Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-535/2025 01.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bir icraatda birləşdirilmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı işlər üzrə Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması, öhdəliyə peşman haqqı verilməsi ilə xitam verilməsi X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bir icraatda birləşdirilmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5373/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən və iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “öhdəliyə peşman haqqı verilməsi ilə xitam verilməsi” tələbinə dair mülk iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3815/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən İddiaçı MMC dəyəri 2.953 manat olan “Samsung G998 256GB” silver markalı telefonu Cavabdeh nisyə satmağı, sonuncu isə həmin əşyanı qəbul etməyi və onun dəyərini 18 ay müddətinə hər ay 165 (sonuncu ay 148) manat olmaqla ödəməyi, ödənişi gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0,2 faizi həcmində cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdülər (müqavilənin 3.2-ci bəndi). Həmin telefon aparatı Cavabdeh təhvil verilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış həmin müqaviləyə 1 saylı əlavəyə əsasən qalıq qalmış 2.613 manat borcun 24 ay ərzində hər ay 109 manat (sonuncu ay 106 manat) olmaqla 24 ay ərzində ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. İddiaçı 2022-ci ilin fevral və mart aylarında 170 manat, cəmi 340 manat ödəniş etmiş, həmin vaxt, habelə xx.xx.2022-ci il tarixdə rəsmi olaraq İddiaçı MMC-yə müraciət edərək, telefonda qusurların olduğunu bildirmişdir. Bununla bağlı keçirilmiş müayinənin nəticələrinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki rəydə qeyd edilmişdir ki, ekranda, korpusda cızıqlar və zədə izləri var, mexaniki təsir nəticəsində telefonun ekranı sıradan çıxmışdır, istifadəçi tərəfindən istismar qaydalarının pozulması nəticəsində yaranan qüsurdur, belə qüsurlara istehsalçı tərəfindən zəmanət verilmir, ödənişli xidmət göstərilə bilər. 2024-cü ilin aprel ayından başlayaraq qeyd edilən müqavilə üzrə hər hansı ödəniş aparılmamış, nəticədə 2.613 manat məbləğində borc yaranmışdır. Bununla bağlı İddiaçı MMC-nin müraciəti əsasında Bakı şəhəri 42 saylı Notariat ofisi tərəfindən icra qeydi verilmiş, lakin həmin icra qeydi Cavabdeh iddiası üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1610/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci iı tarixli mütəxəssis rəyinə əsasən cihazda cızıqlar və zədələr, ekranda isə ləkə var, bu qüsurlar mexaniki zədə nəticəsində yaranmışdır, aşkar olunan qüsur istehsalçı qüsuru deyil, telefon zəmanətli təmirə yararsızdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. Birinci iş üzrə iddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış BL672470R01 saylı, xx.xx.2022-ci il tarixli nisyə-satış müqaviləsinə əlavəyə əsasən yaranmış 2.613 manat əsas borcun və 46 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışa əsasən Cavabdeh İddiaçı MMC-yə 2.613 manat əsas borcu qalmışdır.
4. Cavabdeh ərizəyə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1610/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə icra qeydi ləğv edilməsinə baxmayaraq, iddiaçı həmin icraat çərçivəsində qətnaməni mübahisələndirmədən hazırki iddianı qaldıraraq anlaşılmaz mövqe sərgiləmişdir. Digər tərəfdən iddiaçı ona borc barədə xəbərdarlıq edilməsi ilə bağlı xəbərdarlıq məktubları təqdim etməsinə baxmayaraq, həmin məktubların da çatdırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı tərəfindən ona qüsurlu mal təqdim edildiyindən o, müqaviləyə peşman aktı tətbiq edilməklə xitam verilməsi ilə bağlı məhəkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3815/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Başqa sözlə, iddiaçının hazırda mövcud olmayan müqavilə üzrə öhdəliyin yarandığını iddia edərək pul məbləğini tələb etməsi yolverilən deyil.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə və xx.xx.2022-ci il tarixli əlavəyə əsasən 2.613 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 46 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir (hakim: X5)
6. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, malın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli əlavəyə əsasən 2.613 manat borcu yaranmışdır.
7. İkinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, istehlakçı hüquqlarının pozulması nəticəsində onunla cavabdeh İddiaçı MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, BL672470 saylı müqavilə üzrə mövcud öhdəliyə peşman haqqının tətbiq edilməklə xitam verilməsi və həmin müqavilə üzrə cavabdeh tərəfindən hesablanmış borcun ondan tələb edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, müqavilə imzalandıqdan və cavabdeh tərəfindən telefon avadanlığı ona təhvil verildikdən sonra iddiaçı tərəfindən telefon istifadə edilən zaman müəyyən olunmuşdur ki, telefonda qüsurlar mövcuddur. Belə ki, istifadə zamanı telefonun ekranı ağarmış və həmin ağ rəngli qüsurlar telefonun ekranında qalmağa davam etmişdir. Bununla bağlı onun tərəfindən İddiaçı MMC-nin İnşaatçılar filialına müraciət edilmiş, telefonda mövcud olan qüsurlar bildirilmiş, buna uyğun olaraq ona telefonun yoxlanması məqsədilə servisə təhvil verilməsi, servisdə yoxlamalar aparıldıqdan sonra qüsurlar zavod qüsurudursa, yenisi ilə əvəzlənəcəyi və ya başqa model təklif ediləcəyi barədə məlumat verilmişdir. Telefonun servisdə olduğu müddətdə o, üzərinə düşən öhdəliyi yerinə yetirərək xx.xx.2022-ci il tarixdə 170 manat, xx.xx.2022-ci il tarixdə 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində ödəniş etmişdir. İlkin təhvil zamanı ona bildirilmişdir ki, servisə qiymətləndirmə aparılması üçün onun tərəfindən ödəniş edilməlidir. Cavabdeh İddiaçı MMC-nin baş ofisində ərizələr yazmağına baxmayaraq, onun problemi həll edilməmiş qalmış, nəticədə, o, kredit tarixçəsinin korlanmaması məqsədilə yenidən ödəniş etmiş və buna uyğun olaraq xx.xx.2022-ci il tarixdə yeni əlavə 1 imzalanmaqla müqavilənin qüvvədə olma müddəti 24 ay, aylıq ödəniş məbləği isə 109 manat olaraq müəyyən edilmişdir. Cavabdehin əməkdaşlıq etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli texniki rəyində bildirilmişdir ki, qüsurlar onun tərəfindən həyata keçirilmişdir və ödənişli xidmət göstərilmişdir. Bir müddət sonra ona cavabdeh tərəfindən telefon vasitəsilə bildiriş göndərilmişdir ki, borcu mövcuddur. Bundan sonra onun tərəfindən yenidən cavabdehin Baş Ofisinə şikayət edilmiş, əvvəlcə servis xidməti tərəfindən telefon təmirə qəbul edilməsə də, sonradan edilmiş şikayətlər nəticəsində 2022-ci ilin iyul ayında təhvil-təslim aktı əsasında telefon avadanlığı yenidən cavabdehə təqdim edilmiş, lakin ondan sonrakı müddətdə cavabdeh tərəfindən həmin telefon vasitəsi heç bir halda geri qaytarılmamışdır. Cavabdeh qurumun əməkdaşları tərəfindən ona bildirilmişdir ki, telefondakı qüsurların zavod qüsuru olmasını müəyyən etmək üçün servis tərəfindən qiymətləndirilmə aparılmalıdır ki, həmin qiymətləndirmənin aparılması üçün 600 manat məbləğində ödəniş həyata keçirilməli və bu qüsur onun tərəfindən edildiyi üçün onun tərəfindən ödəniş edilməlidir. Telefon rəsmi qaydada cavabdehə təqdim edildiyindən və keçən müddət ərzində cavabdeh tərəfindən təmir edilmədən və ya yenisi ilə dəyişdirilmədən ona qaytarılmamasına baxmayaraq hazırda cavabdeh tərəfindən borc məbləği ondan tələb edilməkdədir. Faktiki olaraq cavabdeh qurum tərəfindən “Baku Service Company“ MMC tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli texniki rəy ona sonradan təqdim edilsə də, həmin rəyin həqiqi olmağı şübhə doğurur.
9. Cavabdeh İddiaçı MMC iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə aldığı mobil telefonun ekranında sol yuxarı hissəsində yaranan ağ rəngli ləkə formasında olan qüsurla bağlı servis xidməti fəaliyyəti göstərən "X10" MMC-yə müraciət etmişdir. Mütəxəssis tərəfindən cihaz müayinə edilərək və texniki baxış keçirilərək müəyyən edilmişdir ki, mexaniki təsir nəticəsində telefonun ekranı sıradan çıxmışdır. İddiaçı telefonu servis xidmətindən götürdükdən, yəni qeyd olunan qüsurun kənar müdaxilədən yarandığı barədə məlumatı olduqdan sonra iddiaçının müraciəti əsasında aylıq ödənişlərin aşağı məbləğə azaldılaraq, ödəniş müddətinin uzadılması məqsədilə xx.xx.2022-ci il tarixdən 1 saylı əlavə müqavilə bağlayaraq hər ayın 12-dən gec olmamaqla 24 ay müddətində 109 manat, sonuncu ay isə 106 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin iddiaçı razılaşmada nəzərdə tutulmuş aylıq ödənişləri ödəməmişdir. İddiaçı tərəfindən ekranı yararsız vəziyyətə salınan mobil telefonu servis mərkəzinə yenidən təqdim edilmiş, servis mərkəzi tərəfindən bu telefonla bağlı rəy verildiyini və iddiaçının telefonu geri götürməsi bildirilsə də, iddiaçı geri götürməyəcəyini qeyd etmişdir. Bundan sonra müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə iddiaçıya yazılı və şifahi qaydada müraciət olunmasına baxmayaraq, iddiaçı yararsız vəziyyətə saldığı telefonu geri götürməyəcəyini və ödənişləri də aparmayacağını bildirmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3815/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqısına dair BL672470 saylı müqavilə üzrə mövcud öhdəliyə peşman haqqı tətbiq edilməklə xitam verilməsi, iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alqı-satqısına dair BL672470 saylı müqavilə üzrə cavabdeh tərəfindən hesablanmış borcun ödənilməsindən azad edilməsi, cavabdeh İddiaçı MMC-dən 100 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir (hakim: X2)
11. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehdən mobil telefon almış, istifadə zamanı ekranında qüsur yarandığına görə cavabdehin yönləndirdiyi servis xidmətinə müraciət etmiş, bu müddət ərzində iki dəfə ödəniş etmiş, bir dəfə müqaviləni yeniləmiş, lakin telefonda olan qüsur aradan qaldırılmamışdır. İddiaçı tərəfindən cavabdehə şifahi və yazılı müraciətlər edilmiş, lakin onun müraciətləri nəticəsiz qalmışdır. Bundan sonra iddiaçı tərəfindən 2022-ci ilin iyun ayında telefon yenidən servis xidmətinə təhvil verilmişdir və həmin vaxtdan telefon cavabdehdədir. Daha sonra Bakı şəhəri 42 saylı notariat Kontorunun xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən iddiaçıdan telefonun dəyərinin cavabdehə ödənilməsi tələb olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1610/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər "xxxx" MMC və Bakı şəhəri 42 saylı Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, 42 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8i-3633 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilmiş, həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir.
12. Məhkəmələr öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 425.1-ci, 441-ci, 447.3-cü, 448.3-cü, 450.3-cü, 529.8-ci, 567-ci, 568.1-ci, 581.1-ci, 581.2ci, 586.2-ci, 597.1-ci, 600.4-cü, 601.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü, 284-5-284-6-cı maddələrinə istinadla əsaslandırmışdılar. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Birinci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3815/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixli nisyə alqı-satqısına dair BL672470 saylı müqavilə üzrə mövcud öhdəliyə peşman haqqı tətbiq edilməklə xitam verilməsi, onun həmin müqavilə üzrə cavabdeh tərəfindən hesablanmış borcun ödənilməsindən azad edilməsi, cavabdeh İddiaçı MMC-dən 100 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Hazırki iş üzrə iddiaçı qeyd edilən məlumatı məhkəmədən gizlətməklə, artıq digər rayon məhkəməsinin qətnaməsi ilə xitam verilmiş müqavilə üzrə borcun ödəməkdən azad edilmiş olduğu halda, ona qarşı iddia qaldırmış və nəticədə məhkəmə yalnız tərəflərin təqdim etmiş olduğu sübutlara baxaraq hazırki mülki işə hüquqi qiymət vermişdir. Faktiki olaraq İddiaçı MMC qeyri-qanuni hərəkət etməklə artıq olmayan hüquqlarını həyata keçirmək istəmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindəki e-2(001)-3815/2024 saylı mülki iş üzrə qarşılıqlı iddia vermədən, eyni zamanda həmin qətnamənin qəbul edilməsindən sonra onu mübahisələndirmədən ayrıca iddia qaldırması faktiki olaraq iddiaçı kimi İddiaçı MMC-nin öz vəzifələrini kobudcasına pozmaqla hüquqların həyata keçirilməsində ifadə olunur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindəki e- 2(001)-3815/2024 saylı qətnaməsi tərəflərin elektron kabinetinə xx.xx.2024-cü il tarixində yerləşdirilmiş və tərəflər həmin qətnamədən tam məlumatlı olmuşdur. Qətnamə qanuni qüvvəsini almasa da, hazırki iş üzrə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermədən, ayrıca Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddia qaldırmış, mövcud olan faktları gizlətmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixində e- 2(004)-5373/2024 saylı qətnamə qəbul edildikdən sonra xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-3815/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bütün bunlar iddiaçı tərəfindən məhkəməyə qanunsuz olaraq müraciət etməsində ifadə olunmaqla bərabər müraciət edilən məhkəməni aldatmağa yönəlmiş hərəkətlərdə ifadə olunur və mövcud olan hüququn sui-istifadəsidir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmazdan əvvəl hazırki mübahisəyə münasibətdə icra qeydinin verilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixində Bakı şəhəri 42 saylı notariat ofisinə müraciət edilmiş, həmin müraciətə uyğun olaraq notariat orqanının xüsusi notariusu tərəfindən 8İ-3633 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi verilsə də, həmin icra qeydi Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hazırki iş üzrə Cavabdeh tərəfindən qaldırılmış iddia əsasında ləğv edilmiş və buna dair məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində e-2(004)-1610/2024 saylı qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Qətnamədən İddiaçı MMC tərəfindən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bütün göstərilənlərə baxmayaraq hazırki iş üzrə iddiaçı tərəfindən ayrıca iddia qaldırılması, mövcud məhkəmə qətnamələrini əhəmiyyətsiz etməsində, nəticə etibarı ilə öhdəliyin icrası zamanı vicdanlığın tələb etdiyi tərzdə davranmaması ilə xarakterizə olunmaqdadır. Bütün göstərilənlərə baxmayaraq hazırki iş üzrə iddiaçı tərəfindən ayrıca iddia qaldırılması, mövcud məhkəmə qətnamələrini əhəmiyyətsiz etməsində, nəticə etibarı ilə öhdəliyin icrası zamanı vicdanlığın tələb etdiyi tərzdə davranmaması ilə xarakterizə olunmaqdadır. Məhkəmə öz qətnaməsinin 11-ci abzasında qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində xəbərdarlıq məktubu göndərilmişdir və məhkəməyə müraciət ediləcəyi iddiaçıya bildirilmişdir. Məhkəmə bu halı qeyd etsə də, həmin xəbərdarlıq məktubunun həqiqətən də iddiaçıya göndərildiyini təsdiq edən sənədlərin - yəni xəbərnamələrin mövcud olub-olmamasını araşdırmamışdır. Digər tərəfdən iddiaçı qeyd edilən məktublarda borc məbləğini 2.638 manat qeyd etmiş, iddia tələbində isə borc məbləğini 2613 manat göstərmişdir. Halbuki cavabdeh tərəfindən hər-hansı bir ödəniş həyata keçirilməmişdir. Həmçinin həmin xəbərdarlıq məktublarında müqavilənin bağlanma tarixi xx.xx.2022-ci il tarixi qeyd edilsə də, tərəflər arasında müqavilə münasibətləri xx.xx.2022-ci il tarixində başlamışdır. Bunu təsdiq edən hal iş materiallarına əlavə edilmiş nisyə satış müqaviləsidir. Qeyd edilən xəbərdarlıq məktubunun düzgün olmadığı iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə də öz təsdiqini tapır. Qeyd edilən arayışda xx.xx.2022-ci il tarixli müqaviləyə istinad olunmuşdur. Hər-hansı əlavə qeyd edilməmişdir. Məhkəmə xəbərdarlıq məktubunun göndərilməsi halına istinad etsə də bu halı sübut edə bilməmişdir.
15. İkinci iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3815/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan texniki rəydən və telefonun foto şəkillərindən görünür ki, "xxxx" MMCnin satdığı mübahisəli mobil telefonda olan qüsur alıcıya verildikdən sonra kənar şəxslərin hərəkəti nəticəsində əmələ gəlmişdir və həmin texniki rəydə olanların telefonun foto şəkili ilə aşkar olması sübut olunur. Bu rəyi təkzib edən və həmin qüsurun alıcıya verilməzdən əvvəl əmələ gəldiyini təsdiq edəcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Alıcı mübahisəli mobil telefonda olan qüsurun ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilməmişdir, buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Halbuki iddia ərizəsinə əlavə olunan texniki rəydə qüsurun alıcıya verildikdən sonra kənar müdaxilə nəticəsində əmələ gəldiyi öz təsdiqini tapmışdır. Lakin məhkəmə işdə olan sübutlara qiymət verərkən, qeyd olunan qanunvericiliyin tələbərini nəzərə almadan, tərəflərin qarşılıqlı münasibətinə uyğun işi həll etmədən, bərabərlik prinsiplərinə əməl etmədən qətnamə qəbul etmişdir. İddiaçı iddia ərizəsində aldığı telefonda olan qüsurun ona satılan zaman baş verdiyini bildirsə də, istinad etdiyi halı sübuta yetirməmişdir. Qeyd olunan gözlə görünən qüsur, iddia ərizəsində də iddiaçı aldıqdan sonra onun istifadəsində olan zaman yarandığını da bildirmişdir və mütəxəssis rəyi ilə həmin qüsurun həqiqətən də telefona kənar müdaxilə olduğu səbəbindən ekranın sıradan çıxması barədə rəy verilmişdir. Göründüyü kimi, iddiaçı istinad etdiyi halı sübuta yetirə bilməmişdir. Cəmiyyət sübutların mötəbərliyinin daha da möhkəmlənməsi üçün iddiaçının iddia etdiyi ekranın çatlayan hissəsinin yoxlanması üçün ekspertiza keçirilməsi barədə vəsatət də vermişdir, lakin məhkəmə qeyd olunan halları nəzərə almadan, vəsatəti təmin etmədən əsassız qətnamə qəbul etmişdir. İşin maraqlı tərəfi ondan ibarətdir ki, iddaçı telefonu ilk dəfə servis xidmətinə xx.xx.2022-ci ildə təqdim etmiş və xx.xx.2022-ci il tarixdə texniki rəy verilmişdir. Həmin 3 gün müddətində və ondan sonra da iddiaçı tərəfindən heç bir dəfə də ödəniş aparılmamışdır. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə iki dəfə ödəniş aparmış və həmin müddətdə telefon servis xidmətində olmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-529/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilə üzrə mövcud öhdəliyə peşman haqqının tətbiq edilməklə xitam verilməsi” tələbinə dair 2(103)- 529/2025 saylı mülki iş, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair 2(103)-535/2025 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı MMC birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı birinci iş üzrə iddia ərizəsinin, ikinci iş üzrə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, şikayətlərinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, şikayətlərinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 450.3-ci maddəsinə əsasən kreditorun gecikdirilmə nəticəsində marağını itirdiyi icranı qəbul etməkdən imtina etməsi, habelə peşman haqqı kimi müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi borclunu öhdəliyin naturada icrasından azad edir; 529.8-ci maddəsinə əsasən tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur; 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur; 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
23. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırkı apellyasiya şikayətləri ilə hər iki qətnamənin ləğv edilməsi və hər iki iddianın rədd olunması ayrı-ayrılıqda xahiş olunduğundan hər iki qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiyası məhkəməsi birinci iş üzrə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, həmin iş üzrə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu səbəbdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5373/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə hər hansı əsas yoxdur. İkinci iş üzrə isə birinci instansiyası məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisənin mahiyyəti düzgün qiymətləndirilmədiyindən və mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3815/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixdə bağlanmış nisyə-alqı satqı müqaviləsinə əsasən İddiaçı MMC dəyəri 2.953 manat olan “Samsung G998 256GB” silver markalı telefonu Cavabdeh nisyə satmağı, sonuncu isə həmin əşyanı qəbul etməyi və onun dəyərini 18 ay müddətinə hər ay 165 (sonuncu ay 148) manat olmaqla ödəməyi, ödənişi gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0,2 faizi həcmində cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdülər (müqavilənin 3.2-ci bəndi). Həmin telefon aparatı Cavabdeh təhvil verilmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış həmin müqaviləyə 1 saylı əlavəyə əsasən qalıq qalmış 2.613 manat borcun 24 ay ərzində hər ay 109 manat (sonuncu ay 106 manat) olmaqla 24 ay ərzində ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. İddiaçı 2022-ci ilin fevral və mart aylarında 170 manat, cəmi 340 manat ödəniş etmişdir.
29. Hazırda İddiaçı MMC həmin müqaviləyə və 1 saylı əlavəyə istinad edərək, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edilmədiyini, nəticədə 2.613 manat borcunun yarandığını iddia edir və bu məbləğin, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin ondan tutulmasını tələb edir. Cavabdeh ona nisyə satılan mobil telefonun istehsalçı qüsurlu olduğunu və bu səbəbdən öhdəliklərini icra etmədiyini iddia edir və irəli sürdüyü iddia üzrə peşman haqqı tətbiq edilməklə müqaviləyə xitam verilməsini və öhdəliyin icrasından azad edilməsini xahiş edir.
30. Məhkəmə kollegiyası hər iki iş üzrə irəli sürülmüş iddiaların biri-birini istisna etməsini nəzərə alıb, hər iki işin hallarına və apellyasiya şikayətlərinin dəlillərinə istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
31. Tərəflərin tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
32. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
33. Bu baxımdan ikinci iş üzrə Cavabdeh istinad etdiyi halları, yəni ona qüsurlu mal təhvil verilməsini və bu səbəbdən də malın qaytarılmasını sübut etməli idi. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
34. Bunun əksinə, iş materiallarında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli texniki rəyinə əsasən mexaniki təsir nəticəsində telefonun ekranının sıradan çıxdığı, istifadəçi tərəfindən istismar qaydalarının pozulması nəticəsində yaranan qusurlara istehsalçı tərəfindən zəmanət verilmədiyi qeyd edilmişdir.
35. Məhkəmə kollgiyası mübahisənin düzgün həll edilməsi istiqamətində mobil telefonun qüsurlu olub-olmamasının müəyyən edilməsinin əhəmiyyətini və Cavabdeh apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarındakı texniki rəyi verən müəssisənin birbaşa İddiaçı MMC-yə xidmət göstərən servis mərkəzi olmasını nəzərə alaraq mübahisəli mobil telefonunda olan qüsurların səbəbinin (istehsalçı və ya istifadəçi) və xarakterinin müəyyən edilməsi üçün telefonu Samsung markasının rəsmi dilleri olan "xxxx" MMC-yə göndərmişdir. Bu barədə məhkəmənin müvafiq qərardadının icrası qaydasında həyata keçirilmiş müayinə nəticəsində tərtib edilmiş xx.xx.2025-ci iı tarixli mütəxəssis rəyində cihazda cızıqlar və zədələrin, ekranda isə ləkələrin olduğu, bu qüsurların mexaniki zədə nəticəsində yarandığı, aşkar olunan qüsurun istehsalçı tərəfindən olmadığı və telefonun zəmanətli təmirə yararsız olduğu müəyyən edilmişdir. Başqa sözlə, mübahisəli telefon aparatında olan qüsurların istehsalçı qüsuru olmadığı, istifadə nəticəsində yarandığı müəyyən edimişdir. Bunu təkzib edən hər hansı sübut isə Cavabdeh tərəfindən təqdim edilməmişdir.
36. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, alındıqdan sonra istifadəsinə başlandığı vaxtdan telefonda qüsurların olduğunu, o cümlədən istifadə zamanı telefonun ekranının ağardığını və ağ rəngli qüsurların telefonun ekranında qaldığını iddia edən Cavabdeh həmin telefonu müvafiq servisə təqdim etsə də, bundan sonra, yəni 2022-ci ilin fevral və mart aylarında ödənişlər həyata keçirmiş, aprel ayında isə qarşılıqlı razılıq əsasında həmin müqaviləyə 1 saylı əlavə imzalayaraq qalıq qalmış 2.613 manat borcun 24 ay ərzində hər ay 109 manat (sonuncu ay 106 manat) olmaqla 24 ay ərzində ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd edilənlər öz növbəsində Cavabdeh apellyasiya şikayəti üzrə dəlillərinin əsassız, İddiaçı MMC-nin dəlillərinin isə əksinə əsaslı olduğunu təsdiq edir. Hüquqi nəticə etibarı ilə Cavabdeh hər hansı əsas olmadan İddiaçı MMC ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir.
37. Bununla da məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında nisyə-alqı satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində Cavabdeh müqavilə üzrə ona təhvil verilmiş əşyanın dəyərinin ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, İddiaçı MMC-yə olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi İddiaçı MMC-yə ödəməlidir.
38. Məhkəmə kollegiyası iş üzrə iddiaların biri-birini istisna etməsini nəzərə alıb, belə qənaətə gəlir ki, birinci iş üzrə sərgilənən hüquqi mövqe ikinci iş üzrə iddianın rədd edilməsini şərtləndirir.
39. Bu mövqeyin davamı olaraq məhkəmə kollegiyası o halı da qeyd edir ki, qüvvədə olan mülki qanunvericilikdə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilməsinin mümkünlüyü təsbit edilmiş, lakin hüquqi nəticə etibarı ilə bu münasibətlərin tətbiq edilməsi tərəflərin razılaşmasından asılı edilmişdir. Hazırki iş üzrə isə İddiaçı MMC Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəliyinə bu qaydada xitam verilməsinə razı deyil. Qeyd edilənlər öz növbəsində İddiaçı MMC-nin apellyasiya şikayətinin əsaslı olduğunu təsdiq edir və ikinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsini şərtləndirir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3815/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, həmin iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. İkinci iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh, habelə apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
41. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın ümumi qiyməti 2.659 manat təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kasassiya şikayəti verilə bilməz.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci 382-ci, 384- 385-ci, 392-ci, 394-1-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3815/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilsin. Həmin iş üzrə yeni qətnamə çıxarılsın. İddia rədd edilsin. İkinci iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.