Məhkəmə qərarları › İş №2(103)-5358/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5358/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5358/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı (MMC) Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2815/2022 xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 may 2019-cu il tarixli müqavilə üzrə 81 manat əsas, 8 manat cərimə borcu, 20 avqust 2019cu il tarixli müqavilə üzrə 1529 manat əsas, 152 manat cərimə borcu, 12 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 2842 manat əsas, 284 manat cərimə borcu olmaqla hər üç müqavilə üzrə ümumilikdə 4896 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 68,96 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 may 2019-cu il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 542 manat olan İMEİ kodu HA0YY3T4 olan “Lenovo TB7104F” tablet, İMEİ kodu **********10178 olan NOKİA 3.1 markalı telefon üçün 2 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay ərzində aylıq 45 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 89 manat olmaqla ondan, 81 manat əsas, müştəriyə güzəşt olunaraq 8 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 1668 manat olan Samsung Soyuducu üçün ilkin ödəniş etmədən 12 ay ərzində aylıq 139 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 1681 manat olmaqla ondan, 1529 manat əsas, müştəriyə güzəşt olunaraq 152 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 3125 manat olan İMEİ kodu **********82372 olan “İPhone Xs Max” markalı telefon üçün üçün 200 manat ilkin ödəniş etməklə qalan məbləği 9 ay ərzində aylıq 325 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 3126 manat olmaqla ondan, 2842 manat əsas, müştəriyə güzəşt olunaraq 284 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 883 manat təşkil etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2815/2022 xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, Cavabdeh 25 may 2019-cu il tarixli müqavilə üzrə 81 manat əsas, 8 manat cərimə borcu, 20 avqust 2019-cu il tarixli müqavilə üzrə 1529 manat əsas, 152 manat cərimə borcu, 12 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 2842 manat əsas, 284 manat cərimə borcu olmaqla hər üç müqavilə üzrə ümumilikdə 4896 manat məbləğində pul vəsaitinin tutularaq “ABC-Telecom“MMC-yə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 68,96 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir (sədrlik edən: Etibar Mustafayev).

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə birtərəfli və yarımçıq baxmış, cavabdehin əleyhinə başdansovdu ədalətsiz qərar qəbul edilmişdir. Cavabdehin göstərdiyi dəlil və mühazələr məhkəmədə hüquqi qiymət verməmiş, ədalətli qərar qəbul etmək əvəzinə saxta qətnamə qəbul etmişdir. Qətnamə qanunsuz və əsasızdır, ona görə də ləğv olunmalı və işə cavabdehin iştirakı ilə yenidən baxılmalıdır.

6. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi: Belə ki, işin materiallarında olan 25 may 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 542 manat olan “Lenovo TB7104F” tablet, 2 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay ərzində aylıq 45 manat ödəmək şərti ilə kreditlə almışdır. 20 avqust 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh sonuncu alqı-satqı qiyməti 1668 manat olan Samsung Soyuducu üçün ilkin ödəniş etmədən məbləği 12 ay ərzində aylıq 139 manat ödəmək şərti ilə kreditlə almışdır. 12 sentyabr 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 3125 manat olan İMEİ kodu **********82372 olan “İPhone Xs Max” markalı telefon üçün 200 manat ilkin ödəniş etməklə qalan məbləği 9 ay ərzində aylıq 325 manat ödəmək şərti ilə kreditlə almışdır. 29 mart 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 25 may 2019-cu il, 20 avqust 2019-cu il və 12 sentyabr 2019-cu il tarixli alğı-satqı müqavilələri üzrə həmin tarixə 4896 manat məbləğində borcu vardır. Hüquqi dəyərləndirmə:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

8. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

9. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

10. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur.

11. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

14. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. İş materiallarından görünür ki, iddiaçı tərəflər arasında olan müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək həm müqavilənin, həm də mülki qanunvericiliyin tələblərini pozmuşdur.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

17. Həmin məcəllənin 453.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır.

18. Cavabdeh apellyasiya şikayətində məhkəmənin yalnız cavabdeh tərəfindən təqdim edilmiş sübutlara əsaslandığını və işə cavabdehin iştirakı olmadan baxdığını bildirmişdir.

19. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlillərinə əsasən qeyd edir ki, hazırki iddia tələbi kiçik iddia olduğundan (iddianın qiyməti 5000 manatdan aşağı olduğundan) həmin işə yazılı icraat qaydasında baxılmışdır.

20. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,“kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

21. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

22. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

23. İş materiallarından görünür ki, məhkəmə cavabdehə 04 aprel tarixində, yəni qətnamənin qəbul edilməsindən 11 gün əvvəl bildiriş göndərmişdir. Lakin, cavabdeh tərəfindən məhkəməyə hər hansı etiraz daxil olmamışdır. Odur ki, məhkəmə Mülki Prosessual Məcəllədə kiçik iddialara dair işlər üzrə icraat qaydalarına riayət etmiş və hər hansı prosessual pozuntuya yol verməmişdir.

24. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

29. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2815/2022 xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar