Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5354/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” MMC-ni, X2 və Maraqlı şəxs2 cəlb etməklə Cavabdeh qarşı «pul» tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-271/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” MMC-ni, X2 və Maraqlı şəxs2 cəlb etməklə Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçının, eləcə də iddiaçı ilə üçüncü şəxslər və digərləri arasında bağlanmış və 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-185/2-5 saylı 04 fevral 2008-ci il tarixli qərardadı ilə təsdiq edilmiş 04.02.2008-ci il tarixli barışıq sazişinə əsasən cavabdeh ilə iddiaçı arasında əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlar barəsində mübahisə qarşılıqlı güzəştlər yolu ilə həll olunmuşdur. Sözügedən barışıq razılaşması haqqında müqavilələrə əsasən bu müqavilənin 2.1, 2.2-ci bəndləri ilə müəyyən edilmiş bütün tələblərdən qarşılıqlı imtinanın əvəzi olaraq Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 50 saylı evin 203 saylı mənzilin və ona aid çardaq otaqlarının üzərinə qoyulmuş həbsin götürülməsi, bu mənzil və ona aid çardaq otaqların cavabdehin mülkiyyətində saxlanılması, həmin mənzil və çardaq otaqlarının cavabdehin mülkiyyətində saxlanılmasının əvəzi olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 iyun 1994-cü il tarixli, 846 saylı sərəncamı ilə “xxxx” MMC-yə ayrılmış və 01 iyun 2000-ci il tarixli, JN-0526 kod00800003 saylı dövlat aktı ilə daimi istifadə hüquqları dövlət qeydiyyatına alınmış 19 sot torpaq sahəsinin 1/2 hissəsinin, yəni 9,5 sotunun cavabdehin adına, qalan 1/2 hissəsinin isə, yəni 9.5 sotunun iddiaçının və digərlərinin adına sənədləşdirilməsi, bu sənədləşdirmə üçün tələb olunan bütün zəruri xərclərin 250.000 ABŞ dolları miqdarından artıq olmayan məbləğinin cavabdeh tərəfindən ödənilməsi, “xxxx” MMC-yə məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrarayon bazarının yaxınlığındakı 2 saylı çamaşırxananın həyətində, A.Mustafayev küçəsı, 3014-cü məhəllə ünvanında yerləşən 1,2,3-cü anbar kimi istifadə olunan qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin cavabdeh tərəfındən onun özünün vəsaiti hesabına 4.000.000 ABŞ dollarının manata olan məzənnəsi miqdarından az olmayan qiymətə satılması üçün alıcı ilə temin edilməsi, bu vəsaitin, yəni 4.000.000 və ya ondan yuxan olan ABŞ dollarının manata olan məzənnəsi miqdarındakı pul vəsaitinin 2.000.000 ABŞ dollarının, eləcə də 2.000.000 ABŞ dollarından artıq əldə edilmiş məbləğinin yarısının “xxxx” MMC-yə, qalan məbləğinin isə cavabdehə çatması “xxxx” MMC-nin təsisçilərindən biri olaraq iddiaçının və digərlərinin sözügedən müqavilənin 2.5-ci bənddə göstərilən əmlakın 4.000.000 ABŞ dollarının manata məzənnəsi miqdarında pul vəsaitindən az olmayan qiymətə satılmasına köməklik göstərmələri və həmin məbləğ “xxxx” MMC-yə ödənildikdən sonra bunun üçün tələb olunan bütün sənədlərin imzalanacağı (bənd 2.7), istinad olunan 04.02.2008-ci il tarixli barışıq razılaşması haqqında müqavilənin 2.5-ci bəndində nəzərdə tutulmuş əmlakın cavabdeh tərəfindən satılması üçün alıcı tapılanadək həmin əmlakın “xxxx” MMC-nin faktiki sahibliyində və istifadəsində qalması və s. xüsusatlar barədə razılığa gəlinmişdir. İddiaçı tərəfindən sözügedən barışıq razılaşması ilə üzərinə götürdüyü öhdəliklərini vaxtında və layiqincə etsə də, cavabdeh bu sazişlə üzərinə götürdüyü öhdəliklərini ümumıyyətlə icra etməmiş, beləliklə də barışıq razılaşmasının 2.3-cü bəndində göstərilən, hazırkı barışıq razılaşmasının digər şərtlərinin əvəzi olaraq mülkiyyətində saxladığı mənzilin və ona aid çardaq otaqlarının dəyəri məbləğində iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, göstərilən mənzil və ona aid çardaqlar iddiaçıya məxsus olmuşdur. cavabdeh sözügedən barışıq razılaşmasının hüquqi nətivələrinə əsasən əldə etdiyi mənzilini və ona aid çardaq otaqlarını digər üçüncü şəxslərə satmış və satışından əldə olan pul vəsaitini götürmüş və şəxsi məqsədləri üçün xərcləmişdir. 04.02.2008-ci il tarixli barışıq razılaşmasının yaratdığı hüquqi nəticələrdən görünür ki, əvəzi bu və ya digər şəkildə iddiaçıya ödənilməyən mənzildən və ona aid çardaq otaqlarından məhrum olmuşdur. Həmin mənzilin bazar dəyəri 720.000 manat məbləğindədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-271/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdehlə aralarında bağlanan barışıq sazişinin şərtlərinə tam şəkildə əməl etsə də, cavabdeh buna əməl etməmişdir. Mübahisəli mənzil ona məxsusdur. Cavabdeh ona məxsus olan əmlak üzərində necə sərəncam vermək hüququna malikdir. Cavabdeh tərəfindən ona maddi ziyan dəyməsini o dəlil və sübutlarla məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə heç bir dəqiq və obyektiv araşdırma aparmadan təqdim etdiyi dəlil və sübulara hüquqi qiymət vermədən onun ziyanına belə bir qanunsuz qətnamə qəbul etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlmədiklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Tərəflərin məhkəmə iclasına gəlmədiklərinin səbəbi barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İşin materiallarında olan 04.02.2008-ci il tarixli Barışıq sazişinin 2.3-cü bəndindən görünür ki, bu razılaşmanın 2.1, 2.2-ci bəndləri ilə müəyyən edilmiş bütün tələblərdən qarşılıqlı imtinanın əvəzi olaraq Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 50 saylı evin 203 saylı mənzilin və ona aid çardaq otaqlarının üzərinə qoyulmuş həbs götürülmüş, bu mənzil və ona aid çardaq otaqların cavabdehin mülkiyyətində saxlanılmışdır. İşdə olan 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-185/2-5 saylı 04 fevral 2008-ci il tarixli qərardadından görünür ki, 04.02.2008-ci il tarixli Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş 18 aprel 2008-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 50 saylı evin 203 saylı mənzili X1. İşə əlavə olunmuş “xxxx” MMC-nin “Daşınmaz əmlakın (mənzilin çardaqla (mansardla birlikdə) qiymətləndirilməsi barədə” Hesabatına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 50 saylı evin 203 saylı mənzilin çardaqla birlikdə bazar qiyməti 288.000 manat, likvid qiyməti 230.000 manat müəyyən olunmuşdur. Qiymətləndirmə tədqiqatının dəyəri 400 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 50 saylı evin 203 saylı mənzil və ona aid çardaq otaqları 04.02.2008-ci il tarixli Barışıq sazişi ilə cavabdehin mülkiyyətində saxlanılmış və sözügedən barışıq sazişi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-185/2-5 saylı 04 fevral 2008-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Cavabdeh həmin mənzili 18 aprel 2008-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmayaraq ona əsaslanmışdır ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, tələb etdiyi maddi ziyanın məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı mənzilin ona məxsus olmasını bildirsə də, tərəflər arasında bağlanmış barışıq sazişində bu hal müəyyən olunmur. Çünki, barışıq sazişinin 2.3-cü bəndinin məzmunundan göründüyü kimi həmin mənzil barışıq sazişi ilə cavabdehin mülkiyyətinə verilməmiş, onun mülkiyyətində saxlanılmışdır. Yəni mənzil cavabdehin mülkiyyətinə barışıq sazişi ilə keçməmiş, əvvəldən onun mülkiyyətində olmuşdur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh mülkiyyətində olan əmlaka sərəncam verilmək hüququna malik olmaqla, bu, onun qanunla qorunan hüququdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olmaması və iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddianın təmin oluna bilməməsi kimi nəticələri qanuni və əsaslıdır. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; MPM-nin 385.2-ci maddəsinə gürə, birinci instansiya məhkəməsinin faktlar nüqteyi-nəzərindən qanuni və əsaslg olan və mahiyyəti ğzrə dğzgğn olan qətnaməsi yalngz formal mğlahizələrə gürə lərv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-271/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-5354/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5354/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver