Məhkəmə qərarları › İş №2(103)-5382/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5382/2025

27.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5382/2025 27.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ünvan 2t ofisi cəlb edilməklə) “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-156/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər bacı-qardaşdır. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2-ci Zeytun Savxozu, ev 121 (Yeni qaydalarla: AZ1018, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi atalarından miras qalmışdır.

2. ünvan 2t ofisinin xx.xx.2024-cü il tarixli qərarı ilə miras əmlakdan Cavabdeh çatası açıq saxlanılan 1/6 payın digər vərəsə İddiaçı verilməsindən imtina edilmişdir.

3. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2-ci Zeytun Savxozu, ev 121 (Yeni qaydalarla: AZ1018, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi İddiaçı adına açıq saxlanılmış, 1/6 hissə açıq saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X4 miras qalmış ünvan 4 (Yeni qaydalarla: AZ1018 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakından Cavabdeh çatası 1/6 payın iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək tərəflərin mərhum atası X4 miras qalmış fərdi yaşayış evindən Cavabdeh çatası 1/6 hissədə payın cuzi hissə təşkil etdiyi nəzərə alınmaqla, iddiaçı tərəfindən həmin hissəyə görə cavabdehə kompensasiya ödənilməsi və həmin hissənin iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun atası X7 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Onun ünvan 4 ünvanında ümumi sahəsi 17.7 kv.m olan fərdi yaşayış evi olmuşdur. Atası sağlığında həmin əmlaka dair mülkiyyət hüququnu dövlət qeydiyyatına alınması barədə Abşeron rayon X3 və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Abşeron Rayon İcra hakimiyyətinin xx.xx.1992-ci il tarixli 620 saylı sərəncamı əsasında, 21595 reyestri ilə, 606 nömrə ilə qeydə alınmış "qeydiyyat vərəqəsi" ni almışdır. Onun vərəsələri iddiaçı, anası, cavabdeh qardaşı Cavabdeh və X11 olmuşdur. Qardaşı Cavabdeh hələ atasının sağlığında onlardan uzaqlaşmış, faktiki olaraq harada yaşadığı onlara məlum olmamışdır. xx.xx.2023-cü il tarixdə anası X8 müvafiq sənədlərlə ünvan 2t ofisinə müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum atası X6 məxsus olması haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Vərəsəlik işinin gedişatında anası X8 atasından miras qalmış qeyd etdiyi əmlakdan ona düşən miras payını ona bağışlama etmiş, onunla anası arasında xx.xx.2023-cü il tarixdə miras payın bağışlanması haqqında müqavilə bağlanmışdır. X2 qeyd etdiyi miras əmlakdan imtina etməsi barədə xx.xx.2023-cü il tarixdə imtina ərizəsi vermişdir. Bütün vərəsəlik işinin gedişatında cavabdeh qardaşı qeydiyyat ünvanına göndərilmiş bildirişlərə baxmayaraq o, vərsəlik işində iştirak etməmiş, miras payını qəbul etməsi barədə ərizə ilə heç bir formada notariat kontoruna müraciət etməmişdir. Cavabdeh ümumiyyətlə onlardan uzaqda yaşamış, aralarında gediş-gəliş olmamış, faktiki ünvanı məlum olmamışdır. Valideynlərinə də iddiaçı baxmışdır. ünvan 2t ofisinin xüsusi notariusu X10 tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə xx.xx.2006-cı il tarixdə vəfat etmiş atası X5 miras əmlakından 5/6 hissədə pay almalı olduğu göstərilmişdir. Həmin şəhadətnamədə həmçinin miras əmlakdan 1/6 hissədə payın açıq saxlanıldığı qeyd olunmuşdur. Həmin qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda onun 5/6 hissənin, atası adına 1/6 hissənin açıq qaldığı qeyd olunmuşdur. Anası xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh heç anasının dəfn mərasiminə belə gəlməmişdir. Göründüyü kimi, cavabdeh qanun üzrə vərəsə kimi vaxtında miras payının qəbul etməsinə dair notariat ofisinə müraciət etməmişdir. Ümumiyyətlə ona edilən bütün xəbərdarlıq və bildirişlərə məhəl qoymamışdır. Bu isə ümumi sahəsi 17.7 kv.m olan kiçik bir evdən onun 5/6 hissədə payımla bağlı mülkiyyətçi kimi hüquqlarımı həyata keçirməyə maneə olur. Yaşayış sahəsi çox kiçik olduğu üçün fərdi yaşayış evinin naturada bölgüsü isə texniki cəhətdən qeyrimümkündür. Açıq qalmış 1/6 hissə onun 5/6 hissədə olan mülkiyyət hüququnun tam həyata keçirməyinə maneə olur. Həmin əmlakla bağlı nə alqı-satqı, nə də ki bağışlama edə bilmir. Cavabdeh isə mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişdir. Notariusun müraciətlərinə məhəl qoymamışdır. Bu yaxınlarda ünvan 2t ofisinə müraciət edərək Cavabdeh çatası açıq saxlanılan 1/6 payın ona verilməsini xahiş etmişdir. Lakin həmin notariat ofisi ona xx.xx.2024-cü il tarixli imtina məktubu vermişdir. Notariat ofisinin eyni tarixli məktubu ilə vəkil sorğusu əsasında vərəsəlik işinin surəti təqdim edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, mərhum atası X5 miras əmlakından cavabdehə çatası 1/6 payın ona verilməsi barədə qətnamə qəbul edilməlidir.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 3996/2024 nömrəli qərardadı ilə iş üzrə kompleks məhkəmə eskpertizası (məhkəməəmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizaları) təyin edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4781-9/4895 saylı məhkəmə tikinti-texniki, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 1-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, paylara düşən sahə (yaşayış və yardımcı sahə) az təşkil etdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin paylara uyğun naturada təcrid şəklində bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti Pexniki X1 tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.

9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 3996/2024 nömrəli qərardadı ilə mübahisəli fərdi yaşayış evinin bir kvadrat metrinin bazar (likvid) qiymətinin müəyyən edilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur.

10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 0145 saylı rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2-ci Zeytun Sovxozu ev 121 (Yeni qaydalarla: AZ1018, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin bir kvadrat metrinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 700 manat müəyyən olunur.

11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 156/2025 nömrəli qətnaməsi ilə (hakim S.Ə.Eyvazova) iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən 2.065 manat məbləğində pul kompensasiyası verilməklə, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2-ci Zeytun Sovxozu ev 121 (Yeni qaydalarla: AZ1018, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının itirilmiş hesab edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın Cavabdeh tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qanun üzrə vərəsə kimi vaxtında miras payının qəbul etməsinə dair notariat ofisinə müraciət etməmişdir. Cavabdehin miras əmlakı ilə bağlı hər hansı hərəkət etməməsi, mübahisəli əmlak üzrə paylı mülkiyyət hüququnun mövcud olması, mülkiyyətində olan əmlakla bağlı iddiaçı ilə aralarında mübahisənin olması, iddiaçının mülkiyyət hüququnu pozması halları şübhə doğurmur və ədalət mühakiməsini həyata keçirən məhkəmə hazırki mübahisəni həll etməlidir.

13. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (MM-in 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.

14. Məhkəmə araşdırması zamanı cavabdehin həmin əmlakda payının cüzi olduğu (17,7 kv.m-in 1/6 payı), naturada ayrılması mümkün olmadığı, ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadığı müəyyən edilmişdir.

15. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.

16. Mülki iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 0145 saylı rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2-ci Zeytun Sovxozu ev 121 (Yeni qaydalarla: AZ1018, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin bir kvadrat metrinin bəzar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 700 (yeddi yüz) manat müəyyən olunur(17,7:6=2,95; 2,95x700=2065). Sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab etmişdir ki, cavabdehin mülkiyyət hüququna xitam verilməsi müqabilində onlara 2.065 manat məbləğində kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Odur ki, iddia göstərilən hissədə təmin edilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bənsinə, 29-cu maddəsinin İ, İİ, İİİ, İV, Vİİ bəndlərinə, 60-cı maddəsinin İ bəndinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokoluna, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.3, 148.2, 152.1, 152.5, 213.1, 213.2, 213.3, 213.4, 218.1, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, 1243.1, 1243.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 107, 115, 117.1, 117.2, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 217.5, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən cavabdehin payının cüzi olmasını əsas gətirərək Mülki Məcəllənin 220.4-cü maddəsinə istinad etmişdir. Hesab edir ki, həmin maddənin tələbləri hazırki mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, kompensasiya ödənilməsi payının naturada ayrılmasını tələb edən mülkiyyətçiyə payın naturada ayrılması mümkün olmadıqda ödənilə bilər. Burada 220.4-cü maddədə iki hal müəyyən edilmişdir. Kompensasiyanın payının naturada ayrılmasını tələb edən mülkiyyətçiyə onun öz razılığı ilə və ya bu pay cüzi olduqda onun razılığı olmadan da ödənilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, kompensasiya payının naturada ayrılmasını tələb edən mülkiyyətçiyə ödənilir. Lakin cavabdeh payının naturada ayrılmasını tələb etməmişdir. Belə olan halda, cavabdehin kompensasiya verilməklə ata evindən məhrum edilməsi bir mülkiyyətçi kimi onun hüquqlarını pozmuşdur. Belə ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl MülkiMəcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara tamolaraq əməl edilməmişdir. Mübahisə predmeti olan mənzilin naturada bölgüsü mümkün olmadığından bu zaman ayrılan paylı mülkiyyətçiyə öz payının dəyərinin kompensasiya şəklində ödənilməsi məsələsi ortaya çıxır və bu məsələ məhkəmə tərəfindən araşdırılmalıdır. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə,əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətinmülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylımülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə cavabdehin kompensasiya verməklə bağlı mövqeyini araşdırmadan birbaşa olaraq onu mülkiyyət hüququndan məhrum etmişdir. Həmçinin, işə məhkəmədə baxılan zaman çəkişmə prinsipinə riayət olunmamışdır. Belə ki, cavabdeh məhkəmə proseslərindən xəbərdar olmamış, onun məhkəmə proseslərində iştirakı təmin edilməmişdir. Yalnız icra mərhələsində qətnamə qəbul edilməsindən xəbərdar olmuşdur. xx.xx.2025-ci ildə qətnaməni əldə etmişdir. Nəticədə çəkişmə prinsipinin tələbləri pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi və vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər sürməyən üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı: Bənd 17. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Bənd 18. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Bənd 19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Bənd 64. Araşdırma nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Bənd 65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

30. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norma səhv tətbiq edilməklə qətnamə qəbul edilmiş, həmin normaya əsaslanaraq iddia təmin edilmişdir. Bu isə qətnamənin ləğv edilməsi üçün əsasdır.

31. İşdən müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinin 5/6 hissəsi İddiaçı mülkiyyətindədir və əmlaka dair 1/6 hissədə Cavabdeh çatası pay açıq saxlanılmışdır. Miras əmlaka dair payların müəyyən edilməsi ilə bağlı tərəflər arasında mübahisə olmasa da, ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə dair mübahisə mövcuddur.

32. Kollegiya qeyd edir ki, cavabdehin miras əmlakın 1/6 hissəsinə dair mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmasa da, onun həmin əmlaka dair “qanuni gözlənti”si var. Kollegiya hesab edir ki, hazırkı iş üzrə paylı əmlakın iki mülkiyyətçisi olduğundan mübahisəyə Mülki Məcəllənin 220-ci maddəsi tətbiq edilə bilməz.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə yuxarıda istinad olunan qərardadında Mülki Məcəllənin 220-ci və 221-ci maddəsindəki qeyd olunan tələblərin baxılması qaydası və əsasları ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir.

34. Belə ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

35. Göründüyü kimi, iddiaçı tərəfindən ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü, bu mümkün olmadıqda isə əşyanın məhkəmə qərarı ilə hərracdan satılması barədə iddia tələbi sürülə bilər.

36. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-156/2025 nömrəli qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-156/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar