Məhkəmə qərarları › İş №2(103)-5354/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5354/2023

05.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5354/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyun 2023-cü il tarixli qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddialar barədə məlumat

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ASC tərəfindən ona əsassız olaraq hesablanmış 2.046,56 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 8 saylı fərdi yaşayış evində yaşayır. Ev, cavabdeh ASC tərəfindən içməli su ilə təchiz edilir. Suyun dəyərinin ödənişi iddiaçının və onun ailə üzvləri tərəfindən, evdə yaşayan şəxslərin sayı hesabına ödənilmişdir. İddiaçı bildirir ki, onun atası Eldar İbrahimov 1999-cu ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək, həmin vaxtdan orada yaşasa da, bacısı isə 2001-ci ildə ailə quraraq ər evinə köçsə də, cavabdeh ASC onlara görə də, borc hesablamışdır. İddiaçı, cavabdeh ASC-yə dəfələrlə müraciət edərək, ünvana su sayğacının quraşdırılmasını xahiş etsə də, sayğac quraşdırılmamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, yaşadığı evə 2.046,56 manat məbləğində əsassız borc hesablanmışdır. ASC həmin borcun ödənilməsini tələb etsə də, iddiaçı, borcu əsassız hesab edərək ödəməmişdir. Bundan sonra ASC-nin əməkdaşları iddiaçının və iddiaçının qonşularının evini içməli su ilə təchiz edən su xəttini kəsmişlər. Bu səbəbdən də, iddiaçı, borcun etirafı və borcun onun tərəfindən hissə-hissə ödənilməsi barədə protokolu imzalamışdır. Göründüyü kimi ASC-nin əməkdaşlarının hərəkətləri qanunsuz olmuşdur. Bu səbəbdən də, iddiaçı, həmin borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini; cavabdeh ASC tərəfindən iddiaçıya su sərfiyyatına görə hesablanmış borcun bir qisminin, yəni 1.870,56 manatın silinməsini, iddianın qalan hissədə təmin olunmamasını, ödənilməli olan dövlət rüsumunun əvəzinin –38,71 manatın cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Sudan istifadə qaydalarının” tələbinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etməlidir, lakin iş materiallarından müəyyən olunur ki, borc 2011-ci ilin aprel ayından yaranmışdır və cavabdeh təşkilat tərəfindən borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Belə ki, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etməli olduğu halda 2011-ci ildən bununla bağlı istehlakçıya heç bir bildiriş göndərilməmişdir. Göründüyü kimi cavabdeh təşkilat fiziki şəxs olan istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçı barəsində akt tərtib etməklə ona qarşı əsassız və qanunsuz tələb irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib qismən təmin edir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan ünvanda 2011-ci ildən 2022-ci ilədək əvvəlki dövrə tələb olunan (2.046,56 - 176 =) 1870.56 manat abonentdən əsassız tələb olunur və buna görə də həmin borc cavabdeh ASC tərəfindən silinməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməsi hissəsində və dövlət rüsumunun ASCdən tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istehlakçı olan iddiaçıya məxsus fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin sayı barədə sənəd iddiaçı tərəfindən ASCyə təqdim olunmalıdır. Halbuki, yaşayış sahəsində qeydiyyatda olan şəxslərin sayında dəyişiklik olduqda, istehlakçı bu barədə 7 iş günü müddətində ASC-yə məlumat verməli və həmin gündən hesablama qeydiyyatda olan şəxslərin yeni sayına uyğun aparılmalıdır. İstehlakçı tərəfindən mənzildə qeydiyyatda olan şəxslərin sayı barədə sənəd təqdim edilmədikdə isə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə əhali tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İddiaçıya cavabdeh ASC tərəfindən istehlakçının istifadə etdiyi suyun dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 8 nəfər olmaqla normativ qaydada hesablanmışdır. İddiaçı əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə 2.045,56 manat borcu yaranmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə razılaşma protokolu imzalayaraq 11 ayda hər ay 186 manat olmaqla borcun ödəniləcəyini təmin edəcəyini təsdiq etmişdir. Yaranmış borc sudan qanunsuz istifadə ilə bağlı deyil, su təchizatı və tullantı sularından qanuni istifadə nəticəsində yaranmışdır. Lakin Rayon Məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün qiymət verilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barə məlumat

7. Cavabdeh ASC işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

8. İş üzrə iddiaçı apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) apellyasiya baxışının həddi barədə məlumat

9. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iş üzrə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamədən apellyasiya şikayəti verən cavabdeh ASC isə qətnaməni qismən, yəni iddianın bir qisminin təmin edilməsi barədə nəticəni mübahisələndirmişdir.

10. MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

11. Odur ki, Məhkəmə qətnamənin əsaslılığını yalnız iddianın təmin edilməsi hissəsində yoxlamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının yaşadığı fərdi yaşayış evi cavabdeh ASC tərəfindən içməli su ilə təchiz edilir. Ünvanda su sayğacı quraşdırılmamış, suyun dəyəri evdə qeydiyyatda olan şəxslərin sayına görə hesablanır.

13. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

14. İddiaçı bildirir ki, onun sudan istifadəyə görə hər hansı borcu olmadığı halda cavabdeh ASC tərəfindən ona əsassız olaraq 2.046,56 manat borc hesablanmışdır. İddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatından məlum olmuşdur ki, iddiaçı bu borcun əsassız hesablanmasının səbəbinin onun ailə üzvlərinin sayının 4 nəfər olmasına baxmayaraq cavabdeh ASC tərəfindən 6 nəfər hesablanması ilə bağlı olduğunu güman edir. Bu səbəbdən iddia tələbinin əsası kimi atası 1999-cu ildən etibarən Rusiya Federasiyasında, bacısının isə 2001-ci ildən etibarən ailə quraraq mənzildən köçdüyünü göstərmişdir.

15. Cavabdeh ASC isə onun tərəfindən istehlakçının istifadə etdiyi suyun dəyərinin ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablandığını, ailə tərkibində dəyişiklik olması ilə bağlı iddiaçı tərəfindən ona rəsmi məlumat verilmədiyini bildirir.

16. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır (maddə 61.; bənd 1.). Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır (maddə 62.).

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” tələblərinə görə, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir (bənd 4.1.3.). Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır (bənd 7.4.).

18. İşdə olan iddiaçıya məxsus ünvana aid (abonent kodu: **********000) “Abonent kartından” müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana suölçən cihaz quraşdırılmadığı üçün 6 nəfər ailə tərkibi nəzərə alınaraq hesablama aparılmışdır.

19. İş üzrə iddiaçı 2021-ci ildə ailə tərkibinin neçə nəfər olması və ailə tərkibinin sayında dəyişiklik olması barədə cavabdeh ASC-yə məlumat verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

20. Bundan başqa, tərəflər arasında imzalanmış ********* №-li xx.xx.2022-ci il tarixli “Yaranmış borcun ödənilməsi qaydasına dair razılaşma protokolundan” görünür ki, iddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 2.045,56 manat borcunun olmasını etiraf etmiş və həmin borcu hissə-hissə ayda 186 manat olmaqla xx.xx.2023-cü il tarixədək ödəyəcəyi ilə bağlı razılığa gəlmişlər.

21. Bu baxımdan Məhkəmə, Rayon Məhkəməsinin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməməsi, iddiaçıya yazılı bildiriş verilməməsini, cavabdeh ASC-nin iddiaçının təqsirini sübuta yetirmədən istehlakçı barəsində akt tərtib etməklə ona qarşı əsassız və qanunsuz tələb irəli sürməsi ilə bağlı mövqeyini əsassız hesab edir.

22. Belə ki, hazırki iş üzrə tələbi cavabdeh ASC deyil, iddiaçı irəli sürmüşdür. İddia əsassız hesablanmış borcun silinməsi barədədir və iş materiallarında cavabdeh ASC tərəfindən tərtib edilmiş hər hansı aktın olması müəyyən edilmir. Rayon Məhkəməsi qətnaməsində hansı aktı nəzərdə tutmasını təsvir etməmişdir.

23. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ********* №-li xx.xx.2022-ci il tarixli “Yaranmış borcun ödənilməsi qaydasına dair razılaşma protokolu” imza etməklə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 2.045,56 manat borcunun olmasını etiraf etmiş və həmin borcu hissə-hissə ayda 186 manat olmaqla xx.xx.2023-cü il tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin iddiaçı öz öhdəliyini lazımi qaydada icra etməmiş və həmin müddətin tamam olmasına 1 aydan az vaxt qalmış xx.xx.2023-cü il tarixdə hazırki iddia tələbi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə iddiaçı yaranmış borc barədə məlumatının olmasına baxmayaraq protokola imza etməsi, daha sonra hansı səbəbdən hazırki iddianı həmin vaxt deyil, öhdəlik müddətinin bitməsinə az qalmış irəli sürməsini əsaslandıra bilməmişdir.

24. MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).

25. Hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçının onun qarşısında icra edilməmiş pul öhdəliyinin mövcud olması sübuta yetirilmiş, öz iddiasının əsaslılığını sübut etmək vəzifəsi üzərinə düşən iddiaçı isə ona hesablanmış 2.046,56 manat borcun əsassız və silinməli olduğunu sübuta yetirə bilməmişdir.

26. Eyni zamanda Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsinin müddətin keçməsi əsası ilə 2011-ci ildən 2022-ci ilədək əvvəlki dövrə tələb olunan borcun silinməli olması ilə bağlı gəldiyi qənaət də əsassızdır.

27. Belə ki, Rayon Məhkəməsi hansı keçdiyi müddətin nə müddət olmasını əsaslandırmamışdır.

28. Göründüyü kimi, işin qeyd edilən hallarını nəzərə almamış Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qətnamə qəbul etmişdir.

29. Apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi əsassızdır. Çünki istehlakçı olan iddiaçı, “Sudan istifadə qaydalarının” tələblərinə əməl etməmiş, ona məxsus yaşayış sahəsində qeydiyyatda olan şəxslərin sayında dəyişikliyin olması barədə sənədi cavabdeh ASC-yə nəinki 7 iş günü müddətində, hətta ötən illər ərzində təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, ASC tərəfindən verilmiş apellyasiya şikayəti əsaslıdır. g) apellyasiya baxışının nəticəsi

30. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya baxışının predmetini təşkil edən tələb əsassızdır. Cavabdeh ASC-nin apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393, 402-ci maddələrinin tləblərini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyun 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar