Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5397/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız silinmiş məbləğin abonentin hesabına qaytarılması, əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1383/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onun evinə quraşdırılmış və xx.xx.2022-ci il tarixdə sökülərək, götürülmüş “Smart” tipli qaz sayğacının üzərində olmuş və onun tərəfindən əvvəlcədən ödənilmiş 3.034 m3 qazın onun hazırki hesabına qaytarılması, həmçinin, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni sayğacın quraşdırılması zamanı yol verilmiş nasazlığın aradan qaldırıldığı tarixədək, əsassız olaraq ona hesablanmış 4.209 m3 qaz sərfinin onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin əməkdaşları tərəfindən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnovka bağ sahəsi adlanan ərazidə yerləşən bağ evinə quraşdırılmış “Smart” tipli qaz sayğacı 2022-ci ilin əvəllərində onun xəbəri olmadan dəyişdirilərək, mexaniki tipli qaz sayğacı ilə əvəz edilmişdir. Əvvəlki “Smart” tipli sayğacın balansında 3.034 m3 olmuş, yəni onun tərəfindən ümumilikdə 303,40 manat əvvəlcədən ödəniş edilmişdir. Lakin yeni qaz sayğacının bağ evinə tərəf çıxışına bir detalın (salnik) qoyulmaması səbəbindən qaz sızması olmuşdur. 2022-ci il ərzində həmin bağ evində yaşayış olmamış və təmirlə əlaqədar olaraq günün müəyyən saatlarında evin həyətində usta işləmişdir. Ustanın istirahəti üçün ayrılmış texniki otaqda həmin saatlarda 1 ədəd elektrik yağ radiatoru və 1 ədəd tək gözlü elektrik peçi istifadə edilmişdir. Sonradan ona məlum olmuşdur ki, qaz sızması nəticəsində əvvəlki sayğacın üzərində olmuş və onun tərəfindən əvvəldən ödənilmiş 303,40 manat pul (3.034 m3) silinməklə ona əlavə olaraq 551,35 manat dəyərində qazdan istifadəyə görə borc hesablanmışdır. O, borc barədə məlumatı xx.xx.2022-ci il tarixdə, müraciətindən sonra əldə etmiş və digər müraciətinə əsasən cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərək, nasazlıq aradan qaldırılmışdır. Baxış zamanı cavabdehin əməkdaşları tərəfindən qaz sayğacına 1 detalın (salnik) qoyulmaması səbəbindən qaz sızmasının olması müəyyən edilmişdir. Sayğacın sökülməsi barədə tərəfindən çəkilş də aparılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1383/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Maştağa qəsəbəsi, Vişnovka bağ sahəsi ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı **********00161 saylı abonent hesabından 4.209 m3 qaz sərfiyyatının silinməsi, abonent İddiaçı **********00161 saylı abonent hesabına 303,40 manat məbləğində pul vəsaitinin bərpa edilməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X6) Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddia üzrə silinməsi tələb edilən 4.209 m3 həcmdə təbii qaz iddiaçı tərəfindən 2022-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayının sonunadək istifadə edilmiş, lakin onun dəyəri ödənilməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırılaraq, həmin sərfiyyatın məbləğini təşkil edən 554,10 manat məbləğində pulun tutulması tələb edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7443/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Bununla belə, iddiaçının hazırda mübahisələndirdiyi 4.209 m3 həcmdə qazla bağlı mübahisəyə artıq baxılmış və bu halı təsdiq edən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Bu səbəbdən iddiaya həmin hissədə ümumiyyətlə xitam verilməlidir. İddia tələbi 3.034 m3 həcmdə təbii qazın dəyərinin abonent hesabına qaytarılması hissəsində isə əsassızdır. İddiaçı həmin həcmdə təbii qazdan istifadə etmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, abonentin saldosunda göstərilən həcmdə təbii qazdan belə qısa müddət ərzində istifadə edilməsinin qeyri-mümkün olduğunu, bunun bilavasitə qaz sayğacında olan qüsurla bağlı olmasını və istifadə nəticəsində deyil, məhz sızma nəticəsində belə yüksək həcmdə sərfiyyatın yarandığını bildirmişdir. Cavabdehin istinad etdiyi məhkəmə qətnaməsi barədə isə məlumatsız olduğunu qeyd etmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Lakin bundan sonra məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdırıb, habelə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(008)-7443/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qətnaməsini nəzərdən keçirib hesab edir ki, mülki iş üzrə icraata “İddiaçı abonent hesabından 4.209 m3 həcmdə qaz sərfiyyatının silinməsi” hissəsində xitam verilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələblərdən biri əsassız olaraq ona hesablanmış 4.209 m3 həcmdə qaz sərfiyyatının onun hesabından silinməsidir. İddiaçı bu sərfiyyatın dəyərini təşkil edən 551,35 manat məbləğində pulun 2022-ci ilin yanvar-iyun ayları üzrə əsassız olaraq ona hesablandığını, reallıqda bu həcmdə təbii qazdan istifadə etmədiyini, bu sərfiyyatın onun evinə quraşdırılmış qaz sayğacında qaz sızmasının baş verməsi səbəbindən yarandığını iddia edir. Lakin nəzərə alınmalıdır ki, Cavabdeh iddiaçı qismində İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 2022-ci ilin yanvar-oktyabr ayları üzrə onun eyni ünvan üzrə təbii qazdan istifadəsi nəticəsində 554,10 manat məbləğində debitor borcunun yarandığını iddia etmiş və həmin məbləğin tutulmasını tələb etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 7443/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Başqa sözlə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla (sadəcə olaraq hazırda iddiaçı həmin borcun silinməsini, əvvəlki icraatda isə cavabdeh iddiaçı qismində bu borcun tutulmasını tələb etmişdir) artıq məhkəmə mübahisəsi olmuş və həmin mübahisənin nəticələrinə dair qanuni qüvvəsini almış qətnamə mövcuddur. Bu da öz növbəsində iş üzrə icraata bu hissədə xitam verilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir; 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər; 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir; 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-1383/2023 saylı qətnaməsi qismən - “İddiaçı abonent hesabından 4.209 m3 həcmdə qaz sərfiyyatının silinməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 261-ci, 263-264, 384-385-ci, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-1383/2023 saylı qətnaməsi qismən - “İddiaçı abonent hesabından 4.209 m3 həcmdə qaz sərfiyyatının silinməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5397/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5397/2023
02.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver