Məhkəmə qərarları › İş №2(103)-538/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-538/2023

31.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-538/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «əmlak bölgüsü, iddia müddəti») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5238/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı (bundan sonra-iddiaçı) ilə Cavabdeh1 (bundan sonra-cavabdeh) arasında 21 oktyabr 2014- cü il tarixdə qeydə alınmış nikahın pozulması, 17 mart 2016-cı il təvəllüdlü X2 anasının yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

2. “Lexus LX 570” markalı, 90 HP-999 dövlət qeydiyyat nişanlı avtomobil 18 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 tərəfindən Cavabdeh2 28.000 manata satılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. 2021-ci ilin iyul ayında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş “Lexus LX 570” markalı, 90 HP-999 dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə 18 noyabr 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqısı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və onun həmin avtomobil üzərində ½ pay nisbətində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qərardadı ilə “Lexus LX 570” markalı, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına baxmayaraq Cavabdeh1 tərəfindən qanunsuz olaraq həmin avtomobil 18 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sonuncunun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına qeydiyyata alınmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5238/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia tələbi rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mülki iş üzrə iddianı İddiaçı qaldırmış, Cavabdeh1 iddianı qəbul etmədiyindən tərəflərə barışıq üçün 3 ay vaxt verilmiş, 3 aydan sonra məhz iddiaçının təkidi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Həmin qətnamədə müəyyən olunmuşdur ki, tərəflər ayrı mənzillərdə yaşayırlar, birgə təsərrüfat idarə etmirlər. Belə olan halda mübahisəli avtomobil birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilə bilməz. Bundan başqa, iddiaçı ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu 2017-ci ilin əvvəllərində bilirdi. Məhkəmədə hazırki iddia isə 2021-ci ilin iyul ayında qaldırılmışdır, bu halda mülki (ailə) qanunvericiliyin tələbləri baxımında müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır.

7. Məhkəmə öz mövqeyini Avropa İnsan Hüquqları Məhkəməsinin "Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375; Ailə Məcəlləsinin 23.1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1141/2022 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci iddia ərizəsinin məhkəməyə xx.xx.2020-ci il tarixində təqdim edildiyi nəzərə alınsa belə, iddiaçı tərəf ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu 2017-ci ilin əvvəllərində, yəni münasibətlərin pozulduğu andan bilmişdir və bu halda mülki (ailə) qanunvericiliyin tələbləri baxımında müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsasında təmin edilməsi üçün əsaslar mövcud deyil.

11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337,354, 372-384, 377, 385-390, 560-cı ,Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-37 və 36.9-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 76.1, 77.1, 80-82, 119, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-430/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1141/2022 nömrəli, 05 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

14. Kassasiya instansiyası məhkəməsi qənaətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həqiqətə nail olunması üçün mühüm əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamə iddia tələbinin əsassız olmasını təsdiq edən etibarlı sübutlara istinad olunmadan çıxarıldığından qanuni sayıla bilməz. Müəyyən olunduğu kimi, tərəflər 21 oktyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş və onların nikahı 18 aprel 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. Mübahisə predmeti olan avtomobil isə 19 yanvar 2017-ci il tarixdə Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmaqla adına müvafiq şəhadətnamə verilmişdir. Avtomobilin tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilməsi mübahisəsizdir. İddiaçı həmin avtomobilin birgə nikah dövründə əldə olunmasına və onun razılığı olmadan başqasına satılmasına əsaslanaraq avtomobilin alqı-satqısına dair 18 noyabr 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və bununla əlaqədar avtomobilə dair cavabdehin adına verilmiş şəhadətnamənin ləğv edilməsi və avtomobilin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. Cavabdeh isə avtomobilin onun adına qeydiyyata alınsa da, əslində atası Eldəniz Məmmədov tərəfindən və onun vəsaiti hesabına alınmasını və bu səbəbdən etibarnamə əsasında onun tərəfindən idarə olunmasını, eləcə də hazırkı iddia tələbinin qanunda müəyyən olunmuş 3 illik iddia müddətinin ötürülməklə irəli sürülməsini əsas göstərməklə iddianın rədd olunmasını tələb etmişdir. İşdən görünür ki, mübahisə predmeti olan avtomobilə dair tərəflər arasında bundan əvvəl də mübahisə olmuş və İddiaçı həmin iddia tələbində avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi onların arasında bölünməsini xahiş etmişdir. İddiaçı həmin tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə rədd edilərkən iddiaçı tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin ötürülməsi əsas göstərilmişdir. Bundan sonra, 2021-ci ilin iyul ayında İddiaçı keçmiş ərinə və avtomobilin indiki mülkiyyətçisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və s. barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi qanunun həmin normasına əsaslanıb iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini qanuni sayarkən iddiaçının hüququnun pozulması anı ilə əlaqədar onun göstərdiklərini araşdırmamış və həmin məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 477.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyi baxımından qiymət verməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə iddia müddətinin axımı nikahın pozulması anından deyil, tərəfin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidirlər. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlanma anını tərəflərin ailə münasibətlərinin pozulduğu 2017-ci ilin əvvəllərindən hesablamaqla iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin nəticəsi Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmadığından kollegiya həmin nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə kollegiyası tərəfindən iddiaçının hüququnun pozulması anı kimi konkret halları nəzərə alınmadan və onlara müvafiq hüquqi qiymət verilmədən müəyyən olunmuşdur. İşdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 18 aprel 2017-ci il tarixdə tərəflər arasında bağlanmış nikahın pozulmasına dair işə baxılarkən Cavabdeh1 nikahın pozumasına razı olmamış, lakin buna baxmayaraq İddiaçı iddiası təmin olunaraq nikah pozulmuş və birgə nikahdan olan uşağın saxlanılması üçün Cavabdeh1 İddiaçı xeyrinə hər ay 136,60 manat məbləğində alimentin tutulması qət edilmişdir. Lakin müəyyən olunduğu kimi alimentin tutulmasına 09 iyul 2020-ci il tarixdən - 3 ildən artıq müddət keçdikdən sonra başlanmışdır (i.v.188). İşə baxan məhkəmə kollegiyası isə bunun səbəblərini araşdırmamış və İddiaçı tərəfindən iddia olunduğu kimi bunun ailənin bərpasına ümid bəsləmələri ilə əlaqədar baş verib-verməməsinə qiymət verməmişdir. İş materiallarından görünür ki, tərəflər arasında əmlak bölgüsü tələbinə dair iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində iddianın rədd edilməsi 3 illik iddia müddətinin ötürülməsi ilə (Ailə Məcəlləsinin 36.9-cu maddəsi) əsaslandırılmışdır. Lakin həmin qətnaməni 03 iyun 2021-ci il tarixdə ləğv etmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnaməsində bununla razılaşmayaraq iddianın yenidən rədd olunmasını avtomobilin başqasına satılması və həmin alqı-satqı müqaviləsinin mübahisələndirilməməsi ilə əsaslandırmışdır. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi isə bunu nəzərə almadan iddianı iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsini əsaslı hesab etmişdir. Halbuki tərəflər arasında baxılmış əmlak bölgüsü tələbinə dair mülki iş üzrə apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində iddianın müddətin keçməsi əsası ilə rədd etməmiş və müddətin ötürülməsini müəyyən etməmişdir. Belə olan halda, iddianın həmin əsasla rədd edilməsinin mümkünlüyü qiymətləndirilməli idi. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən avtomobili cavabdehin mülkiyyəti olmasını göstərməklə birgə nikah dövründə əldə edilmiş əmlak olmasını inkar etmiş, digər tərəfdən isə iddianı müddətin ötürülməsi əsası ilə rədd etmiş və bununla da ziddiyyətli nəticəyə gəlmişdir. Avtomobilin cavabdehin mülkiyyəti olması barədə nəticəyə gəldikdə isə məhkəmə kollegiyası onun izahatına əsaslanmış, lakin bu zaman nəzərə almamışdır ki, tərəflər arasında olan birinci mübahisəyə baxılarkən cavabdeh avtomobilin onun mülkiyyəti olmaqla ailə münasibətləri pozulduqdan sonra almasını və birgə nikah dövründə əldə edilmiş əmlak olmamasını iddia etməmişdir. Alqı-satqı müqaviləsində avtomobilin qiyməti 28000 manat göstərilsə də, işdə olan 14 oktyabr 2021-i il tarixli mütəxəssis rəyindən görünür ki, avtomobilin hazırkı tarixə olan bazar qiyməti 67000 ABŞ dolları təşkil edir. Lakin apellyasiya instansiyası məhkəməsi avtomobilin həqiqi qiymətinin müəyyən olunması istiqamətində də heç bir araşdırma aparmamış və işin həmin halına aydınlıq gətirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

15. İddiaçının apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilərək göstərilir ki, İddiaçı Cavabdeh1 ilə 21 oktyabr 2014- cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 17 mart 2016-ci il tarixdə Cavad adlı övladları doğulmuşdur. 29 may 2019-cu il tarixdə aralarındakı nikah rəsmi qaydada pozulmuşdur. Birgə nikah dövründə “Lexus LX 570" markalı, 90 HP-999 dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2020-ci il 2(006)-5792/2020 saylı iş üzrə qərardadı ilə “Lexus LX 570’' markalı, 90 HP-999 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(006)- 5792/2020 saylı iş üzrə qərardadı ilə ''Lexus LX 570" markalı, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına baxmayaraq Cavabdeh1 tərəfindən qanunsuz olaraq həmin avtomobil xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında avtomobil sonuncunun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş “Lexus LX 570" markalı, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satıqısı barədə xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və həmin avtomobil üzərində 1/2 pay nisbətində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçının iddia tələbi rədd edilmişdir. İlk olaraq cavabdeh tərəfin iddiaçı tərəfindən verilmiş iddia tələbinə qarşı irəli sürdüyü dəlillərə və məhkəmənin həmin dəlillərə münasibətini müəyyən etmək lazımdır. Cavabdeh tərəf verilmiş iddia tələbinə qarşı aşağıdakı dəlilləri irəli sürmüşdür: a)Birinci dəlil iddia müddətinin keçməsi; b) ikinci dəlil mübahisənin predmeti olan avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlakın olmaması. Məhkəmə isə birinci dəlilə hüquqi qiymət verməklə iddia tələbini rədd etmişdir, hesab edir ki, məhkəmə bu nəticəyə gələrkən KM- in xx.xx.2019-cu il tarixli qərarını nəzərə almamış və qanunvericiliyin tələblərinə formal yanaşılmışdır. Ümumiyyətlə hesab edir ki, birgə nikah dövründə əldə edilmiş əmlak dair payların müəyyən edilməsi ilə bağlı tələblərə iddia müddəti tətbiq edilə bilməz. Doğrudur Ailə Məcəlləsinin 36.9-cu maddəsində bununla bağlı norma müəyyən edilsə də hesab edir ki, bu norma AR Konstitusiyanın tələblərinə, həmçinin Mülki Məcəllənin 384.0.4-cü maddəsinə zidd olduğuna görə tətbiq edilə bilməz. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin 1/2 hissəsində mülkiyyətin iki hüquqi rejimi müəyyən edilmişdir. KM-in qeyd edilən qərarında daşınmaz əmlaklara dair olsa da, rəsmi reyestrdə qeydiyyata alınan daşınar əşyalara da aiddir. Belə olan halda əgər iddiaçının mülkiyyət hüququ qanunla müəyyən edilmişdirsə, həmin mülkiyyət yuxarıda qeyd edilənlərə əsasən dövlət tərəfindən təminat alıtına alınır. Bu səbəblə də MM-in 384.0.4-cü maddəsinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələblərinə dair iddia müddəti tətbiq edilə bilməz. Hazırki mübahisə üzrə iddia müddəti tətbiq edilərsə, ilk öncə iddia müddətinin axımının başlanmasının vaxtı müəyyən edilməlidir. Birincisi hazırki mübahisə üzrə iddia müddəti tərəflər arasında nikahın məhkəmə tərəfindən pozulduğu andan deyil, nikahın pozulması haqqına şəhadətnamənin alındığı vaxtdan hesablanmalıdır. Tərəflərin nikahı məhkəmə tərəfindən xx.xx.2017-ci il tarixli, 2(006)- 321/2017 saylı qətnamə ilə pozulsa da, iddiaçı tərəfi nikahın pozulması barəsində şəhadətnaməni xx.xx.2019-cu il tarixində rəsmi qaydada almışdır. Belə halda iki səbəblə iddia müddəti tətbiq edilə bilməz. Birinci səbəb odur ki, nə məhkəmə qətnaməsində, nədə nikahın pozulması haqqında şəhadətnamədə iddiaçıya birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair 3 illik iddia müddəti izah edilməmişdir. Buna görə da iddia müddətinin axımının başlanması ən yaxşı halda xx.xx.2019-cu il tarixindən hesablanmalıdır. İkinci səbəb də ondan ibarətdir ki, əgər iddiaçının nikah pozulduqdan sonra münasibətlərinə daimi xitam vermək istəyi olsaydı, o, qətnamədən dərhal sonra nikahın pozulması ilə bağlı qeydin qeydiyyata alınması üçün VVAQ-a müraciət edərdi. Lakin o, bunu etməmiş, yalnız xx.xx.2019-cu il tarixində nikahın pozulması haqqında şəhadətnaməni almışdır. Bu iki səbəbə görə iddia müddətinin axımı xx.xx.2017-ci il tarixli, 2(006)021/2017 saylı Qətnaməsindən sonra yox, məhz nikahın pozulması haqqında şəhadətnamənin alındığı tarixdən hesablanmalı idi. Qərarın tətbiq edilməsi üçün iki zaman aşımı müəyyən edilmişdir. Birinci zaman aşımı qərar qəbul edildikdən sonra yaranmış münasbətlərdir. Yəni KM-in sözügedən qərarının qəbul edilməsindən sonra yaranmış münasibətlərə tətbiq edilməlidir. İkinci zaman aşımı isə Qərar qəbul edilərkən məhkəmələrin icraatlarında olan işlərə. Bu cümlə bir qədər çaşqınlıq yaratsa da, hüququn müəyyənlik prinsipi baxımından, təkcə icraatda olan işlərdə deyil, həm də gələcəkdə icraatda olan işlərdə tətbiq edilməlidir. Əks halda hər hansı müəyyənlikdən söhbət gedə bilməz. İddia müddətinin tətbiq edilməsi tamamilə absurddur. Yuxanda qeyd edildiyi kimi cavabdehin iddia tələbinə qarşı etirazında ikinci dəlil də ondan ibarət idi ki, mübahisələndirilən əmlak ümumiyyətlə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Bununla da razı deyil, əvvəla məhkəmə iddiaçının subyektiv hüququ baxımdan onları haqlı hesab etmişdirsə, demək ki, əmlak birgə nikah dövründə əldə edilmişdir. Bunu iki məhkəmə qətnaməsi sübut edir. Belə ki, birgə nikah dövründə əldə edilmiş Lexus LX 570 markalı, 99 HP-999 dövlət qeydiyyat nişanlı avtomobil üzərində payın müəyyən edilməsinə dair iddia tələbinin rədd edilməsi ilə bağlı həm Nəsimi rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(006)-1111/2021 saylı Qətnaməsi ilə, həm də, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(103)- 5344/2021 saylı Qətnaməsi ilə əmlakın birgə nikah dövründə əldə edilməməsi qənaətinə gəlinməmişdir. Hazırki mübahisəyə baxan məhkəmədə bununla bağlı hər hansı əks fikir bildirməmiş və iddianın rədd edilməsi əsası kimi iddia müddətinin keçməsini qeyd etsə də yuxarıda qeyd etdiklərini nəzərə almamışdır. Bu səbəblə də cavabdehin irəli sürdüyü bu dəlil məhkəmədə sübut edilməmişdir. AM-in 33.3-cü maddəsinə əsasən “Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.". İşin hallarından da görünür ki iddiaçı həmin əmlakın özgəninkiləşdirilməsinə razı olmamış, hətta bununla bağlı məhkəmədə iddia təmin tədbiri barədə ərizə ilə də çıxış edib, bu səbəblə də iddiaçı öz iddia tələbində tam haqlı olmuşdur..

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. 17.Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

18. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 sonrakı məhkəmə iclaslarında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 34.1.Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. və 37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri:

24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən ləğv və iddianın qismən təmin edilməsi üçün əsasdır.

25. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

27. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

28. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

29. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisəli avtomobilin dəyərinin yarısının iddiaçıya ödənilməsinin rədd edildiyi hissədə düzgün olmamışdır.

30. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisə predmeti olan avtomobilin dəyərinin yarısının cavabdehdən alınması ilə bağlı iddianın faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün bu hissədə iddia haqlı sayılırdı. Lakin birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin və Mülki Məcəllənin, eləcə də Mülki Prosessual Məcəllənin tələblərini mübahisələndirilən hissədə pozmuş, bu hissədə düzgün nəticəyə gəlməmişdir.

31. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.

32. Belə ki, işə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin növbəti dəfə kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən məcburi göstərişlərinə tam əməl edilməməsi ən azından prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər.

33. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. 34.Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində tələbin qeyd olunan formada göstərilməsi və bir neçə hissəyə bölünməsi iddianın yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Düzdü, apellyasiya baxışı zamanı qəbul edilməsə də, 09 iyul 2021-ci il tarixli dəyişikliyə qədər MPM-in 53-cü maddəsinin əvvəlki mətninin tətbiq edilməli və nəzərə alınmalı olduğunu göstərən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsızlığını, bunun əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsini və avtomobil üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması və ya 56950 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bu istəyini iddiaçı özü də şəxsən məhkəmə iclasında müdafiə etdi. Demək, əslində iddiaçının niyyəti əvvəlcədən də avtomobilin dəyərinin yarısını əldə etmək olmuşdur. Bunun başqa cür olması da fiziki olaraq mümkün deyildir. Çünki, nə avtomobil naturada bölünə bilməz, nədə münasibətləri heç də xoh olmayan paylı mülkiyyətçilər onu eyni anda istifadə və istismar edə bilməzlər. Deməli, onsuzda bu cür iddianın təmin olunması nəticəsində avtomobilin dəyəri tərəflər arasında bölünməli olur. 35.Belə ki, ümumi mülkiyyətdə olan əmlakda(əmlak hüquqlarında) hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi, mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).

37. Yalnız nikah müddətində və ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak(əmlak hüquqları) onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (AM. m.34.1).

38. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər(arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yəni, tərəflərin işləməməsi, onları ümumi əmlak üzərində mülkiyyət hüququndan məhrum etmir. Əksinə qanunverici bu cür hallarda ərin yaxud arvadın ümumi əmlak üzərində hüquqlarının olduğunu xüsusiləşdirərək müəyyən etmişdir.

39. İşin mübahisəsiz halına görə tərəflər 21 oktyabr 2014-cü il tarixdə rəsmi nikah bağlayıb və 18 aprel 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. Mübahisə predmeti olan avtomobil isə 19 yanvar 2017-ci il tarixdə Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınaraq şəhadətnamə verilmişdir. Deməli kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunduğu kimi, avtomobilin tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilməsi də mübahisəsizdir. İddiaçı qeyd olunanlara əsaslanaraq hazırki tələbi irəli sürmüşdür. Cavabdeh isə avtomobilin onun adına qeydiyyata alınsa da, əslində atası Eldəniz Məmmədov tərəfindən və onun vəsaiti hesabına alınmasını və bu səbəbdən etibarnamə əsasında onun tərəfindən idarə olunmasını, eləcə də hazırkı iddia tələbinin qanunda müəyyən olunmuş 3 illik iddia müddətinin ötürülməklə irəli sürülməsini əsas göstərməklə iddianın rədd olunmasını tələb etmişdir.

40. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən tərəflər arasında nikahın pozulması haqqında qətnamə ilə müəyyən olunanları əsas götürdüyünü qeyd edib. Onlara ayrı-ayrılıqda bir-bir hüquqi qiymət verilməsi zəruridir. Belə ki, məhkəmə birinci hal kimi qeyd edib ki, tərəflər ayrı mənzillərdə yaşayıblar, birgə təsərrüfat idarə etməyiblər, belə olan halda mübahisəli avtomobil birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilə bilməz. Əvvəla, həmin qətnamə ilə tərəflərin ayrı mənzillərdə yaşaması və birgə təsərrüfat idarə etməmələri müəyyən edilməyib. Düzdü, xx.xx.2016-cı ildə məhkəməyə daxil olmuş idda ərizəsində... “son dövrlər ailə münasibətlərinin gərgin olması səbəbindən, birgə yaşayıb təsərrüfat idarə etmirik. Yəni bir müddətdir ki, bir-birimizdən ayrı mənzildə yaşayırıq” qeyd olunub.Cavabdeh də nikahın pozulmasına dair idda ərizəsinə etirazında 2016-cı ilin iyul ayından iddiaçının azyaşlı övladını da götürüb valideynlərinin yanına getdiyini göstərmişdir. Lakin cavabdeh etirazında heç vaxt nikahın pozulmasına razı olmadığını, iddiaçının da boşanmaq və ailənin dağılmasını istəmədiyini, yalnız valideynlərinin, xüsusən də atasının təkidi və təzyiqi ilə boşanmağa məcbur olduğunu göstərmişdir. Hazırki apellyasiya baxışı zamanı iddiaçının izahatından da bəlli oldu ki, mübahisə predmeti olan avtomobil əldə edilənədək tərəflər hətta ayrı mənzillərdə yaşasalar da onların ailə münasibətləri nikah rəsmi qaydada pozulanadək kəsilməmişdir. Əks halda iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatı ilə cavabdehin nikahın pozulmasına dair iddia tələbinə etirazında göstərdikləri üst-üstə düşməzdi. Deməli, mübahisəli avtomobil əldə edilənədək tərəflər 4-5 ay ərzində ayrı mənzillərdə yaşasalar da onların ailə münasibətləri tam kəsilməmiş, nikahdan irəli gələn əlaqələri və münasibətləri davam etmişdir. Buna görə də mübahisəli avtomobilin birgə nikah dövründə birgə gəlirlər hesabına əldə edilməsi də şübhə altına bilməz. Ən azından ona görə ki, apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsi və vəkili tərəflərin ayrı yaşadıqları dövrdə cavabdehin hər hansı bir qazancı və gəliri olmadığını təsdiq etdi, hazırki iddiaya etirazında göstərdiyi kimi, avomobilin cavabdehin adına qeydə alınsa da onun atası tərəfindən əldə edildiyini və etibarnamə əsasında onun tərəfindən idarə olunduğunu göstərdi. Lakin mübahisə predmeti olan avtomobilin cavabdeh tərəfindən deyil, atası tərəfindən onun vəsaiti hesabına əldə edilməsini sübut etməlidir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq cavabdeh tərəfin üzərinə düşürdü. Cavabdeh tərəf isə bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, mübahisə predmeti olan avtomobil əldə edilənədək tərəflər 4-5 ay müddətində ayrı mənzillərdə yaşamaları həqiqi olsa belə bu avtomobilin əldə edilməsinə sərf olunmuş vəsaitin onların birgə nikahı dövründə yığılmış və toplanmış vəsait hesabına olmadığını sübut etmək yükü də cavabdehin üzərinə düşdüyündən və o, da bu barədə heç bir sübut təqdim etmədiyindən məhkəmənin iddianın rədd edilməsi üçün gətirdiyi birinci dəlilin əsassız olduğu açıq-aşkar təsdiq olunur.

41. Məhkəmənin iddianın rədd etməsi üçün gətirdiyi ikinci dəlil də kassasiya instansiya məhkəməsinin də qeyd etdiyi kimi əsassız olmuşdur. Belə ki, məhkəmənin qənaətinə görə, iddiaçı ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu 2017-ci ilin əvvəllərində bilirdi, məhkəmədə hazırki iddia isə 2021-ci ilin iyul ayında qaldırılmışdır, bu halda mülki (ailə) qanunvericiliyin tələbləri baxımında müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır. Lakin birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsaslanıb iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini qənaətinə gələrkən iddiaçının hüququnun pozulması anı ilə əlaqədar onun göstərdiklərini araşdırmamış və həmin məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 477.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyi baxımından qiymət verməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə iddia müddətinin axımı nikahın pozulması anından deyil, tərəfin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidirlər.

42. Qeyd olunduğu kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 18 aprel 2017-ci il tarixdə tərəflər arasında bağlanmış nikahın pozulmasına dair işə baxılarkən Cavabdeh1 nikahın pozumasına razı olmamış, buna baxmayaraq İddiaçı iddiası təmin olunaraq nikah pozulmuş və birgə nikahdan olan uşağın saxlanılması üçün Cavabdeh1 İddiaçı xeyrinə hər ay 136,60 manat məbləğində alimentin tutulması qət edilmişdir. Lakin işdən göründüyü kimi, kimi alimentin tutulmasına 09 iyul 2020-ci il tarixdən - 3 ildən artıq müddət keçdikdən sonra başlanmışdır (i.v.188). Bütün bu hallar da, ona dəlalət edir ki, tərəflərin hətta nikahları rəsmi qaydada pozulsa da hər ikisi ailənin bərpasına həmişə ümid bəsləmiş və ailənin yenidən qurulacağını hər ikisi arzu etməklə istəmişdir.

43. Birinci dəfə işə baxılarkən, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(006)-1111/2021 nömrəli qətnaməsini ləğv edərkən Bakı Apellyasiya Məhkəməsi 03 iyun 2021-ci il tarixli, 2(103)-5344/2021 nömrəli qətnaməsində də müddətin keçməsi ilə razılaşmamış, iddianın yenidən rədd olunmasını avtomobilin başqasına satılması və həmin alqı-satqı müqaviləsinin mübahisələndirilməməsi ilə əsaslandırmışdır. Lakin işə təkrar baxan birinci instansiyası məhkəməsi bunu nəzərə almadan iddianı yenidən iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsini əsaslı hesab etmişdir. Halbuki birinci dəfə apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində iddianı müddətin keçməsi əsası ilə rədd etməmiş və müddətin ötürülməsini müəyyən etməmişdir.

44. Bundan əlavə, birinci instansiyası məhkəməsi bir tərəfdən avtomobili cavabdehin mülkiyyəti olmasını göstərməklə birgə nikah dövründə əldə edilmiş əmlak olmasını inkar etmiş, digər tərəfdən isə iddianı müddətin ötürülməsi əsası ilə rədd etmiş və bununla da ziddiyyətli nəticəyə gəlmişdir. Avtomobilin cavabdehin mülkiyyəti olması barədə nəticəyə gəldikdə isə birinci instansiya məhkəməsi cavabdeh tərəfin izahatına əsaslanmış, lakin nəzərə almamışdır ki, tərəflər arasında olan birinci mübahisəyə baxılarkən cavabdeh avtomobilin onun mülkiyyəti olmaqla ailə münasibətləri pozulduqdan sonra almasını və birgə nikah dövründə əldə edilmiş əmlak olmamasını iddia etməmişdir. 45.Bundan başqa, alqı-satqı müqaviləsində avtomobilin qiyməti 28000 manat göstərilsə də, işdə olan 14 oktyabr 2021-i il tarixli mütəxəssis rəyindən görünür ki, avtomobilin hazırkı tarixə olan bazar qiyməti 67000 ABŞ dolları təşkil edir. Mülki iş hazırki apellyasiya icraatında olarkən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və 9/619 saylı, 30 mart 2023-cü il tarixli ekspertiza rəyində göstərildi ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2014-cü il buraxılışlı, qara metalik rəngli, dəri oturacaqlı, 235451 k/m yürüşlü, mühərrik tutumu 5700 kub/sm, “Lexus LX570” markalı, ** UU *** döviət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 85000,0 (səksən beş min) manat, 2020-ci ilin noyabr ayına isə təxminən 88000,0 (səksən səkkiz min) manat müəyyən olunur. Göründüyü kimi, mübahisə predmeti olan avtomobil özgəninkiləşdirilərkən onun həqiqi bazar dəyəri müqavilədə göstərilən məbləğdə olması qiymətləndiricinin və ekspertin rəyləri ilə təkzib olunur. Buna görə də, avtomobilin özgəninkiləşdirilərkən həqiqi real bazar dəyərinin ekspert rəyində göstərilən qiyməti mötəbər hesab edilməli və həmin qiymət əsas götürülməklə tərəflər arasında bölünməlidir. Çünki, mövcud avtomobil bazarında qeyd olunan avtomobilin buraxılış ili və digər hallar nəzərə alınmaqla 28000 manata satılması ümumiyyətlə inandırıcı və ağlabatan sayılmır.

46. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, iddianın yalnız müddətin keçməsinə görə təmin edilməməsi ədalətli hesab edilə bilməz. Çünki, mübahisəli avtomobil tərəflərin birgə nikahı dövründə və birgə gəlirlər hesabına əldə edilmişdirsə və ümumi birgə mülkiyyətdədirsə, yalnız ümumi mülkiyyətin rejiminin dəyişməməsinə, yəni nikah pozulduqdan sonra avtomobilin ümumi birgə mülkiyyət rejimindən yalnız üç illik müddət ərzində bölünməklə paylı mülkiyyət rejiminə keçmədiyinə görə iddiaçının həmin avtomobil üzərindəki ümumi birgə mülkiyyət hüququnu itirməsi faktı mahiyyət etibarı ilə mülkiyyət hüququnun fəlsəfəsinə zidd olardı. Çünki, yalnız üç illik müddətin keçməsi mülkiyyət hüququnun itirilməsinə səbəb ola bilməz. Bu cür vəziyyətdə mülkiyyət hüququnun toxunulmazlığı müddətdən asılı vəziyyətə düşmüş olur.

47. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5238/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilərək “Lexus LX 570” markalı, 90 HP-999 dövlət qeydiyyat nişanlı avtomobilin 18 noyabr 2020-ci ildə dəyəri olan 88.000 (səksən səkkiz min) manatın ½ hissəsi, yəni 44.000 (qırx dörd min) manat Cavabdeh1 alınaraq İddiaçı verilməlidir.

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5238/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. “Lexus LX 570” markalı, 90 HP-999 dövlət qeydiyyat nişanlı avtomobilin 18 noyabr 2020-ci ildə dəyəri olan 88.000 (səksən səkkiz min) manatın ½ hissəsi, yəni 44.000 (qırx dörd min) manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ümumilikdə ödənilmiş 45 manat dövlət rüsumunun yarısı, yəni 22,5 (iyirmi iki manat əlli qəpik) manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. Ekspertiza xərci olan 100 (yüz) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar