Məhkəmə qərarları › İş №2(103)-5346/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5346/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5346/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimnaov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1777/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HOFFMAN Paltaryuyan üçün 792 manat məbləğində əsas, 79 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X11 9S markalı telefon üçün 531 manat məbləğində əsas, 53 manat məbləğində cərimə, ümumilikdə 1.455 manat məbləğində borcun və 34,55 manat məbləğində dövlət rüsumunun cavabdeh X3 alınaraq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1777/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HOFFMAN Paltaryuyan üçün 792 manat məbləğində əsas, 79 manat məbləğində cərimə, cəmi 871 manat məbləğində borcun, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X11 9S markalı telefon üçün 531 manat məbləğində əsas, 53 manat məbləğində cərimə, cəmi 584 manat məbləğində borc olmaqla ümumilikdə 1.455 manat məbləğində borcun və 34,55 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh nümayəndəsi X6 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirirb, hesab edir ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti iddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən onun nümayəndəsi X6 tərəfindən imzalanmış və onun elektron kabineti vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Lakin bu şəxsin iddiaçının yaxın qohumu və ya vəkili olmasını təsdiq edən hər hansı sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir. Hüquqi nəticə etibarı ilə apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Bununla belə, birinci instansiya məhkəməsi X5 iddiaçının təmsilçisi (nümayəndəsi) kimi qəbul etməkdə səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir; 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər; 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 360-cı, 363-cü, 366-cı, 399-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1777/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar