Məhkəmə qərarları › İş №2(103)-5365/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5365/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5365/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndələri X9 və X1, Cavabdeh və onun nümayəndəsi və vəkili X6 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29925.25 manat borc və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Volvo S80” markalı avtomobilə dair alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh həmin müqaviləni şəxsən imzalamış, müqavilənin şərtlərinə əsasən, avtomobilin qiyməti 58982 manat müəyyən edilmiş, cavabdeh tərəfindən həmin məbləğdən 18858 manat ilkin ödəniş olaraq ödənilmiş, Cavabdeh yerdə qalan məbləği hissə-hissə ödəyəcəyi və xx.xx.2019-cu il tarixədək avtomobilin dəyərini tam ödəyəcəyi barədə öhdəlik götürmüş, lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, nəzərdə tutulmuş məbləğdən yalnız 29056.75 manat ödəmiş, hazırda iddiaçıya ödənilməmiş 29925.25 manat borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi üçün dəfələrlə etdiyi müraciətlər heç bir nəticə verməmişdir, ona görə də borcun tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehdən İddiaçı MMC-nin xeyrinə ödənilməmiş 29925.25 manat pul məbləği tutulmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 29925.25 (iyirmi doqquz min doqquz yüz iyirmi beş) manat 25 (iyirmi beş) qəpiyin və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat pul məbləğinin tutularaq İddiaçınə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 112 (yüz on iki) manat pul məbləğinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi və vəkili X11 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-dən dəfələrlə avtomobil almış və sonuncu dəfə Cavabdeh 28000 avro dəyərində olan Volvo S80 markalı avtomobili 20000 ABŞ dolları dəyərində olan, bir müddət əvvəl iddiaçıdan aldığı öz avtomobili ilə barter etmiş və arada yaranan fərqi ödəməyi öz öhdəliyinə götürmüş, lakin cavabdeh iddiaçı ilə hər hansı alqı-satqı müqaviləsi bağlamamışdır. Belə ki, cavabdehlə İddiaçı MMC-nin direktoru Könül Axundova ilə qohum, yəni quda olmuşlar ona görə də aralarında olan avtomobil alqı- satqısı və barteri həmişə etibar üzərində qurulmuşdur. Lakin bir müddət keçdikdən sonra Cavabdeh oğlu K.Axundovanın qızı ilə boşanmış və ona görə də tərəflər arasında münasibətlər pozulmuşdur. İddia ərizəsində bu iddia olunan 28000 avroluq avtomobilin 20000 ABŞ dolları dəyərində olan avtomobil ilə dəyişdirilməsi də tərəflər arasında olan münasibətlərin yaxşı olan dövründə baş vermişdir. Belə ki, Cavabdeh ümumi dəyəri 20000 ABŞ dolları olan buraxılış ili 2011-ci il Volvo S80 minik markalı avtomobili İddiaçı MMC-nin işçisi X7 baş etibarnamə əsasında vermiş və əvəzində eyni model 28000 avro dəyərində olan avtomobili İddiaçı MMC-dən almışdır və arada yaranan fərqi ödəməyi öhdəliyinə götürmüşdür. Onlar birinci instansiya məhkəməsinə müraciət edərək X8 məhkəməyə şahid qismində dəvət olunmasını xahiş etsələr də onların vəsatəti təmin olunmamışdır. Cavabdeh iddiaçıya nağd qaydada hər hansı ödəniş etməmiş, tərəflər arasında olan münasibətlər barter(dəyişdirilmə) müqaviləsinə uyğun olmuşdur. Bağlanılmış yalançı alqı-satqı müqaviləsi barter müqaviləsini pərdələmək məqsədi ilə bağlanılmış əqd olduğundan özü-özlüyündə etibarsızdır.İddiaçının istinad etdiyi pul öhdəliyinə dair subutları iş materiallarında mövcud deyil. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi ilkin ödənişə, bundan əlavə cavabdehin iddiaçıya hər ay ödəniş etməsinə dair hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş arayış və ödəniş vərəqlərinin heç birində cavabdehin imzası yoxdur və yalnız Cəmiyyətin öz imzası və möhürü var. Bu isə həmin sənədlərin həqiqiliyinə ciddi şübhə doğurur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə edərək bildirdilər ki, nağdsız hesab haqqqında haqunun tələbləri pozulmuşdur. Cavabdeh borcu ödəməkdən imtina etmir, lakin borc iddia tələbində göstərilən həcmdə deyil, 20000 manatdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri X12 və X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı direktoru Axundova Könül Arif qızı (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanan xx.xx.2018-ci il tarixli AZ019 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin birinci bəndinə əsasən, satıcı Volvo S 80 markalı avtomobili satır, alıcı isə həmin avtomobili qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada dəyərini satıcıya ödəyir. Müqavilənin ikinci bəndinə əsasən, avtomobilin satış qiyməti 28000 Avro təşkil edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən, Cavabdeh hər ay 1587 avro ödəməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 001/19 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli AZ019 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 29925.25 AZN ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ünvanlanan xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, 001/19 saylı maliyyə arayışına əsasən borcu ödəmədiyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. İş materialarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 30147 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 8-11-ci vərəqlərində İddiaçı MMC ilə Cavabdeh adına bağlanmış olan xx.xx.2018-ci il tarixli AZ019 nömrəli alqı-satqı müqaviləsinin 1-4-cü vərəqlərindəki imzalar və mülki işin 12-ci vərəqində xx.xx.2019-cu il tarixli ödəniş cədvəlində “Cavabdeh” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunması nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə AZ019 saylı alqısatqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Volvo S80 markalı avtomobil cavabdehə satılmış, o isə avtomobili qəbul edərək müqavilədə razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh alqı-satqı müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq, müqavilədə nəzərdə tutulmuş məbləği vaxtında ödəməməklə hazırda İddiaçı MMC-yə 29925.25 manat borcu qalmışdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini istisna edən və alqı-satqı müqavilsinin etibarsızlığına əsas verən məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə kollegiya hesab edir ki, həmin dəlillər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində borcu tam ödədiyini göstərsə də, bu barədə heç bir əsaslı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Belə ki, cavabdeh tərəflər arasında bağlanan müqavilənin alqı-satqı müqaviləsi deyil, avtomobillərin dəyişdirilməsi barədə müqavilənin olmasını bildirsə də, bununla bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh müqavilədə imzanın onun tərəfindən imzalanmadığını bildirsə də iş materialları ilə bu hal təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin vəsatəti əsasında məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və məlum olmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 8-11-ci vərəqlərində İddiaçı MMC ilə Cavabdeh adına bağlanmış olan xx.xx.2018-ci il tarixli AZ019 nömrəli alqı-satqı müqaviləsinin 1-4-cü vərəqlərindəki imzalar və mülki işin 12-ci vərəqində xx.xx.2019-cu il tarixli ödəniş cədvəlində “Cavabdeh” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunması nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar