Məhkəmə qərarları › İş №2(103)-5355/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5355/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5355/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, 2(009)-1001/2025 saylı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 avqust 2025-ci il tarixli qətnamədən Cavabdeh4 qanuni nümayəndəsi Qanuni nümayəndə verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin nümayəndəsi Cavabdeh1 qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Rayon Məhkəməsinə müraciət edərək, QSC ilə Cavabdeh1 arasında depozit seyfinin QSC tərəfindən sonuncuya kirayə verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə bağlanmış MFS 63 saylı “Kirayə müqaviləsinin ləğv edilməsi”, 47 saylı depozit seyfinin açılaraq orada olan əmlakın QSC-nin sərəncamına verilməsi, Cavabdeh1 tərəfindən depozit seyfinin icarəsi üçün ödənilməli olan 2.960 manat kirayə haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pulun Cavabdeh1 tutularaq QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılan zaman müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bundan sonra Bankın nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd edilən iddia tələbinin mərhum Cavabdeh1 vərəsələri Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla mərhum Cavabdeh1, onun vərəsələri ilə əvəz edilməsini qərara almışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Yetkinlik yaşana çatmamış Cavabdeh4 qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Göstərilənlər ilə bağlı Məhkəmə bildirir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 50.1-ci maddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-in 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi Rayon Məhkəməsinə daxil olan zaman Cavabdeh1 təxminən 10 ay əvvəl vəfat etmişdir. Bu baxımdan müəyyən edilir ki, Cavabdeh1 hazırkı iş üzrə tərəf olmamış və tərəf kimi sıradan çıxmamışdır. Buna görə də, onun məhkəmə icraatı zamanı varislə ilə əvəz edilməsi mümkün deyil. Başqa sözlə Cavabdeh1 qarşı yönəlmiş iddia ərizəsi icraata qəbul edilə və mahiyyəti üzrə baxıla bilməzdir. Lakin Cavabdeh1 ölməsi barədə məlumat iş materiallarına əlavə edildiyi halda (iş materialları səh. 54) Rayon Məhkəməsi bu hala səhv yanaşmış, yuxarıda qeyd edildiyi kimi, mərhumu varislər ilə əvəz etmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 263, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 avqust 2025-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı QSC tərəfindən mərhum Cavabdeh1 qarşı irəli sürülmüş iddiaya dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı QSC hazırkı qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdehlər hazırkı qərardaddan kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar