Məhkəmə qərarları › İş №2(103)-5351/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5351/2021

02.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5351/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-841/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 15.03.2018ci il tarixli alqısatqı müqaviləsinin, eyni tərəflər arasında imzalanmış 22.01.2018-ci il tarixli beh müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə ailəvi münasibətləri olmuş və bu uzun illər davam etmişdir. Bir-birilərinə qarşı bu səbəbdən də qarşılıqlı inamları olmuşdur. İddiaçı orta səviyyəli bizneslə məşğul olur. 2012-ci il tarixdə iddiaçıya iş üçün pul lazım idi. Həmçinin, həmin dövrdə iddiaçı özünə məxsus olan Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, 5c ünvanında yerləşən qeyri-yaşayış sahəsini "xxxx” QSC-yə ipotekaya qoyaraq kredit götürmüşdür. Adıçəkilən təşkilata 47 000 ABŞ dolları həmin dövrdə borcu var idi. İşə yatırmaq üçün isə əlavə 40000 ABŞ dollarına ehtiyacı var idi. Bu problemlərin həlli üçün iddiaçı 2012-ci ildə Cavabdeh müraciət etdi. Cavabdeh iddiaçıya kömək etməyə razılıq verdi. İddiaçı bundan sonra həm banka olan 47000 ABŞ dolları borcunu ödəyib qeyri-yaşayış sahəsini ipotekadan azad etdi, həm də ona 40000 ABŞ dolları vəsait ödədi. İddiaçının biznesi Rusiya Federasiyası ərazisində idi və qazanc əldə etmək üçün bir müddət vaxt tələb edilirdi. 2012-ci ildə iddiaçı qeyd etdiyi kimi Rusiya Federasiyasına getdi. Lakin bir müddət sonra bütün dünyada baş verən krizis iddiaçının da biznesini iflasa uğratdı və 2015-ci ildə Azərbaycana qayıtdı. Bir müddət burda iş qurmağa çalışdı və daima da cavabdehlə əlaqə saxlayaraq işləri düzəldikcə aldığı borcu geri qaytaracağına söz verirdi. Bir müddət sonra cavabdeh 2018-ci ilin əvvəlində iddiaçıya müraciət edərək aralarında razılaşma yazmağı və orada nə qədər borcunun olmasının qeyd edilməsini, habelə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin formal olaraq onun adına keçirməyini istədi. Yazılı razılaşmada birbaşa gələcəkdə bağlanacaq alqı-satqı müqaviləsinin formal olduğu aydın olur. Adıçəkilən sənədi yazdıqdan bir neçə gün sonra, yəni 22.01.2018-ci il tarixdə tərəflər arasında qeyri- yaşayış sahəsinə dair beh müqaviləsi imzalandı. Həmin müqaviləyə əsasən qeyri- yaşayış sahəsi guya 80 000 manat qiymətləndirildi və 1600 manat beh verildiyi yazıldı. Cavabdeh alqı-satqı zamanı hər birərəkətin qanuni olmasını istəyirdi və bu səbəbdən də bu zaman pul vəsaitinin bankdan keçməsini istəyirdi. Lakin həmin dövrdə maddi imkanı tam məbləğə yetmirdi. Bu səbəbdən də alqı-satqı müqaviləsini 73 000 manat dəyərləndirməyi xahiş etdi. İddiaçı təbii ki, cavabdehə olan inamına görə razılıq verdi. Beləliklə, 15 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh notariusun depozit hesabına pul vəsaitini ödədi. İddiaçı isə onunla birlikdə banka gedərək pul vəsaitini çıxarıb tamamilə hamısını özünə qaytardı. Digər səbəbdən, iddiaçı 2018-ci il tarixdə azadlıqdan məhrum edildi və 2019-cu ildə həbsdən çıxdı. Həm alqı-satqıdan sonar, həm həbsdə yatdığı dövrdə, həm də hal-hazırda qeyri-yaşayış sahəsi iddiaçının istifadəsindədir və cavabdeh tərəfdən hər hansı bir istifadəyə müdaxilə olmamışdır. Lakin artıq bir neçə gündür ki, tərəflərin münasibətləri pozulmuş və cavabdeh iddiaçıya bildirmişdir ki, borcu deyil, artıq əmlakı istəyir. Cavabdeh haqsızdır, formal bağlanmış və digər əqdi pərdələmək üçün imzalanmış müqavilə üzrə əmlakını tələb edə bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-841/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələblərinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, sübutları düzgün qiymətləndirmədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarındakı notariat qaydasında təsdiq olunmuş 22 yanvar 2018-ci il tarixdə Bakı şəhəri 46 saylı Notariat kontorunun xüsusi notariusu T.H.Kərimova tərəfindən təsdiq edilmiş beh müqaviləsindən görünür ki, birinci tərəf ona məxsus olan ünvan 2 ünvanında yerləşən 267,1 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasını satır, ikinci tərəf isə həmin əmlakı alır. İkinci tərəf gələcəkdə bağlanacaq daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təminatı kimi birinci tərəfə 1600 manat məbləğində pul vəsaitini nağd qaydada ödəyir. Birinci tərəf həmin məbləği qəbul edir. İş materiallarındakı notariat qaydasında təsdiq olunmuş 15 mart 2018-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat kontorunun xüsusi notariusu Ə.A.Hüseynov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən Cavabdeh 73.000 manat məbləğinə satılmışdır. Məhkəmə mübahisəyə Mülki Məcəllənin 331, 337, 354-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, tərəflərin iradə ifadəsini əks etdirmiş, hər hansı qanun pozuntusuna yol verilməmiş, müqavilədə bağışlama ilə bağlı hər hansı bir şərt göstərilməmiş, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmələr iddia tələbini rədd edərkən həmçinin iddiaçılar tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən 1 illik müddətin üzrlü səbəblər olmadan ötürülməsinə əsaslanmışdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, apelyatorun irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanlarla yanaşı kollegiya hesab edir ki, apellyator tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Göstərilənlərə əsasən kollegiyanın qənaətinə görə İddiaçı apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-841/2021 saylı, 09 mart 2021-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar