Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5375/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2652/2024 saylı, 10 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma faktı müvafiq aktlarla rəsmiləşdirilmiş, iddiaçıya məxsus **********00390 abonent hesabına 2018-ci il üzrə 3.396 manat, 2019-cu il üzrə 2.905,20 manat, 2022-ci il üzrə 7.214,40 manat, 2023-cü il üzrə 5.037,12 manat olmaqla, cəmi 19206,98 manat məbləğində zərər hesablanmışdır.
2. Həmçinin cavabdehin sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi 1.329,78 manat borcu (debitor borc) da yaranmışdır.
3. Hesablanmış sərfiyyat borcundan abonent tərəfindən cəmi 675 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına dair hesablanmış (**********00390 saylı abonent) 19.206,98 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Cavabdeh İB tərəfindən həmin ünvanda qaz itkisinin yarandığı müəyyən edilmiş, 19206,98 manat məbləğində borc hesablanmışdır. O, ödəniş edərkən etdiyi ödənişlərdən tutulmaların aparılması ona məlum olmuşdur. Cavabdeh İB-nin əməkdaşları onun xəbəri olmadan 19.206,98 manat cərimə yazmışlar. Cavabdeh İB tərəfindən tərtib edilmiş aktdan onun heç vaxt xəbəri olmamışdır. Ona heç vaxt borcunun olması barədə məlumat verməmişdir.
6. Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı uzun müddət təbii qazdan sayğcdan kənar əlavə xətt vasitəsi ilə istifadə etmiş və həmin şəxsin Cavabdehnə 19206,98 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar Cavabdeh İB-nin əməkdaşları tərəfindən 31 iyul 2023-cü il tarixdə iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacında və qaz xətlərində yoxlama aparılmış və həmin yoxlama nəticəsində aşkar olmuşdur ki, iddiaçı təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməklə Cavabdehnə 19206,98 manat həcmində ziyan vurmuşdur. Bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Faktla bağlı fotoşəkil çəkilmişdir. Akta əsasən istehlakçıya 19206 manat 98 qəpik borc hesablanmışdır. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan kənar xətt vasitəsilə istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 19206,98 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2652/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********00390) hesablanmış 19006,98 (on doqquz min altı manat, doxsan səkkiz qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 19206,98 manat dəyərində təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsini ağlabatan deyildir. Məhkəmə iddiaçının izahatına əsasən qeyd edir ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsi ilə 15-20 gün müddət ərzində 200 manat dəyərində təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadəyə görə cəmi 200 manat borcu yarandığı müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadəyə görə 19206,98 manat borcun silinməsinə dair iddia tələbi 200 manat borcun silinməsi hissəsində təmin oluna bilməz. İddia tələbi 19006,98 manat borcun silinməsi hissəsində isə təmin olunmalıdır..
9. Məhkəmə öz «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 11.6cı maddəsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 19206,98 (on doqquz min iki yüz altı manat doxsan səkkiz qəpik) məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. 14.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tətbiqində də səhvə yol verdiyindən apellyasiya baxışının predmetini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 19.Belə ki, mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instnasiya məhkəməsi gəldiyi nəticəni aktların tərtib edildiyi zaman (2022-ci il mayın 1-dən sonra tərtib edilmiş aktlara münasibətdə) qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə istinadən əsaslandırmamış, iddia tələblərinin əsaslılığını, qanunvericiliklə müəyyən edilən sübutetmə vasitələri ilə yox, yalnız iddiaçının mülahizələri ilə əsaslandırmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın
22.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 23.4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 24.4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 25.6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
26.13-cü maddəsinin 8-ci bəndinə (köhnə redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 27.13-cü maddəsinin 8-1-ci bəndinə (qüvvəyə mindiyi tarix 2022-ci il mayın 1-i) əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
28.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.
31. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacsız təbii qazdan istifadə aşkar edilmiş, bu barədə tərəfindən ünvan 2 ünvanı üzrə 04.2018-ci il tarixdən başlayaraq ardıcıl olaraq 07.2023-cü il tarixədək iddiaçının qaz xəttinə qanunsuz qoşulmasına görə aktlar tərtib edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən tərtib olunmuş aktları qanuni və əsaslı hesab etməmiş, həmin aktların həqiqiliyini şübhə altına salmış, aktlara əsasən hesablanmış borcun silinməsi barədə iddianı iddiaçının etirafını nəzərə alaraq qismən təmin etmişdir.
32. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya məxsus abonent koduna tərtib olunmuş aktlara əsasən hesablanmış borc ilə əlaqədar hesab edir ki, birinci instansiya məhkəməsi, iddianın həlli ilə əlaqədar nəticəyə gələrkən mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Halbuki bu cür yanaşma müvafiq qanunvericiliyin yuxarıda istinad olunan maddələrinə uyğun hesab oluna bilməz.
33. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli dövr ərzində iddiaçının yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etmədiyi barədə gəldiyi qənaəti MPM-in 88-ci maddəsinə əsasən işdə olan sübutlara və onlara tətbiq edilməli olan normativ hüquqi aktlara istinadla əsaslandırmamış, cavabdehin dəlilləri üzrə hər hansı araşdırma aparmamış, 04.20xx-xx.2023-cü il tarixlərində abonentin adına tərtib edilmiş 14 akt üzrə iddiaçının mülki hüquqi məsuliyyətinin hansı əsaslarla yaranmadığı barədə mövqeyini tətbiq edilməli olan maddi hüquq normalarına istinadla əsaslandırmamış, iddiaçı tərəfindən bu müddət ərzində ödənişlərin edilmədiyinə hər hansı münasibət bildirməmişdir.
34. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün hesab edilə bilməz. Belə ki, bilərəkdən (qəsdən) qaz qurğusu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcının dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etmək hüququ vardır.
35. “Qazdan istifadə Qaydaları”nın hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına müvafiq olaraq qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
36. Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
37. Məhkəmə kollegiyası aktların tərtib edildiyi tarixlərdə iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi işdə olan sübutlara (aktlar və s.) əsasən öz təsdiqini tapdığı qənaətinə gələrək eyni zamanda İB-yə dəymiş zərər üzrə borcun hesablanması ilə əlaqədar müvafiq quruma, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinə müracət etməsini zəruri sayaraq cavabdehin **********00390 abonent hesabı üzrə mövcud borcun hesablanmasını tapşırmışdır.
38. Belə ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024cü il tarixli sorğuya cavaba əsasən, 2018-ci ilin 2 ayı ərzində istehlak edilmiş təbii qazın həcminin 2988 m3 təşkil etdiyi, 2019-cu ilin 38 ayı ərzində istehlak edilmiş təbii qazın həcminin 6048 m3, 2022-ci ilin 4 ayı ərzində istehlak edilmiş təbii qazın həcminin 7020 m3, 2023-cü ilin 5 ayı ərzində istehlak edilmiş təbii qazın həcminin 7992 m3 təşkil etdiyi, ümumilikdə isə göstərilən illər üzrə qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan qaz həcminin dəyərinin 4.678,2 manat məbləğində olması müəyyən edilmişdir.
39. Beləliklə mütəxəssis, abonentin istehlak borcunun 1329,78 manat təşkil etdiyini, qazpaylayıcısına dəymiş zərərin məbləğinin cəmi 4.678,2 manat təşkil edə biləcəyini və ötən dövr ərzində 675 manat ödəniş edildiyini nəzərə alaraq abonentin borcunun xx.xx.2024-cü il tarixə 5.332,98 manat məbləğində olduğu qənaətinə gəlmişdir.
40. Nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci il mayın 1-dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci bəndinə görə syğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
41. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, 2022-ci il mayın 1-dən sonra **********00390 abonent hesabına akt tərtib edilməklə hesablanmış borc, iddiaçı tərəfindən qanunsuz hərəkətlərə yol verildiyi halların mövcudluğu icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun, cinayət tərkibinin əlamətləri olduğu halda isə cinayət təqibi orqanının tərtib etdiyi aktlarla öz təsdiqini tapmadığı üçün silinməlidir.
42. Beləliklə, iddiaçının qaz paylayıcısına vurulmuş maddi zərərin hesablanması 2018ci ilin 2 ayı ərzində istehlak edilmiş təbii qazın həcminin 2988 m3 (377,60 manat), 2019-cu ilin 3 ayı ərzində istehlak edilmiş təbii qazın həcminin 6048 m3 (989,6,60 manat), 2022-ci ilin 2 ayı ərzində istehlak edilmiş təbii qazın həcminin 2500 m3 (404), cəmi 11.536 m3 həcmdə, 1.771,2 manat məbləğində olması müəyyən edilməlidir.
43. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının debitor borcu üzrə 1.329,78 manat, həmçinin qazpaylayıcısına dəymiş zərərin 1.771,2 manat məbləğində olduğu, ötən dövr ərzində 675 manat məbləğində ödəniş edilidyi nəzərə alınmaqla iddiaçının silinməsini tələb etdiyi 19.206,98 manat məbləğindən 2.425,98 manat məbləği saxlanılmaqla, 16.781 manat əsassız hesablandığı üçün silinməlidir.
44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
45. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia qismən təmin edilməlidir.
46. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti (təmin olunmayan hissədə) beş min manatdan az olduğundan hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
47. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(003)-2652/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılaraq iddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı X3 məxsus **********00390 saylı abonent koduna hesablanmış 16.781 (on altı min yeddi yüz səksən bir) manat məbləğində borc silinsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Nigar Nəbizadə