Məhkəmə qərarları › İş №2(103)-5394/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5394/2023

22.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5394/2023 22.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh İB-nin nümayəndəsi Rəşad Əliyevin iştirakı ilə, İddiaçı Ağalı oğlunun Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-1522/2023 nömrəli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İlqar Murquzov küçəsində yerləşən 20B nömrəli evdə (abonent kodu: **********20000) təbii qazdan istifadə ilə bağlı cavabdeh tərəfindən hesablanmış 3.836,16 manat borc silinsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin ünvan üzrə 3.836,16 manat borc silinsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Rəşad Əliyev apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həmin borc cavabdehin tərtib etdiyi 3 akta əsasən hesablanıb. 1-ci aktda, yəni xx.xx.2019-cu il tarixli ******* nömrəli aktda qeyd olunub ki, sayğacın çıxış plastmas borusu deşilib. 2-ci aktda, yəni xx.xx.2021-ci il tarixli ******* nömrəli aktda qeyd olunub ki, sayğacın klapanı sınıqdır, dövriyyəyə qoşulan yuvacıq əzilib, informasiyanın oxunması mümkün deyil. 3-cü aktda, yəni xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda qeyd olunub ki, abonent təbii qazdan sayğacdankənar istifadə edir. Daha sonra bu aktlara əsasən hesabat aparılıb, dəymiş ziyanın əvəzi kimi abonentə borc hesablanıb. 1-ci və 2-ci aktlarla bağlı məhkəmə qeyd edir ki, abonentin sayğaca müdaxilə etdiyini təsdiq edən sübut yoxdur, sayğac abonentin evindən kənarda yerləşir, o, sayğacın mühafizəsinə görə məsuliyyət daşımır. 3-cü aktla bağlı məhkəmə qeyd edir ki, abonentin təbii qazdan sayğacdankənar istifadə etdiyini təsdiq edən sübut yoxdur. Birinci instansiya məhkəməsində icraat zamanı belə halın olub-olmadığının müəyyən edilməsi üçün ekspertiza keçirilib. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3/532 nömrəli rəyinə görə, tədqiqata təqdim edilən borunun üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilmədi. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 3.836,16 manat borcun silinməsini qət etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-1522/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar