Məhkəmə qərarları › İş №2(103)-5388/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5388/2023

12.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5388/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiyanın ödənilməsi və pul tələbinə dair mülki iş üzrə (açar sözlər: kompensasiyanın ödənilməsi və pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiyanın ödənilməsi və pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(008)-2849/2023 nömrəli qətnaməsindən İddiaçı1 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2008-ci il tarixli, 2(008)- 902/2008 nömrəli qiyabi qətnaməsi ilə Həsənova (Hacıyeva) Müşfiqə Nurməmməd qızının azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 1 nömrəli evin 11 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir.

2. X2 07 mart 2018-ci il tarixdə vəfat etmişdir.

3. AN-İ ******* nömrəli 08 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzili 21600 manata Cavabdeh2 satmışdır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(008)- 4475/2019 nömrəli qətnaməsi ilə Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 1 ünvanda yerləşən 11 nömrəli mənzilə dair Cavabdeh1 nümayəndəsi Nümayəndə ilə cavabdeh X4 arasında Bakı şəhəri 52 saylı Notariat Kontorunda 08 yanvar 2019-cu ildə bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 21600 manat tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2(102)- 483/2022 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarixli, 2(103)-860/20 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(008)-4475/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(102)-5161/2020 nömrəli qərarı ilə qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)-2769/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 nümayəndəsi Nümayəndə ilə cavabdeh X4 arasında Bakı şəhəri 52 saylı Notariat Kontorunda 08 yanvar 2019-cu ildə bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilmiş və həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

6. MH seriyalı 159063 nömrəli qeydiyyat vəsiqəsidən görünür ki, ünvan 1 mənzil 11 Cavabdeh1 mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olmaqla yaşadıqları, istifadə hüquqlarının olduğu Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov (sonrakı adı H.Araslı) küçəsi ev 1 mənzil 11-in onların icazələri olmadan satılması ilə əlaqədar cavabdeh X5 tərəfindən onlara 15000 manat məbləğdə kompensasiya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

8. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə mərhum Elman Hacıyev 11 dekabr 1993-cü il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan xx xxxxxx 1994-cü il təvəllüdlü İddiaçı2 adlı övladları doğulmuşdur. Onlar əvvəl Bakı şəhəri 7-ci mikrorayonda yerləşən 10 nömrəli evdə yaşamış, 1995-ci ildə həmin evi sataraq Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 1 mənzil 11-ə köçmüş və həmin mənzildə, mənzilin mülkiyyətçisi olan cavabdeh İddiaçı2 ilə birlikdə yaşamışlar. Sonradan İddiaçı1 ilə E.Hacıyevin münasibətləri korlanmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan sonra İddiaçı1 azyaşlı uşağı ilə birlikdə mənzildə yaşamaqdan məhrum edilmişdir. İddiaçı1 mənzilə köçürülmə barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 10 iyun 2008-ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi və onun azyaşlı uşağı ilə həmin mənzilə köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Cavabdehlər arasında baş verən mübahisə nəticəsində iddiaçılar aranın sakitləşməsi üçün mənzili tərk edərək kirayəyə çıxmış, lakin bütün əmlakları mənzildə qalmışdır. 2018-ci ilin noyabr ayının sonlarında mənzilə qayıtmış və mənzilin qapısını açmaq istəyərkən evdə 4-5 ustanın işlədiyini görmüş və bununla maraqlananda bir nəfər özünü ev sahibi kimi təqdim edən orta yaşlı bir kişi iddiaçıları evə buraxmamışdır. İddiaçılar bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 qaynar xəttinə” və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat vermişlər. Buna baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. İddiaçıların dövlət qurumlarından əldə etdikləri məlumatlara əsasən müəyyən edilmişdir ki, mənzilin mülkiyyətçisi olan cavabdeh İddiaçı2 iş üzrə üçüncü şəxs olan Nümayəndə verdiyi 08 yanvar 2019-cu il tarixli etibarnamə əsasında mənzil Cavabdeh2 satılmışdır. İddiaçılar hesab edirlər ki, həmin alqı-satqı etibarsızdır. Çünki iddiaçılar həmin mənzildə qeydiyyatda olmuşdurlar və istər cavabdeh İddiaçı2, istərsə də onun nümayəndəsi olan Z.Hacıyevə bunu, habelə iddiaçıların məhkəmə qətnaməsi əsasında mənzilə köçdüklərini bilirdilər. Belə olan halda mənzil iddiaçıların razılığı əsasında və ya iddiaçılara kompensasiya verilməsi qaydasında satıla bilərdi. Tərəflərindən qeyd olunan alqı-satqı müqaviləsinin etibarsızlığı barədə məhkəmədə iddia qaldırılmış, məhkəmə aktları qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(008)-4475/2019 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 1 ünvanda yerləşən 11 nömrəli mənzilə dair Cavabdeh1 nümayəndəsi X7 ilə cavabdeh X3 arasında Bakı şəhəri 52 saylı notariat kontorunda 08 yanvar 2019-cu ildə bağlanmış AN-İ ********* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 21600 manat tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli, 2(103)-2769/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)483/2022 nömrəli iş üzrə 18 fevral 2022-ci il tarixli qərarı ilə qeyd olunan 04 iyun 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr hesab etmişlər ki, mülkiyyət hüququ üstün mövqeyə malik olduğuna görə orada qeydiyyatda olan şəxslərin razılıqlarının olması önəmli deyil, əgər hər hansı şəxsin həmin mənzildə istifadə hüquqları mövcuddursa, onda istifadə hüququnun itirilməsi ilə bağlı kompensasiya tələb edə bilər. Onlar 1990-cı illərdən qeyd olunan ünvana istifadə hüququ əldə etmiş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qeyd olunan mənzilə köçürülməklə istifadə hüququ əldə etmişlər ki, həmin mənzilin icazələri olmadan satılması nəticəsində onlara cavabdeh, yəni köhnə mülkiyyətçi tərəfindən kompensasiya ödənilməlidir. Bu kompensasiya hər birinə həmin sahədə eyni növ mənzildə azı 4-5 il yaşamaları üçün ödənilməli olan kirayə haqqına bərabər tutulur ki, həmin yaşayış evi tipli eyni mənzillərin aylıq kirayəsi təxminən 300-350 manat təşkil edir. Bu da azı 14400-21000 manat arası kompensasiya təşkil edir. Cavabdeh hətta mənzilin dəyərini həddən artıq az göstərmiş, faktiki 70000-80000 manat olan yaşayış evini, hansı ki, evin həyətyanı topaq sahəsi də mövcud idi, müqavilədə təxminən 21000 manat qeyd etmişdir. Göründüyü kimi, mənzilin keçmiş mülkiyyətçisi onlara kompensasiya vermədən və qeydiyyatdan çıxarmadan qanunsuz olaraq mənzili alqı-satqı müqaviləsi əsasında satmış və istifadə hüquqları ilə bağlı kompensasiya ödənilməsində maraqlı deyil. Ona görə də məcburiyyət qarşısında qalaraq eyni tələblə məhkəməyə müraciət etməli olmuşdurlar. Cavabdeh mübahisəli mənzilin keçmiş mülkiyyətçisi olduğundan, onlar da qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mübahisəli mənzilə istifadə hüququnun tanınması nəticəsində mübahisəli mənzildən istifadə hüququna malik olduqlarından, cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan iddiaçıların kompensasiya verməsi yolu ilə mübahisəli mənzilə istifadə hüququnu kompensasiya etməlidir. Yəni, onların yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində cavabdeh tərəfindən ödənilməli olan kompensasiya, onlara davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində onlar heç bir halda yaşayış sahəsi ilə təminatsız qalmırlar.

9. Daha sonra İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçı Həsənova (Hacıyeva) Müşfiqə Nurməmməd qızı və İddiaçı2 Bakı şəhəri ünvan 2 ünvanında yerləşən mənzilə dair məhkəmə qaydasında istifadə hüququnun tanınmasına, iddiaçının həmin mənzildən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mənzilin əvvəlki və hazırkı mülkiyyətçiləri tərəfindən cavabdehlərin istifadəni mümkünsüz etməsi səbəbi ilə həmin mənzilə dair mülkiyyət hüquqlarının faktiki itirilməsi səbəbi ilə iddiaçıya 15000 manat kompensasiya və 15000 min manat cehiz əşyaları dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçılar ailə üzvü olmaqla təxminən 1996-cı ildən mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamaqları və həmin mənzilin onların qeydiyyatda olduqları yer olması, onları ümumi mülkiyyətdən pay əldə etmək hüququna malik etmişdir. Alqı-satqı müqaviləsinin təsdiqi zamanı mənzildə qeydiyyatda olan heç kimin yazılı razılığı alınmamış, notariat icraatında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən 07 yanvar 2019-cu il tarixli çıxarışda axtarış zamanı qeyd edilən ünvanda qeydiyyatda heç bir şəxs guya aşkar edilməmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu maddəsində göstərilir ki, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşma çatmış bütün ailə üzvlərinin razılığını alır. İddiaçılar əmlaklarının mübahisəli mənzildə olmasını və mənzil satılarkən onların taleyi ilə bağlı hüquq mühafizə orqanlarına da müvafiq qaydada şikayətlər etmiş, araşdırmalar aparılmış və iddiaçı tərəfin bildirdiyinə görə bu araşdırmalar hazırkı vaxta kimi davam edir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016cı il tarixli qərarında Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkün olması nəticəsinə gəlmişdir. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsini, Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

11. İddiaçı Həsənova (Hacıyeva) Müşfiqə Nurməmməd qızının vəsatəti əsasında Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(008)- 2849/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Qətnamə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilə köçürülmələri barədə məhkəmə qətnaməsinin çıxarıldığı gündən keçən 15 il müddətində iddiaçılar cavabdehlər tərəfindən mənzildə yaşamalarına maneçilik törədilib-törədilməməsi, maneçilik törədilmişdirsə, bununla bağlı qətnaməni çıxarmış məhkəməyə və ya icra şöbəsinə müraciət etmələri barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, beləliklə, bu müddət ərzində başqa ünvanda yaşayaraq, mübahisəli mənzildən istifadə hüququna ehtiyaclarının olmadığını bəyan etmişlər. Belə ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarında bu cür istifadənin zəruriliyinin təməl şərti kimi iddiaçıların yaşayış sahəsinə ehtiyaclarının olması və bu ehtiyacın mülkiyyətçinin mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaları göstərilmişdir. Mübahisəli mənzil Cavabdeh1 mülkiyyətində olmuş, sonuncu 08 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzili 21600 manata Cavabdeh2 satmışdır. Hazırda mənzilin mülkiyyətçisi Cavabdeh2dır. Bu mənada, mübahisəli mənzilin mülkiyyətçisinin dəyişməsi iddiaçıların həmin mənzildən istifadə hüquqlarının itirilməsinə səbəb olmamışdır. Bundan başqa, yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mübahisəli mənzildə qeydiyyatda olan iddiaçılar mənzilin əvvəlki və indiki mülkiyyətçisindən kompensasiyanın verilməsini tələb edirlər ki, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbi baxımından iddiaçılar belə bir tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildirlər. Hazırda bu hüquq mənzilin hazırkı mülkiyyətçisi Cavabdeh2 məxsusdur. Odur ki, məhkəmə hesab edir ki, kompensasiyanın verilməsi hissəsində iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, eyni zamanda, 15000 min manat məbləğində cehiz əşyaların dəyərinin ödənilməsi hissəsində iddia tələbini əsassız hesab etmişdir. Belə ki, iddiaçılar cehiz əşyaların mübahisəli mənzildə olması və onun dəyəri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bununla bağlı iddiaçı tərəfin yalnız mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçı tərəfin izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onlar tərəfindən də belə bir sübut təqdim edilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228, “İcra haqqında” Qanununun 73.1, 73.2, 73.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, ləğv ediməklə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şikayətin dəlillərinə görə, məhkəmə əsaslandırmasına görə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq digər iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Halbuki, o iddiaçının vəkili və nümayəndəsi olaraq sistemə üzürlü səbəbdən gələ bilməyəcəyi və müvafiq sübutların təqdim olunmasını təmin edə bilməyi üçün 02 iyun 2023-cü il tarixinə təyin olunmuş hazırlıq iclasının təxirə salınması barədə məlumatı 01 iyun 2023-cü il tarixdə sistemə daxil etmişdir. Görünür məhkəmə ya sistemə daxil olmamış, ya da sübutların təqdim edə bilməyinə qərəzli münasibət göstərmişdir. Çünki, prosesə sonradan qoşulmuşdur və müvafiq sübutların əldə olunması, aidiyyəti üzrə verdiyi sorğuya verilən cavablardan asılı olur. Belə ki, o əmlakın yerləşdiyi ərazi üzrə kirayə haqları barədə sorğu verərək əldə etdiyi cavabı məhkəməyə təqdim etdikdə hakim ona hazırda onu qəbul edə bilməyəcəyini və onun üzrlü səbəbdən iştirak edə bilmədiyi, keçirilməsini təxirə salınması barədə ərizənin olmasına baxmayaraq həmin proses hazırlıq iclasının yekunlaşdığını və baxış iclasının təyin olunduğunu bildirmişdir. Bu səbəbdən o, dəftərxanaya ərizə ilə müraciət edərək kirayə haqqı barədə məlumatın iş materiallarına əlavə olunmasını xahiş etmişdir. Eyni qaydada iddiaçıların həmin mənzildən istifadə hüquqlarının cavabdeh tərəfindən məhdudlaşdırılması səbəbiylə iddiaçılar illərlədir ki, kirayə mənzillərdə yaşamağa davam edirlər. İddiaçı və övladı illərdir ki, həmin mənzilə istifadə hüquqları rəsmi tanınmalarına baxmayaraq, bu hüquqdan istifadə etmələri mümkünsüz olmuş və hazırkı vaxta qədər kirayə mənzildə yaşamağa davam etmişlər. Bunu təsdiq edən sənədi məhkəməyə təqdim etmək şəraiti yaradılmadığından apellyasiya şikayətinə əlavə edir. Qətnamədə əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı etiraf etməməsi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdiyi qeyd olunur. Halbuki, cavabdeh iddia tələbini etiraf etmiş, lakin kompensasiya vermək istəmədiklərini bildirmişdir. İddiaçılar mübahisəli mənzildə qeydiyyatda olmaqla, onların həmin mənzilə köçürülmələri barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Lakin iddiaçılar mübahisəli mənzildən istifadə etmək ehtiyaclarının olmasına baxmayaraq, mənzilin əvvəlki və hazırkı mülkiyyətçiləri tərəfindən cavabdehlərin istifadəni mümkünsüz etməsi səbəbi ilə həmin mənzilə dair mülkiyyət hüquqlarının faktiki itirilməsini iddia etsələr də, qeyd olunan hallara dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı1 nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər iddiaçı və cavabdehlər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti ilə iddianın təmin olunması tələb edildiyindən, qətnamə apellyasiya şikayəti və dəlillər üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

25. İşdən görünür ki, iddiaçıların 2 tələbi mövcuddur: iddiaçılar Həsənova (Hacıyeva) Müşfiqə Nurməmməd qızı və İddiaçı2 Bakı şəhəri ünvan 2 ünvanında yerləşən mənzilə dair məhkəmə qaydasında istifadə hüququnun tanınması və mənzilin əvvəlki və hazırkı mülkiyyətçiləri tərəfindən istifadəni mümkünsüz etməsi səbəbi ilə həmin mənzilə dair mülkiyyət hüquqlarının faktiki itirilməsi səbəbi ilə iddiaçıya 15000 manat kompensasiya və 15000 min manat cehiz əşyaları dəyərinin ödənilməsi.

26. Məhkəmə kollegiyası iddiaçıların istifadə hüquqlarının tanınması barədə birinci tələblərinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2008-ci il tarixli, 2(008)-902/2008 nömrəli qiyabi qətnaməsi ilə Həsənova (Hacıyeva) Müşfiqə Nurməmməd qızının mübahisəli mənzilə dair istifadə hüquqlarının olduğu təsbit olunmuş və onun azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi 1 nömrəli evin 11 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir.

27. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçıların mübahisəli mənzilə dair istifadə hüquqlarının mövcudluğu öz təsdiqini tapdığından və yeni mülkiyyətçiyə münasibətdə yenidən istifadə hüququnun yaranmasına əsaslar olmadığından, bu hissədə yenidən araşdırma aparılmasına lüzum yoxdur və həmin hissədə iddianı tələbi təmin oluna bilməz.

28. Mənzilə dair mülkiyyət hüquqlarının faktiki itirilməsi səbəbi ilə iddiaçıya 15000 manat kompensasiya ödənilməsi barədə iddia tələbi də əsassızdır. Birincisi, iddiaçıların mübahisəli mənzilə dair mülkiyyət hüquqlarının olmadığı aşkardır. Sonuncuların yalnız mənzildən istifadə hüquqları mövcud olmuşdur ki, mülki qanunvericiliyə əsasən mənzilə mülkiyyət hüququnun başqa şəxsə keçməsi istifadə hüququna xitam verilməsi əsası deyil.

29. Digər tərəfdən, iddiaçılar qanunu əsas kimi istinad etdikləri Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi hüququnun yalnız mülkiyyətçiyə məxsus olduğu göstərilmişdir.

30. Məhkəmə kollegiyası birinci instransiya məhkəməsinin iddia tələbini 15000 manat əşyaların dəyərinin ödənilməsi barədə hissəsini də, bu əşyaların mövcudluğuna dair ümumiyyətlə hər hansı sübut təqdim olunmadığından təmin etməməsi barədə gəldiyi qənaəti də əsaslı hesab edir.

31. Şikayətdə əmlakın yerləşdiyi ərazi üzrə kirayə haqları barədə sübutun birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməli olması əsaslandırılmışdır. Lakin, qeyd olunmalıdır ki, həmin sübuta yalnız iddia əsaslı olduğu təqdirdə qiymət verilə bilərdi.

32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(008)- 2849/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(008)- 2849/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar