Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5368/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi X10, Cavabdeh X12 və onun vəkili X7, Cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X13 iştirakı ilə, İddiaçı Cavabdeh2nə, Cavabdeh3nə və “El-Ex" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra və probasiya şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(006)-2776/2020 nömrəli qətnaməsindən cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı və X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "hərracın nəticələri barədə protokolun və s. etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2776/2020 saylı, 16.11.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "hərracın nəticələri barədə protokolun və s. etibarsız hesab edilməsi" tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata “ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş RO1/80/19 saylı, 29.10.2019-cu il tarixli qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi”nə aid olan hissədə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(006)-2776/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı və X12 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(006)-2776/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instasiya məhkəməsi tərəfindən işin mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış və iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, ‘‘Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə "Aqrarkredit” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı'’ ASC-nin problemli aktivlərinin tələb hüququ "Aqrarkredit” QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar S-FK-1269 saylı, 16 fevral 2018-ci il tarixli təhvil-təslim aktına əsasən "Azərbaycan Beynəlxalq Bankı”ASC tərəfindən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs İddiaçı dair sənədlər "xxxx" QSC-yə təhvil verilmişdir. Bundan sonra müəyyən olunmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin qətnaməsi icra olunmamışdır və həmin qətnamənin icrası ilə bağlı tələbkar "xxxx" QSC-nin törəmə müəssisəsi “X23 Edilməsi Agentliyi” MMC 07 may 2019-cu il tarixli, 1571 nömrəli məktubla Suraxanı Rayon icra və Probasiya Şöbəsinə müraciət edilmişdir. Suraxanı Rayon icra və Probasiya Şöbəsi tərəfindən yenidən verilmiş 21.11.2019- cu il tarixli sifariş məktubuna əsasən 18.12.2019-cu il və 07.01.2020-ci il tarixdə hərraclar keçirilmişdir. Lakin işə baxan məhkəmə Suraxanı Rayon icra və Probasiya Şöbəsi tərəfindən verilmiş 21.11.2019-cu il tarixli sifariş məktubuna qədər borclu İddiaçı tərəfindən mülki məhkəmə icraat qaydasında ipotekaya xitam verilməsi ilə bağlı tələbinin verilməməsini, həmçinin qətnaməni icra etməməsini araşdırmamışdır. Belə olan halda məhkəmə həqiqətə nail olmaq üçün işin hallarını tam və obyektiv araşdırıb düzgün qiymət verməli idi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ikinci dəfə hərracı 07 yanvar 2020-ci il tarixdə keçirmiş və ünvan 2 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evi 20.000 manata qanuni əsaslarla hərracda iştirak edən X1. Bu barədə Y-01 nömrəli protokol və hərracın yekunları üzrə 07.01.2020-ci il tarixli alqı-satqı müqaviləsi tərtib edilmişdir. Məhkəmə işə düzgün qiymət verməmiş və mübahisəli əmlaka dair iki dəfədən çox hərrac keçirilməsi kimi göstərməklə səhvə yol vermişdir. Belə ki, mübahisəli əmlakın ilkin tələbkarı Azərbaycan Beynəlxalq Bankı”ASC olsa da, sonradan həmin əmlaka olan hüquqlarını "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına vermiş və həmin əmlak yenidən həmin Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu isə əmlakın yeni tələbkarının olması deməkdir. Əmlakın yeni tələbkarının tələbi üzrə əmlakın yenidən qiymətləndirilməsi keçirilmiş və yeni qiymət əsasında hərracın keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X18 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə prosesinin gedişində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 cavabdeh qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında cavabdeh X12 və vəkili X15 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X17 apellyasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni müqavilənin etibarsızlığının hüquqi nəticələri hissəsində dəyişdirilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 01.03.2019-cu il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın Dövlət Reyestrində 82 nömrəli reyestr kitabının 7470 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-548/2009 saylı, 16.04.2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 07 avqust 2008-ci il tarixli, 99 saylı kredit müqaviləsinə əsasən 10.790 ABŞ dolları məbləğində vaxtı keçmiş, 50.710 ABŞ dolları vaxtı keçməmiş, cəmi 61.500 ABŞ dolları məbləğində əsas kredit borcu, 26.01.2009-cu il tarixə hesablanmış 6.092 ABŞ dolları məbləğində faiz borcu, 3.230 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 70.822 ABŞ dolları məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq «Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməsi, borcun ödənilməsi tələbinin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinə yönədilməsi, həmin yaşayış evinin boşaldılaraq açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına 70822 ABŞ dolları məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu, evin satılması və borcun qaytarılması üçün aparılmış əməliyyatlarla bağlı digər xərclərin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, X2, X14, X3, X4 ünvan 4 ünvanda yerləşən 2 saylı fərdi fərdi yaşayış evinə yaşayış hüququna xitam verilməsi qət edilmişdir. İş materiallarındakı "xxxx" MMC-nin tələbkar "xxxx" ASC-yə, borclular X5, X19, X11, X6 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» 11.11.2016-cı il tarixli, 5028 №-li bildirişdən görünür ki, ünvan 3 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evinin satış qiyməti 70.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 14 dekabr 2016-cı il tarixə təyin edilmişdir. İş materiallarındakı "xxxx" MMC-nin tələbkar "xxxx" ASC-yə, borclular X5, X19, X11, X6 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» 06.01.2017-ci il tarixli, 56 №-li bildirişdən görünür ki, ünvan 3 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evinin satış qiyməti 59.500 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 18 yanvar 2017-ci il tarixə təyin edilmişdir. İş materiallarındakı "xxxx" MMC-nin tələbkar "xxxx" ASC-yə, borclular X5, X19, X11, X6 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» 29.11.2019-cu il tarixli, 1156 №-li bildirişdən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin satış qiyməti 23.500 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 18 dekabr 2019-cu il tarixə təyin edilmişdir. İş materiallarındakı "xxxx" MMC-nin tələbkar "xxxx" ASC-yə, borclular X5, X19, X11, X6 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» 20.12.2019-cu il tarixli, 1245 №-li bildirişdən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin satış qiyməti 19.975 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 07 yanvar 2020-ci il tarixə təyin edilmişdir. İş materiallarında olan «Hərracın yekunları barədə» 07 yanvar 2020-ci il tarixli, Y-01 №-li protokolun və «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» müqavilənin surətlərindən görünür ki, hərracın təşkilatçısı – "xxxx" MMC-nin direktoru Z.H.Bədəlov ilə alıcı X12 ünvan 3 ünvanda yerləşən 2 saylı fərdi yaşayış evinin 20.000 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Eyni Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Göstərilən Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Göstərilən Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Eyni Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, qüvvədə olan qanunvericiliyə əsasən ipoteka predmeti ilə əlaqədar 14 dekabr 2016-cı il və 18 yanvar 2017-ci il tarixlərdə hərraclar keçirilmiş ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmişdir. Bundan sonra, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğu halda, ipoteka predmeti ilə əlaqədar əlavə olaraq 2 dəfə (18 dekabr 2019-cu il və 07 yanvar 2020-ci il tarixlərdə) hərrac keçirilmişdir. Bu hal mənzilin mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Qərarda qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. İşin yuxarıda qeyd edilən hallarından və qanunvericiliyin sadalanan normalarından belə müəyyən edilir ki, hazırkı iş üzrə ipoteka predmeti olan fərdi yaşayış evi ilə əlaqədar faktiki olaraq dörd dəfə hərrac keçirilmiş, bununla da hərracın qanunla müəyyən edilmiş keçirilmə qaydaları kobud şəkildə pozulmuşdur. Həmin hərrac mülkiyyətçinin hüquqlarının pozulması ilə təşkil edildiyindən, məhkəmə kollegiyasının qənaətinə görə, onun nəticələri də etibarsız hesab olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını düzgün müəyyən etməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, cavabdeh “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" tərəfindən 07.01.2020-ci il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında Y-01 nömrəli protokol və hərracın yekunları üzrə 07.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 07 avqust 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi barədə qanuni, əsaslı və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi əqdin etibarsızlığını müəyyən etsə də, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmaq vəzifəsinə dair tələbini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Kollegiyanın qənaətinə görə, mübahisə tərəflərinin öz aralarında bağlanmış hesab etdikləri alqı-satqı müqaviləsi etibarsız əqd olduğundan, həmin müqavilə əsasında cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilmiş vəsait cavabdehin əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməli, etibarsız hesab edilmiş alqı-satqı müqaviləsinin etibarsızlığının hüquqi nəticəsi kimi cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilmiş 20.000 (iyirmi min) manat cavabdeh X9 ödənilməli, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilənin etibarsızlığının hüquqi nəticələri hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(006)-2776/2020 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilmiş 20.000 (iyirmi min) manat ondan alınaraq digər cavabdeh X9 ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5368/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5368/2021
15.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver