Məhkəmə qərarları › İş №2(103)-5380/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5380/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5380/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Səftər qızına qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 may 2023-cü il tarixli qətnamədən Cavabdeh Səftər qızının verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh Səftər qızı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “İlkin alğı-satqı müqaviləsi” üzrə cavabdehin ödəmədiyi 6.100 manat məbləğində pulun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 91 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, özünə məxsus və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Həmid Sultanov küçəsində yerləşən, ümumi sahəsi 52.2 kv.metrdən ibarət olan 3 otaqlı fərdi yaşayış evinin cavabdehə 18.000 manata satılması barədə cavabdeh ilə razılığa gəlmiş və bununla bağlı onların arasında xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri 14 saylı Notariat Ofisində “İlkin alğı-satqı müqaviləsi” bağlanmış və cavabdeh, müqavilənin şərtlərinə əməl edərək 8.000 manatı cavabdehə dərhal ödəmişdir. Qalan 10.000 manat məbləğində pul 20 ay ərzində, hər ay 500 manat olmaqla ödənilməli idi. İddiaçı, evi cavabdehə təhvil versə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, 3.900 manatı hissə-hissə iddiaçıya ödəmiş, qalan 6.100 manatı isə ödəməmişdir. İddiaçı cavabdehə dəfələrdə müraciət edərək qalan vəsaitin də ödənilməsini tələb etsə də, cavabdeh həmin məbləği ödəməkdən yayınmışdır. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 91 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə münasibətləri barədə məlumat

3. İş üzrə cavabdehin iddiaya etiraz edərək bildirmişdir ki, onunla iddiaçı arasında evə dair “İlkin alğı-satqı müqaviləsi” bağlansa da, ev iddiaçı tərəfindən ona vaxtında təhvil verilməmişdir. Belə ki, iddiaçı, qonşu sahədə tikdirdiyi evi təmir etdirmək üçün ondan 15 gün vaxt istəmiş və o, buna razılıq vermişdir. Buna baxmayaraq iddiaçı evdən 3 aydan sonra çıxmışdır. Buna baxmayaraq, o, aylıq 500 manat ödənişi vaxtı-vaxtında ödəmişdir. Evi təhvil aldıqdan sonra o, qrunt sularının evi tam basması səbəbindən evin döşəməsinin, qapılarının, bir otağın tavanının, pəncərələrinin, divarlarının tam yararsız vəziyyətə düşdüyü görmüşdür. 2021-ci ilin fevral ayında o, evin təmirinə başlamışdır. Təmir xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Onun tərəfindən evin təmirinə 13.000 manat məbləğində xərc çəkilmişdir. Evin təmirinin başa çatdığı zaman cavabdehin iddiaçıya 5.500 manat məbləğində borcu qalmışdır. O, iddiaçıya müraciət edərək, evin təmirinə 13.000 manat xərc çəkməsini nəzərə alaraq qalan borcun təmir xərcindən çıxmasını, bununla da müqaviləyə xitam verilməsini xahiş etsə də, iddiaçı onunla razılaşmamış, qalan vəsaitin ödənilməsini tələb etmişdir. Lakin o, qalan vəsaiti iddiaçıya ödəməkdən imtina etmişdir, çünki iddiaçı evi ona satarkən ona aldadaraq demişdir ki, ev yaşayış üçün tam hazır, yararlı vəziyyətdədir, ev təbii qaz, içməli su və elektrik enerjisi ilə təchiz edilmişdir. Amma evin şəraiti iddiaçının dediyi kimi olmamışdır. O, özü evi yaşayış üçün yararlı vəziyyətə gətirmişdir. Bu səbəbdən də, hesab edir ki, iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı cavabdehə qarşı irəli sürdüyü tələbin əsaslı olmasını sübuta yetirə bilmiş, lakin cavabdeh iddianın tam və ya qismən əsassız olmasını sübuta yetirə bilməmişdir. Cavabdehin iddia tələbinə qarşı etirazda göstərdiyi hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. İşin halları ilə müəyyən edilmişdir ki, cavabdeh, onunla iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, həmin müqavilə üzrə iddiaçıya ödəməli olduğu pul vəsaitinin bir hissəsini ödəmiş, 6.100 manat məbləğində pulu isə ödəməmişdir.

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir

7. Əsasları iddiaya qarşı etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

8. İş üzrə tərələr işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, “satıcı” olaraq iddiaçı ilə “alıcı” olan cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 14 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış “İlkin alğı-satqı müqaviləsindən” görünür ki, iş üzrə tərəflər razılığa gəlmişlər ki, iddiaçı, özünə məxsus olan və iddia ərizəsində qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evini cavabdehə 18.000 manata satır, cavabdeh isə həmin evi həmin qiymətə alır. 8.000 manat cavabdeh tərəfindən iddiaçıya dərhal ödənilir, qalan 10.000 manat məbləğində pul isə cavabdeh 20 ay ərzində, hər ay 500 manat olmaqla ödəməlidir. Ev iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixədək təhvil verilməlidir.

11. İddiaçı iddia ərizəsində bildirir ki, o, evi cavabdehə təhvil versə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, 3.900 manatı hissə-hissə ödəmiş, qalan 6.100 manatı isə ödəməmişdir.

12. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, o, 6.100 manat məbləğində pulun ödənilməsini cavabdehdən tələb etmişdir.

13. Cavabdeh isə iddiaya etirazını onunla əsaslandırır ki, iddiaçı tərəfindən təhvil verilən ev müqavilə bağlanarkən iddiaçının ona bildirdiyi vəziyyətdə deyil, yaşayış üçün yarasız vəziyyətdə olmuş, buna görə də, o, evin təmirinə, evin şəraitinin yaxşılaşdırmasına 13.000 manat xərc çəkmişdir. İddiaçı onu aldamışdır. Bu səbəbdən o, iddiaçıya olan 5.500 manat məbləğində borcu ödəməli deyil.

14. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli “İlkin alğı-satqı müqaviləsi” hazırda qüvvədədir. Müqavilənin ləğv edilməsi, dəyişdirilməsi ilə bağlı cavabdehə, müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə müvafiq məhkəməyə müraciət etməmişdir.

15. İş üzrə tərəflər arasında bağlanmış “İlkin alğı-satqı müqaviləsinin” 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilə ilə barəsində gələcəkdə alğı-satqı müqaviləsinin bağlanması haqqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir.

16. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək fərdi yaşayış evini cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməmiş və iddiaçı qarşısında 6.100 manat icra edilməmiş pul öhdəliyi mövcuddur. Cavabdeh iddiaçıya 6.100 manat deyil, 5.500 manat məbləğində borcunun olmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Bu baxımdan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin tələblərinə görə, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3.). Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 442.).

18. Qeyd edilən prosessual və maddi hüquq normaların tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, iddia əsaslıdır, iddiaya qarşı cavabdehin verdiyi etiraz əsassızıdır və Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. f) apellyasiya baxışının nəticəsi

19. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

20. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, cavabdehin özünə aid edilməlidir.

23. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Səftər qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 may 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh Səftər qızının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar