Məhkəmə qərarları › İş №2(103)-5385/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5385/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5385/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, qətnamə ilə hüquqlarına və maraqlarına toxunan ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-111/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsindən hüquqlarına və maraqlarına toxunan ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.5-ci maddəsinə əsasən ipotekaya xitam verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qaradağ rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(002)-298/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə aralarında bağlanmış 27 may 2015-ci il tarixli sonrakı 356/E saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ondan 24.670 ABŞ dolları əsas borc, 11.104 ABŞ dolları 42 sent faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 35.824 ABŞ dolları 42 sent (ödənildiyi zaman manata məzənnəsi ilə) pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş ona məxsus Lökbatan qəsəbəsi S.Orucov küçəsi ev 1, 35-ci mənzilinin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi, mənzildə qeydiyyatda olanların mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzil satıldıqdan sonra cavabdehlərin mənzildən məcburi qaydada çıxarılması və ondan ekspertiza tədqiqatının dəyəri olan 145 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh icra məmuru Nazim Qasımov 24.05.2019cu il tarixli qərarında 10 gün müddətində evin boşaldılmasını, əks təqdirdə məcburi icra tədbirlərinin tətbiq edilməsini qərara almış və evin hərracda satılması barədə hərrac təşkilatçısı Yasamal rayonu C.Cabbarlı küçəsi 44-də (Caspian Plaza) yerləşən "xxxx" MMC-yə müraciət etmişdir. Həmin MMC ilkin hərracın keçirilməsini 24.07.2019-cu il tarixə təyin etməklə bu barədə hər iki tərəfi qanunauyğun qaydada bildirişlə xəbərdar edilmiş, lakin ilkin hərrac baş tutmadığından eyni qaydada xəbərdarlıq edilməklə 2-ci hərrac 14.08.2019-cu il tarixdə keçirilsə də baş tutmamışdır. Hərrac təşkilatçısı bu barədə «Market» qəzetinin 19.08.2019-cu il tarixli 31(1015) saylı buraxılışında elan verilmiş və həmin tarixli 527 saylı məktubla mənzilin alınmasını "xxxx" ASC-yə təklif etmişdir. Bank qanunla nəzərdə tutulmuş bir ay ərzində mənzili götürmədiyi üçün hərrac təşkilatçısı ipotekaya xitam verilməsi üçün materialı 17.09.2019-cu il tarixdə Cavabdehnə qaytarmışdır. Göstərilənlərə baxmayaraq, icra məmuru N.Qasımov ipotekaya xitam verməkdən imtina edərək, buna əsas kimi Qaradağ rayon Məhkəməsinin tutma yönəldilməsini bir il müddətinə təxirə salınması haqqında qanuni qüvvəyə minmiş qərarının olmasını göstərmişdir. Hansı ki, bu qərar yalnız onların evdən çıxarılmalarına aid olan bir qərar olsa da, 19.06.2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən ləğv edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-111/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən hüquqlarına və maraqlarına toxunan ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC məhkəmə işində iştirak etməyə cəlb edilməmiş və onun maraqlarına toxunan qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunulan üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, hərracın keçirilməsi barədə bildirişlər banka göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi səbəbələri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismindən dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi Zahir Bədəlov, hərracın keçirilmə yeri və vaxtı barədə 2 dəfə bildiriş göndərilmiş və bank hərracdan xəbərdar olmuşdur. Məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qaradağ rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(002)-298/2018 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin İddiaçı, X7, X4 və X2 qarşı «kredit müqaviləsinin ləğvi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi, mənzildən çıxarılma və ipoteka qoyulmuş əmlaka tələbin yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 27 may 2015-ci il tarixli 356/E saylı kredit müqaviləsi ləğv edilmiş, 27 may 2015-ci il tarixli 356/E saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı 24.670 ABŞ dolları əsas borc, 11.104 ABŞ dolları 42 sent faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 35.824 ABŞ dolları 42 sent (ödənildiyi zaman manatla məzənnə ilə) pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi; tutmanın ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində istifadədə olan tam mülkiyyət hüququ üzrə İddiaçı daşınmaz əmlakın dövlət reyestrində 1459 nömrəli reyestr kitabının 133709 nömrəli vərəqində qeydiyyata alınmış 1 nömrəli binada yerləşən, 80,42 m2 ümumi, 55,92 m2 yaşayış, 24,5 m2 yardımçı sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilə yönəldilməsi; mənzilin ilkin satış qiymətinin 120.300 manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracdan satılması; satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi; mənzildə qeydiyyatda olan İddiaçı, X6, X3 və X1 həmin mənzildə istifadə hüquqlarına xitam verilməsi və mənzil satıldıqdan sonra cavabdehlər mənzildən məcburi qaydada çıxarılmaları; cavabdeh İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 145 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş, həmin qətnaməyə əsasən icra vərəqəsi tərtib olunaraq icra edilməsi üçün Cavabdehnə göndərilmişdir. Cavabdeh 03 iyun 2019-cu il tarixdə "xxxx" MMC-yə məktub ünvanlayaraq, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 120.300 manat olmaqla hərraca çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC Bakı şəhəri Cavabdeh 03 iyun 2019-cu il tarixli sifariş məktubuna əsasən ilk hərracı 24.07.2019-cu il tarixə, əmlak satılmadığından ikinci hərracı 14.08.2019-cu il tarixə təyin etmişdir. Əmlak ikinci hərracda da satılmadığından, hərrac təşkilatçısı olan "xxxx" MMC bildirir ki, 19 avqust 2019-cu il tarixdə "xxxx" ASC-yə təklif ünvanlayaraq, 13.09.2019-cu il tarixədək ipoteka predmeti barədə alğı-satqı müqaviləsi bağlanmasını təklif etmişdir. Təklifdə əmlakın ilkin satış qiyməti, təklif qiyməti qeyd edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı... əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Qanunun 43.8-ci maddəsinə görə isə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Apellyasiya baxışı zamanı mülki iş materiallarına əlavə edilmiş hərrac işinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri Cavabdeh 03 iyun 2019-cu il tarixli sifariş məktubuna əsasən ilk hərracı 24.07.2019-cu il tarixə, əmlak satılmadığından ikinci hərracı 14.08.2019-cu il tarixə təyin etmişdir. Əmlak ikinci hərracda da satılmadığından, hərrac təşkilatçısı olan "xxxx" MMC 19 avqust 2019-cu il tarixdə "xxxx" ASCyə təklif ünvanlayaraq, 13.09.2019-cu il tarixədək ipoteka predmeti barədə alğı-satqı müqaviləsi bağlanmasını təklif etmişdir. Təklifdə əmlakın ilkin satış qiyməti, təklif qiyməti qeyd edilmişdir. Bununla belə, hərracların keçirilməsi barədə və alğı-satqı müqaviləsinin bağlanmasının təklif edilməsi barədə bildirişlər hərrac işində mövcud olsa da, həmin bildirişlərin "xxxx" ASC-yə çatdırılması və bankı hərracdan xəbərdar olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İşin müəyyən olunan hallarından görünür ki, maraqlarına toxunulan "xxxx" ASC hərraclar barədə məlumatlandırılmamış (bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır), həmçinin “İpoteka haqqında” Qanunun 43.3-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetini ipoteka qoyandan müqavilə əsasında ilkin satış qiymətinə alması üçün müqavilənin bağlanması ilə əlaqədar heç bir tədbir görülməmişdir. (bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır) Kollegiya xüsusilə qeyd edir ki, “İpoteka haqqında” Qanun, təkrar hərracın keçirilməsini “ipoteka saxlayanın ipoteka predmetini ipoteka qoyandan müqavilə əsasında ilkin satış qiyməti ilə alması üçün müqavilənin baş tutmaması” faktından asılı etmişdir – bu müqavilənin bağlanmasının təklifi barədə bildiriş mövcud olsa da, onun ipoteka saxlayana çatdırılması sübut edilməmişdir. Göründüyü kimi, iddiaçının əmlakı üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər ümumiyyətlə mövcud deyildir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ipotekaya xitam verilməsinə əsaslar müəyyən edilmədiyindən iddia tələblərinin təmin edilməsi üçün əsas mövcud deyidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-111/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar