Məhkəmə qərarları › İş №2(103)-5365/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5365/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5365/2023 28.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3996/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "ABC Telecom” MMC) Cavabdeh qarşı "pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********66468 Xiaomi Redmi 9 markalı telefon, 2 ədəd TWS qulaqlıq üçün 756 manat ödənilməmiş hissə, 75 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Janome Tikiş maşını üçün 667 manat ödənilməmiş hissə, 66 manat cərimə, ümumilikdə 1564 manat borc və 35,64 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "ABC Telecom” MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3996/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 667 manat ödənilməmiş hissə, 66 manat cərimə, cəmi 733 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 756 manat ödənilməmiş hissə, 75 manat cərimə, cəmi 831 manat, ümumilikdə 1564 manat pulun tutularaq iddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,64 manat məbləğində pulun Cavabdeh iddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 444.1, 445.2.1, 465.2, 567, 600.1, 600.4; Mülki Prosessual Məcəllənin 107, 119.1, 284-1, 284-5.3, 284-6.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 1564 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən ümumilikdə 1564 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - xx.xx.2021-ci il tarixli müqaviləyə və təhvil-təslim aktına əsasən Cavabdeh "ABC Telecom” MMC-dən alğı-satqı qiyməti 752,4 manat olan Janome Tikiş maşını almış, Cavabdeh tərəfindən Janome Tikiş maşını təhvil alınmışdır; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "ABC Telecom” MMC-dən alğı-satqı qiyməti 756 manat olan İMEİ kodu **********66468 Xiaomi Redmi 9 markalı telefon, 2 ədəd TWS qulaqlıq almışdır; xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən İMEİ kodu **********66468 Xiaomi Redmi 9 markalı telefon, 2 ədəd TWS qulaqlıq təhvil alınmışdır; - Maliyyə və ödəniş cədvəlinə Cavabdeh İMEİ kodu **********66468 Xiaomi Redmi 9 markalı telefon, 2 ədəd TWS qulaqlıq üçün 756 manat ödənilməmiş hissə, 75 manat cərimə, Janome Tikiş maşını üçün 667 manat ödənilməmiş hissə, 66 manat cərimə, cəmi 1564 manat yaranmışdır; xx.xx.2022-ci il tarixli məktubla cavabdeh xəbərdarlıq olunmuşdur (iş səh.10-12, 15, 16, ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15sentyabr 2022-ci il tarixli e-2(010)-3996/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.1, 567-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur ona görə ki, məhkəmə onun məhkəmə iclaslarında iştirakını təmin etməmiş, eləcə də nə məhkəmə, nə də ki iddiaçı ona bu barədə hər hansı bildiriş göndərməmişdir. 2003-cü ildə X8 ilə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X4,xx.xx.2003-cü il təvəllüdlü X5,xx.xx.2004-cü il təvəllüdlü X6,xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X7 anadan olmuşlar. Artıq 5 ildir ki, o, Əli Məmmədovdan faktiki ayrılmış və sonuncu Sabirabad rayonunda yaşayır. O, “Grand” marketdə satıcı işləməklə, aylıq 400 manat əmək haqqı ilə övladlarını çətinliklə saxlayır. Onun xx.xx.2006-cı il təvəllüdlü övladı X2 qan xərçəngi xəstəliyindən əziyyət çəkdiyinə və Azərbaycan Hemotologiya Qan İnstutunda qeydiyyatda olduğuna görə, anası onların evində yaşamaqla azyaşlı uşaqlarına baxır, o isə gündəlik çörəkpulu qazanmaqla ailəsini çətinliklə dolandırır. Pandemiya dövründə isə maddi vəziyyəti daha da ağırlaşmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrini ardıcıllıqla qətnamədə sadalasa da, iddia tələbi ilə nə kimi əlaqəsini açıqlamamışdır. Belə ki, tərəfindən öhdəliklərə vaxtı-vaxtında əməl edilmiş, sadəcə pandemiya ilə əlaqədar iş yerləri bağlandığına görə qalan borcu vaxtında qaytara bilməmiş və bu barədə şirkətə müraciət edərək hər hansı formada güzəşt edilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı onun sonradan ödədiyi bütün ödənişləri cəriməyə silmiş, əsas borc isə dəyişilməz qalmışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız iddiaçının məhkəməyə təqdim etdiyi sübutları nəzərə almaqla kifayətlənib, məhkəmə araşdırmasında iştirakı təmin edilməyib, iddiaçı tərəfindən ona hər hansı xəbərdarlıq göndərilməyib. İddiaçı müqaviləni və digər sənədləri məhkəməyə təqdim eləsə də, məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilməmiş, borcun məbləği müəyyən edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri sadalasa da, həmin sənədlərin həqiqiliyini araşdırmamış, ümumiyyətlə "xxxx" MMC tərəfindən iddia məhkəməyə verilməzdən əvvəl qeydiyyatda olmaqla yaşadığı ünvana bildiriş göndərib-göndərməməsini araşdırmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının müqavilə üzrə məhkəməyə müraciət etməzdən əvvəl ona xəbərdarlıq edib-etməməsini, müqavilə üzrə onun hansı məbləğdə ödəniş edib-etməməyini araşdırmamış, borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə- mühasibatlıq ekspertizası keçirməmiş, yalnız iddiaçının verdiyi maliyyə arayışına istinad etmiş, eləcə də, fors-major hadisəsinə görə, yəni ölkədə “Covid-19” pandemiyası ilə bağlı iş yerləri bağlandığına və övladı ağır xəstəlikdən əziyyət çəkdiyinə görə, ödənişlərin gecikdirlməsini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə, Mülki Prosessual qanunverciliyin bütün tələblərini pozmuş, gəldiyi nəticə tamamilə əsassız və qanunsuz olmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Mülki Prosesual Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Apellyasiya baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 324, 385, 386, 404, 420, 421.3, 425, 560, 567-589, 600; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 106.2, 119, 217.4, 385- 390-cı maddələri üzrə mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, qüsur,borc, hesablanma və sair barədə) mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) ziddiyyətli dəlillərinə münasibətdə qətnamənin (qismən) ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, cavabdeh özü apellyasiya şikayətində borc üzrə gecikmənin subyektiv səbəblərlə olduğunu bildirmiş və müqavilə tələblərinin (2.3 bəndi) gecikmə halında cərimə (peniya) olmasını bilməli olduğu halda etirazının əsası kimi borcun düzgün hesablanmadığına dair sübutlar təqdim etməmişdir.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 600.1. Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

9. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır

10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3996/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar