Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5376/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi,) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndələri X2, X7, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7060/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə imzalanmış “Üzləşmə aktı”na və ona əlavəyə əsasən, Cavabdeh nisyə aldığı mallara görə ödəməli olduğu 8.420 ABŞ dollarını xx.xx.2020-ci il tarixədək İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
2. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə imzalanmış Protokoldan görünür ki, cavabdeh, işlətdiyi istixananın rentabelli işləmədiyini, aldığı malların dəyəri olan 8.263 ABŞ dollarını etiraf etdiyini, həmin məbləği istixananı satmaqla ödəyəcyini bildirmişdir.
3. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan əsas borcu 7.675,11 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı GBR Trade” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7.675,11 ABŞ dolları əsas borc və 1.558,83 ABŞ dolları faiz borcu olmaqla, 9.233,94 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh (alıcı) Cavabdeh xx.xx.2018-ci il tarixdən etibarən iddiaçı (satıcı) İddiaçı MMC-dən nisyə alqı-satqı müqaviləsi əsasında kənd təsərrüfatı təyinatlı gübrə və dərman preparatları götürmüş və nəticə etibarilə götürdüyü malların pulunun tam ödənilməsini həyata keçirməmişdir. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə imzalanmış “Üzləşmə aktı”nda və ona əlavədə cavabdeh, nisyə aldığı mallara görə ödəməli olduğu 8.420 ABŞ dollarını xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də, öhdəliyinə əməl etməmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə imzalanmış Protokolda cavabdeh, işlətdiyi istixananın rentabelli işləmədiyini, aldığı malların dəyəri olan 8.263 ABŞ dollarını etiraf etdiyini, həmin məbləği istixananı satmaqla ödəyəcyini bildirmişdir. Lakin, cavabdeh həmin tarixdən sonra yalnız 587,89 ABŞ dolları ödəniş etmiş və qalan 7.675,11 ABŞ dolları məbləğini isə ödəməmişdir. Cavabdehə xx.xx.2021-ci il tarixdə təklif (pretenziya) göndərilsə də, onu almaqdan imtina etmiş, mübahisənin həlli üçün heç bir tədbir görməmiş, pulu ödəməmişdir. Göründüyü kimi, cavabdeh bu hərəkəti ilə müqavilə öhdəliyinə əməl etməmişdir. 2021-ci il üçün Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi 6,25 faiz həddində müəyyən edilmişdir. Cavabdeh 39 aydır ki, aldığı malların pulunu ödəmir, odur ki, ondan tutulmalı olan hesablanmış faizlərin miqdarı 1.558,83 ABŞ dolları təşkil edir. Belə ki, 7675,11 USD-nin 6,25 faizi=479,69:12 ay=39,97 x 39 ay=1.558,83 USD.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(011)-7060/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın təmin edilməsi, Cavabdeh 7.675,11 ABŞ dolları əsas borc və 1.558,83 ABŞ dolları faiz borcu olmaqla, 9.233,94 (doqquz min iki yüz otuz üç dollar 94 sent) ABŞ dolları borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin məhkəmədə araşdırılmış halları ilə iş üzrə Cavabdeh İddiaçı MMC-yə 7.675,11 ABŞ dolları məbləğində ödənilməmiş borcunun olması, həmin borc məbləğinin müəyyən olunmuş müddətdə qaytarmaması təsdiq edilmişdir.
8. Cavabdeh qeyd olunan borcun ona deyil, xx.xx.2020-ci ildə vəfat etmiş Şamo Hüseynov adlı şəxsə aid olduğunu bildirsə də, etirazını əsaslandıra bilməmişdir. Halbuki, mülki qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir.
9. Eyni zamanda birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi borcun vaxtında qaytarılmamasına görə bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizlərin ödənilməsi hissəsində də qismən təmin edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 9.3, 385.1, 390.1, 398.1, 425.1,442, 448.1, 448.2, 449.1, 449.2, 600.4, 601.1, 601.2 və 882.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
13. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli Razılaşma protokolundan görünür ki, tərəflər arasındakı münasibət gələcəkdə baş verəcək şərtlə müəyyənləşdirilib. Sənddən müəyyən edilir ki, borclu o yox, “Şamo Zirə” adlı şəxs olub, o isə sadəcə olaraq “Şamo Zirə”nin nümayəndəsi olub. Deməli, iddia tələbində cavabdeh düzgün müəyyən edilməyib. “Şamo Zirə” adlı şəxs isə ölub və hüquq varisi müəyyən edilməyib. Məhkəmə “Şamo Zirə” adlı şəxsin əlavə cavabdeh kimi cəlb edilməsinə dair məsələyə diqqət verməyib. Əsas və faiz borclarının necə əmələ gəlməsinə dair ekspert və ya mütəxəssis rəyi də alınamayıb. İşin halları və iş materiallarında olan tərəflər arasındakı imzalanmış səndələrdə onun digər istixana sahibi Hüseynov Şamo adlı şəxsin nümayəndəsi kimi olması qeyd edilib, lakin birinci intansiya məhkəməsi işin bu hissəsini tam araşdırmayıb. Beləki nümayəndə təmsil etdiyi şəxsin öhdəlikləri üzrə yaranmış borclara görə məsuliyyət daşımır. İddia cavabdeh olmayan şəxsə qarşı qaldırılıb. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndələri X3, X8 və nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. Apelyasiya baxışının hədləri.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.
21. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
25. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
31. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
32. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
34. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
35. Maddə 600.4-cü maddəsinə tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
36. Maddə 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
37. Maddə 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
38. Maddə 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
39. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
40. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
41. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
42. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
43. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Prosessual Məcəllə:
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 52 Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası iş üzrə tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 7.675,11 ABŞ dolları əsas borc və 1.558,83 ABŞ dolları faiz borcu olmaqla, 9.233,94 ABŞ dolları alınaraq, İddiaçı MMC-yə verilməlidir.
56. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı MMC-yə 7.675,11 ABŞ dolları məbləğində ödənilməmiş borcunun olması, həmin borc məbləğinin müəyyən olunmuş müddətdə qaytarmaması işin mübahisəsiz hallarıdır.
57. Cavabdeh qeyd olunan borcun ona deyil, xx.xx.2020-ci ildə vəfat etmiş Şamo Hüseynov adlı şəxsə aid olduğunu bildirsə də, etirazını əsaslandıra bilməmişdir.
58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.
59. İddiaçı apelyasiya şikayətində məhkəmənin onun tərəfindən təqdim olunmuş sübutları hərtərəfli, obyektiv araşdırmadığını, borclunun onun olmadığı, Şamo Hüseynov adlı şəxs olmasını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
60. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixdə Protokoldan görünür ki, cavabdeh işlətdiyi istixananın rentabelli işləmədiyini, aldığı malların dəyəri olan 8.263 ABŞ dollarını etiraf etdiyini, həmin məbləği istixananı satmaqla ödəyəcyini bildirmişdir.
61. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən söhbət gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
63. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına”» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
64. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
65. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.
66. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7060/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.