Məhkəmə qərarları › İş №2(103)-5390/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5390/2022

26.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5390/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(007)-849/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə ərizə verərək, bildirmişdir ki, Cavabdeh1 qeydiyyat ünvanı ünvan 1lirlər Baş İdarəsinə qarşı iddia tələbi isə məhkəmə aidiyyəti qaydaları pozulmaqla verilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi inzibati orqandır. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatətə münasibət bildirərək göstərmişdir ki, aidiyyətlə bağlı vəsatət əsassızdır. Belə ki, cavabdehlərdən birinin, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 105 olduğundan bu işə Nizami Rayon Məhkəməsində baxılmalıdır. Cavabdehlər iki və daha çox olduqda və onların ünvanları müxtəlif olduqda ərazi aidiyyətinin müəyyən olunması qanunvericiliyə görə iddiaçının seçimindən asılıdır. İddiaaçı öz vəsatətində əvvəldən axıra kimi işin məhkəmə aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalı olduğunu bildirsə də, sonda ərazi aidiyyətinin dəyişdirilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən vəsatətin rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(007)-849/2022 saylı qərardadı ilə ərizə təmin edilməmiş, İddiaçı Cavabdeh1 və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsi və mülki işin aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu ərazi aidiyyəti üzrə məhkəməyə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(007)-849/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(007)- 849/2022 saylı qərardadından verilmiş şikayətə baxılması mümkün hesab edilərək, yazılı icraat qaydasında baxışa təyin edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki işin materialları ilə əlaqəli yoxlayıb hesab edir ki, şikayətə baxılması üçün prosessual əsaslar olmadığından, şikayətə baxılmasının mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərardadı ləğv edilməli, şikayətə baxılması qeyri-mümkün hesab edilərək, növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş apelyasiya baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1, 25.2, 26.1, 26.2-ci maddələrinin tələblərini və iddia ərizəsinin məzmununu nəzərə alaraq hesab etmişdir ki, hazırki mübahisə kommersiya münasibətlərindən yarandığından, mülki işə baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Cavabdeh1 işin kommersiya məhkəməsinə göndərilməsi barədə qərardadla razılaşmayaraq, həmin qərardaddan şikayət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələr və məhkəmələr arasında yaranmış fikir ayrılıqlarına baxılması xususiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 1-ci bəndinə əsasən “Məhkəmələrin nəzərinə çatdırılır ki, MPM-ə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il yanvarın 1-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə, habelə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına apelyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur”. Qeyd edilən mülki prosessual qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarındakı tövsiyyələri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan verilmiş şikayətə baxılmasına apelyasiya instansiya məhkəməsi səlahiyyətli deyil və həmin şikayətə baxılması kassasiya instasiyası məhkəməsinin səlahiyyətlərinə aiddir. Lakin, birinci instansiya məhkəməsi qeyd edilən qanunvericiliyin tələblərini nəzərə almadan işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardadından verilmiş şikayəti buna baxmağa səlahiyyəti olmayan apelyasiya isntansiyası məhkəməsinə göndərmiş, apelyasiya məhkəməsi isə göstərilən qanunvericiliyin tələblərinə zidd olaraq, səlahiyyəti olmadığı halda şikayətə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin səlahiyyətlərini müəyyənləşdirən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, hazırki iş üzrə işin məhkəmə aidiyyətinin yoxlanılması barədə qərardadından cavabdeh tərəfindən verilmiş şikayət prosessual qanunvericiliyin tələblərinə zidd olaraq apelyasiyanın mümkün hesab edilməsi barədə qərardad qəbul edildiyindən, həmin qərardad ləğv edilməli, iş apelyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinə izah edir ki, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan verilmiş şikayətə yuxarıda qeyd edilən mülki prosessual qanunvericiliyin və Plenum Qərarının tövsiyyələri nəzərə alınmaqla, həmin şikayətə baxmaq səlahiyyəti olan məhkəməyə göndərilməsini müzakirə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-5390/2022 saylı, 08 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. Şikayətə baxılması qeyri-mümkün hesab edilərək, növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş apelyasiya baxışından çıxarılaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar