Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5352/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair mülki iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-ci il tarixli, e-2(006)- 1832/2024 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir
3. Həmin qərardaddan iddiaçı şikayət, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024cü il tarixli, e-2(006)-1832/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardada əsasən, məhkəməyə müraciət edilən zaman cavabdeh qismində göstərilən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində fiziki və hüquqi şəxslər çıxış edə bilər ki, iddiaçı fəaliyyət göstərməyən şəxsə qarşı iddia qaldırdığından və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti iş üzrə cavabdeh hesab edilmədiyindən bu iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 31 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilmişdir. Şirkətin ləğvi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 fevral tarixli Sərəncamının icrası olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılmışdır. Bakı şəhər Nəsimi rayon Məhkəməsi tərəfindən iddia tələbi icraata qəbul edilmədiyindən və Nazirlər Kabineti sərəncamında göstərilənləri əsas götürərək, Maliyyə Nazirliyi və İnvestisiya Holdinqinə qarşı Bakı şəhər Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsində araşdırma zaman Dövlət Sığorta Kommersiya Şirkətinə hər hansı kənar idarəçi təyin edilmədiyi, idarəetmə komissiyasının yaradıldığı, həmçinin müəssisənin hüquq və öhdəliklərinin məhz şirkətin özü tərəfindən icra olunduğu müəyyən edilmişdir. Yuxarıda göstərilən səbəblərdən və aparılan araşdırma ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(006)-1832/2024 qərardadından şikayət verilməsi mümkün olmamışdır. Bakı şəhər Səbail Rayon Məhkəməsində araşdırma yekunlaşdığından yalnız indiki tarixdə şikayətlə məhkəmə müraciət olunur.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(006)- 1832/2024 nömrəli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməklə prosessual müddətin İddiaçı üçün bərpa edilməsi, şikayətin təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü tarixli, 2(006)-1832/2024 nömrəli qərardadının ləğv edilməsi qərara alınmışdır.
6. Qərardadın əsaslarına görə, əvvəl verilən iddianın imtinası halları artıq aradan qalxdığından, cavabdeh ləğv prosesində olmaqla, onun ləğvedisisi təyin edildiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(006)-1832/2024 nömrəli qərardadı ləğv edilməklə məhkəmə hazırlıq iclası təyin edilməlidir.
7. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həmin qəraradaddan şikayət verərək, qərardadın prosessual müddətin bərpasına dair hissəsində ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(006)-1832/2024 nömrəli qərardadını iddiaçı əldə etdikdən 27 gün keçdikdən sonra 19 mart 2024-cü il tarixində eyni məzmunlu iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, e- 2(009)-879/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(006)-1832/2024 nömrəli qərardadı 22 fevral 2024-cü il tarixində elektron məhkəmə sistemi vasitəsilə tərəflərə təqdim edilmişdir. İddiaçı isə qeyd olunan qərardaddan 15 iyul 2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə şikayət vermişdir. İddiaçı prosessual müddətin ötürülməsinə səbəb kimi Səbail Rayon Məhkəməsinə müraciət etməsini əsas gətirsə belə hər bir halda eyni məzmunlu iddia ərizəsinin verilməsinə kimi 1 aya yaxın müddət keçmişdir. Beləliklə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Həmçinin iddiaçı Şirkətin Ləğvetmə Komissiyasının yaradılması barədə məlumatsız olduğunu və buna görə Səbail Rayon Məhkəməsinə müraciət etdiyini bildirmişdir. Qeyd edilir ki, Şirkətin Ləğvetmə Komissiyası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılmış və bununla bağlı mətbuatda bir çox yazılar dərc edilmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan İnvestisiya Holdinqinin 16 aprel 2024-cü il tarixli və AR Maliyyə Nazirliyinin 30 aprel 2024-cü il tarixli məktublarında Şirkətin Ləğvetmə Komissiyasının yaradılması və səlahiyyətlərin Ləğvetmə Komissiyası tərəfindən həyata keçirilməsi barədə məlumatlar öz əksini tapmışdır. Göründüyü kimi iddiaçının müddətin bərpasına dair ərizəsində qeyd etdiyi xüsususatlar əsaslı deyildir, müsbət nəticə əldə edilməsinə yönəlmiş cəhddən ibarətdir. Hesab edirlər ki, iddiaçının qeyd olunan qərardadı mübahisələndirmək üçün kifayət qədər vaxtı olsa da üzrsüz olaraq prosessual müddəti ötürmüş və mübahisələndirmək hüququndan məhrum olmuşdur.
9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2024-ci il tarixli, e-2(006)- 1832/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
13. İş apellyasiya məhkəməsinin icraatında olarkən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ərizə ilə müraciət edərək şikayətə şifahi icraat qaydasında baxılması xahiş olunmuşdur.
14. Şikayətlə bağlı bütün sənədlər iş materiallarına əlavə olunduğundan, həmçinin, sonuncu müraciətdə də şikayətin dəlillərinə təkrarən aydınlıq gətirildiyindən məhkəmə kollegiyası hesab edir ki, tərəflərin izahat alınması, hər hansı bir sübutun tərəflərin iştirakı ilə tədqiqinə ehtiac olmadığından işə şifahi icraat qaydasında baxılmasına zərurət yoxdur.
15. Şikayətin dəlilini o təşkil edir ki, iddiaçı prosessual müddətin ötürülməsinə səbəb kimi Səbail Rayon Məhkəməsinə müraciət etməsini əsas gətirsə belə, hər bir halda eyni məzmunlu iddia ərizəsinin verilməsinə kimi 1 aya yaxın müddət keçmişdir. Beləliklə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Həmçinin iddiaçı Şirkətin Ləğvetmə Komissiyasının yaradılması barədə məlumatsız olduğunu və buna görə Səbail Rayon Məhkəməsinə müraciət etdiyini bildirmişdir. Qeyd edilir ki, Şirkətin Ləğvetmə Komissiyası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılmış və bununla bağlı mətbuatda bir çox yazılar dərc edilmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan İnvestisiya Holdinqinin 16 aprel 2024-cü il tarixli və AR Maliyyə Nazirliyinin 30 aprel 2024-cü il tarixli məktublarında Şirkətin Ləğvetmə Komissiyasının yaradılması və səlahiyyətlərin Ləğvetmə Komissiyası tərəfindən həyata keçirilməsi barədə məlumatlar öz əksini tapmışdır.
16. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, icraata qəbuldan imtina barədə qərardaddan şikayət vermə müddəti ötürüldükdən sonra iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməsi müddətin bərpasından imtina üçün əsas ola bilməz. Çünki, iddiaçının həmin qərardaddan şikayət verməməsinin səbəbi ondan ibarət olmuşdur ki, onun digər cavabdehlərə qarşı tələb irəli sürməklə başqa digər məhkəməyə müraciət etmək hüququ vardır.
17. Bundan başqa icraata qəbuldan imtina qərardadı 21 fevral 2024-cü il tarixdə çıxarılmışdır. Cavabdeh tərəfindən verilmiş şikayətdə də qeyd olunmuşdur ki, Azərbaycan İnvestisiya Holdinqinin 16 aprel 2024-cü il tarixli və AR Maliyyə Nazirliyinin 30 aprel 2024cü il tarixli məktublarında Şirkətin Ləğvetmə Komissiyasının yaradılması və səlahiyyətlərin Ləğvetmə Komissiyası tərəfindən həyata keçirilməsi barədə məlumatlar öz əksini tapmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qərardadına əsasən iş üzrə icraata Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı olan hissədə məhz hazırkı mübahisə predmeti olan qərardad əsas götürülməklə xitam verildikdən sonra iddiaçı artıq bütün hüquqi müdafiə imkanlarından məhrum olduğunu bildikdən sonra müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir.
18. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-ci il tarixli, e-2(006)-1832/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-ci il tarixli, e-2(006)- 1832/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.