Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5374/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(005)-773/2021 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi, iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 45 saylı mənzilə dair qeydiyyat vəsiqəsinin alınmasından ötrü tələb olunan sənədlərin: payçıların ümumi yığıncağının protokolundan çıxarışın və maliyyə arayışının iddiaçıya veilməsinin təmin edilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzinə ona 2.000 manat ödənilməsinə, hüquqi yardım üçün 5 saylı vəkil bürosuna ödənilmiş 161 manat pulun və 11 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(005)-773/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən payçıların ümumi yığınacağının protokolundan çıxarışın və maliyyə arayışının İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması, Cavabdehndən hüquqi yardım üçün vəkilə ödənilmiş 161 manatın və 11 manat dövlət rüsumunun İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnaməni inşa edilmiş qurğu və avadanlığa görə və borcun bank qarşısında tam ödənilməməsi və Cavabdeh MTK-nın buna görə zamin qismində məsuliyyət daşıması səbəbindən ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK-nın nümayəndəsi yazılı və şifahi qaydada bildirib ki, inşa edilmiş yaşayış kompleksinin layihəsi 30.04.2014 tarixində dəyişdirilib. Layihənin dəyişməsi nəticəsində mənzil sahiblərinin birgə istifadəsinə mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri verilib. Layihəyə dəyişiklik edilən zaman, binalar istismara qəbul edilməmişdi və mənzillər qazla təmin olunmurdu. Bu isə qış aylarında bir neçə dəfə yanğın baş verməsinə gətirib çıxarırdı. Həmin qazanxana və qurulmuş şəbəkələr bu gün də mənzil sahiblərinin birgə istifadəsindədir. Aparılmış hesablamalara görə, mənzil sahiblərinin üzərinə öz paylarına münasibətdə hər kvadrat metr üçün 18 AZN düşür. Həmin məbləğ 88,38 kv. metr üçün 1590,84 AZN təşkil edir. Məhkəməyə yazılı şəkildə bildirilmişdi ki, MTK 2014-cü ildə istilik sistemi, internet, TV, binaya daxilolma, telefon və videogörüntü avadanlığının alınması və quraşdırılması üçün 720000 AZN xərcləyib. Hesablamaya əsasən, payçıların üzərinə hər kv. m. üçün 18 AZN düşür. (Sənəd təqdim edilib) Cavabdeh MTK payçılara sözügedən qurğuların qurulmasını məqsədəuyğun, payçıların və onların əmlakının təhlükəsizliyini təmin edilməsi üçün dərhal məlumat verib və payçıları bu barədə əlavə müqavilə bağlamağa dəvət edib. Sakinlərin əksəriyyəti bu barədə müqavilə bağlasa da, İddiaçı H. tərəfindən heç bir hərəkət görülməyib və tərəflər arasında heç bir müqavilə bağlanmayıb. Sözügedən qurğuların tikilməsi və istifadəyə verilməsi yaşayış kompleksinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən istismara qəbul edilməsi üçün əsas olub. 30.04.2014 tarixdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmış layihəyə dəyişikliklərin həyata keçirilməsi baş tutmasa idi, yaşayış kompleksi ümumiyyətlə istismara qəbul olunmayacaqdı və bunun nəticəsi kimi bu gün heç bir payçı mülkiyyət hüququnu ala bilməzdi. Sözügedən qurğular və avadanlıq qurularkən, payçı tərəfindən heç bir etiraz bildirilməyib. Əksinə, İddiaçı H. bu gün də həmin qurğulardan istifadə edir və faydalanır. İddiaçı H. istinad edir ki, yuxarıda göstərilən avadanlıq və qurğular müqavilədə nəzərdə tutulmayıb və məhz buna görə də onun MTK qarşısında heç bir öhdəliyi yoxdur və bununla bağlı payçıların razılığı olmayıb. Lakin payçıların əksəriyyəti öz paylarına uyğun olaraq ödənişlər ediblər. Bu isə payçılar arasında ədalətsizliyə səbəb olur. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı etiraf edib ki, həmin qurğulardan real olaraq istifadə edib və faydalanıb. Məhkəmə hesab edib ki, mülkiyyət sahibi olan iddiaçı ilə cavabdeh arasında kommunal xərclər, o cümlədən binanın saxlanması ilə əlaqədar xərclərlə bağlı mübahisə yoxdur. Belə olan halda isə cavabdehin iddiaçının sahibliyində olan mənzilə mülkiyyət hüququnun əldə edilməsinə “inşa edilmiş yaşayış kompleksinin layihəsinin dəyişdirilməsi, həmin dəyişikliyə uyğun olaraq tərəflər arasında müqavilənin bağlanmaması ilə əsaslandırması” hüquqaziddir. MTK tərəfindən görülmüş işlər, gələcəkdə yanğınların qarşısını almaq, sakinlərin və onların əmlakının təhlükəsizliyini təmin etmək üçün görülmüşdür. MTK iddiasında ancaq çəkilmiş xərclərin ödənilməsini tələb edir. Görülmüş işlər, payçının mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlir, ondan ötrü ki, o, bu günə kimi heç bir etirazla çıxış etməyib və görülən işləri bu gün də istifadə etdiyi üçün, bəyənib. Hesab edir ki, yuxarda göstərilən əsas kifayət qədər geniş və ətraflıdır. Tərəflərin müqaviləsi olmadığı təqdirdə qanunda mövcud olan özgə işlərini tapşırıqsız aparma əsası ciddi hüquqi əsasdır. İddiaçının sahiblik etdiyi mənzil “Azərbaycan Beynəlxalq Bankı”nda ipoteka girovu ilə yüklü edilmişdir. Bank tərəfindən isə mənzilin mülkiyyətə verilməsinə dair nə razılıq ərizəsi, nədə borcun bağlanmasına dair məlumat yoxdur. Müqavilənin 3.4. və 3.5. bəndlərindən göründüyü kimi, iddiaçı ödənişlərlə bağlı qəbzlər təqdim etməli idi. Bundan başqa, müqavilədən irəli gələn əsaslarla, Cavabdeh MTK Bank qarşısında zamin qismində çıxır edir. Mülkiyyət hüququnu qeydiyyata almaq üçün tələb olunan sənədlərin verilməsi üçün bank tərəfindən ən azından borcun ödənilməsini və ya öhdəliyin götürülməsini sübut edən sənədlər iddiaçı tərəfindən təqdim edilməlidir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı və cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəməyə gəlməmiş, cavabdeh isə səbəbini göstərmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən yaşayış kompleksinin 1 binasının Vİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 88,38 kv.m. olan 2 otaqlı, 45 saylı mənzili İddiaçı faktiki sahibliyində və istifadəsindədir. Cavabdeh-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış 30 sentyabr 2013-cü il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən «Payçı» bəyan edir ki, «İcraçı»ya ödəyəcəyi bu müqavilənin 3.4-ci bəndində göstərilən 100% məbləğini “Azərbaycan Beynəlxalq Bankı”ndan götürəcəyi kredit hesabına ödəyir və ödəniş ilə bağlı «İcraçı» və Bank qarşısında əmələ gələn bütün öhdəliklərini vaxtında yerinə yetirəcəkdir. Hazırda İddiaçı mübahisəli mənzili dövlət reyestrində qeydiyyata aldırmaq üçün zəruri olan sənədləri Cavabdehndən ona təqdim edilməsini xahiş edir, cavabdeh isə bunu əlavə inşa edilən qurğulara görə pay bölgüsü ilə hesablanan pulun ödənilməməsi ilə əlaqələndirərək, həmin sənədlərin təqdim ediləcəyi təqdirdə iddiaçının heç bir pul məbləği ödəmədən həmin qurğulara da mülkiyyət hüququ əldə edəcəyini, ədalətlilik baxımından bunun yolverilməz olduğunu qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdeh tərəfin müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair “payçıların ümumi yığıncağının protokolundan çıxarışın və maliyyə arayışının” ona verməməsini mübahisələndirir, cavabdeh isə iddia tələbinə etirazını inşa edilmiş yaşayış kompleksinin layihəsinin dəyişdirilməsi, həmin dəyişikliyə uyğun olaraq tərəflər arasında müqavilənin bağlanmaması ilə əsaslandırır. Bu baxımdan məhkəmə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Azərbaycan Respublikası mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Coxmənzilli binada mülkiyyət sahibi olan iddiaçı ilə cavabdeh arasında kommunal xərclər, o cümlədən binanın saxlanması ilə əlaqədar xərclərlə bağlı mübahisə yoxdur. Belə olan halda isə cavabdehin iddiaçının sahibliyində olan mənzilə mülkiyyət hüququnun əldə edilməsinə “inşa edilmiş yaşayış kompleksinin layihəsinin dəyişdirilməsi, həmin dəyişikliyə uyğun olaraq tərəflər arasında müqavilənin bağlanmaması ilə əsaslandırması” hüquqaziddir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 45 saylı mənzil X1 faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzil ilə bağlı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır, mübahisəli mənzilə dair iddiaçı pay haqqını tam ödəmiş hazırda mənzilin pay haqqına dair borcu mövcud deyil. Apellyasiya isntansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsi göstərilsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, inşa edilmiş yaşayış kompleksinin layihəsinin 30.04.2014 tarixində dəyişdiriməsi və bunun nəticəsində mənzil sahiblərinin birgə istifadəsinə mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri verilməsi hazırki iddianın təmin edilən hissədə əsassızlığına dəlalət etmir. Çünki, layihədə dəyişiklik edilməsi və əlavə qurğuların inşa edilməsi tələb edilən sənədlərin iddiaçıya verilməsindən imtina etmək üçün əsas deyildir. İddiaçı qeyd olunan sənədləri layihədə dəyişiklik edilənə qədər cavabdehlə bağladığı müqavilənin şərtlərinə əsasən, yəni müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyinə görə cavabdehdən tələb edir və tələb etməkdə də haqlıdır. Müqavilənin şərtlərinə görə cavabdeh də öz öhdəliklərini icra etməlidir və tələb edilən sənədləri iddiaçıya verməlidir. Lakin həmin sənədləri vermədiyi üçün iddiaçı da bunu məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalır. İkincisi, binanın layihəsində dəyişiklik edilməsi nəticəsində mənzil sahiblərinin üzərinə öz paylarına münasibətdə hər kvadrat metr üçün 18 manat, iddiaçı üçün 88,38 kv. metr üçün 1590,84 manat əlavə ödənişlərin düşməsi də iddianın rədd edilməsi üçün əsas ola bilməz. Başqa sözlə cavabdeh yalnız bu halı əsas gətirib tələb edilən sənədləri iddiaçıya verməkdən imtina edə bilməz. Bu hal ona dəlalət edir ki, cavabdeh tələb olunan sənədləri iddiaçıya verməməklə qeyd etdiyi məbləğin iddiaçı tərəfindən ödənilməsinə nail olmaq üçün təsir yaxud təzyiq vasitəsi kimi istifadə edir. Bu yolverilməz haldır. Çünki, bununla iddiaçının mənzil üzərində əmlak hüquqları, o cümlədən gözlənilən mülkiyyət hüququnu pozmuş olur. O başqa məsələ ki, cavabdeh MTK həqiqətən hesab edirsə ki, bunun üçün faktiki və qanuni əsas var, o zaman həmin məbləği vermədiyi yaxud bunun üçün yeni müqavilə bağlamadığı halda məhkəmə qaydasında iddiaçıdan alınması barədə iddia irəli sürə bilər. Lakin cavabdehin iddiaçıya qarşı bununla bağlı hansısa tələbi yoxdur. Buna görə də cavabdeh öz məqsədinə çatmaq düzgün vasitə seçməmiş, bununla da iddiaçının qeyd olunan hüquqlarını pozmuşdur. Üçüncüsü, iddiaçının sahiblik etdiyi mənzilin “Azərbaycan Beynəlxalq Bankı”nda ipoteka ilə yüklü edilməsi işdən görünmür və bu hal öz təsdiqini tapmamışdır. Mənzil ipotekada olmuş olsa belə, bu cavabdehdən tələb edilən sənədlərin iddiaçıya verilməsi üçün hər hansı maneə ola bilməz. Buna görə də bankın mənzilin mülkiyyətə verilməsinə dair razılıq ərizəsi yaxud borcun bağlanmasına dair məlumatının olmaması da cavabdehin öz öhdəliklərini icra etməyə maneə deyildir. MTK-nın müqavilədən irəli gələn əsaslara görə bank qarşısında zamin olması dəlili də iş materialları ilə təsdiq olunmadığından açıq-aşkar əsassız dəlildir. Bundan əlavə, iddiaçının mənzil üzərində mülkiyyət hüququnu qeydiyyata almağa görə cavabdehdən tələb etdiyi sənədlərin verilməsi üçün bank tərəfindən ən azından borcun ödənilməsini və ya öhdəliyin götürülməsini sübut edən sənədlərin iddiaçı tərəfindən təqdim edilməməsi dəlili MTK-nın öhdəliklərini icra etməkdən yayınmaq üçün istifadə etdiyi bir bəhanə kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(005)-773/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5374/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5374/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver