabdeh Bank gözlədiyi iqtisadi maraqlardan nə dərəcədə məhrum olmuşdursa, eyni çətinliklər iddiaçı üçün də yaranmış, onun da maddi vəziyyəti analoji qaydada ziyana uğramışdır. Baş vermiş devalvasiya nəticəsində cavabdeh Bankın qeyd etdiyi kimi maliyyə vəziyyətinin pisləşməsi halını digər tərəfə münasibətdə də şamil etmək olar. Mülki Məcəllənin tələbinin məntiqi nəticəsi də ondan ibarətdir ki, şəraitin dəyişməsi halı müqavilə tərəflərinin mənafeyinə uyğun dəyişdirilməlidir. Lakin “Klassik əmanət (depozit) hesabı haqqında müqavilənin” faiz dərəcəsi ilə bağlı şərtinin dəyişdirilməsi yalnız Bankın mənafeyinə xidmət edir və Bank yuxarıda qeyd edilən hərəkəti ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsində təsbit olunan mülki hüquq subyektlərinin bərabərliyi prinsipini pozmuşdur. Bundan başqa, Bank öz mövqeyini əsaslandırmaq üçün onun dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli Fərmanına da istinad edərək, iddiaçı ilə onun arasında bağlanmış müqavilə şərtinin birtərəfli qaydada dəyişdirməsini düzgün addım hesab etmişdir. Həmin Fərmana görə Cavabdeh ASC maliyyə göstəricilərinə görə ölkənin ən iri və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində, sahibkarlara kredit verilməsində mühüm rol oynayır. Cavabdeh ASC-nin maliyyə sabitliyinin qorunması, öhdəlik və hesablaşmalarının fasiləsiz icra edilməsi, xüsusilə 2008-2009-cu illərin qlobal maliyyə böhranının bankın maliyyə mövqeyinə mənfi təsirinin qarşısının alınması məqsədi ilə müvafiq dövlət orqanları tərəfindən banka davamlı dəstək göstərilmiş, onun kapitalı və likvidliyi tələb olunan səviyyədə saxlanılmış, bank yerli və xarici kreditorlar üçün etibarlı tərəfdaş olmuşdur. Lakin son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olmuşdur. Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranmışdır. Həmin Fərmanın 3.3-cü bəndindən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Cavabdeh ASC-də dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, ümumi yığıncaqda idarə Heyətinin tərkibinin yenidən formalaşdırılması, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə Cavabdeh ASC tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması üçün təsirli tədbirlər görülməsi tapşırılmışdır. Məhkəmə isə bildirir ki, cavabdeh Bankın maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması və s. məsələlər üçün təsirli tədbirlər görülməsinin Maliyyə Nazirliyinə tapşırılması Banka əsas verə bilməz ki, müştəri ilə bağlamış olduğu müqavilənin şərtini birtərəfli qaydada və yalnız öz mənafeyinə xidmət edən şəkildə dəyişsin. Bank qeyd edilən Fərmanın müvafiq bəndlərini düzgün təfsir etməmişdir. Burada qeyd edilməli digər vacib bir məsələ isə ondan ibarətdir ki, cavabdeh Bankın birtərəfli qaydada müqavilə şərtini dəyişməsi Mülki Məcəllənin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Məcəllənin 423.2-ci maddəsinə görə, Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilən maddi hüquq normalarının tələblərindən hazırki mülki işin həllinə yanaşdıqda müəyyən edilir ki, tərəflər arasında bağlanmış “Klassik əmanət (depozit) hesabı haqqında müqavilənin” şərtlərində dəyişiklik edilməsi üçün razılaşma olmamışdır. Müqavilənin dəyişdirilməsi ilə bağlı razılıq əldə edilmədiyindən müqavilə ilə eyni formada olan hər hansı bir razılaşma tərəflər arasında bağlanmamışdır. Cavabdeh Bank tərəfindən müqavilə şərtinin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət olunmamışdır. Mülki Məcəllənin 948.3-cü maddəsində isə imperativ qaydada müəyyən olunur ki, fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Beləliklə, Mülki Məcəllənin müvafiq normalarının tələblərinə görə, cavabdeh Bank müqavilə şərtlərini ya tərəflərin razılığı ilə, ya da Məhkəmə qaydasında dəyişdirməyə haqlıdır. Həmçinin, iş üzrə tərəflər arasında bağlanmış “Klassik əmanət (depozit) hesabı haqqında müqavilənin” 3.6-cı bəndində də təsbit olunmuşdur ki, bankın fəaliyyəti ilə bağlı əmanətlər üzrə faizlər dəyişdirildikdə, yeni faiz dərəcələri yalnız müqavilənin 1.6-cı bəndinə uyğun olaraq yeni müddətə uzadıldıqda və 4.3-cü bəndinə uyğun olaraq depozitin qalığına yeni müqavilə bağlandıqda tətbiq edilir. Bank bu barədə kütləvi informasiya vasitələrində müvafiq elanı dərc etməklə əmanətçiləri xəbərdar edir. Belə olan halda, Məhkəmə hesab edir ki, Bank müqavilə şərtini birtərəfli qaydada dəyişərək Mülki Məcəllənin normalarını, həm də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə bildirir ki, iddiaçının tələbi əsaslıdır. Rayon Məhkəməsi iddianı əsaslı hesab edərək təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 mart 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Bank tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar