Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-535/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh “xxxx” ASC-yə (bundan sonra cavabdeh) qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.600 manat ziyanın cavabdeh “xxxx” ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, vurulmuş maddi zərərə görə cavabdehdən 16.400 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamdən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol vermiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir, bu səbəbdən də şikayətinin təmin olunaraq qətnamənin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Hüseynova apellyasiya şikayətini müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, yanğın hadisəsi ilə bağlı cavabdehin təqsiri sübut olunmayıb, dəymiş zərərlə bağlı məbləğ şişirdilmiş, son ekspert rəyi əvvəlki rəylə eyni məzmunludur. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, yanğının baş verməsini təsdiq edən akt var, bu iki il ərzində ona çox ziyan dəyib, təsərüffatındakı heyvanları yemləyə bilməyib və nəticədə heyvanları məhv olub. Göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını xahiş etdi. Sübutların tədqiqi: Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə (torpağa mülkiyyət hüququna dair Dövlət aktı – JN-218, kod 90600028 və s.) əsasən iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ var. Azərbaycan Respublikası FHN DYMX-nin Kürdəmir rayon X4 Hissəsinin 24 iyun 2019-cu il tarixli arayışına əsasən İddiaçı məxsus pay torpağında toxuma saxlanılmış biçilməmiş yonca sahəsində yanın hadisəsi baş vermişdir. Yanğın Aktına (28 iyun 2019-cu il tarixli) əsasən aktı tərtib etməyə səlahiyyətli şəxslər 21 iyun 2019-cu il tarixdə Kürdəmir rayonu Pirili kəndində İddiaçı və X1 məxsus yonca və taxıl sahələrində baş vermiş yanğın haqqında akt tərtib etmişlər. Aktda müvafiq bəndlər müfəssəl şəkildə doldurulmuş, ətraflı məlumat öz əksini tapmışdır. Sahələrin mərkəzində yerləşən elektrik dirəklərinin aşaraq sahəyə düşməsi yanğının səbəbi kimi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2020-ci il tarixli 759 saylı rəyindən görünür ki, Kürdəmir rayonu Pirili kəndində İddiaçı məxsus sahədə və X1 məxsus sahədə yanğının mənbəyini və yayılma istiqamətini müəyyən etmək mümkün olmadı. Məlumatlardan göründüyü kimi, yanğının hər iki sahədə, yəni bir-birindən 50 m ara məsafədə eyni vaxtda baş verdiyini və həmin sahələrdə isə 10 kV-luq hava elektrik xəttinin dirəyinin aşdığını, eləcə də müəyyən edildiyi kimi, taxta materialdan olan dirəklərin çürümüş, bir hissəsinin qopmuş, əyilmiş vəziyyətdə olduğunu, həmçinin də materiala əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi dirəyin sındığı hissədə demək olar ki, termiki təsir izlərinin olmadığını, o cümlədən də analoji halın, yəni hadisədən əvvəl də, həmin sahələrdən birinə elektrik dirəyinin aşaraq yanğın törətdiyini nəzərə alaraq, yanğının elektrik dirəyinin torpaq səthi üzərinə aşması zamanı xətlərin bir-birinə dəyməsi nəticəsində yaranmış elektrik qəza (qısa qapanma) halından atılan qığılcımların quru otların üzərinə düşməsindən baş verməsi mümkündür. Belə olan halda, baş vermiş hadisə ilə əlaqədar «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.18, 5.7.19-cu bəndlərinin tələbləri, rayon Elektrik Şəbəkəsinin Baş mühəndisinin vəzifə təlimatının 13; 16-cı bəndlərinin tələbləri və rayon Elektrik Şəbəkəsinin aparıcı mühəndisinin vəzifə təlimatının 16, 17-ci bəndlərinin tələbləri pozulmuşdur. Kürdəmir rayonu Pirili kəndi ərazisində yerləşən hadisə baş vermiş elektrik dirəklərinə texniki xidmət göstərilməsi məqsədilə vaxtaşırı baxışlar keçirilməklə profilaktik yoxlama və ölçmələr aparılması, HX-nin elementlərinin vaxtından əvvəl aşınmasının qarşısının alınması, ağac dayaqlarının detallarının çürümə dərəcəsi aşkar edilməklə nasazlıq və qüsurların aradan qaldırılması ilə əlaqədar təşkilati tədbirlər görülmədiyinə görə, «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.18, 5.7.19-cu bəndlərinin tələbləri Kürdəmir rayon elektrik şəbəkəsinin rəisi tərəfindən pozulmuşdur. Kürdəmir rayonu Pirili kəndi ərazisində yerləşən hadisə baş vermiş elektrik dirəklərinə texniki xidmət göstərilməsi məqsədilə vaxtaşırı baxışlar keçirilməklə profilaktik yoxlama və ölçmələr aparılması, HX-nin elementlərinin vaxtından əvvəl aşınmasının qarşısının alınması, ağac dayaqlarının detallarının çürümə dərəcəsi aşkar edilməklə nasazlıq və qüsurların aradan qaldırılması ilə əlaqədar təşkilati tədbirlər görülmədiyinə görə, «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.18, 5.7.19-cu bəndlərinin tələbləri, Kürdəmir rayon Elektrik Şəbəkəsinin Baş mühəndisinin vəzifə təlimatının 13; 16-cı bəndlərinin tələbləri və rayon Elektrik Şəbəkəsinin aparıcı mühəndisinin vəzifə təlimatının 16, 17-ci bəndlərinin tələbləri Kürdəmir rayon Elektrik Şəbəkəsinin baş mühəndisi və aparıcı mühəndisi tərəfindən pozulmuşdur. Bununla yanaşı, yol verilmiş pozulmaları aradan qaldırmaq məqsədi ilə aşağıdakı profilaktik tövsiyələr təklif olunur: - elektrik hava xətlərinin (HX) istismarı zamanı, onların etibarlı işlənməsini təmin etmək üçün, texniki xidmət və təmirlər aparılmalıdır; - profilaktik yoxlama və ölçmələr aparılmaqla, nasazlıq və qüsurlar aradan qaldırılmaqla HX-nin elementlərinin vaxtından əvvəl aşınmasının qarşısı alınmalıdır; - yoxlamalar zamanı ağac dayaqlarının detallarının çürümə dərəcəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kürdəmir X6 Mərkəzinin 12 noyabr 2019-cu il tarixli 244 saylı arayışından görünür ki, 21 iyun 2019-cu il tarixdə İddiaçı məxsus 3,65 ha torpaq sahəsində yüksək gərginlikli elektrik xəttlərinin dirəklərinin qırılması nəticəsində toxum üçün saxlanılmış 3,00 ha yonca sahəsində yanğın baş vermişdir. 27 iyun 2019-cu il tarixdə tərtib olunmuş akta əsasən 12.575 manat, aktda göstərilən qeydə əsasən əkin sahələrinin yandırılması və növbəti ildə həmin sahədə becəriləcək bitkilərin 20-30 % azalması barədə rəyə əsasən 3.825 manat əlavə ziyan dəymişdir. Ümumilikdə, İddiaçı 16.400 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2021-ci il tarixli, 9/4695 saylı rəyinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kürdəmir X6 Mərkəzinin 12 noyabr 2019-cu il tarixli 244 saylı arayışına əsasən, 21 iyun 2019-cu il tarixdə İddiaçı məxsus 3,65 ha torpaq sahəsinin yanması ilə 12.575 manat, aktda göstərilən qeydə əsasən əkin sahələrinin yandırılması və növbəti ildə həmin sahədə becəriləcək bitkilərin 20-30 % azalması barədə rəyə əsasən 3.825 manat əlavə ziyan dəyməsi, ümumilikdə, İddiaçı 16.400 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrininə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili yanğın hadisənin baş verməsi ilə bağlı onun təqsirinin sübut edilməməsi ilə bağlıdır. Bununla bağlı Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası FHN DYMX-nin Kürdəmir rayon X4 Hissəsinin 24 iyun 2019-cu il tarixli arayışına əsasən İddiaçı məxsus pay torpağında toxuma saxlanılmış biçilməmiş yonca sahəsində yanın hadisəsi baş vermişdir. Həmçinin yanğın aktına (28 iyun 2019-cu il tarixli) əsasən aktı tərtib etməyə səlahiyyətli şəxslər 21 iyun 2019-cu il tarixdə Kürdəmir rayonu Pirili kəndində İddiaçı və X1 məxsus yonca və taxıl sahələrində baş vermiş yanğın haqqında akt tərtib etmişlər. Aktda müvafiq bəndlər müfəssəl şəkildə doldurulmuş, ətraflı məlumat öz əksini tapmışdır. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası qeyd edir ki, yanğın hadisəsi çürümüş elektrik dirəklərinin aşması və bu zaman xətlərin bir-birinə dəyməsi nəticəsində yaranmış elektrik qəza (qısa qapanma) halından atılan qığılcımların quru otların üzərinə düşməsi nəticəsində baş vermişdir. Bunu həm yanğın aktı, həm də ekspert rəyi təsdiq edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi maddi ziyanın şişirdildiyini də qeyd etmişdir. Bununla bağlı Kollegiya qeyd edir ki, Məhkəmənin 07.10.2020-ci il tarixli qərardadı ilə yanğın nəticəsində dəymiş maddi ziyanın hesablanması üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2021-ci il tarixli, 9/4695 saylı rəyinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kürdəmir X6 Mərkəzinin 12 noyabr 2019-cu il tarixli 244 saylı arayışına əsasən, 21 iyun 2019-cu il tarixdə İddiaçı məxsus 3,65 ha torpaq sahəsinin yanması ilə 12.575 manat, aktda göstərilən qeydə əsasən əkin sahələrinin yandırılması və növbəti ildə həmin sahədə becəriləcək bitkilərin 20-30 % azalması barədə rəyə əsasən 3.825 manat əlavə ziyan dəyməsi, ümumilikdə, İddiaçı 16.400 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-535/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-535/2021
21.04.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver