Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5392/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5392/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2503/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 18 sentyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Sabunçu RPİ-nin PPXB-də işləyərkən xidməti vəzifəsinin icrası zamanı xəsarət almış, AR DİN-in XHK-nın 58 No-li qərarına əsasən ona “Beyin qişalarının dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi. Tectal qliomanın çıxarılması (xx.xx.2018) cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu qoyularaq xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, DSMF Sabunçu rayon şöbəsi tərəfindən 023574 nömrəli vəsiqə verilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi üçün xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli məktubla ona sığorta ödənişini almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyə olunduğundan, iddiaçı bu dəfə də Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2019-cu il tarixində təyin olunmuş əlillik məlumatlarına əsasən iddiaçıya dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi Fondun deyil, Şirkətin səlahiyyətlərinə aid olması ona bildirilmişdir. İki qurum arasında olan fikir ayrılığı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həll olunmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli məktubla zəruri sənədlər sığortaçıya təqdim edildikdən sonra sığorta ödənişinin həyata keçiriləcəyi iddiaçının nəzərinə çatdırılmışdır. Nəhayət, xx.xx.2024-cü il tarixdə cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən bank hesabına köçürmə yolu ilə iddiaçıya 19.364 manat məbləğində sığorta ödənişi verilmişdir.
2. Hazırda iddiaçı sığorta ödənişinin verilməsi məqsədilə xx.xx.2023-cü ildə cavabdeh şirkətə müraciət etdiyini, qanunvericiliyə görə cavabdeh şirkətin xx.xx.2023-cü ildə ona ödəniş etməli olmasına baxmayaraq, ödənişi gecikdirərək xx.xx.2024-cü ildə verməsini mübahisələndirərək, gecikdirilmiş hər gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir; cavabdeh isə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş sənədləri gec – xx.xx.2024-cü ildə verməsi səbəbindən ona sığorta ödənişinin gec verildiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 2023-cü il tarixdən 08 fevral 2024-cü il tarixədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X4 xidmət etmiş və Sabunçu RPİ PPXB-də polis nəfəri işlədiyi dövrdə, yəni 19 iyul 2018-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən idarə etdiyi “Fiat Doblo” markalı patrul avtomobili ilə qəzaya uğramış və nəticədə başından xəsarət almışdır. Belə ki, iddiaçının xidməti vəzifəsini yerinə yetirməsi zamanı aldığı xəsarət ilə əlaqədar Sabuçu RPİ tərəfindən aparılmış xidməti araşdırmanın nəticəsinə dair 13 sentyabr 2018-ci il tarixli rəy tərtib edilmişdir. İddiaçı aldığı xəsarətə görə həmin gün 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmış, üz və baş nahiyəsindən xəsarət aldığından ona ilkin tibbi yardım göstərilmişdir. İddiaçı sonradan DİN-nin 2 saylı Poliklinikasına müraciət etmiş, 21 iyul 2018-ci il tarixdən 31 iyul 2018-ci il tarixədək DİNnin Respublika Hospitalında “böyük beynin paylarından və mədəciklərindən başqa baş beynin İ dərəcəli törəməsi” diaqnozu ilə stasionar müalicə almışdır. Daha sonra iddiaçı Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən xəstəxanada müalicə almış, 16 avqust 2018-ci il tarixdə Türkiyə Respublikasında başından əməliyyat olunmuşdur. 20 dekabr 2018-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində müayinə keçdikdən sonra DİO-da gələcək xidmətə yararlılığının təyini üçün Xüsusi Həkim Komissiyasına, həmin komissiyasının göndərişi ilə DİN-nin Respublika Hospitalına göndərilmişdir. İddiaçı 25 fevral 2019-cu il tarixdən 07 mart 2019-cu il tarixədək “stasionar müalicə” almış, müalicəsi ilə əlaqədar ona “beyin qişalarının dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi, Asteno-nevrotik vəziyyət, Tectal qliomanın çıxarılması əməliyyatından sonrakı vəziyyət, sağ böyrəyin daşı, Xroniki kalkulyoz pielonerit” diaqnozu qoyulmuşdur. Bundan sonra Xüsusi Həkim Komissiyasının 13 mart 2019-cu il tarixli 58 nömrəli Xəstəlik haqqında şəhadətnamə ilə İddiaçı DİO-da xidmətə yararsız hesab edilmişdir. Bununla əlaqədar iddiaçı 20 oktyabr 2023-cü il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, ona xidməti vəzifəsinin icrası ilə bağlı xəsarət alması və əlilliyinin müəyyən edilməsi səbəbindən sığorta ödənişinin verilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətinə cavab verərək, sığorta ödənişini ödəməkdən imtina etmişdir. Cavabdehin imtinasından iddiaçının verdiyi şikayət üzrə Mərkəzi Bankın müdaxiləsindən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödəniləcəyi bildirilməsinə baxmayaraq, ödəniş yenə də gecikdirilmiş, iddiaçının müxtəlif şikayətlərindən sonra cavabdeh 08 fevral 2024-cü il tarixdə, yəni müraciətindən 109 gün sonra iddiaçıya sığorta ödənişi qismində 19.364 manat məbləğində pul vəsaiti ödəmişdir. Cavabdeh iddiaçıya sığorta ödənişini sonuncu bu barədə müraciət etdiyi gündən ən gec 10 gün ərzində ödəməli olmasına baxmayaraq, bu ödənişi gecikdirmiş, buna görə də iddiaçının həmin ödənişin gecikdirilməsinə görə cavabdehdən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməyi tələb etmək hüququ yaranmışdır. Belə ki, iddiaçıya ödənilməmiş sığorta ödənişi məbləğinin 19364 manat olması nəzərə alınarsa, həmin məbləğin 0,1 faizi hər gün üçün hesablanıb iddiaçıya ödənilməlidir. Qanunvericilik Sığortaçıya sığorta ödənişinin hesablanıb sığortalıya ödənilməsi üçün 10 gün vaxt müəyyən etmiş və bu vaxtdan sonra sığortalının gecikən hər gün üçün dəbbə pulu tələb etmək hüququ yaranır, yəni iddiaçı cavabdehə sığorta üçün 20 oktyabr 2023-cü il tarixdə müraciət etdiyi üçün, o, ən geci 30 oktyabr 2023-cü il tarixədək sığorta ödənişini iddiaçıya ödəməli olduğuna görə, həmin gündən sonra ödənilməyən hər gün üçün cavabdehdən dəbbə pulu tələb edir. Beləliklə, 30 oktyabr 2023-cü il tarixdən 08 fevral 2024-cü il tarixədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2503/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbinin təmin edilməsi, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun alınaraq İddiaçı verilməsi, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 39,55 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 934, 1096, 1097-ci maddələri, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 106.1, 119.1, 119.2, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində bildirmişdir ki, sığorta hadisəsi “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun əvvəlki redaksiyası ilə tənzimlənir. Çünki sığorta hadisəsi əvvəlki redaksiya qüvvədə olduğu müddətdə baş vermişdir. Həmçinin qeyd etmək lazımdır ki, Şirkət həmin qanunun əvvəlki redaksiyası ilə hadisələri tənzimləyir, çünki yeni redaksiyada bu sığorta növünun həyata keçirilməsi Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Qanunun həmin redaksiyasında olan müvafiq maddəyə əsasən, sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Tələb olunan sənədlər siyahısına əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiq edilmiş surəti də daxildir. Qeyd olunan arayışın surəti iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində notariat qaydasında təsdiq etdirmiş və xx.xx.2024-cü il tarixdə Şirkətə təqdim etmişdir. Göründüyü kimi sonuncu sənəd Şirkətə daxil olduqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində sığorta ödənişi iddiaçının bank hesabına köçürülmüşdür. Beləliklə, Qanuna və yuxarıda qeyd edilən ərizəyə əsasən baş vermiş sığorta hadisəsi Şirkət tərəfindən tam və vaxtında tənzimləndiyindən Şirkətin qeyd olunan işlə bağlı ödəniş üzrə hər hansı bir öhdəliyi qalmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
13. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
17. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23 Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
24. Maddə 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
25. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Hazırda cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan məbləğin miqdarı dəqiq göstərilməlidir.
30. Belə ki, iş materiallarında olan Sabunçu RPİ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli rəydən görünür ki, aparılmış xidməti təhqiqatın nəticəsinə əsasən Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı xəsarətinin xidməti vəzifəsinin icrası zamanı almasının nəzərə alınması təklif edilmişdir.
31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində əlillik haqqında arayışdan görünür ki, İddiaçı AR DİN-nin XHK-nın 58 No-li qərarına əsasən “Beyin qişalarının dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi. Tectal qliomanın çıxarılması (xx.xx.2018) cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu qoyulduğundan, ona xx.xx.2019-cu ildən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir (arayış xx.xx.2024-cü il tarixdə notariat qaydasında təsdiq edilmişdir).
32. DSMF Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 023574 nömrəli vəsiqədən görünür ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilədək 2 (ikinci) dərəcəli əlillik təyin edilmişdir.
33. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, sabiq polis əməkdaşı İddiaçı xidməti davam etdirməsinə imkan verməyən xəstəliyinin xidməti vəzifəsinin icrası ilə əlaqədar yarandığının nəzərə alınması təklif edilmişdir.
34. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 iyun tarixli 1718 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının (bundan sonra – Fərman) 2.7-ci bəndinin aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: “sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədlərin tarixi 2021-ci ilin yanvarın 1dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir,”. Fərmanın 3-cü bəndinə əsasən, aşağıdakı məzmunda 2.8-ci bəndin əlavə edilməsi qərara alınmışdır. “sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədlərin tarixi 2020-ci ilin dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirimliş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin Rəyinin verilmə tarixi 17 oktyabr 2023cü il tarixinə təsadüf etdiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən, İddiaçı sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. DİN-nin 17 oktyabr 2023cü il tarixli Rəyində baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi tövsiyə olunmuşdur.
35. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci ilin yanvarın 1-dən əvvələ aid olduğu halda "xxxx" ASC tərəfindən təmin edilir. xx.xx.2019-cu il tarixində təyin olunmuş əlillik məlumatlarına əsasən İddiaçı dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi Fondun səlahiyyətlərinə aid deyildir.
36. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, onun müraciəti Şirkət tərəfindən xx.xx.2023-cü il tarixdə cavablandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 17 oktyabr 2023-cü il tarixli rəyində sabiq polis nəfəri İddiaçı səhhətində yaranmış xəstəliyin baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqəsi olmadığı, hadisədən bir müddət sonra əmələ gəldiyi və bu səbəbdən 2019-cu ilin mart ayında xidmətdən xaric edildiyi barədə etiraf etdiyi qeyd edilmişdir. Həmçinin, sözügedən Rəyin 3-cü səhifəsində DİN-in Maliyyə-Plan İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı xəstəliyinin bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olması barədə DİN-nin müvafiq xidmətinin Rəyinin tələb olunduğu və bu hadisə ilə bağlı həmin idarəyə məlumat olmadığı qeyd edilmişdir. Habelə, Rəyin 4-cü səhifəsində İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin 023574 saylı vəsiqəsinə əsasən xx.xx.2020-ci il tarixdə 2-ci qrup əlillik dərəcəsi təyin edildiyi qeyd edilir, lakin Şirkətə təqdim olunmuş Tibbi-Sosial Ekspert Komissiyasının arayışından əlilliyin təyinat tarixi xx.xx.2019-cu il qeyd edildiyi görünür. Bu da sözügedən hadisədə anlaşılmazlığa səbəb olur. Həmçinin, Rəyin 4-cü səhifəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının məlumatında xx.xx.2023-cü il tarixli qiymətləndirmə zamanı İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar “Beyin qişalarının dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi. Tectal qliomanın çıxarılması (xx.xx.2018) cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu əsasında 5 il müddətində ikinci dərəcəli əlillik müəyyən edilməsi göstərilmişdir. Daxili İşlər Nazirliyinin Rəyində DİN-in Maliyyə-Plan İdarəsinin xx.xx.2023cü il tarixli 3-13-27/2-4002/2023 nömrəli məktubuna istinadən sabiq polis əməkdaşı İddiaçı xəsarət almasının xidməti vəzifələrinin icrası ilə bağlı hesab ediləcəyi təqdirdə rəyin təsdiq edilmiş surətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsinin məqsədəmüvafiq hesab edildiyi göstərilmişdir.
37. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2024-cü il tarixli, 09/Q-441/1/2024 nömrəli məktubuna əsasən zəruri sənədlər sığortaçıya təqdim edildikdən sonra sığorta ödənişinin həyata keçiriləcəyi bildirilmişdir.
38. xx.xx.2024-cü il tarixli 76569 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı hesabına “2-ci qrup əlilliklə əlaqədar (Ser. No 0********)” 19364 (on doqquz yüz min üç yüz altmış dörd) manat məbləğində sığorta ödənişi köçürülmüşdür.
39. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Sabunçu RPİ-nin PPXB-də işləyərkən xidməti vəzifəsinin icrası zamanı xəsarət almış, AR DİN-in XHK-nın 58 No-li qərarına əsasən ona “Beyin qişalarının dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi. Tectal qliomanın çıxarılması (xx.xx.2018) cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu qoyularaq xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, DSMF Sabunçu rayon şöbəsi tərəfindən 023574 nömrəli vəsiqə verilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi üçün xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli məktubla ona sığorta ödənişini almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyə olunduğundan, iddiaçı bu dəfə də Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2019cu il tarixində təyin olunmuş əlillik məlumatlarına əsasən iddiaçıya dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi Fondun deyil, Şirkətin səlahiyyətlərinə aid olması ona bildirilmişdir. İki qurum arasında olan fikir ayrılığı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həll olunmuş, belə ki, xx.xx.2024-cü il tarixli məktubla zəruri sənədlər sığortaçıya təqdim edildikdən sonra sığorta ödənişinin həyata keçiriləcəyi iddiaçının nəzərinə çatdırılmışdır. Nəhayət, xx.xx.2024-cü il tarixdə cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən bank hesabına köçürmə yolu ilə iddiaçıya 19.364 manat məbləğində sığorta ödənişi verilmişdir. Hazırda iddiaçı sığorta ödənişinin verilməsi məqsədilə xx.xx.2023-cü ildə cavabdeh şirkətə müraciət etdiyini, qanunvericiliyə görə cavabdeh şirkətin xx.xx.2023-cü ildə ona ödəniş etməli olmasına baxmayaraq, ödənişi gecikdirərək xx.xx.2024-cü ildə verməsini mübahisələndirərək, gecikdirilmiş hər gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir; cavabdeh isə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş sənədləri gec – xx.xx.2024-cü ildə verməsi səbəbindən ona sığorta ödənişinin gec verildiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş edir.
40. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin əsaslı hesab olunması ilə bağlı mövqeyi əsaslı hesab olunmaqla apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı sığorta ödənişinin həyata keçirilməsi üçün ilkin olaraq hazırki iş üzrə cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də, sonuncu tərəfindən iddiaçıya qanunvericiliklə sözügedən müraciətə özü baxmalı olduğu halda DSMF-yə müraciət etməsi bildirilmiş, bununla da təqsirli hərəkətləri nəticəsində iddiaçıya sığorta ödənişinin edilməsi gecikdirilmişdir. Halbuki Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
41. DSMF tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2019-cu il tarixində təyin olunmuş əlillik məlumatlarına əsasən iddiaçıya dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi Fondun deyil, Şirkətin səlahiyyətlərinə aid olması ona bildirilmişdir. Lakin bundan sonra Şirkət tərəfindən müvafiq ödəniş edilməmiş, yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubla ödənişin məhz Şirkət tərəfindən həyata keçirilməli olması bildirildikdən sonra xx.xx.2024-cü il tarixdə sonuncu tərəfindən iddiaçının bank hesabına köçürmə yolu ilə 19.364 manat məbləğində sığorta ödənişi verilmişdir.
42. Göründüyü kimi cavabdeh qanunvericiliklə göstərilən müddət ərzində iddiaçıya ödənilməli olan sığorta ödənişini verməmiş, bununla da iddiaçının mənafelərinə xələl dəymişdir.
43. Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən, Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
44. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı ona sığorta ödənişi edilmədiyi hər gün üçün nəzərdə tutulan məbləğin 0,1 faiz həcmində dəbbə pulunu tələb etməkdə haqlıdır.
45. Lakin qeyd edilməlidir ki, iş üzrə qətnamə qəbul edilərkən sözügedən 0,1 faiz həcmində dəbbə pulunun konkret olaraq hansı məbləğdən ibarət olması və iddiaçıya dəqiqliklə nə qədər vəsaitin ödənilməli olması qətnamədə öz əksini tapmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 222.2-ci maddəsimə əsasən Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
46. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən ödənişin edilməyəcəyi ilə bağlı cavab məktubu xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, ödəniş isə xx.xx.2024-cü il tarixində həyata keçirilmişdir. Bu da o deməkdir ki, iddiaçıya edilməli ödəniş oktyabr ayı üçün 2 gün, noyabr ayı üçün 30 gün, dekabr ayı üçün 31 gün, yanvar ayı üçün 31 gün, fevral ayı üçün isə 8 gün, ümumilikdə 102 gün müddətində gecikdirilmişdir.
47. İşin mübahisəsiz halıdır ki, ödənilməli məbləğin həcmi 19364 manat olmuşdur və 102 gecikdirilmiş gün üçün həmin məbləğin hər günə münasibətdə 0,1 faizi ümumilikdə 1975,13 qəpik təşkil edir (19364 x 0,001 x 102).
48. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı məbləğ dəqiq müəyyənləşdirilərək 1975,13 manat kimi göstərilməli, şikayət qalan hissədə təmin edilməməlidir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
52. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2503/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirililsin. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu kimi 1975,13 (min doqquz yüz yetmiş beş manat on üç qəpik) manat pul alınaraq İddiaçı verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova